ƏBDÜL MƏCİD TƏBİB

ƏBDÜRRƏŞİD SALEH İBN-NURİ ƏL-BAKUVİ

HİNDUŞAH İBN SƏNCƏR NAXÇIVANİ

HƏSƏN BƏY RUMLU

İSKƏNDƏR MÜNŞİ

MAHMUD ZƏNCANİ

MƏHƏMMƏD NƏSİRƏDDİN TUSİ

MÜƏYYİDƏDDİN ORDİ

MAHMUD ŞƏBÜSTƏRİ

MAHMUD ŞİRVANİ

MƏHƏMMƏD İBN HİNDUŞAH NAXÇIVANİ

NƏCMƏDDİN NAXÇIVANİ

ÖMƏR İBN-OSMAN KAFİƏDDİN

RAMAZAN İBN ŞEYX ƏLİ LƏNKƏRANİ

SƏ'DALLAH ƏL-BƏRDƏİ

ŞİHABƏDDİN ƏBÜLFÜTUH YƏHYA İBN-HƏBƏŞ SÜHRƏVƏRDİ "ƏL-MƏQTUL" ("ÖLDÜRÜLMÜŞ")

ŞİHABƏDDİN ƏBUHƏFS ÖMƏR SÜHRƏVƏRDİ

YUSİFİ MƏHƏMMƏD İBN YUSİF TƏBİB

ZEYNALABDİN ŞİRVANİ

BƏHMƏNYAR ƏL-AZƏRBAYCANİ

 

 

ƏBDÜL MƏCİD TƏBİB

 

XIII əsrin görkəmli həkimlərindən biri də Əbdül Məcid olub. O. Marağada yaşamış və Şərqin böyük astronom və riyaziyyatçısı Nəsir əd-Din Tusinin yaratdığı rəsədxanada çalışmışdır.

     Əbdül Məcid Şərqdə geniş yayılmış "Kitabüt-tibb" adlı kitabın müəllifidir. Adına, materialların yerləşməsinə və bə'zi şərhlərinə görə,bu əsəri Mahmud ibn İlyasın "Elmi təbabət kitabı"na da bənzətmək olar. Lakin bu yalnız ilk baxış-dan belə görsənir. Əbdül Məcidin əsərində həm diaqnostika, həm də xüsusən əsəblə bağlı bir çox xəstəliklərin müalicəsinə dair orijinal fikirlər vardır. Buna baxmayaraq, aydın görünür ki, Əbdül Məcid öz əsərini yazarkən Mahmudun kitabının tə'siri altında olmuşdur, bəlkə də hətta onlar tanış idilər. "Kitabüt-tibb" 1275-1280-ci illərdə, Mahmudun ölümündən bir qədər əvvəl yazılmış və 1307-ci ildə işıq üzü görmüşdür. Buna görə də onların görüşdüklərini ehtimal etmək mümkündür. Əsər monqol hökmdarı Orqan xana həsr olunmuşdur və 49 hissədən ibarətdir. Kitab diaqnostika və müalicəyə dair az qala bütün məsələləri əhatə edir. Müalicəsindən bəhs edilən xəstəliklər içində astma, göz xəstəlikləri, zəhərlənmə və s. vardır.

     Orta əsrlərdə tibbə dair əsər yazmış müəlliflərin hamısından fərqli olaraq, Əbdül Məcid mamaçalıq sənətinə də toxunmuşdur. O hamiləlik məsələsinə ayrıca fəsil ayırıb.

     Kitabda psixiatriyaya dair məsələlərə xüsusi diqqət yetirilib. Təbib "dəlilik", "qarabasmalar" ("kabusi"), baş ağrısı, müxtəlif növlü qorxmalar, yayğınlıq və s. haqda bəhs edir. İ. K. Əfəndiyevin yazdığı kimi, Əbdül Məcid belə hssab edir ki, insanın psixi fəaliyyətinin mərkəzi baş beyindir. İnsanı ətraf aləmlə qovuşduran vəsilə isə hissiyyat üzvləridir. Bunların vasitəsilə təəssüratlar yaranır. Təəssüratlar mənfi və müsbət ola bilir. Birincilər nikbinlik, sevinc, ikincilər isə sıxıntı doğurur. həkimin vəzifəsi də bundan ibarətdir ki, insanı mənfi təəssüratlardən çəkindirsin, çünki bunlar üst-üstə yığılanda ruhi əzab (sıxıntı) yaradır. Mütəmadi mənfi təəssüratların ağırlığı altda ruhi cəhətdən sıxıntı keçirən insan son nəticədə "dəli" ola bilər. Əbdül Məcidin "qızğın dəli"lər barədə fikirləri də orijinaldır. O belə hesab edir ki, mənfi təəssüratlar insana iki cür tə'sir edir: bir növü tam ruhi sıxıntı (deprsssiya) yaradır, ikinci növü isə qızğınlıq doğurur. Qızğınlıq o zaman baş verir ki, hissiyyat üzvləri tərəfindən verilən mənfi təəssüratlar "başda" təhrif olunur, "qarışdırılır" və insan onların öhdəsindən gəlmək qüdrətində olmur, "ağıl başdan çıxır və insan özünü ələ ala bilmir."

     Bu geniş sitatdan da göründüyü kimi, Əbdül Məcid hələ müasir həkimlərdən çox-çox qabaq mənfi stresslərin insan psixikasına ağır tə'sir göstərdiyini anlamışdır.

     Əbdül Məcidin başqa orijinal fikirləri də çoxdur və onun əsərləri hələ də öz tədqiqatçılarını gözləyir.

 

 

 

ƏBDÜRRƏŞİD SALEH İBN-NURİ ƏL-BAKUVİ

 Tanınmış səyyah, coğrafiyaşünas, iqlimşünas və kosmoqraf Əbdürrəşid Saleh ibn-Nuri əl-Bakuvi XIV əsrin ikinci yarısında-XV əsrin birinci rübündə yaşamışdır. Əbdürrəşidin atası Bakıda doğulmuşdu və dövrünün yüksək təhsil görmüş adamlarından idi. Bakuvi özü yazırdı ki, "Bakı?mənim atam alim imam Saleh ibn Nurinin vətənidir. O, ləyaqət me'yarı idi ... 1403/4-cü ildə 77 yaşında dünyadan köçdü."

     Bakuvi 1335-1360-cı illər arasında Bakıda doğulmuş və təqribən 1425-1430-cu illərdə Qahirədə vəfat etmişdir. Eybəli Mehrəliyev Bakuvinin səya-hətlərinin marşrutunu təhlil etməklə belə bir qənaətə gəlmişdir ki, o, ömrünün çox hissəsini səfərlərdə keçiribdir. Səyyahın daimi yaşayış yeri isə Bakı və Məkkə (yaxud onun 80-100 kilometrliyindəki ətraf yerlər) olub.

     Bakuvi haqqında tərcümeyi-hal səciyyəli mə'lumatlar, demək olar ki, qalmayıb. O, bir sıra əsərlər yazıbsa da bizim zəmanəmizə alimin yalnız bir kitabı çatıb. Həmin kitabın əlyazması Parisdə Milli Kitabxanada saxlanır. Əlyazma buraya 1683-cü ildə daxil olmuşdur.

     Əbdürrəşid Bakuviyə böyük şöhrət gətirən "Kitab Təlxis əl-asar və əcaib əl-malik əl-qəhhar" (""Abidələr" haqqında kitabın ixtisarı və qüdrətli şahın mö'cüzələri") əsəri o zaman Şərqdə mə'lum olan ölkə və millətlər haqqında mə'lumat verir. Tədqiqatçıların əksəriyyəti belə hesab edir ki, kitab XV əsrin birinci yarısında yazılmış, əlyazma nüsxəsi isə 1614 -cü ildə əl-Lazikiyə şəhərində köçürülmüşdür. Bu kitabın və onun fars dilinə tərcüməsinin başqa nüsxələri də vardır ki, dünyanın müxtəlif kitabxanalarında saxlanılır.

     Əsərin təhlili göstərir ki, müəllif yüksək savada və geniş dünyagörüşünə malik bir şəxs olaraq, səyahətlər barədə kitab yazarkən öz müşahidələrindən başqa bir çox sələfləri tərəfindən coqrafiya, fəlsəfə və tibbə dair toplanmış mə'lumatlardan da istifadə etmişdir.

     Bakuvinin istinad etdiyi başlıca mənbə o dövrün ən görkəmli coqrafiyaşünaslarından biri Zəkəriyyə əl-Təzvininin "Asar-əl-bilad" ("Ölkənin abidələri") əsəridir. Bundan başqa o, İstəxri, Məs'udi, Biruni, İbn Sina, Yaqut, Həmdullah Qəzvini də daxil olmaqla məşhur filosof, alim, şair və həkimlərin əsərlərindən də çıxarışlar verir.

     Hələ 1789-cu ildə kitab De Ginem tərəfindən fransız dilinə tərcümə olunur. Sonra əsər bir çox digər Avropa dillərinə çevrilir. Bu kitab rus dilinə akademik 3. Bünyadov tərəfindən tərcümə olunaraq Moskvada nəşr edilmişdir. Həmin əsərin məzmunu görkəmli Azərbaycan coğrafiyaşünası və orta əsrlərdə yaşamış coğrafiyaşünasların tədqiqatçısı N. Kərəmovun kitablarında verilmişdir.

     Müqəddimədə Bakuvi yer, yeddi iqlim və təbiətdə məhsulun paylanması haqqında ümumi coqrafi mə'lumat vermişdir. Onun qeyd etdiyinə görə, əsərdə haqqında danışılanlar müəllifin şəxsi müşahidələrinə əsaslanır.

     Kərəmovun yazdığı kimi, səyahətləri zamanı Bakuvinin diqqətini ən çox şəhərlər çəkir. Onun şəhərlərin yaranması prosesinə ayırdığı xüsusi diqqəti yalnız bununla izah etmək olur. Şəhərsalma üçün, onun dediyinə görə, ölkədə ən yaxşı yeri seçirdilər. Şəhərlər "sahillərdə, şimal küləyindən qorunan olunan yerlərdə" salınırdı. Şahlar şəhərlərin ətrafına möhkəmləndirilmiş divarlar çəkdirmiş, şəhərə girib-çıxmaq üçün tünlük olmasın deyə çoxlu darvazalar qoydurmuşlar. Şəhər içərisində ən yaxşı yeri hökumət və ümumi binalar üçün, qalanlarını məscid, bazar, karvansara, hamam tikmək üçün ayırırdılar. Yalnız qalan hissələrdə əhali özünə yaşayış evləri tikə bilərdi. Bundan sonra girişdə iki kiçik bölmə verilir. Birincisi "Yenidən istehsal fəsli", ikincisi isə "İqlimə bölünmə fəsli" adlandırılır. Birinci bölümdə Bakuvi minerallar, bitkilər və heyvanlar haqda bəhs edir.

     Bakuvinin misal gətirdiyi məsələlər çağdaş oxucu üçün bə'zən sadəlövh, bə'zən də fantastik görsənə bilər. Ancaq bu mə'lumatlar heç olmasa, o dövrdə biliklərin səviyyəsini təsəvvür etmək baxımından böyük maraq daşıyır. Dediklərimizə inanmaqdan ötrü kitabın giriş hissəsindən götürülmüş kiçik bir parçaya nəzər salmaq kifayətdir: "Minerallara gəldikdə, qızıl yalnız qumsalda və yumşaq dağlıqlarda, gümüş, mis və dəmir yumşaq torpaqla qarışmış daşlıqlarda, kükürd vulkanik zəmində, civə sulu torpaqlarda olur... Fındıq, badam və fısdıq ancaq soyuq yerlərdə, qamış isə çay sahillərində bitir... Qərənfil əl-Hind adalarında, kokos qozu, istiot, zəncəfil əl-Hinddə, hind palıdı ağacı isə Yəməndə bitir. Heyvanlara gəlincə, fillər yalnız cənub dənizlərinin adalarında doğulur. Əl-Hinddə fillər başqa yerlərdəkindən daha çox yaşayır və onların qılınc dişləri də başqa yerlərdəkindən böyük olur. Zürafələr əl-Həbəşdə, kəllər isti ölkələrdə çay qıraqlarında, samur, sincab və keyiklər şimal-şərq ölkələrində yetişdirilir. Şahinlər və qartallar uca dağların zirvələrində, dəvəquşular düzənlərdə, qumrular və sərçələr yaşayış məntəqələrində, bülbüllər və torağaylar isə bağlarda balalayırlar. Bunlar ən çox yayılan növlərdir."

     Girişin ikinci bölümündə Bakuvi, Kərəmovun fikrincə, "coğrafiya tarixində birincilərdən biri olaraq yer kürəsinin rayonlaşdırılması işini görür." Bakuvi yazır: "Bil ki, ekvator dairəsi yer kürəsini iki yarımkürəyə bölür. Onlardan biri cənub, o biri isə şimal adlanır. Və əgər ehtimal etsək ki, dairə ekvatorun hər iki qütbündən keçərək, Yeri kəsir, onda yer kürəsi dörd yerə bölünər: iki cənub rübünə, iki də şimal rübünə." Bakuvi ona mə'lum olan (və məskunlaşmış) Yeri yeddi iqlim qurşağına bölür və bu bölgüsünü əsaslandırır. Kitabın da əsas hissəsi həmin qurşaqların coqrafi səciyyələndirilməsinə həsr olunur. Əsərdəki yeddi fəslin hər biri qərbdə Kanar adalarından şərqdə Çinə, cənubda bir sıra Afrika ölkələrindən şimalda İrlandiya və Rusiyaya qədər əraziləri əhat edən həmin yeddi qurşağın birindən söz açır.

     Hər bir qurşağa düşən ölkə, şəhər və yaşayış məntəqəsi haqda mə'lumatlar əlifba sırası ilə verilir. Hər bir xüsusi halda coqrafi məntəqələrin koordinatları, onlar barədə tarixi mə'lumatlar verilir, bu və ya digər coğrafi adın mənşəyini izah etməyə cəhd olunur, həmçinin müəllif təbii şəraiti, me'marlıq abidələrini təsvir edir, etnoqrafiya, mədəniyyət və ticarət predmetlərinə dair mə'lumatlarını bölüşür.

     Əbdürrəişd Bakuvi yaxşı tanıdığı Azərbaycan və xüsusilə də Bakı haqqında daha çox və orijinal mə'lumatlar verir. O, Azərbaycanı dördüncü və beşinci iqlim qurşaqları zonasına aid edir: "Azərbaycan?Kuhistan, Arran və Ermənistan arasında geniş məskunlaşmış bir vilayətdir. Orada çoxlu şəhər, kənd, dağ və çaylar vardır. Araz (Uvays) çayı barədə o yazır :"Bu çay bir çox ölkələrdən keçərək, Nakcuvan (Naxçıvan) yaxınlığındakı Diya əl-mülk körpüsünə çatır. Bu körpü daşdan tikilib və dünyadakı mö'çüzələrin biridir."

     Bakuvi Təbrizə də böyük diqqət göstərir: "Bu şəhər varlı və bar-bəhərlidir, onun əhalisi imkanlıdır və sənətkarlıqla məşğul olur. Şəhərin yaxınlığında heyrətamiz dərəcədə faydalı keyfiyyətləri olan kükürdlü hamamlar var." Bakuvi Təbrizin görməli yerlərinə heyran olmuşdur: "orada saysız-hesabsız məscidlər, mədrəsələr, saraylar və insanı heyran edən tikililər var." Ancaq əlbəttə ki, o, Bakı (Bakuya) haqqında daha ətraflı mə'lumat verir. Bu "bir şəhərdir ki, əl-Xəzər dənizinin sahillərində daşdan tikilib. .. Onun divarları dəniz suyu ilə yuyulur. İndiyəcən su çoxlu qala qüllərini aparmış və məscidə yaxınlaşmışdır... Evlərin çoxusu qayalar üzərində tikilib. havası gözəldir, qayalardan axıb gələn içməli su isə çox xoşdur. Burada buğda az yetişir və əsasən taxılı şəhərə Şirvan və Muğandan gətirirlər. Burda əncir, nar və üzüm bol olur. Bağlar şəhərdən uzaqdır və şəhərlilərin çoxu yayda bağa köçür, bir müddətdən sonra isə şəhərə qayıdırlar. Hər il bu təkrar olunur." Göründüyü kimi, bakılıların yayda bağa köçmə ən'ənəsi hələ qədim zamanlardan mövcuddur. Bakuvi küləklər barədə də ətraflı söhbət açır: "gecə də, gündüz də külək əsir, güclü əsəndə az qala adamı da yıxır. Qışda atları, qoyunları qovub dənizə tökən bu küləklər daha küclü olur." Daha sonra o, qətran və neft yatağları barədə söz açır. "Buradan hər gün 200 dəvə yükü həçmində neft çı-xarılır." Çağdaş tədqiqatçılar üçün qədim zamanlardan od və su kultu ilə bağlı olan Pirallahı adasının təsviri də maraq doğurur: "Şəhərin yaxınlığında məskunlaşmış ada da var ki, orada da suitilər ovlayırlar. Onların dərisini soyur və piyini çıxarıb çıraq yağı kimi yandırırlar. Dərilərindən tuluq düzəldir və içinə neft dolduraraq, gəmilərlə başqa ölkələrə aparırlar. Burada çoxlu ceyranlar da olur və gözəllikdə onların tayı- bərabəri yoxdur. Neçə ildən bəridir orada böyük bir məş'əl yanır. Bu alov dənizdən qalxaraq, bir günlük yoldan, bəlkə daha da uzaqdan görsənir. Bu alov uzun müddət yanır, sonra isə sönür." Bir çox orta əsr müəllifləri, hətta I əsrdə yaşamış qədim Roma coqrafiyaşünası Pomponi Mel də bu adanı müqəddəs yerlərdən hesab etmişlər. Bakuvi də yazır ki, bu ada barlı-bəhərli, şirin sulu, meyvə və tərəvəz bitən bir yerdir və "müqəddəs yerlər"dən sayılır. Bakuvi əsərini şe'rlə tamamlayır:
     Ey mənim yazdıqlarımı oxuyan
     və onları muzakirə eləyən
     Səni and verirəm Allahın adına
     əgər mənim sahvimi tapsan,
     Bağışla, çünki bağışlamaq müdriklikdəndir.

     Böyük coqrafiyaşünas Əbdürrəşid Bakuvinin bu əsəri hələ uzun zaman alimlərin və Şərq ölkələrinin coqrafiyası, tarixi, mədəniyyəti və etnoqrafiyası ilə maraqlanan hər kəsin diqqətini cəlb edəcəkdir.

 

 

HİNDUŞAH İBN SƏNCƏR NAXÇIVANİ

Görkəmli alim, ictimai-siyasi xadim və tərcüməçi Fəxr əd-Din Hinduşah ibn Səncər ibn Abdullah Naxçıvani XIII əsrin sonlarında (vəf. 1328) Gilan (indiki Xarabagilan) şəhərində sayılıb-seçilən ailələrin birində doğulmuşdur. Bu ailə Azərbaycana bir çox görkəmli şəxslər vermişdir ki, onlar da özlərinin Naxçıvandan çıxdıqlarını bildirməkdən ötrü "Naxçıvani " adını daşımışlar.

     Hinduşah təhsilini Bağdaddakı ən məşhur mədrəsələrdən sayılan "Müstənsəriyyə"də almışdır. O, burada ilahiyyatı, riyaziyyatı, təbabəti, astronomiyanı və orta əsrlərdə mədrəsələrin dərs proqramlarına daxil olan digər elmləri öyrənir, fars və ərəb dillərinə dərindən bələd olur.

     İlk İlxanlar zamanında Hinduşah maliyyə idarəçiliyində iştirak edir və bir çox vilayətlərin hakimi tə'yin olunur. Dövlət qarşısında xidmətlərinə görə ona fəxri "Fəxr əd-Dövlə" adı verilir. Eyni zamanda Hinduşah tarix, dilçilik və poeziya ilə ciddi surətdə maraqlanır.

     O, Azərbaycan və bir sıra qonşu ölkələrin ictimai-siyasi həyatından bəhs edən "Təcarüb üs-sələf" ("Sələflərin təcrübəsi") əsərinin, 1307/8- ci ildə ərəb dilində qələmə aldığı "Məvarid ül -ərəb" antalogiyasının, fars dilində bir sıra məşhur şe'rlərin, habelə "Əs-Sihahü-l-əcəmiyyə" adlı leksikoqrafik əsərin müəllifidir.

     Hinduşah "Təcarib üs-sələf" əsərini Luristan atabəyi Yusif şaha (1296-1330) həsr edib. Belə hesab olunur ki, bu, ərəb tarixçisi Məhəmməd Əli Təqtaqın "Təvarix əl-Xüləfa və-l-vüzəra" ("Xəlifələr və vəzirlər tarixi") kitabının farscaya tərcüməsidir. Əgər belədirsə, onda bu əsər farscaya gözəl və ifadəli bir dillə tərcümə olunmuş ilk nəsr nümunələrindəndir. Hinduşah tərcümə etdiyi kitaba düzəlişlər vermiş, əlavələr etmiş və onun həcmini az qala üç dəfə artırmışdır.

     Onun yaradıcılığında "Əs-Sihahü-l-əcəmiyyə" adlı farsca-azərbaycanca lüğət mühüm yer tutur. Bu, elmə mə'lum olan ilk azərbaycan-fars lüğəti, eyni zamanda fars dilinin ən qədim lüğətlərindəndir. Lüğətə 5 min söz və fars dilinin ərəbcə qələmə alınmış qrammatikası verilib. Bundan başqa kitaba frazeoloji birləşmələr və ayrı-ayrı ifadələr də daxil edilib. Hinduşah özü yazır ki, o, lüğətin tərtibi prinsipini X əsrin ərəb leksikoqrafı İsmail əl-Cövhəridən götürmüşdür.

     Uzun müddət bu lüğət həm alimlər, həm də fars və ərəb dillərini öyrənənlər tərəfindən rəğbətlə istifadə olunmuş, geniş yayılmışdır. Əsərin saysız-hesabsız əlyazmalarının dünyanın ən müxtəlif kitabxanalarına səpələnməsi də bunu sübut edir. Diqqəti çəkən faktlardan biri də budur ki, lüğətin ən erkən gömürülmüş nüsxəsi XVI əsrin əvvəllərinə, ən sonuncusu isə XIX əsrin sonlarına aiddir.

     Lüğət üç hissədən ibarətdir: giriş, lüğət və fars dilinin qrammatikası. Birinci və üçüncü hissələr ərəbcə, lüğət özü isə farsca və azərbaycanca yazılıb. Müəllif girişdə göstərir ki, kitab fars olmayanların (azərbaycanlıların) bu dili öyrənməsi üçün nəzərdə tutulub.

     Hinduşahın "Sihah ül-əcəm" əsəri Azərbaycan leksikoqrafiyasının əvəzsiz abidəsi və XIII-XIV əsrlər Azərbaycan və fars dillərinin lüğət tərkibini, habelə qrammatikasını öyrənmək üçün nadir mənbədir. Bu əsər həmçinin bütün Şərq dünyasında lüğətçilik elminin inkişafında da böyük rol oynamışdır. Belə ki, ondan sonra tərtib olunan farsca-türkcə lüğətlərdə quruluş prinsipi Hinduşah Naxçıvanidən əxz olunmuşdur.

 

HƏSƏN BƏY RUMLU

XVI əsrin görkəmli tarixçisi, məşhur çoxcildlik "Əhsən ət-təva-rix"("Tarix kitablarının ən yaxşısı") təzkirəsinin müəllifi Həsən bəy Rumlu 1530/31-ci ildə Qum şəhərində anadan olmuşdur. Erkən yaşlarında atasını itirdiyi mə'lumdur. Onun atası barədə heç bir mə'lumat yoxdur. Özünün də xatirələrində yazdığı kimi, babası Əmir Sultan Rumlunun ailəsində tərbiyə almışdır. Onun yazdığına görə, 1536/7-ci ildə I şah Təhmasibin kiçik qardaşı Qəzvinə gələrkən o anası ilə Əmir Sultanın yanında yaşayırmış və qonaqı şaha layiq hədiyyələr-"çadırlar, pullar, cins atlar və bahalı əşyalarla" qarşılayıblar. Buradan aydın olur ki, Rumlu tanınmış və zəngin bir ailədə tərbiyə almışdır və buna görə də yaxşı təhsil görməli idi. 1539/40-cı ildə sevimli babasının vəfatından sonra onun sakit və qayğısız günləri də başa çatır. Öz gələcək həyatını qurmaq məcburiyyətində qalan Həsən bəy şahın süvari qvardiyasına daxil olur. Bundan sonra yeniyetmə artıq şahın bütün yürüşlərində iştirak edir və saray həyatı ilə yaxından tanış olur. Yürüşlər zamanı Həsən bəy özünü cəsur və ağıllı bir döyüşçü kimi göstərir. O, xüsusilə 1546/47-ci ildə Gürcüstan və 1550/51 -ci ildə Kürdüstan üzərinə yürüşlərdə fərqlənir. Həsən bəyin saraydakı qəbullarda iştirakı barədə tarixçi İskəndər Münşinin əsərindən soraq alırıq. O, Hindistan imperatoru Humayunun şərəfinə şah Təhmasibin verdiyi qəbulda Həsən bəyin də iştirak etdiyini göstərir. Həsən bəy öz əsərində o dövrün tanınmış alimlərindən Əbülhəsən və Mahmud Şirazinin yanında təhsil gördüyünü də qeyd edib.

     Artıq 1576/77-ci ildə şah Təhmasib dünyasını dəyişdikdən sonra Həsən bəy doğma Qum şəhərinə qayıdır və öz əsrinin ən qəddar səfəvi şahlarından olan II İsmayıla həsr edilən sonuncu cildini hadisələrin bilavasitə iştirakçısı olmadan yazır. I şah İsmayılın ölümündən sonra Həsən bəy yenidən, bu dəfə artıq şah Məhəmməd Xudabəndənin də'vəti ilə saraya qayıdası olur.

     On iki cildlik "Əhsən ət-təvarix" əsərindən bizə yalnız sonuncu iki cild gəlib çatmışdır. Bu cildlərdə I şah Təhmasiblə II şah İsmayılın hakimiyyət illəri təsvir olunub. Azərbaycan və İran tarixi ilə məşğul olan müasir mütəxəssislərin fikrincə, bu əsər həmin tarixi dövrün hadisələrini daha dəqiq və tam bir şəkildə təsvir etmişdir. Bu cildlərdə həmin mərhələdə Azərbaycan və İranda baş verən ictimai-siyasi hadisələr, habelə feodal hakimləri, alimlər, ilahiyyatçılar və şairlər haqqında tərcümeyi hal xarakterli mə'lumatlar öz əksini tapmışdır. Bunlardan başqa əsərdə qonşu Teymurilər, Ağqoyunlular və Şirvanşahlar dövlətlərində baş verən əsas hadisələr də təsvir olunub.

     Azərbaycan tarixçisi Oqtay Əfəndiyevin yazdığına görə, "I şah Təhmasibin yarım əsrlik hakimiyyət dövrü heç bir mənbədə Həsən bəy Rumlunun əsərindəki dəqiqliklə ətraflı əks olunmayıb."

 

İSKƏNDƏR MÜNŞİ

Tanınmış Səfəvi tarixçisi, məşhur "Tarixi-aləm arayi-Abbasi" ("Dünyanın bəzəyi olan Abbasın tarixi") əsərinin müəllifi İskəndər bəy Türkmən Məhəmməd Yusif Müvərrix 1560/61-ci ildə sayılan türk soylarından olan Türkmən tayfasının tanınmış ailələrindən birində doğulmuşdur.

     Erkən yaşlarında, hələ ilkin təhsilini də bitirməmiş İskəndər o zaman "siyaq" adlanan mühasib sənətini öyrənmək işinə girişir və sonradan buna da peşiman olur. Dövrünün iqtisadi biliklərinin əsaslarını mənimsəyən İskəndər Münşi bir çox dövlət xadimləri ilə bir sırada çalışır, hətta hərbi yürüşlərdə də iştirak edir. Sonradan, professor Əbülhəsən Rəhmaninin də yazdığına görə, o, "yorucu mühasiblik sənətindən üz döndərir və dövrünün oxumuş adamlarının tə'siri altında cidd -cəhdlə katiblik sənətini öyrənməyə girişir. Az sonra epistolyar ustalığın bütün incəliklərinə yiyələnir ki, şah Abbasın dəftərxanasında xidməti işə girə bilsin. "1592/93-cü ildə İskəndər Münşi I şah Abbasın sarayında "böyük katib" (münşi) vəzifəsinə götürülür və paytaxt İsfahana köçürülərkən şahla birlikdə oraya gedir. Burada ev-eşik sahibi olan İskəndər bəy ailəsi ilə bütün ömrünü İsfahana bağlayır.

     Münşinin doğulduqu ailə barədə mə'lumatlar çox azdır. Özünün "Tarix"ində İskəndər bəy yaxın qohumlarından biri Gilan vəziri olmuş qardaşı oğlu Məhəmməd Saleh barədə o dövrün ən savadlı adamlarından biri kimi bəhs edir. İskəndər Münşi dostları arasında böyük Azərbaycan alimi Nəsirəddin Tusinin nəslindən olan şahın birinci vəziri Hatəm bəy Ordubadini yada salır. Bə'zi tədqiqatçıların fikrincə, məhz onun himayədarlığı sayəsində İskəndər bəy "münşilər" sırasına daxil ola bilib. İskəndər bəy birinci vəzirin birbaşa rəhbərliyi altında çalışır və Hatəm bəyin ömrünün sonuna qədər (1610/11) hər yerdə onu müşaiyət edir. Onlar I şah Abbasın hərbi yürüşlərində, ölkə daxilindəki səyahətlərində, səfərlərində, ovlarında, saraydakı qəbullarında bir yerdə iştirak edirlər. Hərbi səfərlərdən birində, Gəncə və İrəvanın Osmanlı türklərindən azad olmasından sonra Hatəm bəy şahı öz vətəni Ordubada də'vət edir. İskəndər bəy də orada olur və Ordubadın "səfalı təbiətini, bərəkətli meyvə bağlarını, şəffaf və xoş sulu bulaqlarını" böyük həvəs və məhəbbətlə təsvir edir. Bundan başqa o öz əsərində Hatəm bəyin şəcərəsini də verir və onun soyunun Səfəvilər dövlətinin yaranıb formalaşmasındakı xidmətlərini göstərir.

     İskəndər Münşinin karyerası şah İsmayıl Xətainin yaratdığı möhtəşəm Qızılbaşlar dövləti daxili çəkişmələr və mərkəzi hakimiyyətin zəifləməsi nəticəsində siyasi və iqtisadi böhran keçirdiyi bir vaxtda başlanır. Təbriz də daxil olmaqla az qala bütün Azərbaycan türklər tərəfindən işğal olunmuşdu. Belə bir vəziyyətdə hakimiyyətə gələn şah Abbas qızılbaş əyanlarının tə'sir dairəsini xeyli daraldır, paytaxtı İsfahana köçürür və Qızılbaş İranının keçmiş şöhrətini qaytarmaq uğrunda mübarizəyə başlayır.

     İskəndər Münşi şah Abbası onun Azərbaycanı türklərdən geri almaq uğrunda apardığı 5 illik bütün mübarizəsi boyunca müşaiyət edir. O, Azərbaycanı qarış-qarış gəzir, Təbriz, Ərdəbil, Naxçıvan, Əhər, Xoy, Maku, Gəncə, Ordubad, Şamaxı, Bakı və digər şəhərlərdə olur. Şah Abbasın 1599-1601-ci illərdəki Xorasan və 1625-ci ildəki İraq yürüşlərində iştirak edir. İrana, İraqa və digər yaxın ölkələrə səyahətlər edir, burada baş verən bir çox tarixi hadisələrdən xəbər tutur, şahın qəbullarında, ov səfərlərində onun yanında olur. Bütün bunlar ona özünün şah əsəri olan "Tarixi-aləm arayi-Abbasi" əsərini yazmaq üçün zəngin material verir. Tarixçi həmin əsərində bütün müşahidələrini və Səfəvi dövlətinin ilk dörd hökmdarının zamanında baş verən ictimai-siyasi hadisələri təsvir edir. Bundan başqa o, həmin əsərində öz oxucularını dövrün ən görkəmli siyasətçiləri, din xadimləri, şairləri, rəssamları, xəttatları, musiqiçiləri və müğənniləri ilə tanış edir.

     Müəyyən iqqisadi təhsilə yiyələnmiş İskəndər Münşi ölkənin maliyyə problemlərinin həllində də yaxından iştirak edir. Həmin bilikləri bə'zi məqamlarda bu tarixi yazmaqda da ona kömək edir.

     İskəndər Münşinin əsəri iki cilddən ibarətdir və Səfəvilər dövlətinin tarixi üzrə olduqca qiymətli bir mənbədir. Bu əsər həmin dövrün oxşar tarixi əsərlərindən fərqlənir. Tanınmış Azərbaycan tarixçisi Oqtay Əfəndiyevin də yazdığı kimi: "O, öz sələflərinin yazdıqlarını sadəcə olaraq, təkrarlamır, çalışır ki, tarixi materialları dərk etsin, bir çox hallarda isə hadisələrə öz yozumunu verir. O, bə'zən hətta ictimai hadisələrin zahiri cəhətlərindən sərf-nəzər edir, xronoloji qeydlərə uymur, əksinə, hadisələrin məzmun və mahiyyətini açmağa cəhd göstərir. Bu mə'nada o, öz dövrünün yalnız faktları sadalamaqla kifayətlənən, bununla da xronist olan digər tarixçilərindən bir baş yuxarıda durur."

     Bundan başqa həmin kitabı oxşar əsərlərdən fərqləndirən əsas cəhət bütövlükdə ölkənin və onun ayrı-ayrı vilayətlərinin iqtisadi həyatını dərindən təhlil etmək cəhdidir. Burada şah Abbasın vergi siyasəti, vergilərin yığılması yolları, sənətkarların, tacirlərin və başqa peşə adamlarının maliyyə vəziyyəti, mə'murların maliyyə fırıldaqları barədə mə'lumatlar tapmaq mümkündür. Kitaba xas olan cəhətlərdən biri də tarixçinin şah fərmanlarından, çoxlu sayda rəsmi sənədlərdən sitatlar gətirməsidir.

     Münşinin başqa bir əsəri "Zeyli tarixi aləm arayi-Abbasi" (Dünyanın bəzəyi olan Abbasın tarixinin davamı) adlanır. Bu əsər I Səfinin hakimiyyət dövründən bəhs edir. Əsər müəllifin qəfil ölümü ilə tamamlanmamış qalmışdır.

     İskəndər Münşi də o dövrün əksər oxumuş adamları kimi şe'rlər yazmış və xəttat sənətinin texnikasına dərindən bələd olmuşdur. Münşinin qələminə məxsus şe'rlərə məşhur tarix əsərinin ayrı-ayrı yerlərində rast gəlinir, ancaq onun ayrıca "Divan"ı olduğu mə'lum deyil. Sənətkarın çağdaşlarından birinin verdiyi mə'lumata görə isə Münşi nəstə'liq xətti ilə gözəl yazmış, sür'ətli yazı qaydalarını kamil bir tərzdə mənimsəmişdi.

     İskəndər Münşi 1634-cü ildə Təbrizdə ömrünün 75-ci ilində vəfat etmişdir.

     Tarix elminin görkəmli abidəsi sayılan "Tarixi aləm arayi-Abbasi" kitabının müxtəlif əlyazma nüsxələri dünyanın bir çox iri kitabxana və.muzeylərində saxlanır. Bu əsər dünyanın bir çox dillərinə tərcümə edilmişdir. Dünyanın ən görkəmli alimləri XVI-XVII əsrlər Azərbaycanının sosial-iqtisadi, siyasi və mədəni həyatına dair ən qiymətli mənbə kimi bu əsərə istinad edirlər.

 

MAHMUD ZƏNCANİ

 Görkəmli dilşünas və ilahiyyat alimi Əz-Zəncani Mahmud bin Əhməd bin Mahmud Əbu əl-Mənaqib Şihabəddin 1177 (8)-ci ildə orta əsrlər Azərbaycanının elm mərkəzlərindən birində-Zəncan şəhərində anadan olmuşdur. Yaxşı təhsil almış və uzun müddət Bağdadda yaşamışdır. Burada o zaman bütün Şərqdə tanınan "Nizamiyyə" və "Müstənsiriyyə" mədrəsələrində dərs demişdir. Bir müddət hətta Bağdadın qazisi də olmuşudr. Mahmud Zəncani 81 yaşında 1258-ci ildə vəfat etmişdir.

     Mahmud Zəncani Bağdadın və bütün ölkənin alimləri arasında böyük nüfuz sahibi idi. Məşhur ərəb tarixçisi Məhəmməd Zəhəbi onun haqqında yazırdı: "Mahmud bilik dəryası idi." O, şafii məzhəbi üzrə görkəmli ilahiyyatçı kimi "Qur'an"a şərh yazsa da tarixə ərəb dilinin qısa izahlı lüğətini tərtib etməsi ilə düşmüşdür."Tərvih əl-ərvah fi Təhzib əs Sihah" ("Ruhların təmizlənməsi və "Sihah"ın düzəlməsi") adlanan bu əsər İsmayıl əl-Cövhəri Farabinin məşhur lüğətinə şərh kimi yaranmışdı.

     Orta əsrlərdə Şərqdə məşhur alimlərin geniş yayılmış əsərlərinə şərhlər yazmaq ən'ənə halını almışdı. Adətən, bu cür şərhlər müxtəlif məqsədlər daşıyırdı. Bə'zən görkəmli alimlərin dərin elmi araşdırmaları əsasında kütləvi dərsliklər yaradılmasına, bə'zən isə həmin əsərlərin ciddi təhlilinə xidmət edirdi. Ancaq hər iki halda şərhçilər məşhur alimlərin adlarından həm də oxucunun diqqətini öz əsərlərinə cəlb etməkdən ötrü istifadə edirdilər. Və bir qayda olaraq bu şərhlərdə müəlliflərin özlərinin də çoxsaylı fikir və ideyaları olurdu. Misal üçün Farabinin 40 mindən artıq söz və ifadəni əhatə edən lüğətinə müxtəlif ölkələrin ən məşhur alimləri, xüsusilə Əbu Səhl əl-Hərəvi, Əbül-Tasim əl-Bəsri, ibn Qatta, Tacəddin əl-Lüçəvi və başqaları tərəfindən şərhlər yazılmışdı.

     Mahmud Zəncaniyə gəlincə, onun əsəri öz həcminə görə Farabinin lüğətindən kiçikdir və yalnız daha işlək və zamanın sınağından çıxmış sözləri əhatə edir. Burada həmçinin bə'zi sözlərə düzəlişlər də yer tutub. Görünür, bu lüğətin tərtibində müəllimlik təcrübəsi onun köməyinə gəlmişdir. Belə ki, bir müddət sonra Mahmud "Tərvih əl ərvah"ın təlabatla ayaqlaşmadığını anlayaraq, lüğəti xeyli qısaldır, təgmilləşdirir və adını da dəyişib "Tənqih əl-Sihah" ("Sihahın yenidən nəzərdən keçirilməsi") qoyur. Bu əsərin XVIII yüzilliyə qədər müxtəlif əsrlərdə üzü köçürülən əlyazmalarının dünyanın bir çox kitabxanalarında qeydə alınması sübut edir ki, uzun əsrlər boyu həmin lüğət ərəb dilini öyrənənlər arasında populyar olmuşdur.

 

MƏHƏMMƏD NƏSİRƏDDİN TUSİ

Bağdadda imam Musa ibn Kazimin məzarı ilə yanaşı bir qəbir var. Başdaşının üstündə hüsnxətlə yazılmış bu sözlər oxunur: "Dinin və xalqın köməyi, elm aləminin şahı. Zamanın anası belə oğul yetirməyib." Burada Azərbaycan xalqının böyük oğlu- görkəmli filosof, astronom və riyaziyyatçı, tarixçi, maliyyəçi və hüquqşünas Məhəmməd ibn Həsən Nəsirəddin Tusi uyuyur. Bizim əcdadlarımız fikirlərini obrazlı ifadə edə bilmişlər. Onun ölümündən 700 il keçir, həyatı və yaradıcılıq yolu haqqında yüzlərlə, minlərlə əsərlər yaradılmışdır, ancaq heç kəs Tusi haqqında bundan ətraflı və yığcam bir şey söyləyə bilməmişdir: "elm aləminin şahı".

     Məhəmməd Nəsirəddin Tusi 1201-ci il 18 fevralda həmədan şəhərində anadan olmuşdur. İlk təhsilini atasından almış, sonra həmədan və Tus şəhərlərində dövrünün tanınmış alimlərinin-İbn Sina və Bəhmənyarın davamçılarının yanında təhsil görmüşdür.

     Aldığı hərtərəfli və dərin biliklər Məhəmmədi az bir vaxtda elmi mühitdə məşhurlaşdırır. hələ kənc yaşlarından e'tibarən o, bir sıra hökmdarların diqqətini cəlb edir. Otuz yaşında ikən Kuhistan ismaililərinin rəhbəri Nasirəddin Möhtəşəm onu sarayına qonaq çağırır və gənc alimdən əxlaq barədə kitab yazmasını xahiş edir. 1235-ci ildə Nəsirəddin Tusi sonralar ona dünya şöhrəti gətirən və bir çox dillərə tərcümə olunan məşhur "Əxlaqi Nasiri" əsərini tamamlayır. Ancaq kitab hökmdarın xoşuna gəlmir və Tusi həbs olunaraq, isma-ililərin əlçatmaz dağ zirvələrində yerləşən "Ələmut" ("Qartal yuvası") qalasına aparılır. O, burada sürgün həyatı keçirir. Qəsrdən çıxmaq hüququ əlindən alınmış Tusi ismaililərin yanında keçirdiyi 12 ildən bir qədər artıq müddətdə dözülməz mə'nəvi sıxıntılarına baxmayaraq, bir neçə elmi əsər yaza bilir. Alim 1242-ci ildə tamamladıqı məşhur "Şərhül - İşarat" (Əbu Əli Sinanın "İşarat" adlı fəlsəfi risaləsinə şərhlər) əsərinin sonunda yazır: "Mən bu kitabın əksər fəsillərini olmazın dərəcədə ağır bir şəraitdə yazdım. Ürək bundan artıq sıxıntı çəkə bilməzdi." 1253-cü ildə Çingiz xanın nəvəsi Hülaku xanın Yaxın Şərqə yürüşü başlayır. Onun qoşunları fətholunmaz sayılan "Ələmut" qalasını da tutur, Nəsirəddini və digər alim məhbusları azad edirlər. Nəsirəddin Hülaku xanın şəxsi məsləhətçisi tə'yin olunur. Elə ilk günlərdən Nəsirəddin Hülaku xanın bir çox vacib siyasi tədbirlərinin həyata keçirilməsində məs'uliyyəti öz üzərinə götürür. Misal üçün, uzun müddət müsəlman aləminin müqədes şəhəri sayılan Bağdada hücumdan çəkinən Hülaku yalnız Nəsirəddinin elmi cəhətdən əsaslandırılmış fikirlərindən sonra bu addımı atmağa cür'ətlənir. Və beləliklə də Abbasilər sülaləsinin 500 illik hökmranlığına son qoyulur.

     Bağdad ələ keçirildikdən sonra Hülaku xan öz möhtəşəm dövlətinin mərkəzini 1260-cı ildə Azərbaycana salır. İlxanilər adlanan bu yeni dövlətin başçıları "ilxan"lar (el xanları) idi. Hülaku xan öz dövlətinin paytaxtı kimi əvvəlcə Azərbaycanın qədim mədəni mərkəzlərindən olan Marağanı, sonra isə Təbrizi seçir. Elə həmin vaxt Nəsirəddin Marağa rəsədxanasının tikintisinə başlayır.

     Öz dövrünün bir çox alimləri kimi, Nəsirəddin Tusi də elmin müxtəlif sahələrinidərindən mənimsəmişdi. Onun qələmindən çıxan yüzdən artıq ciddi əsər elmin astronomiya, riyaziyyat, fizika, tibb, fəlsəfə, etika, məntiq və digər sahələrinə həsr olunmuşdu. Bununla belə Nəsirəddinin yaradıcılığından astronomiya və riyaziyyat üzrə tədqiqatlar xüsusi yer tutur. Tusi bu sahələrdə aparılmış iyirmidən artıq uğurlu araşdırmanın müəllifidir. Riyaziyyata həsr etdiyi əsərlər yalnız ərəbcə, astronomiya üzrə tədqiqatları isə həm fars, həm də ərəb dillərində yazılmışdır.

     Riyaziyyatçı alimin ən məşhur əsərləri arasında "Şəklül-qita" ("Bütöv çoxtərəfli haqda risalə'), "Came'ül-hesab" ("Lövhə və tozun köməyi ilə hesab toplusu"), "Dairənin ölçüsü", "Təhrir Öqlidis" ("Evklid "Başlanğıc"ının təsviri") kimi kitablar xüsusi yer tutur. Dörd hissədən ibarət "Zici-İlxani" ("İlxanilərin astronomik cədvəlləri") əsəri isə alimin adını dünya astronomiya tarixinə salmışdır.

     Çağdaş tədqiqatçıların bir çoxu Nəsirəddin Tusini hər şeydən öncə, riyaziyyatçı hesab edir. Onun əsərləri yalnız Şərqdə deyil, həmçinin Avropada həndəsə və triqonometriyanın inkişafında mühüm rol oynamışdır. 1594-cü ildə Romada ərəb, sonra isə latın dilinə tərcümədə çap olunan "Evklid "Başlanğıc"ının təsviri" əsəri Tusi ideyalarının Avropada yayılmasında böyük iş görmüşdür. Alimin beş kitabdan ibarət yazdığı "Bütöv dördtərəfli haqqında risalə də Avropada triqonometriyanın inkişafında əhəmiyyətli rol oynamış əsər kimi məşhurdur. Dünya elmi tarixində ilk dəfə bu əsərdə triqonometriyaya müstəqil elm sahəsi kimi yanaşılır. Bu risalə ingilis, rus və fransız dillərinə çevrilmişdir. Nəsirəddinin cəbr sahəsində araşdırmaları içərisində bütün dərəcələrdən kökalma metodu və Binom düsturu daha çox tanınır. Bundan başqa alimin tarixə, minerologiyaya, fizikaya, tibbə, iqtisada, coqrafiyaya, musiqiyə və təbii ki, astronomiyaya dair çoxsaylı əsərləri də diqqətə layiqdir. Bunların arasında "Bağdadın tarixi", "İşığın əks olunması və sınması haqda risalə', "Evklid optikası", "Göy qurşağının öyrənilməsinə dair risalə", "Qiymətli daşlar haqqında kitab", "Tibb qanunları", "Dövlət maliyyəsi haqqında risalə", "Xoşbəxt günlərin seçilməsi" (astrologiya) və başqa əsərlərin adı çəkilə bilər.

     Nəsirəddinin bir çox əsərləri bu günə qədər öz araşdırıcısını gözləməkdədir. Onun əsərləri dünyanın müxtəlif nöqtələrinə səpələnmişdir. Bunlara Bakı, Paris, Berlin, Vyana, Oksford, Kembric, Leypsiq, Münhen, Florensiya, Qahirə, İstambul, Moskva, Sankt-Peterburq, Kazan şəhərlərinin muzey və kitabxanalarında rast gəlmək mümkündür.

     Tusi Şərq dünyasında etikaya dair "Əxlaqi-Nasiri" adlı məşhur əsəri ilə və Marağa rəsədxanasının banisi kimi xüsusi rəğbət qazanmışdır.

     Görünür, o, rəsədxana qurmaq haqqında çoxdan fikirləşirmiş. Bağdad alınan kimi, Nəsirəddinin Hülaku xandan icazə istəyib, işə başlaması da bunu sübut edir. Bir ildən də az bir müddətdə o, rəsədxananın tikiləcəyi yeri müəyyənləşdirir, eyni zamanda astronomik cihazlar hazırlayır, müxtəlif şəhərlərdən burada yaradılacaq kitabxana üçün qiymətli kitablar gətirdir və rəsədxanada araşdır-malar aparmaqdan ötrü dünyanın bir çox ölkəsindən alimlər də'vət edir. Tusi özü "Zici-İlxani" adlı əsərində bu barədə belə yazır: "Hülaku xan ətraf vilayətlərdən astronomik müşahidələr apara bilən alimləri çağırmağı tələb etdi: Dəməşqdən Müvəidəddin Ordini, Mosuldan Fəxrəddin Marağayini, Tiflisdən Fəxrəddin İxlatini, Qəzvindən Nəcməddin Dəbiranini." Digər qaynaqlardan isə dövrün ən tanınmış alimlərindən Qütbəddin Şirazi, Şəmsəddin Şirvani, Cəmaləddin əz-Zeydi Buxari, Fao Mun-çi və digərlərinin də Marağa rəsədxanasında çalışdıqları mə'lum olur. Burada bir məsələyə də toxunmaq maraqlı olardı. Görkəmli Azərbaycan siyasi xadimi və tarixçisi Rəşidəddinin öz salnamələrin-də yazdığına görə həmin dövrdə Camaəddin Buxariyə də Pekində rəsədxana qurmaq tapşırılmışdı. Lakin o, bu tapşırığın öhdəsindən gələ bilmirdi. Nəhayət, Çin alimi Fao Mun-çi ilə birlikdə Marağaya gəlib, Nəsirəddinlə məsləhətləşmələr apardıqdan və rəsədxana tikilişi üçün zəruri olan alətlərin çertyojlarını əldə etdikdən sonra Pekində də işlər başa çatdırılır.

     Rəsədxana yaradılması külli məbləğdə pul qoyuluşu tələb edirdi və Hülaku xan bu işi məqsədəuyğun saymırdı. Tanınmış tarixçi Hacı Xəlifə özünün "Dünya haqqında kitab"ında bununla əlaqədar baş verən hadisələri belə təsvir edir: "Xacə Nəsir Marağadakı astronomiya rəsədxanasının tikintisinə başlamaq üçün lazım gələn məsarifi Hülakuya deyəndə, o, məbləğin böyüklüyünə şübhə ilə soruşdu: "Yəni, ulduzlar haqqında elm belə faydalıdır ki, rəsədxanaya bu qədər pul xərcləyək?" Nəsir cavabında söylədi: "İzn verin, bir nəfər həmin dağa qalxıb, ordan boş bir tası yerə atsın, ancaq bunu elə eləsin ki, heç kəs bilməsin." Belə də edirlər. Tas qayalara dəyə-dəyə qorxulu səslər çıxarır. Hülaku xanın ordusu vahiməyə düşür. Nəsirəddinsə bu zaman xanla birlikdə sakitcə oturub, qoşundakı vahiməni seyr edirdilər. Nəsirəddin xana deyir: "hökmdar, biz qayalardan gələn səsin səbəbini bildiyimizdən sakitcə əyləşmişik. Qoşun isə bunu bilmədiyi üçün həyəcan içindədir. Əgər biz səmada baş verən hadisələrin mahiyyətini irəlicədən bilsək, yer üzündə həmişə belə rahatlıq hökm sürər." Nəsirəddinin sözləri Hülaku xanı elə inandırır ki, o, rəsədxananın tikintisinə razılıq verir və bu məqsədlə 20 min dinar pul buraxır. Sonralar böyük alim rəsədxanada çalışan yüzdən artıq alimə həmişəlik donluq kəsilməsinə də nail olur. Bu məvacib Nəsirəddinin təşəbbüsü ilə vergilərdən yığılan vəsait hesabına ödənilirdi.

     Rəsədxananın tikintisi 1259-cu ildə Marağa şəhərinin qərbindəki təpənin döşündə başlanır. Nəsirəddin rəsədxana binalarının layihələşdirilməsində və astronomik cihazların qurulmasında şəxsən iştirak edir. Görkəmli astronom və konstruktor Müəyyidəddin Ordi ilə birlikdə onlar rəsədxanada beş yeni, bir o qədər də köhnə konstruksiyalı astronomik cihaz quraşdırırlar. Yeni konstruksiyaları alimlərin özləri işləyib - hazırlayır. Bundan başqa Marağa rəsədxanasında bir sıra astronomik məsələlərin həlli üçün zəruri sayılan, həmçinin tədris məqsədilə istifadə olunan yer və göy qlobusları da hazırlanırdı. Ordinin oğlu Məhəmməd tərəfindən hazırlanmış göy qlobuslarından biri bizim günlərə qədər çatmış və hal-hazırda Drezdendə saxlanır.

     Rəsədxananın nəzdində 400 min kitab saxlanan kitabxana və bu elmi mərkəzi kadrlarla təchiz etməkdən ötrü məktəb fəaliyyət göstərirdi. Maraqlı burasında idi ki, rəsəxanada müsəlmanlarla birgə xristianlar, buddistlər, nestorianlar və iudaistlər də çalışırdı. Bunlar türklər, farslar, ərəblər, monqollar, çinlilər, gürcülər, tatarlar, yəhudilər və digər millətlərin nümayəndələri idilər. Tusinin tikdirdiyi rəsədxana öz həcminə görə Şərqin bütün məşhur rəsədxanalarını geridə qoyur. Marağa rəsədxanasında çalışan əməkdaşların elmi fəaliyyəti və astronomik müşahidələri "İlxanilərin astronomik cədvəlləri" adlandırılan kollektiv əsərin yaranmasına gətirib çıxarmışdı. Bu cədvəllərin sonuncusu 1284-cü ildə, artıq Nəsirəddinin vəfatından sonra tərtib edilmişdi.

     Cədvəllər dörd kitabdan ibarətdir. Birinci kitabda yunan, fars, yəhudi, ərəb və türk təqvimləri təsvir olunur və bir təqvimdən digərinə keçməyin qaydaları göstərilirdi. İkinci kitab ulduzların hərəkətinə vö onların ekliptik koordinatlarının yerləşməsinə həsr olunub. Elə buradaca sinus və tangenslərin cədvəlləri, habelə 256 məntəqənin yerləşdiyi uzunluq və en dairəsi göstərilir. Nəsirəddin uzunluq dairəsinin ölçüsünü Qrinviçdən 34-35 dərəcə qərbdən götürərək, Cənubi Amerikanın şərq hissəsindən keçirir. Professor h. C. Məmmədbəyli buna əsaslanaraq, belə bir ehtimal irəli sürmüşdür ki, o dövrün astronom və coqrafiya mütəxəssisləri hələ Kolumbdan çox-çox qabaq Qərb yarımkürəsində sonralar Amerika adlandırılmış materikin varlığından xəbərdar imişlər."Cədvəllər"in üçüncü və dördüncü kitabları astrologiya məsələlərinə həsr olunub.

     Marağa rəsədxanası tətbiqi astronomiyanın inkişafında müstəsna rol oynayıb.

     Nəsirəddin Tusi dünyasını 1274-cü ildə iyunun 25-də Bağdadda dəyişmiş və orada "Came məscidi"ndə torpağa tapşırılmışdır. Onun üç oğlu olub: Əsiləddin Həsən, Fəxrəddin Əhməd və Sədrəddin Əli. Nəsirəddin öldükdən sonra üçüncü oğlu uzun müddət rəsədxanaya rəhbərlik etmişdir.

     XIV əsrdə Nəsirəddinin nəvə-nəticələri Marağadan Ordubada köçmüşlər. Səfəvilər dövründə onlar bir sıra dövlət vəzifələrində çalışmışlar. hal-hazırda Azərbaycan Respublikasında və İran İslam Respublikasında Nəsirəddin Tusinin çox sayda varisləri yaşamaqdadır.

     Dahi alimin həyat və yaradıcılığı haqda bu oçerki vaxtilə əlyazmalarla işləməkdən ötrü məxsusi olaraq, Marağaya köçmüş XIII əsr Suriya tarixçisi Bar-Ebreyin "Ümumi tarix" əsərindən götürülmüş aşağıdakı sözlərlə tamamlamaq istərdik. O əvvəlcə Marağadakı kitabxanadan bəhs edir: "Əlverişli şərait yarandığından mən Suriya, ərəb və fars dillərində yazılmış kitablarla zəngin olan Marağa kitabxanasında işləmək imkanı qazandım." Sonra isə Tusinin şəx-siyyəti ilə bağlı yazır: "həmin ildə (1274-cü il nəzərdə tutulur) fars filosofu, tanınmış alim, elmin bütün sahilərində gözəl bilici, riyaziyyat xəzinəsi olan Nəsir (əd-din Tusini) mənə təqdim etdilər. O, müşahidələr aparmaq üçün (astronomik) alətlər kəşf etmiş, (Ptolomeyin pərgarları ilə müqayisədə) hədsiz dərəcədə böyük olan və misdən hazırlanan sirkullar düzəltmişdi. O, planetlərin hərəkətini müşahidə edib, qeydə almaqdan ötrü İskəndəriyyəyə getmişdi. Azərbaycan şəhəri olan Marağada müxtəlif ölkələrin müdrikləri onun başına toplanmışdılar. O səbəbdən ki, Bağdadın və Assuriyanın sayılan ailələrinin və məscidlərinin əksəriyyəti onun nəzarəti altında idi (onun nüfuzunu qəbul edirdi). Başına yığılmış alim və tələbələrin maaş və təqaüdünü onlardan alırdı. həmin zaman Bağdaddakı işlərini yoluna qoyarkən burada allahın rəhmətinə qovuşdu. Camaat öyrənmişdi ki, onu zəhərləyiblər. Onun çoxsaylı əsərləri var - "Məntiq"dən tərcümələri, ilahiyyat və təbiət elmləri üzrə araşdırmaları... O, həmçinin farsca "Etika" da yaradıb. Burada o, Platon və Aristotelin tətbiqi fəlsəfəyə dair fikirlərini toplayıb. O, qədim filosofların da əsərlərilə tanış olub, ancaq öz yaradıcılığında onlara düşmən münasibət bəsləyib."

 

MÜƏYYİDƏDDİN ORDİ

  On üçüncü əsr. Çingiz xanın nəvəsi Hülaku xan özünün türk-monqol qoşunları ilə bütün Yaxın Şərqi işğal edərək, ərəb xilafətinin paytaxtı Bağdadı da hücumla tutur. Hülaku xan işğal etdiyi nəhəng ərazidə yeni İlxanilər (el xanları) dövlətini yaradır. Dövlətin mərkəzi Azərbaycan, paytaxtı əvvəlcə Marağa, sonra isə Təbriz olur. İlxanilər dövləti və yeni Hülakular sülaləsi rəsmi və daha çox formal olaraq paytaxtı Pekində yerləşən böyük türk-monqol dövlətinin tərkib hissəsi sayılırdı. Yeni Azərbaycan dövlətinin hakimləri təsdiq yarlıqlarını, dövlət möhürlərini və fəxri Çin titullarını oradan alırdılar. Tarixin belə dönüşləri də olur.

     Nəhəng türk imperiyasının başçısı, Yuanlar sülaləsinin banisi Xubilay imperiyanın qərb hüdudlarında gedən hadisələrlə bərk maraqlanırdı. Hülaku xanın yürüşü zamanı ona min nəfər Çin əskəri verilmişdi. Bunların arasında körpü və istehkam salan ustalar, daş atıcıları, eləcə də odlu silahdan məharətlə istifadə edən hərbçilər vardı. Vəziyyət sabitləşdikdən sonra Çindən alimlər, əczaçılar, sənətkarlar, rəssamlar, miniatür ustaları işləmək üçün Azərbaycana axışırlar. hətta Təbrizdə kağız Çin pulları "çou"nu tədavülə buraxmağa da cəhdlər olur.

     Azərbaycanın ən görkəmli dühalarından biri Nəsirəddin Tusi Hülaku xana məsləhətçi tə'yin edilir. Hələ bundan da qabaq böyük alim kimi Nəsirəddinin şöhrəti Pekinə gəlib çatmış və onu möhtəşəm bir mərkəz kimi düşünülmüş rəsədxananın tikintisinə kömək etməkdən ötrü paytaxta də'vət etmişdilər. Tusi isə Pekinə getməkdən imtina etmiş və Hülaku xanı rəsədxananın ilk növbədə imperiyanın deyil, İlxanilərin paytaxtında - Marağada tikilməsinin vacibliyinə inandırmışdı.

     Bu iş üçün ölkənin hər yerindən alimlər çağrılır. Tusinin yazdığına görə, rəsədxananın tikintisində iştirak etmək üçün "Hülaku xan müxtəlif vilayətlərdən astronomik bilikləri olan alimlərin buraya gətirilməsini tələb edir - Dəməşqdən Müəyyidəddin Ordini, Mosuldan Fəxrəddin Marağini, Tiflisdən Fəxrəddin İxlatini və Qəzvindən Nəcməddin Dəbiranini. "Orası da mə'lumdur ki, rəsədxananın tikintisində və zəruri avadanlıqla təchiz olunmasında başlıca rolu Müəyyidəddin Ordi oynayır.

     Ordi haqqında bioqrafik mə'lumatlar, demək olar ki, yoxdur. Tarixdə sənəd kimi yalnız onun ərəb dilində qələmə aldığı "Marağa rəsədxanasının astronomik alətləri haqda risalə"sinin iki əlyazma nüsxəsi qalmışdır. Bunlardan biri Parisin, digəri isə Tehranın milli kitabxanalarında saxlanılır. Birinci nüsxə XIX əsrin əvvəllərində Parisdəki xüsusi şərq dilləri məktəbinin müəllimi A. Jurden tərəfindən tapılıb fransız dilinə tərcümə olunur. Kitab Parisdə iki dəfə-1809 və 1810-cu illərdə nəşr olunur. 1811-ci ildə alman dilinə tərcümə edilir. Bu əsərdə Nəsirəddin Tusinin rəhbərliyi altında Müəyyidəddin Ordinin hazırladığı on mürəkkəb astronomik cihazın təsviri də var.

     Ordinin traktatında verilən mə'lumatların təhlili bir çox tədqiqatçıları belə bir qəti fikrə gətirmişdir ki, Marağa rəsədxanasındakı alətlər təkmilliyi ilə o dövrün bütün rəsədxanalarındakılardan seçilirmiş. Bu da mə'lumdur ki, Ordinin öz ixtirası olan bə'zi alətlər sonradan dünyanın bir çox rəsədxanalarında istifadə olunub.

     Ordinin görüşlərinin yayılmasında müxtəlif ölkələrdən Marağa rəsədxanasına çalışmaq və təcrübə keçmək üçün gəlmiş araşdırıcıların da böyük rolu olmuşdur. Marağa rəsədxanasının görkəmli tədqiqatçısı h. C. Məmmədbəylinin yazdığına görə, Ordinin hazırladığı alət və cihazlar Uluqbəyin, Tixo Bragenin, Caypur (Hindistan) rəsədxanalarında astronomik cihazqayırmanın inkişafında müstəsna rol oynayıb.

     Müəyyidəddinin oğlu, Məhəmməd bin Müəyyidəddin Ordi də Marağa rəsədxanasında çalışmışdır. O da atasının yolu ilə gedərək,astronomik cihazlar hazırlanması sahəsində tanınmış mütəxəssislərdən olmuşdur. Onun yaratdığı ulduz qlobusu günümüzə qədər gəlib çatmışdır. Bu qlobus hal-hazırda Drezdendəki məşhur riyaziyyat-fizika salonunda saxlanılır və burada toplanmış qlobuslar arasında ən qədimi sayılır. Qlobusda ulduzların yerləşmə vəziyyətinə əsasən onun hazırlanma ilini müəyyələşdirmək mümkün olmuşdur - 1279-cu il. Avropanın bir çox böyük alimləri həmin qlobusun tədqiqi ilə məşğul olmuşlar. Bürüncdən düzəldilmiş və qızıl-gümüş suyu ilə naxışlanmış bu qlobus həm də XIII əsr Azərbaycan dekorativ sənətinin incilərindən sayılır.

 

MAHMUD ŞƏBÜSTƏRİ

    Səəd əd-Din Mahmud ibn Əbdül Kərim ibn Yəhya Şəbüstəri Təbrizi Təbriz yaxınlığındakı Şəbüstər adlanan yerdə 1287-ci ildə ilahiyyatçı ailəsində anadan olmuşdur. Məşhur alim, filosof sayılan Mahmud Şəbüstəri Azərbaycanda sufizmin ən görkəmli nəzəriyyəçilərindən olmuşdur.

     Orta əsrlər Azərbaycanının bir çox məşhur ziyalıları kimi Şəbüstəri də ensiklopedik savada malik idi. Əsərlərinin təhlili göstərir ki, o, ilahiyyat, fəlsəfə, astronomiya, tibb, filologiya və başqa elm sahələrinə dərindən bələd olmuşdur.

     O dövrlərdə təhsilini davam etdirmək istəyənlər elm və ilahiyyat mərkəzlərinə (bu mərkəzlər əsasən, müqəddəs şəxsiyyətlərin məzarları yanında salınırdı) səyahətə çıxardılar. Şəbüstəri öz qısa həyatı ərzində Misirdə, Hicazda, Suriyada, İraqda və başqa ölkələrdə olub, alimlərlə görüşür və sonralar da onlarla məktublaşırdı.

     Məhəmmədəli Tərbiyətin yazdığına görə, şirvanlı səyyahlardan biri Şəbüstərinin Kirmanda da olduğunu iddia edir. O, Kirmanda evlənmiş və orada uşaq və nəvələri də qalmışdır. Şəbüstərinin nəslindən çıxanlar arasında tanınmış elm və ədəbiyyat xadimləri də vardı. Onun oğlu şair olmuş və atasının məşhur "Gülşəni-raz" əsərinə şərh yazmışdır.

     Özünün "Səadətnamə" əsərində Şəbüstəri səyahətləri barədə yazır:
     Öz ömrümün böyük bir qismini
     Elmlərin və ilahiyyatın. öyrənilməsinə həsr etdim.
     Misirə, Suriyaya, Hicaza səyahətlərim oldu,
     Gecə-gündüz at çapdım, piyada gəzdim
     İl və ay kimi yer kürəsinin başına dolandım
     Kənddən kəndə, şəhərdən şəhərə adladım.
     Gah qəndil işığında oturdum,
     Gah qəndillirin hisini uddum.
     Hər ölkədə çoxlu alimlə,
     İlahiyyatçı ilə görüşdüm.
     Çoxlu maraqlı sözlər topladım,
     Maraqlı əsərlər tərtib etdim.

     Şəbüstəri qədim yunan fəlsəfəsi, zərdüştilik, bütpərəstlik, xristianlıq, təbii ki, islam dini və onun müxtəlif mistik-fəlsəfi cərəyanları haqda da dərin bilik sahibi idi. 0, 1320-ci ildə rəhmətə qovuşmuş və öz vətənində, Şəbüstərdəki Gülşən qəbristanlığında müəllimi Bəha əd-Din Yaqub Təbrizinin yanında dəfn olunmuşdur. İndi də onun məzarı ziyarətgahdır. Məqbərəsi təkcə XIX əsrdə üç dəfə bərpa edilib. İlk restavrasiya 1850-1851-ci illərdə Hacı Mirzə Ağası tərəfindən aparılmışdır. Məzarın üzərinə mərmərdən xatirə lövhəsi vurulmuş və onun üzərində bu sözlər həkk edilmişdir: "Böyük şeyx hicri tarixi ilə 720-ci ildə (1320) 33 yaşında bu cismani dünyadan əbədi dünyaya köçdü". İkinci dəfə bərpa işlərini 1880-ci ildə Mirzə Hüseyn Xan, üçüncü dəfə isə nisbətən sonralar Həsən Müqəddəm aparmışdır. "Azərbaycan fəlsəfəsi tarixinə dair oçerklər"də göstərildiyi kimi, Şəbüstəri özündən sonra zəngin bir ədəbi irs qoyub getmişdir."Səadətnamə', "Kənzül-xəqaiq" ("Həqiqətlər xəzinəsi", "Həqqül-yəqin fi Mə'rifəti rəbbül aləmin" ("Alə-min yaradıcısını dərk etmək üçün şəksiz həqiqətlər"), "Mir"atül-Mühəkkikin" ("Həqiqət axtaranların aynası") və bir də dünya şöhrətli "Gülşəni-raz" ("Sirlər gülşəni") poeması kimi əsərlər onun qələminə məxsusdur. Bunlardan başqa M. Tərbiyətin yazdığına görə, Şəbüstəri indiyə qədər dünyanın kitab saxlanclarında təsadüf olunmamış "Şahidnamə" adlı başqa bir poemanın da müəllifidir. O, həmçinin ərəb dilindən fars dilinə tərcümə ilə məşğul olmuşdur. Məşhur filosof İmam Qəzalinin "Minhacül-abidin" ("Zəvvarların yolu") adlı əsərini farscaya məhz o çevirmişdir. Şəbüstərinin Xorasan mütəfəkkiri Hüseyni Səadətlə yazışmaları da bəllidir. Bütün bunlarla birlikdə Şəbüstəri yaradıcılığının araşdırıcıları, o cümlədən bu xəzinənin tanınmış bilicisi Şaiq İsmayılov "Kənzül-həqaiq" əsərinin ona məxsus olmadığını iddia edirlər.

     Şəbüstəri özünün ilk fəlsəfi əsərlərini nəsrlə yazmışdır. 0 yalnız ömrünün sonlarında şe'rə müraciət etmişdir. İlk mənzum əsəri (bundan sonra o, daha bir mənzum əsər yazıb) bütün dünyada şöhrət tapmış "Gülşəni-raz" poemasıdır. Poema 1317/18-ci ildəyazılıb. Əsərin yazılma tarixi poemanın "Kitabın yazılma tarixçəsi" adlı xüsusi bölmədə təsvir olunub. 1317-ci ilin dekabrında onun yanına o zamanın ən savadlı filosoflarından olan Xorasanlı Mir hüseyni Səadətin məktubunu gətirən bir adam gəlir. Məktubda xahiş olunurdu ki, dövrün mütəfəkkirlərini məşğul edən bir sıra fəlsəfi məsələlərə o da öz münasibətini bildirsin. Həmin tarixçə "Gülşəni-raz"ın başlanğıcında təsvir olunur:

     Hicri tarixin700-cü ilindən on yeddi (il) keçirdi.
     Şəvval ayında gözlənilmədən
     Bir qasid min bir hörmət-ehtiram ilə
     Xorasin camaatının yanından bizə gəldi.
     Orada bir məşhur və böyük (şəxs) var
     Mə?rifətlərinin çoxluğuna görə nur mənbəyinə bənzəyir
     Bütün Xorasan əhli kiçikdən böyüyə qədər
     Deyiblər ki, əsrin bütün (mütəfəkkirlərindən) yaxşı
     Mə'na haqqında o məktub yazıb
     Mə'nalardan baş çıxaran adama göndərə bilər.
     Orada mülahizələrdə bir çox ağırlıqlar var
     "İşarət" əhlinin çətinliklərindəndir. Şe'r yazaraq
     O mə'nalar aləminiç hər bir məsələsi haqda
     Qısaca suallar göndərib. Xahişlə cavab közləyir.
     Qasid bu məktubu oxuyan kimi
     Bu məsələ barədə söz-söhbət yayıldı.
     Hörmətli adamlardan çoxusu orada idi.
     Hamının nəzərləri dərvişə (yə'ni, Şəbüstəriyə) dikildi.
     Onlardan daha təcrübəli olan birisi
     Bu mə'nalar haqda bizdən yüz dəfə eşitmişdi.
     O mənə dedi: cavab ver ki
     Dünyamızın adamları feyziyab olsunlar.

     Şəbüstəri əvvəlcə həmin suallara özünün əvvəlki əsərlərində toxunduğunu bildirməklə cavab yazmaqdan imtina edir. Sonra isə Ş. İsmayılovun yazdığına görə, müəllimi Əmin əd-Din Təbrizinin məsləhətinə qulaq asaraq, Xorasan aliminin suallarına mənzum cavab yazmaq qərarına gəlir. Bir müddətdən sonra ona yenidən müraciət olunur. Yalnız bundan sonra Şəbüstəri şeyx Hüseyninin suallarına cavab verir. Bu cavablar bədahətən verildiyindən qısa və konkretdir:
     Mən ona dedim ki, buna ehtiyac yoxdur
     Çünki bu haqda (öz) əsərlərimdə dəfələrlə yazmışam.
     Söylədi ki, düzdür, ancaq edilən sorğularla bağlı
     Səndən arzu etdiyimiz poemanı gözləyirik.
     Bu israrlı xahişlərdən sonra mən
     Məktuba qısa cavablar yazmağa başladım.
     Bu sözlərimi nəcib insanların hüzürunda
     Düşünmədən və təkrarlamadan söylədim.
     Beləliklə, suallara cavabımı
     Bir-bir yazdım.
     Qasid məktuba cavablarımı alandan sonra
     Minnətdarlıq edə-edə gəldiyi yolla da geri qayıtdı.

     Hüseyni Səadətinin sualları 22 beytdən ibarət idi. Şəbüstəri bunlara 49 beytlə cavab yazır. Bunlardan 35 beyti bilavasitə cavablardan, qalanları isə məktubun girişi və nəticəsindən ibarət idi,

     Bir müddət sonra Şeyx Hüseyni yenidən bir sıra suallar göndərir. Həmin suallar Şəbüstərinin cavab məktubunu oxuyarkən yaranmışdı. Bu dəfə müdrik sənətkar hər iki məktubdakı sualları 15 mövzuya bölüb "Gülşəni-raz" adlı poemasını qələmə alır:
     Gələn dəfə əziz ustadım
     Mənə dedi: məktuba səylədiyin
     Başqa fikirləri də əlavə elə və izah ver,
     Elmin gücü ilz bunlara əyanilik bəxş elə.
     O vaxt mənim gecəm-gündüzüm yox idi ki,
     Bu işə həzz və həvəslə girişim
     Həmin vəziyyətimi sözlə ifadə eləmək mümkünsüzdür.
     Ancaq bilənlər bilir ki, bu nə vəziyyətdir.
     Ancaq mən xeyirxahımın sözlərinə əməl etdim
     Dinin xahişini rədd etmədim
     Ancaq sirlərin daha çox aydınlaşması üçün
     Mən öz bəlaqətimə güç verdim
     Bunların hamısını bir neçə saatda söylədim.
     Könlüm allahdan bu məktuba ad dilərkən
     Cavab gəldi ki, bu,-bizim gülşənimizdir.

     Bu, Şəbüstərinin ilk mənzum əsəri olduğundan o burada fəlsəfi fikirləri mənzum formada ifadə etməkdə çətinlik çəkdiyini də söyləyir. Bu proses onun fikrincə, dəryanı bir qaba yerləşdirmək kimi bir şeydir. 1426-cı ildə "Gülşəni-raz" Azərbaycan şairi Şirazi tərəfindən ana dilimizə çevrilir. 1944-cü ildə isə Əbdülbaqi Gölpinarlı əsəri türkcəyə tərcümə edir. XIX əsrdən başlayaraq, poema müxtəlif müəlliflər tərə-findən bir çox Avropa dillərinə çevrilir və dəfələrlə dərc olunur. Əsər yarandığı gündən bütün şərqin sufiləri arasında böyük rəqbətlə qarşı-lanır. Şəbüstərinin fəlsəfəsinə dair kitabında Şaiq İsmayılov XIV-XVIII əsrlər arasında həmin əsərə fars dilində şərh yazmış 18 müəllifin adını çəkir. həmin şərhlər arasında Azərbaycan filosofu Şəmsəddin Lahicinin 1472-ci ildə yazdığı "Məfatih-ül E"caz" ("Mö'cüzələrin açarı") əsəri bizim günlərə qədər öz populyarlıqını itirməmişdir. 1319/20-ci ildə Şəbüstəri özünün ikinci mənzum fəlsəfi əsəri olan "Səadətnamə"ni qələmə alır. Bu, həcmcə əvvəlki poemadan daha iri olub, üç min beytdən ibarət idi. Əsər hər biri fəsil və paraqraflardan ibarət səkkiz hissəyə bölünmüşdü. Şəbüstəri "Səadətnamə"də fəlsəfi düşüncələrindən başqa öz həyat və fəaliyyəti, səyahətləri haqda mə'lumatlar verir, öz müəllimləri və sevimli kitabları haqda söz açır.

     Şəbüstərinin yaradıcılığı Azərbaycanın orta əsrlər fəlsəfəsi tarixində mühüm yer tutur. Onun əsərləri Avropa və Asiyanın bir çox ölkələrində nəşr olunmuşdur. Sufi fəlsəfəsinin davamçıları onu bu sahədə böyük bir nüfuz sahibi bilir və öz mülahizələrində tez-tez Şəbüstəri irsinə istinad edirlər.

 

MAHMUD ŞİRVANİ

    Azərbaycan xalqının yetirdiyi ən nəhənk təbib-alimlərdən biri XIII əsrdə yaşamış Mahmud ibn İlyasdır. Onun həyat yolu haqqında mə'lumatlar İ. K. Əfəndiyev tərəfindən toplanmış və alimin əsərlərinin təhlili ilə birlikdə nəşr olunmuşdur.

     Mahmud ibn İlyasın "Elmi təbabət kitabı" zəmanəmizə qədər gəlib çatmış və XVIII əsrə qədər ondan geniş istifadə edilmişdir. Əsər 1260-cı ildə yazılıb. Əfəndiyevin yazdığına görə, bu, Mahmudun eyniadlı iri həcmli çoxcildlik əsərindən çıxarışdır.

     Kitab çoxəsrlik Şərq təbabəti təcrübəsinin təhlili və alimin şəxsi elmi və həkimlik praktikası əsasında qələmə alınıb. Əsərin yazılmasında onun müxtəlif ölkələrə çoxsaylı səfərləri zamanı bir çox alimlərlə keçirdiyi görüşlər mühüm rol oynayıb. Belə səfərlərindən birini təsvir edərkən o yazır ki, səyahəti zamanı çox şey "görüb-götürmüş" və vətənə qayıdarkən "doğma ellər haqqında söhbət etmək, Kafi-əd-Dinin vəsiyyətlərini xatırlamaq, bizə həmişə sevinc bəxş edən Şirvan haqda xatirələrə dalmaq" məqsədi ilə "yolüstü Bağdada dönüb," bir böyük həmyerlisi ilə görüşmüşdür. O yazır: "Nə qəribədir, mən ata yurdum Şirvanı bu qədər sevə-sevə Şirazda yaşayıram".

     Mahmud ibn İlyasın "Elmi təbabət kitabı" nəzəri və təcrübi təbabətə, sadə və mürəkkəb (tərkibi) dərmanlara həsr olunmuş dörd hissədən ibarətdir. Birinci hissə 17, ikinci isə 59 fəslə bölünmüşdür. Ümüncü hissədə dərmanların adları əlifba sırası ilə sadalanır. Mürəkkəb tərkibli dərmanlardan bəhs edən dördüncü hissə 22 fəslə ayrılıb.

     Əfəndiyevin də qeyd etdiyi kimi, bu kitabın bundan qabaq xalq təbabətinə və elmi təbabətə dair yazılmış bütün əsərlərdən ən fərqli cəhəti bundan ibarətdir ki, burada həm nəzəri, həm də təcrübi təbabətə dair mövcud olan görüşlərin sistemləşdirilməsinə cəhd olunur.

     "Elmi təbabət kitabı"nın müəllifi bu haqda belə yazır: "Təbabət elmi o elmə deyirlər ki, bunun vasitəsilə insan orqanizminin vəziyyətini öyrənirlər, əgər onun səhhəti pozulmuşsa, orqanizmin itirdiyi maddələri bərpa etməyə,onun sonrakı pisləşməsinə yol verməməyə çalışırlar... Təbabət elmi iki hissəyə bölünür: birincisi, nəzəri təbabətdir, ikincisi təcrübi təbabət." Həkim-alim belə hssab edirdi ki, "Elmi təbabət fəaliyyətdə olan başlanğıcların təbiiliyini və qeyri-təbiiliyini, onların səbəb və qanunlarını öyrənir. Təcrübi təbabət faydalı maddələr qəbulu və zərərli maddələrdən imtina etmək yolu ilə səhhəti qorumaq və müxtəlif xəstəlikləri aradan qaldırmaq məsələlərini öyrənir."

     Mahmud ibn İlyas belə hesab edir ki, soyuqdəymə, natəmizlik, zay məhsullarla, çirkli hava ilə, tüstü ilə, "dişləmə" yolu ilə zəhərlənmə, həddən artıq işləmək, yeməyin qədərini bilməmək, tənbəllik və bekarçılıq xəstəliklərin səbəbi ola bilir.

     Alimin təklif etdiyi müalicə və diaqnostika üsulları xarici müşahidədən, nəbzin tutulmasından, bədənin temperaturunun ölçülməsindən, göz almacıqlarının, dilin, bədənin qoxu və nəmişlik dərəcəsinin öyrənilməsindən, sidiyin, tərin, nəcis və qanın xüsusi müayinəsindən ibarətdir.

     Alim nəbz haqqında tə'limə xüsusi diqqət yetirir. O yazır ki, "nəbz ürəyin yığılma və açılması nəticəsində ürək damarlarının yaratdığı dalğavari hərəkətdən başqa bir şey deyildir. Nəbzin hər vuruşu iki hərəkət və iki pauzadan ibarətdir: açılma hərəkəti, pauza, yığılma hərəkəti, pauza". O nəbzin müxtəlif növlarini ayırır və onları sistemləşdirir. Bunlardan ürəyin tez-tez, orta səviyyəli və gec-gec döyüntüsünü, sistematik və qeyri-sistematik, düzgün və pozulmuş nəbzi təsvir edir.

     Mahmud ibn İlyasın təcrübi fəaliyyəti də Azərbaycan təbabəti tarixində elmi fəaliyyəti kimi iz qoyub. İlxani hökmdarı Qazan xanın vəziri, orta əsrlər Azərbaycanının görkəmli tarixçi və islahatçısı, həmçinin məşhur həkimi Rəşid əd-Dinin təşəbbüsü və Mahmudun yaxından iştirakı ilə çağdaş klinik mərkəzlər anlamına gələn "Sağlamlıq evləri" - "Dar-üş-şafa"lar yaradıldığı mə'lumdur.

     Təkcə Azərbaycanda 67 belə mərkəz vardı. Mərkəzi "Sağlamlıq evi" və onun nəzdində yaranmış tibb məktəbi Təbrizdə idi. Orada açılmış və bütün şərq alimlərini öz ətrafında toplamış böyük elmi mərkəzin nəzdində fəaliyyət göstərirdi. Bura onun yaradıcısının adı ilə "Rəb"-i Rəşidi", yaxud "Rəşidiyyə" adlanırdı. Rəşid-əd-Din öz "Tarix" əsərində göstərir ki, burada Hindistandan, Misirdən, Çindən, ərəb ölkələrindən və başqa yerlərdən gəlmiş bütün elm sahələrini əhatə eləyən 500 alim və pedoqoq çalışır və 6 min tələbə oxuyurdu. Tələbələrin təhsili, yeməyi, yatmağı, hətta geyimləri də pulsuz idi. Bütün xərclər Rəişd-əd Dinin gəlirlərindən ödənirdi."Rəşidiyyə"də həmçinin məscidlər, mədrəsələr, 60 min nüsxəyə çatan kitabxana, rəsədxana,xəstəxana, kağız istehsalı ilə məşğul olan e'malatxanalar və karvansaralar fəaliyyət göstərirdi.

     Burada səhiyyə sahəsinin təşkili, tibb elminin inkişafı və tibb kadrlarının hazırlanması məsələlərində həlledici rolu Mahmud ibn İlyasın böyük elmi və təşkilatçılıq bacarığı mühüm rol oynayırdı. Təsadüfi deyil ki, Rəşid-əd Din Mahmud ibn İlyası "öz dövrünün Əflatunu, öz əsrinin Ərəstunu" adlandırmışdı.

     Yaxın Şərqdə ilk "Sağlamlıq evlər"i İbn Sinanın təşəbbüsü ilə yaranıb. N. Əfəndiyevin göstərdiyinə görə, Mahmud ibn İlyasın tikdirdiyi klinikaların planları İbn Sinanınkından daha məqsədyönlü və zəngindir. Mahmud da indiki klinikalardakı dəhliz sistemini irəli sürürdü. Girişdə qəbul və prosedura otaqları, nəzərdə tutulur.palatalar dəhlizin hər iki tərəfində düzülürdü, ölüxana da klinikanın axırında yerləşdirilirdi. Əsas binalar təsərrüfat tikililəri ilə açıq eyvan vasitəsilə birləşdirilir, eyvanlar həm də ventilyasiyanı yax-şılaşdırırdı. Zərurət yarandıqda ondan palataların sayını artırmaqdan ötrü də istifadə olunurdu. Əsas binanın yaxınlığında kiçik bir aptek də tikilirdi.

     Mahmud ibn İlyasın fikrincə, klinikalar şəhər ətraflarında qurulmalı idi. Apteklər, həkim və əczaçıların yaşadığı binalar da yaxınlıqda olmalı idi. həkim və əczaçılar da elə burada yetişdirilməli idi. Bu məqsədlə Mahmud ibn İlyas Rəşid-əd-Dinin köməyi ilə xaricdən də'vət olunan hər yüksək dərəcəli həkimə bir təcrübəçi (o cümlədən ixtisasını artıran həkimlərin özləri də) təhkim edirdi. Burada cərrahlar, "kehali" adlanan göz həkimləri, "mücbiri" (yaxud "mücabiri") deyilən travmotoloqlar hazırlanırdı.

     Mahmud ibn İlyas "şəfa ev"ləri üzrə əsas məxaricləri belə sadalayır:. (İşçilərin) saxlanması xərcləri: ümumi həkimlərin, həmçinin göz həkimlərinin, əczaçıların, sınıqçıların, təsərrüfatçıların, anbarçıların, xidmətçilərin (görünür, sanitarların) və digər işçilərin xərcləri. Avadanlıq üzrə xərclər: yataq əşyalarına, xəstə geyimlərinə, qablara, alətlərə çəkilən xərclər. . Vəsaitlər üzrə (müalicə vəsaitləri-"mazurat") xərclər: müalicə-dərman içkiləri, məlhəmlər, yapışqanlar, göz məlhəmləri, düyü sıyığı və ciyər.

     4. Əlavə xərclər: xalçalara, parçalara, yağlara, məlhəmlərə, milçək qovanlara və s. çəkilən xərclər.

     5. Mərasim xərcləri: klinikada ölmüş mərhumların dəfni ilə bağlı xərclər.

     Təbrizdəki "Rəşidiyyə" şəhərciyində yerləşən mərkəzi "Dar-üş-şəfa" şəxsən Rəşid-əd Dinə məxsus idi və ölkənin vilayətlərində yerləşən digər 67 klinikanın baş idarəsi sayılırdı. O, "Kuçeyi-müalicun" (tibb işçiləri küçəsi) adlanan küçədə yerləşən Rəşid bağında (Baği-Rəşidabad) tikilmişdi. həkimlərin, xidmətçi və qulluqçuların yaşadıqları evlər və aptek də burada yerləşirdi. Əczaxana arxa tərəfdən "Fəthabad" bağına çıxırdı və burada dərman düzəldilməsi üçün bitkilər əkilirdi. Mahmud ibn İlyas saray həkimi kimi bütün Dövlətin səhiyyə xidmətinə rəhbərliyi də həyata keçirirdi.

     Mahmud ibn İlyasın tibb elmində (təbabətdə) çox böyük xidmətləri var. Onun da adı Rəşid-əd-Din və Kafi-əd-Dinlə birligdə Azərbaycanın elm və mədəniyyət tarixinə qızıl hərflərlə yazılmalıdır.

 

MƏHƏMMƏD İBN HİNDUŞAH NAXÇIVANİ

     Məşhur ictimai-siyasi xadim və dilçi-alim Hinduşah Naxçivaninin oğlu görkəmli alim və siyasi xadim Məhəmməd ibn Hinduşah Naxçivani XIII əsrin sonu XIV əsrin əvvəllərində yaşamışdır. Atası kimi o da yaxşı təhsil almışdı, Azərbaycan, fars və ərəb dillərini kamil bilirdi. Qələmindən bir neçə dəyərli əsər çıxdıqdan sonra onu Təbrizə, İlxanilərin sarayına də?vət edirlər və o, burada münşi ( katib) vəzifəsində uzun müddət əsasən maliyyə məsələlərin üzrə çalışır. Onun alim kimi nüfuzunu və öz sahəsindəki böyük xidmətlərini nəzərə alaraq ona ?Şəms-i Münşi ən-Naxçıvani? (Naxçıvandan olan münşilərin günəşi ) ləğəbi verilmişdir.

     Sarayda o İlxan Əbu Səidin ( 1316- 1335 ), daha sonra isə Arpa xanın ( 1335-1336 ) vəziri, görkəmli islahatçı, siyasi xadim və tarixçi alim Fəzlullah Rəşid əd-Dinin oğlu Qiyas əd-Din Rəşidi ilə dostluq edir. 1327/8-ci ildə yazdığı ? Sihahü-l fürs ?lüğətini də məhz ona itihaf edir.

     Fars dilinin bu izahlı lüğətini tərtib etdikdən sonra Qiyas əd-Dinin tövsiyəsi ilə Əbu Səid xüsusi fərmanla Məhəmməd Naxçıvaniyə İlxanilər dövlətinin quruluşunu və idarəçilik sistemini təsvir edən əsər yazmasını tapşırır. Sifariş çox ciddi olduğundan iş ləngiyir. Nə Əbu Səid, nə də Qiyas əd-Din Rəşidi bu əsərin bitməsini görə bilmirlər. Məhəmməd bu əsəri 1360-cı ildə bitirir, lakin alınan nəticələr onu qane etmədiyindən və müəyyən qədər də ölkədəki siyasi vəziyyət dəyişdiyi üçün daha 6 il əsəri redaktə edir və onun üzərində işləyir.

     Nəhayət, 1366-cı ildə aprelin 6-da həmin iri həcmli əsərini tamamlayaraq, onu ? Dəstur əl-katib fi tə?yin əl məratib ? ( ? Dərəcələrin müəyyənləşdirilməsində katiblər üçün vəsait ? ) adlandırır. Əsəri İlxinlərin yinə Azərbaycanda hakimiyyətə gəlmiş və Təbrizi bu yeni dövlətin paytaxtı kimi saxlamış Cəlairilər sülaləsindən olan şeyx Üseysə həsr edir.

     Orta əsrlərin elm və dövlət xadimləri həmin əsəri yüksək qiymətləndirmişlər və bu da Məhəmməd Naxçıvaniyə böyük şöhrət gətirmişdir.Vaxt keçdikcə bu cür əsərlər yaranmamış, həmçinin müharibələr zamanı bir çox dövlət arxivləri məhv olunmuşdur. Məhz bu səbəbdən əsərin dəyəri da artmış və bütün dünyada məşhur olan siyasətçi və islahatçı alimlər Nizam əl-Mülkün ?Siyasətnamə?sini və Rəşid əd-Dinin ?Came ət-Təvarix?i ilə bərabər tuturlar.

     Məhəmməd Naxçıvaninin həmin vəsaiti İlxanilər dövründə Azərbaycan dövlət quruluşu və ictimai-siyasi həyatının müxtəlif sahələrini əks etdirən nadir ensiklopedik əsərdir. Burada vergi qoyulmasının iqtisadi-hüquqi normaları, torpaq üzərində və digər mülkiyyət məsələləri, məhkəmə və pul dövriyyəsinin müxtəlif problemləri öz əksini tapıb. Bundan başqa əsərdə din, dinlə dövlətin qarşılıqlı münasibətləri, fəlsəfə və cərayanlar, mədəniyyət, ticarət, sənətkarlıq və incəsənət, hətta xəttatlıq alətlərindən istifadə məsələlərinə dair suallara da cavab tapmaq mümkündür.

     Kitab bir çox dillərə tərcümə edilmiş və nəşr olunmuşdur. Əsərin Bakı nəşri Məhəmməd Naxçıvaninin tədqiq və təbliği üçün böyük əmək sərf etmiş akademik Ə.Əlizadə tərəfindən hazırlanmışdır. Əlizadə ona geniş şərh də vermişdir.

     Məhəmməd Naxçıvani qələmindən çıxan başqa bir əsər-fars dilinin izahlı lüğəti olan ? Sihahül-fürs ? az əhəmiyyət kəsb etmir, baxmayaraq ki, həmin lüğət son vaxtlara qədər tədqiqatçıların diqqətindən kənarda qalmışdır. İndi artıq lüğətin müəllifliyi ilə əlaqədar mübahisələr həll olunmuş və onun fars leksikoqrafiyası tarixindəki əhəmiyyət yüksək qiymətləndirilər. Bir çox araşdırıcılar bu nəticəyə gəlmişlər ki, XI-XIII əsrlər ərzində fars dilçiliyi sahəsində aparıcı rol azərbaycanlılara məxsus olmuşdur.

     Müasir tədqiqatçılar həm orijinallığına, həm həcminə, həm də materialın əhatə dairəsinə görə Naxçıvaninin bu əsərini Qətran Təbrizinin izahlı lüğəti ilə tən tuturlar.

     Burada oxucu fars dilinin fonetika, qrammatika və toponimikasına dair geniş mə?lumat tapa bilər, həmçinin elə şairlərdən nümunələr gətirilir ki, onların adları orta əsrlərin salnamə və müntaxabatlarında çətin rast gələ bilər.

     Məhəmməd Naxçıvaninin əlyazmaları dünyanın bir çox kitabxanalarında saxlanılır və bunların tədqiqinə Avropa və Şərq alimləri çoxlu əsərlər həsr etmişlər.

 

NƏCMƏDDİN NAXÇIVANİ

    XIII əsrdə Azərbaycanda yaşamış görkəmli mütəfəkkirlərdən biri də Nəcməddin Naxçıvanidir (1253-cü ildə vəfat etmişdir). O, özünün fəlsəfə, tibb, məntiq və təbiət elmləri üzrə çoxsaylı əsərləri ilə bütün Yaxın Şərqdə şöhrət tapmışdır.

     Nəcməddin Naxçıvani haqqında tərcümeyi-hal səciyyəli mə'lumatlar demək olar ki, yoxdur. Yalnız alimin əsərlərinə şərh vermiş bir neçə orta əsrlər müəllifinin qeydlərində belə mə'lumatlara rast gəlmək mümkündür. Mütəfəkkirin Azərbaycanın ən qədim mədəniyyət mərkəzlərindən sayılan Naxçıvanda doğulduğu da həmin mənbələrdə öz əksini tapıb.

     Nəsirəddin Tusinin şagirdlərindən olmuş Qriqori Əbül-Fərəc əl-İbri özünün "Müxtəsər tarix əd-düvəl" ("Dövlətlərin qısa tarixi", XIII əsr) əsərin-də yazır ki, Naxçıvani dəqiq elmlər sahəsində dərin bilik sahibi idi. Fəlsəfə ilə öz vətənində tanış olmuşdu. Sonralar müxtəlif ölkələrə səyahətlər etmiş və nəhayət, Kiçik Asiyaya gələrək, burada yüksək adlara layiq görülmüşdür. Müəyyən səbəblər üzündən o, buradan Suriyaya getməli olmuşdur.

     Nəcməddin Naxçıvani ömrünü zahidliklə keçirir, evdən heç yerə çıxmır, dostlarını və şagirdlərini də evində qəbul edirdi.

     Naxçıvani İbn Sinanın çoxcildlik "Kanon" və "Göstərişlər və tə'limatlar" əsərlərinə yazdığı şərhlərlə məşhurlaşmışdır. Həmin şərhlərdə o, hətta böyük alimi bir çox məsələlərdə tənqid də etmişdir. "Nəqd qəvaid-ül-işarat və kəşf təmvih əş-Şifa və ən - Nicat" (""Göstərişlər"dəki qaydaların pozulması və "Şifa" və "Nicat" üzərindən pərdələrin götürülməsi") adı altında toplanmış bu şərhlər orta əsrlərdə filosof və alimlər arasında şöhrət tapmışdı. 1282-ci ildə bu əsər yəhudi filosofu İbn Kamun İsraili tərəfindən elmi şəkildə təhlil olunmuşdur. Nəcməddin Naxçıvaninin digər bir əsəri də "Lübab-əl məntiq və xülasət əl - hikmə'dir ("Məntiqin mahiyyəti və fəlsəfənin xülasəsi") və bu əsərin İbn Kamun İsraili tərəfindən köçürülmüş əlyazma nüsxəsi Nəcəfdə saxlanılır.

     Alimin əsərlərinə həmçinin Parisdə və İstambulda da rast gəlmək olar.

     Tədqiqatçıların bə'ziləri belə hesab edirlər ki, Naxçıvani qədim yunan filosof və məntiqşünaslarının əsərlərinə də bir neçə şərh tərtib etmişdir.

     Nəcməddin Naxçıvaninin əsərləri uzun müddət Şərq universitetlərində dərslik kimi istifadə olunmuşdur.

 

ÖMƏR İBN-OSMAN KAFİƏDDİN

Sənin adım əql tacında əbədi parlayacaqdır.

Sənin adın şah üzüyündə möhür kimi əbədi yaşayacaqdır.

Xaqani

     Qazan xanın vəziri, orta əsrlər Azərbaycanının görkəmli tarixçisi, islahatçı və dövlət xadimi Rəşidəddinin təşəbbüsü və tanınmış Azərbaycan təbibi Mahmud ibn İlyasın iştirakı ilə "Sağlamlıq evləri" ("Dar-üş-şəfa")- çaqdaş anlamda özünəməxsus klinik mərkəzlər şəbəkəsi yaradılır.

     Mərkəzi "Sağlamlıq evi" Təbrizdə yaradılmış və öz ətrafında bütün şərqdən alimlər cəmləşdirmiş, belə demək mümkünsə, "Elmlər Akademiyası"nın nəzdində yerləşirdi. Baş tibb məktəbi də burada idi. Rəşidəddin özünün məşhur "Tarix" əsərində göstərirdi ki, Təbrizdə elmin demək olar ki, bütün sahələrinin 500-dən artıq nümayəndəsi çalışırdı. Onlar buraya hindistandan, Misirdən, Çindən, ərəb ölkələrindən və dikər dövlətlərdən kəlmişdilər. Burada həmçinin 6000-ə qədər tələbə də təhsil alırdı. Elə oradaca göstərilir ki, Təbrizdə kitabxanalar və müxtəlif elmi idarələr təşkil olunmuşdu.

     Burada səhiyyənin təşkilində həlledici rolu həkim-alim Mahmud ibn-İlyasın elmi iste'dadı və təşkilatçılıq bacarığı oynamışdı. Təsadüfi deyil ki, Rəşidəddin Mahmud ibn İlyası "öz dövrünün Əflatunu, öz əsrinin Ərəstunu" adlandırmışdı. Yaxın Şərqdə ilk "Sağlamlıq evi" hələ çox-çox qabaq İbn Sinanın təşəbbüsü ilə yaradılmışdı. Şirvanda belə bir müalicə mərkəzinin -Məlhəm Tibb Akademiyasının - yaradıcısı isə görkəmli həkim-alim Ömər ibn-Osman Kafiəddin idi. O, məşhur şair Xaqani Şirvaninin əmisi idi. Görünür, onun təcrübəsi Mahmud ibn İlyas və onun əməkdaşları tərəfindən Azərbaycanda "Sağlamlıq evləri" yaradılarkən geniş istifadə olunmuşdur. Belə ki, öz səyahətlərindən birini təsvir edərkən Mahmud ibn İlyas yazır ki, vətənə dönəndə "Şirvan haqqında danışmaq, Kafiəddindən aldığı nəsihətləri yada salmaq məqsədi ilə yolüstü Bağdadda böyük həmyerlimə baş çəkdim, Şirvan haqqında xatirələr həmişə bizim üçün xoşdur."

     Ömər Kafiəddinin təqribən 1080-çi ildə Şirvanın paytaxtı Şamaxı şəhərində anadan olduğu ehtimal edilir. 0 öz dövrünün ən görkəmli şəxsiyyətlərindən idi və onun bir alim kimi şöhrəti Azərbaycanın hüdudlarından çox-çox uzaqlara yayılmışdı. Kafiəddin yüksək savad sahibi olan bir adam idi, bir neçə dil bilir, fəlsəfə, ilahiyyat, astronomiya, riyaziyyat, təbabət, kimya və farmokologiya elmlərinə vaqif olmuşdu, mədrəsədə dərs deyirdi. Xaqani onun haqqında yazırdı: "Əgər əmim qoymasa, məni heç şeytan da yolumdan azdıra bilməz. O, mədəniyyət və elm adamıdır. Su günəşin tə'siri altında yüksəkliyə qalxan kimi mən də onun sayəsində ucalmışam. O, riyaziyyatın, fəlsəfənin dərin bilicisidir, demək olar ki, o, öz dövrünün Ərəstunudur." Belə bir rəvayət danışırlar: Ömər Kafiəddin öz müalicə mərkəzinin yaratmazdan qabaq şagirdlərinə tapşırır ki, bir neçə qoyun kəsib, Şamaxı ətrafında heyvan ağzı çatmayan yerlərdən assınlar. Bir həftədən sonra Kafiəddin atla bu yerləri bir-bir gəzir və görür ki, hər yerdə cəmdəklər korlanıb. Bircə Məlhəm adlanan yerdə asılan ət elə qalıb ki, sanki indicə kəsilib. Buradan Kafiəddin belə qərara gəlir ki, Məlhəmdə hava nəinki çox təmizdir, həm də müalicəvi əhəmiyyət daşıyır. Buna görə də o, özünün tibb akademiyasını məhz bu yerdə qurmaq qərarına gəlir.

     İndi bu yeri Məlhəm düzü adlandırırlar. Azərbaycan alimi N. K. Kərəmov belə hesab edir ki, bu yerin adı dilimizdəki "məlhəm"-qiymətli dərman sözündəndir. Bu yerin adının mənşəyi barədə başqa bir ehtimal da var. Bu haqda belə bir rəvayət gəzir ki, guya Şamaxı ətrafında nə vaxtsa dəri xəstəliklərini mö'cüzəvi məlhəmlə sağaldan bir həkim yaşayırmış və "Məlhəm" adı da sonradan həmin yerə bu münasibətlə verilib. Kafiəddin müalicə, dərman istehsalı və həkim hazırlığı ilə məşqul olan təbib alimləri buraya öz yanında işləməyə də'vət edir. O, özü gözəl həkim, cərrah və əczaçı idi. Yaxın Şərqdəki dəgər oxşar müəssisələrdəki kimi, onun müalicəxanasında da əczaxana vardı. həkimlər, farmokoloqlar, müxtəlif ixtisaslı əczaçılar da burada yaşayırdılar. Eyni zamanda işə təzə götürülənlər, ixtisasını artıran həkim və əczaçılar, o cümlədən "cərrahi" adlanan cərrahlar, "kehali" adlanan okulistlər, "mücbiri", yaxud "müçabiri" adlanan travmatoloqlar və başqaları burada dərs keçirdilər.

     0 dövrün müalicə mərkəzlərində adətən, binaların koridor sistemi tətbiq olunurdu. Girişdə qəbul və prosedura otaqları, koridorun hər iki tərəfində palata-lar və nəhayət, klinikanın axırında ölüxana yerləşirdi. Əsas bina təsərrüfat korpusu ilə açıq eyvan vasitəsi ilə birləşirdi. həmin eyvan binada havanın tən-zimlənməsini yaxşılaşdırır, lazım olduqda isə palata kimi istifadə olunurdu. Əsas binadan bir qədər qıraqda kiçik aptek yerləşirdi. Yaxınlıqda həkimlər və xidmətçilər üçün yaşayış evləri, həmçinin böyük aptek tikilirdi. Aptek, dərman hazırlanması üçün müxtəlif bitkilər əkilmiş bağçaya çıxırdı. M. A. Axundovun yazdığı kimi, "Akademiyada müxtəlif daxili və xarici xəstəliklərin müalicəsi üçün kif köbələklərindən istifadə olunurdu. Bu köbələklərin 17-yə qədər növü fərqləndirilirdi: çörək kifi, süd kifi, şirniyyat kifi, bal kifi və s."

     Xaqani bir şe'rində əmisi haqqında danışarkən yazır: "O, mənə çox asan bir yolla başa saldı ki, "bir", "iki","üç","dörd","beş" nə deməkdir."Beş"-hissiyyat üzvləridir, "dörd"-dünyadakı başlanqıclar-su, hava, od və torpaqdır, "üç"-qeyri-üzvi təbiətdir, "iki"-cism və ruhdur, "bir"-allahdır." Görünür, bu cür şəfa ocaqları Azərbaycanda çox populyar olub. Belə ki, "Məhsəti və Əmir Əhməd" dastanında Gəncədəki "bimaranə" adlanan xəstəxana təsvir olunur. Orada xəstələr həkimin qəbuluna düşmək üçün növbəyə dururlar.

     Öz fəaliyyətində Kafiəddinə oğlu Vəhidəddin Osman da böyük kömək göstərir. Osman ensiklopedik biliyə malik yaxşı həkim, cərrah və əczaçı idi. 0 həmçinin kamil filosof, ilahiyyatçı və şair kimi də tanınmışdı. Bundan başqa o, həm də iste'dadlı musiqiçi və musiqişünas idi. O, musiqi nəzəriyyəsini yaxşı bilir və müasir orqanın atası sayılan ərkənun alətində ustalıqla çalırdı. Osman Xaqaninin tərbiyəsində də fəal iştirak edirdi. İstisna edilmir ki, şair musiqi təhsilini Osmandan almışdır.

     Ömər ibn Osman Kafiəddin 1150-ci ildə dünyasını dəyişmiş və Şamaxının yaxınlığında böyük hörmət-izzətlə dəfn olunmuşdur. Burada daim günəş şüaları altında qızınan daqda, yüksək ağaclar şirəli otlar və bol sulu bulaqlar arasında xəstələr həkimsiz də şəfa tapardılar. Sonralar bu yer pirə çevrilir. Bu yerlərin və burada dəfn olunan alimin müqəddəsliyinə sidq ürəkdən inanan əhali buraya sitayişə gəlir, qurbanlar gətirirdilər. Xalq arasında Kafiəddinə verilmiş "dədə" adından bu yerlərin künümüzə qədər gəlib çıxmış "Dədə Günəş" adı əmələ gəlir. Eyni zamanda xalq arasında adamları bat-bat otundan çəkindirmək üçün işlədilən bir deyim də yaşayır ki, burada da Kafiəddin Dədə yada salınır: "Sən də Dədə kimi bu otla oynama. Zəhərlidir, at getsin." Xaqani Kafiəddinin ölümünə mərsiyə yazmışdır:
     Aman! Getdi filosofu yer üzünün bu dünyadan,
     Açan mə'na göylərnnin qapısını getdi, aman!
     Onun ruhu yüksələrək qayıtdı öz məkanına
     "Dön geriyə!"-söyləmişdi, yəqin, fələk ona bu an.
     Kamal əli torpaqlara düşən gözəl bu incini
     Qaldıraraq fələklərin kəmərinə taxdı nişan.
     Fələk özü üçün onu təbibliyə aparmışdır
     Sınamışdır tə'sirini dərmanının zaman-zaman.
     Çitan kimi köy uzunə, həmin saat ulduzların
     Titrəməsi kəsilmişdir, əlac etmiş ona böyuk loğman.
     Göyün yeddi bəzək ilə paltar geyən hurisi də
     Ayağına sürtmüş oldu yanaqını çox mehriban.
     Onsuz bütün əqrəbası ölmüş kimi qaldı, eyvah!
     Qəbilənin Adəmiydi, İsa kimi verərdi can.
     Cümə günü əcəl gəlib apardı o filosofu
     Bax, Nuhun da gəmisini cümə günü tutub tufan.
     Ey Xaqani, əmin uçun matəm saxla, göz yaşı tök,
     Çunkç əmin yetişdirib etdi səni qabil insan.

 

RAMAZAN İBN ŞEYX ƏLİ LƏNKƏRANİ

    Məşhur alim - həkim Ramazan ibn Şeyx Əli Lənkərani öz dövrünə görə orijinal tibbi görüşləri əks etdirən "Fərruxnamə Camali" adlı risalənin müəllifidir.

     Lənkarani haqqında bioqrafik mə'lumatlar saxlanmamışdır. Bircə o mə'lumdur ki, Ramazan Lənkərani Lənkəranda tanınmış ilahiyyatçı ailəsində doğulub. Onun "Fərruxnamə Camali" adlı tibb risaləsi İ. K. Əfəndiyev tərəfindən təhlil edilmişdir. Bu əsər 1409-cu ildə ərəb dilində yazılıb. 1594-cü ildə tanınmış lənkəranlı həkim Məhub Əli ibn Əhmədi Lənkərkərani həmyerlisinin həmin əsərini fars dilinə tərcümə etmişdir. Tərcüməçilik fəaliyyəti ilə məşhur olan Əli Nəqi adlı bir şəxs əsərin əlyazmasını saxlamışdır. "Fərruxnamə Camali" əsərində başlıca olaraq, təbabət təcrübəsində istifadə olunan üsullar, üzvi və qeyri-üzvi maddələrin orqanizmə tə'siri haqda danışılır, diaqnostika üzrə qısa məsləhətlər verilir. Əfəndiyevin qeyd etdiyi kimi, birinci fəsildə Ramazan Şeyx Əli Lənkərani süd, ilik, mə'də, qara ciyər və böyrəyin mualicəvi tə'sirindən danışır, bədən üzvlərinin terapiyasından bəhs edir. Özü də bu zaman o, müxtəlif heyvan və quşların ayrı-ayrı orqanlarının müalicəvi tə'sirini fərqləndirir. İkinci fəsildə bitkilərdən düzəldilən dərmanlar sadalanır. Burada müəllifin yeniliyi yabanı bitkilərin özlərindən daha artıq onların köklərindən dəmlənmiş mayelərə üstünlük verməsidir. Üçüncü fəsildə xalq təbabətində mühüm yer tutan mineral müalicə vasitələrinin icmalı verilir.Tərcüməçi və şərh ustası kimi bu əsərdən nəticə çıxaran Məhub Əli ibn Əhməd Lənkərkarani sonradan təbabətə dair ədəbiyyatda "Azərbaycan palçığı" adlandırılan auripiqmentdən ilk dəfə bədəndəki tükləri çıxarmaqdan ötrü istifadə edir. O, həmçinin çoxdan yaddan çıxmış Azərbaycan sabununu?gilabini də yenidən məişətə qaytarır. Bunlar uzun zaman xaricə ixrac olunmuş və ticarətdə böyük səmərə vermişdir. Qeyd etmək lazımdır ki, auripiqment hələ Atropatena dövründən mə'lum olsa da müstəsna olaraq, dəri-zöhrəvi xəstəliklər sahəsində istifadə olunurdu, gilabi isə təbii sabun sayılaraq, gigiyenik əhəmiyyət daşıyırdı."

 

SƏ'DALLAH ƏL-BƏRDƏİ

    Orta əsrlər Şərqinin tanınmış dilçi və şairi Sə'dəddin Sə'dallah əl-Bərdəi müasir Qarabağ ərazisində yerləşən Bərdə şəhərində anadan olub. V əsrdən e'tibarən Qafqaz Albaniyasının paytaxtı olmuş və sonralar da Azərbaycanın mədəni və ticarət mərkəzi kimi öz əhəmiyyətini itirməmiş bu məşhur şəhərdən bütün Yaxın Şərqdə məşhur olmuş bir çox tanınmış alimlər çıxmışdır.

     Bərdəinin həyat tarixçəsi barədə mə'lumat o qədər kasaddır ki, hətta onun hansı illərdə yaşadığı da indiyəcən müəyyənləşdirilməyib. Dövrümüzə qədər gəlib çatmış nisbətən daha qədim əlyazmalarına əsaslanan alimlər təqribi şəkildə əl-Bərdəinin XIV əsrin sonu - XV əsrin əvvəllərində yaşadığını göstərirlər.

     Əl-Bərdəinin iki əsəri mə'lumdur. Bunlardan biri görkəmli dilçi İzzəddin əz-Zəncaninin "Ət-Təsrif" əsərinə, o birisi isə bütün dövrlərin ölməz dilçisi əz-Zəməxşərinin "Əl-Ənmüzəc fi-nnəhv" ("Nümunəvi qrammatika") əsərinə yazılmış şərhdir. Sə'dallah əl-Bərdəinin əz-Zəməxşərinin adı çəkilən əsərinə verdiyi "hədaiq əddanain fi şərhi risalət əl-lamatəl-hənaiq" adlı şərhi ona şöhrət gətirmişdir. Bərdəi öz şərhinin əvvəlində yazırdı: " Dünyanın heç bir yerində tayı-bərabərincə əsər yazılmamış və tə'rifinə dillərin aciz qaldığı "Əl-Ənmüzəc" adlı məşhur risaləni gördükdən sonra mən onun üzündən niqabı qaldırmaq, onun ruhunu və gizli sirlərini açmaq, onun xəzinəsində gizlədilmiş lə'l-cəvahiratı nümayiş etdirmək, buradakı incə eyhamlara izah vermək, onun özünə bərabər bir hünər göstərmək fikrinə düşdüm."

     Əl-Bərdəinin yaradıcılıqından bəhs edən əsərində dilçi alimlərdən N. Ağayeva yazır: "Onun şərhləri nəzəri səciyyəsinə, prinsipinə və tə'yinatına görə buna bənzər əsərlər arasında müstəsna əhəmiyyət daşıyır. Belə ki, o, şərh əsnasında məntiq, ədəbiyyatşünaslıq, semantika və leksika kimi elm sahələrinin başlıca ehkamlarına əsaslanmışdır." Görünür, əl-Bərdəinin şərhlərinin uzun əsrlər boyunca bütün Qafqazda qeyri-adi kütləvilik qazanması da elə bununla bağlıdır.

 

ŞİHABƏDDİN ƏBÜLFÜTUH YƏHYA İBN-HƏBƏŞ SÜHRƏVƏRDİ "ƏL-MƏQTUL" ("ÖLDÜRÜLMÜŞ")

    Şərqin ən böyük filosoflarından biri, işraqilik (əl-işraq-nurlandırma) fəlsəfəsinin banisi Şihabəddin Əbülfütuh Yəhya ibn Həbəş Sührəvərdi 1154-cü ildə Zəncan yaxınlığındakı Sührəvərd şəhərində anadan olub. V. Qordlevskinin yazdığına görə, o, mənşəcə Azərbaycan türküdür və səlcuq sultanı Qılıc-Arslanın və onun oğlanları Nəsir-əd-Din və Qiyas-əd-Di-nin sevimlisi olmuşdur. Tədqiqatçının fikrincə, Şihabəddin öz əsərini Qılıc -Arslana ithaf etmişdir, o, həm də ritual sufi rəqslərinin həvəskarı olmuşdur.

     İbtidai təhsilini Marağada o dövrün tanınmış filosofu və müsəlman hüququnun bilicisi Cim Məcdəddindən alan Şihabəddin sonradan elmini İsfahanda Zahir Farisinin yanında artırmışdır. Şihabəddin Azərbaycanı, Yaxın və Orta Şərqi qarış-qarış gəzərək, görkəmli alimlər və siyasi xadimlərlə görüşür. Müzakirə və mübahisələr əsnasında irəli sürdüyü yeni ideyaların tə'sir gücünü yoxlayır və həmişə uğurla olmasa da, özünə həmfikirlər axtarır. O, öz tə'limini Anadoluda səlcuq hakimi II Qılıc Arslanın və onun oğlunun sarayında da təbliğ edirdi. 1183-cü ildə Şihabəddin Sührəvərdi Suriyaya gedir və Hələb şəhərindəki məşhur Hələbiyyə mədrəsəsində təşkil olunan mübahisəlarda iştirak edir. Onun sufi ruhu ilə yoğrulmuş ictimai-siyasi və ruhani görüşləri heç də həmişə ümumun qəbul etdiyi baxışlarla uyuşmurdu və məhz, buna görə Şihabəddini həbs edib, Hələb zindanına salırlar. Müasirlərinin yazdığına görə, 1191-ci ildə "dinə dönük çıxdığına" və "allahsızlığına" görə o, Sultan Səlahəddinin əmri ilə Hələb hakimi əl-Məlik əz-Zahir tərəfindən 38 yaşında qətlə yetirilir.

     Şərq fəlsəfəsi tarixinə o, "pərişan filosof" (əl-feyləsuf əl -məqtul), yaxud da çox zaman deyildiyi kimi, "öldürülmüş" (əl-məktul) adı ilə daxil olmuşdur. Onun yaradıcılığından danışarkən ilk növbədə işraqilik fəlsəfəsinə həsr olunmuş "həyakil ən-nur" ("Hyp heykəlləri"), "hikmət əl-işraq" ("Nurlandırma fəlsəfəsi") kimi əsərlərini yada salırlar. Bunlardan başqa sufizmə, məntiqə, metafizikaya dair "Ət-Təlvihat" ("Qeydlər"), "Ruzi ba cəmaəte sufiyan" ("Bir gün sufilərlə"), "Lüğəte muran" ("Qarışqaların dili") və başqa əsərlərinin adını çəkmək mümkündür.

     Binası Sührəvərdi tərəfindən qoyulmuş işraqilik fəlsəfəsi bir neçə yüzillər boyunca Şərqdə fəlsəfənin inkişafına ciddi tə'sir göstərmişdir. O dövrdə siyasi-hüquqi tə'limlərin inkişafı da onun tə'siri altında getmişdir. Alimin siyasi və hüquqi görüşlərini tədqiq etmiş A. Rzayev yazır ki, "Şihabəddin Sührəvərdi dövrünün digər hüquqşünas alimlərindən, müsəlman qanunları şərhçilərindən fərqli olaraq, hüquq məsələlərinə yaradıcı münasibət bəsləyir və bu məsələləri yaradıcı şəkildə tədqiq edirdi. Şihabəddin elmləri nəzəri və təcrübi olaraq iki qismə ayırır və etika, siyasət və hüququ ikinci qismə aid edirdi. Alim belə hesab edirdi ki, bu elmlərdən hər birinin başlıca ünsürü əsas məzmun, həqiqi faktlar və sübutlardır. Şihabəddin Aristotelin irəli sürdüyü belə bir fikri müdafiə edirdi ki, dövləti filosoflar idarə etməlidirlər. O yazırdı: "Əgər siyasət ləyaqətli adamın əlində olsa, dünya nura qərq olar". Professor Zakir Məmmədov Şihabəddini şərqin Eynəlqüzzat Miyanəci və İbn Rüşd kimi görkəmli filosofları ilə bir cərgədə qoyur. İran filosofu Seyid Nəsrin "Üç müsəlman mütəfəkkiri" adlı kitabında isə Sührəvərdinin görüşləri dünya elminin korifeyləri sayılan İbn Sina və İbn əl-Ərəbinin dünyagörüşü ilə müvazi şəkildə incələnir. O yazır: "Sührəvərdi və İbn əl-Ərəbinin yorulmadan göstərdikləri cəhdlər nəticəsində müsəlmanların durğunluqla keçən həyatı yeni, intellektual məzmunla zənginləşdi və bu zənginlik Səfəvilər dövründə öz zirvəsinə çatdı."

     Şihabəddin Sührəvərdinin əsərləri dünyanın bir çox dillərinə çevrilmiş və dəfələrlə Bakı, İstambul, Tehran kimi iri şəhərlərdə, habelə bir sıra Qərb ölkələrində nəşr edilmişdir. Sührəvərdi yaradıcılığının məşhur tədqiqatçılarından sayılan fransız alimi Korben yazır ki, "Sührəvərdi eyni zamanda yalnız sufi və həkim olmaqla qalmamış, həmçinin həqiqi fəlsəfənin mahiyyətinə varmış bir insan olmuşdur, Bir filosof kimi o, həm nəzəri biliklərlə, həm də mə'nəvi bəsirətlə silahlanmışdı." Sührəvərdi yaradıcılığının bir sıra tədqiqatçıları onun tə'limində zərdüştilik tə'sirləri də müəyyənləşdirirlər. Belə ki, bütün mövcudatın işıq və kölgələrdən ibarət olduğunu bildirən işraqilik əslində işıqla qaranlığı ilkin başlanğıclar kimi qəbul edirdi. Sührəvərdinə görə, maddi aləm bütövlükdə əbədidir. Hərəkətin səbəbi işıqdır. İşıqla hərəkət arasında qarşılıqlı əlaqə mövcuddur. Şihabəddin Sührəvərdi yazır ki," işıq hər bir şö'lədən hərəkət kimi meydana çıxır və hər bir hərəkət sonrakı şö'lə üçün hazırlanır. Beləliklə, şö'lələrin növbələşməsi hərəkətin yeniləşməsi ilə, hərəkətlərin növbələşməsi isə yeni şö'lələnmələrlə davam edir."

     Şihabəddin Yəhya Sührəvərdinin çox sayda ardıcılları vardı. Onların arasında ilk növbədə Şəhrəzurini (vəf. 1250), İbn Kammun İsrailini (vəf. 1277), Qütbəddin Şirazini (1236-1311), Vədud Təbrizini (vəf. 1524), Sədrəddin Şirazini (vəf. 1640) göstərmək mümkündür.

 

ŞİHABƏDDİN ƏBUHƏFS ÖMƏR SÜHRƏVƏRDİ

    Görkəmli sufi mütəfəkkiri Şihabəddin Əbuhəfs Ömər Sührəvərdi 1145-ci ildə Zəncan yaxınlığında yerləşən Azərbaycan şəhəri Sührəvərddə anadan olub. O, indiyə qədər bütün müsəlman dünyasında ən nüfuzlu sufi təriqətlərindən biri olan "sührəvərdiyyə"nin əsasını qoyub. Bə'zi alimlər bu təriqətin yaranmasını onun əmisi Ziyaəddin Əbu-n-Nəcib əs-Sührəvərdinin ( 1097-1168 ) adı ilə bağlayırlar. Şihabəddinin yetişməsində onun rolu böyük olub.

     Ziyaəddin əs-Sührəvərdi hələ gənc yaşlarından doğma şəhəri Sührəvərdi tərk edərək, təhsil almaq üçün Bağdad şəhərinə gedir. Təhsilini başa vurduqdan sonra o bir müddət Bağdaddakı məşhur "Nizamiyyə" mədrəsəsində dərs deyir, sonra isə o vaxt sufilər arasında qəbul olunmuş qaydaya görə, dahi şeyx Əhməd əl - Qəzzalinin müridi olur. O, Dəclə sahillərində sufi məskənində (ribat) tərki-dünya həyatı keçirir. Onun şöhrəti bütün Şərqə yayılır. Çoxları onun müridi olmaq arzusuna düşür. O, Əbu Məhəmməd Ruzbihan Baqli Şirazi ( öl. 1209 ), İsmayıl əl-Kəsri (öl. 1193) və Əmmar əl-Bidlisi (öl. təqr. 1200) kimi məşhur su-filərə mürşidlik edir. Onun şagirdləri isə böyük Xarəzm sufisi Nəcməddin Kübranın ("kübraviyyə" təriqətinin banisi) mürşidləri olurlar.

     Bu dövrdə sufi müridləri arasında Ziyaəddin əs-Sührəvərdinin "Ədəb əl-müridin" kitabı böyük şöhrət qazanmışdı. Əsər bu sıradan olan vəsaitlər arasında birincilərdən idi.

     Şihabəddin sanki ailə ən'ənələrini davam etdirərək, artıq mürşidlər üçün "Əvarif əl-məarif" ("Bilik xəzinəsinin töhfələri") adlı belə bir dərslik tərtib edir. Gənc Şihabəddinin getdiyi ilk məktəb öz əmisinin ribatı olmuşdu. Ali təhsilini isə o, əmisinin də dərs dediyi məşhur "Nizamiyyə" mədrəsəsin-də almışdı. Orta əsrlərdə mövcud olan digər təhsil ocaqlarından fərqlənən bu mədrəsə 1067-ci ildə səlcuq hökmdarlarının təşəbbüsü və pulu ilə tikilmiş və onların məşhur vəzirləri Nizamülmülkün şərəfinə "Nizamiyyə" adlandırılmışdı. Nizamülmülk bu mədrəsənin uğurla fəaliyyət göstərməsindən ötrü də çox görmüşdü. Burada tədris tamamilə səlcuq hökmdarlarının hesabına aparı-lırdı. Onlar tələbələrin təqaüdünə və müəllimlərin məvacibinə, habelə mədrəsənin müəllim və tələbələri üçün vahid geyimlərin tikilməsinə ildə təqribən 600 min dinar xərcləyirdilər. Bu mədrəsənin bütün Şərqdə elm və mədəniyyətin inkişafında oynadığı müstəsna rolu heç nə ilə müqayisə etmək olmaz. Şərqin ən yaxşı alimləri ilahiyyat, tarix, məntiq, dilçilik, ədəbiyyatşünaslıq, astronomiya, riyaziyyat və başqa elmlərin tədrisi üçün buraya də'vət olunurdu. Müəllimlərin seçimi də bilavasitə səlcuq hakimləri tərəfindən aparılırdı. Bir çox tədqiqatçılar həmin mədrəsəni Şərqdə ilk müasir tipli universitet, burada çalışan müəllimləri isə professor hesab edirlər. Azərbaycan alimləri bu mədrəsənin yaranmasında və inkişafında böyük xidmətlər göstərmişlər. Azərbaycan alimlərinin bütöv bir nəslinin yetişməsi məhz bu mədrəsənin adı ilə bağlıdır. Mədrəsənin fəaliyyətə başladığı ilk gündən Xətib Təbrizi burada filoloji fənləri tədris etmiş və zəngin mədrəsə kitabxanasının müdiri olmuşdur. Əbdülmənaqib Zəncani, Mahmud Zəncani, Əminəddin Vəravi, Əbülfəzl Ərdəbili və bir çox digər məşhur alimlərimiz də bu universiteti bitirmiş və burada çalışmışdılar.

     Buranı bitirdikdən az sonra Sührəvərdi alim-filosof və sufi kimi bütün Şərqdə məşhurlaşır. Maraqlıdır ki, Şihabəddin böyük sufi şeyxi olmaqla bərabər tərkidünya olmamışdır. O zaman məşhur alimlər, bir qayda olaraq, iri və xırda vilayətlərin siyasi və mədəni həyatında iştirak etməyə cəlb olunurdular. Bununla hakimlər özlərinin maarifçi olduqlarını sübuta yetirməyə çalışırdılar. Sührəvərdinin də aqibəti eyni cür olur. Ancaq o, bir çoxlarından fərqlənərək, saray tacının adi bir bəzəyinə çevrilmir, sarayının siyasi həya-tında fəal surətdə iştirak edir. Məşhur alimin simasında böyük bir diplomat və hüquqşünas da doğulur. Sührəvərdi xəlifə ən-Nasir li-Dinillahın (1180-1225) müşaviri kimi məs"ul diplomatik iş aparır, lakin əlbəttə ki, bununla birlikdə heç də özünün şeyx vəzifələrini unutmur. O, xəlifənin adından Suriya və Misirə, Əyyubilərin paytaxtı Hələb şəhərinə diplomatik danışıqlara gedir. Onun Hələbdə alimlərlə apardığı qızğın müzakirələr barədə çağdaşları yazırdılar: "Sührəvərdi əl-Malik əz-Zahirin sarayında elə bir nitq irad elədi ki, təmtəraqlı olmaqla bərabər, həm də o qədər tə'sirli idi ki, dinləyicilərin qəlbini ram etdi və gözlərini yaşartdı." 1217-1218-ci illərdə Sührəvərdi Xa-rəzmşah Məhəmmədlə diplomatik danışıqlar aparır. Bir il sonra o, diplomatik missiya ilə Anadoluya, Konyadakı səlcuq hakimi I Əlaəddin Keyqubadla görüşə gedir.

     Bir sufi mürşidi, siyasi xadim, alim və natiq kimi Şihabəddinin nüfuzu o qədər yüksək idi ki, xəlifə onun üçün məxsusi ribat tikdirmişdi. Bu ribat daha çox sarayı xatırladırdı. Burada zəngin kitabxana, hamam, xəlifənin özü və ailəsi üçün salınmış bağ da daxil olmaqla bütöv bir tikililər kompleksi qurulmuşdu. Şihabəddin burada işləməklə bərabər, kütləvi mühazirələr təşkil edir, müzakirə və söhbətlər də keçirə bilirdi. Onun mühazirələrində həmişə dinləyicilər çox olurdu. Onun nitqlərini dinləmək istəyənlər ölkənin hər yerindən buraya axışıb-gəlirdilər. O, məşhur "Əbu-n-Nəcib" universitetində də müntəzəm şəkildə mühazirələr oxuyurdu. Sührəvərdi özünün ritorik iste'dadı və dərin fəlsəfi düşüncəsi ilə seçilirdi. Çox qısa bir müddətdə onun mühazirə və disputlarına qonşu ölkələrdən də dinləyicilər gəlməyə başlayır.

     Xəlifə ən-Nəsirin hakimiyyəti dövründə fütüvvə adlanan sənətkar və kübar təriqətləri də mövcud idi. Fütuvva dərəcəsinə yüksələnlərin bellərinə xüsusi kəmər bağlayırdılar. Bir qayda olaraq, xəlifənin göndərdiyi kəməri ə'yan-əşrəf içində fütüvvə məqamına yetən şəxsin belinə Böyük Mürşid Şihabəddin Əbuhəfs Ömər Sührəvərdi bağlayırdı. Sultan İzəddin I Keykavusun və bir çox bəylərin əxi təriqətinə daxil edilməsi mərasiminin təsviri zəmanəmizə qədər gəlib çatmışdır. Həmin mərasim ritual rəqsləri ilə müşaiyət olunmuşdur. Xəlifənin elçisi kimi sultanın sarayına gəlmiş Sührəvərdi ahıl yaşlarında olmasına baxmayaraq, öz müridləri ilə birlikdə həmin rəqslərdə iştirak etmişdi.

     İngilis alimi C. S. Triminkem Sührəvərdi barədə yazır: "O, böyük şeyx-müəllim idi və onun tə'siri yalnız şagirdləri vasitəsilə deyil, həmçinin sufi mürşidlərinin indiyə qədər oxuyub-öyrəndikləri "Əvarif əl-məarif" əsəri vasitəsilə yayılmışdı. Az qala bütün dünyanın sufiləri təhsil almaqdan ötrü onun yanına gəlirdilər." Sührəvərdinin müasiri olan ərəb müəllifi İbn Xəllikan yazır: "Mən onun mühazirələrini dinləmiş və sufi təriqətində qəbul olunan kimi, onun mürşidliyində elmini artırmış adamlarla çox görüşmüşəm. Onlar mənə cuşa gələrkən keçirdikləri qəribə əhval barədə danışırdılar. O, Bağdad ha-kimlərinin elçisi kimi dini məsələlərin müzakirəsindən ötrü İrbilə gəlmişdi, lakin çox cavan olduğumdan onunla heç cür görüşə bilmədim. O, tez-tez başqa ölkələrə ziyarətə gedər və bə'zən Kə'bənin yaxınlığında düşərdi. Çağdaşı olan bir çox sufi şeyxləri onunla yazışar, qəliz məsələlərin həllində kömək üçün ona müraciət edər, onun məsləhətlərini fitva kimi qəbul edərdilər."

     Şihabəddmnin çox sayda ardıcılları, "sührəvərdiyyə" təriqətininsə bir neçə qolu vardı. Bu qollar içərisində onun oğlu İmadəddin Məhəmmədin (vəf. 1257), Şiraz şeyxi Nəcibəddin Buzquşun (vəf. 1279) və digərlərinin qardaşlıqlarını göstərə bilərik. Böyük fars şairi Sə'di Şirazi (1208-1292) də Sührəvərdi yolunun davamçılarından sayılır. 0, özünün "Bustan" əsərində yazır:
     Budur təriqət, başınızı aşağı salıb,
     İtaətlə və dönmədən bu yolla gedin!
     Şeyx bütün gecəni ibadətdə keçirmiş,
     Səhər isə dərvişlərə süfrə açmışdır.
     Bunu Sə'di yox, Sührəvərdi öyrədir ki:
     Kişinin şarəfi xidmət yolundadır!

     Sonralar bu təriqətə qulluq etmək təhlükəli sayılsa belə, Nurəddin Əbd əs-Səməd ən-Nətənzi, Əbdərrəzzaq əl-Kaşani (vəf. 1329), Səid ibn Abdullah əl-Fərqani (vəf. 1300) kimi görkəmli şəxsiyyətlər özlərinin "sührəvərdiyyə'yə aid edən şeyxlər olmuşlar. Hindistanda isə həmin təriqət mistik istiqamətli müstəqil məktəb kimi açıq surətdə fəaliyyət göstərmişdir. Sührəvərdinin məşhur tələbəsi Nurəddin Mübarək Qəznəvi (vəf. 1234) tərəfindən yaradılan məktəb isə indiyə qədər fəaliyyət göstərir. Hal-hazırda onun məqbərəsi Dehlidə ziyarətgah sayılır. Əgər yolunuz Dehliyə düşsə, bu məqbərəni ziyarət edib böyük Ustada və onun Tələbəsinə rəhmət duası oxumağı unutmayın. Sührəvərdi 1234/35-ci ildə Bağdadda vəfat etmişdir

 

YUSİFİ MƏHƏMMƏD İBN YUSİF TƏBİB

     Görkəmli alim?XV əsrin sonu?XVI əsrin əvvəlində yaşamış məşhur təbib Yusifi Məhəmməd ibn Yusif haqqında mə'lumatlara Azərbaycanda təbabət tarixinin ilk tədqiqatçısı İ. K. Əfəndiyevin araşdırmalarında rast gəlirik. Yusif Təbib haqqında bioqrafik mə'lumatlar olmadığından araşdırıcı onun əsərlərinin təhlili ilə kifayətlənmişdir.

     Yusifi Məhəmməd ibn Yusif Təbibdən bizə onun təbabətə dair bir neçə əsəri gəlib çatmışdır. Bu əsərlərdən ən erkən yazılanı 1513-cü ildə bitirdiyi və Şah İsmayıl Xətaiyə həsr etdiyi "Came ül-Fəvaid"dir. Bu əsər görünür, yadda yaxşı qalmaqdan ötrü nəzmlə yazılmışdır. Buradan da belə bir ehtimal irəli sürülür ki, əsər o zaman mövcud olmuş çoxsaylı tibb təhsil mərkəzlərinin tələbələri üçün nəzərdə tutulub.

     Kitab iki fəsildən ibarətdir. Birinci fəsildə xəstəliklərin simptomologiyası, bunların qarşısını almaq vasitələri və həmin vasitələrin hazırlanması metodları nəzərdən keçirilir. İkinci fəsil heyvani və bitki əsaslı qida maddələrinin insan orqanizmi üçün faydalılığı haqqındadır. Üçüncü fəsildə insan gigiyenasının əhəmiyyəti, rahatlığın və hərəkətin sağlamlıq üçün faydası məsələləri üzərində dayanılır. Dördüncü fəsildə insanın cəmiyyətdəki davranışından danışılır. Beşinci fəsildə məşhur fəlsəfi risalə olan "Töhfətül-Müluk" əsərindən bəhs edən müəllif altıncı fəsildə mafirfinin müalicəvi əhəmiyyətindən danışır. Yeddinci fəsildə reseptlərin yazılma qaydaları göstərilir. Səkkizinci fəsil bir sıra müalicə vasitələrinin tə'sir gücündən, doqquzuncu şəxsi gigiyena qaydalarından bəhs edir. Onuncu fəsil zərərli vərdişlər və onlardan can qurtarmaq haqqındadır. Sonuncu fəsildə insanın halının ulduzların yerdəyişməsindən asılılığı göstərilir.

     Yusifi Məhəmməd öz təbiblik fəaliyyətinin əsasında əks tə'sir prinsipini qoyur: "Hər bir xəstəlik onun əksi olan halla aradan qaldırıla bilir." O habelə xəstəliklərin profilaktikası probleminə də toxunur: "Hər şeydən əvvəl hamıya başa salmaq lazımdır ki, sağlamlığın qorunması ən əsas məsələdir və buna necə çatmaq olar." Xəstəliklərin qarşısını almaqdan ötrü onun fikrincə, ətraf mühitdə havanın vəziyyətinə, qidalanmaya, hərəkətə və yuxuya, o cümlədən ciyərlərin hərəkətinə və rahatlığına, qusmalara, orqanizmin ekskretor qabiliyyətlərinə xüsusi diqqət yetirilməlidir. Yusifi Məhəmməd ibn Yusif Təbib tərəfindən tərtib olunmuş dərman vasitələri cədvəlləri geniş kütlələr arasında məşhur olmuşdur. hər bir cədvəl beş bölümdən ibarətdir. Bölümlərdə dərman vəsaitinin adı, səciyyəsi, faydası, zərəri və həmin zərərin aradan qaldırılma üsulları verilir. Təbib yazırdı: "Faydalı o vasitələri hesab etmək olar ki, onların zərəri asanlıqla dəf edilə bilir. Hər şeydən yaxşı əlbət ki, heç zərəri olmayan vasitələr, maddələrdir. Ancaq axı hətta su, torpaq, günəş və hava kimi əvəzsiz şeylər də bə'zən ziyan gətirə bilir." Göründüyü kimi, alim dərmanların əlavə tə'sirlərinə də ciddi diqqət yetirmişdir. Cədvəllər əyani və istifadə üçün əlverişlidir. Bunlar uzun müddət tədris prosesində əyani vəsait kimi istifadə olunmuşdur.

 

ZEYNALABDİN ŞİRVANİ

          Rusiya coqrafiya cəmiyyətinin Qafqaz şö'bəsində 1852-ci ilin 8 martında Zeynalabdin Şirvaninin "Riyazüs-səyahət" ("Səyahət bağçaları") kitabı haqqında mə'lumat açıqlanır. Həmin mə'lumat Qafqaz canişini knyaz Vorontsovu o qədər maraqlandırır ki, o, Zeynalabdin Şirvani haqqında bilgi toplamaq və həmin kitabın üzünü çıxarmaq əmrini verir. İrandakı rus səfirliyi vasitəsilə şahzadə Məhəmməd Rza Mirzə Qacarla əlaqə yaradılır və ondan xahiş edilir ki, kitabın yeganə nüsxəsini satsın. Şahzadə kitabı satmaqdan qəti şəkildə imtina edir, lakin onun üzünü çıxarmağa razılıq verir. Sual doğur: Zeynalabdin Şirvani kimdir ki, böyük rus alimləri və mə'murları onunla belə maraqlanmışlar? Zeynalabdin Şirvani kimdir ki, onun adı Hindistanda muzeyə, İndoneziyada kitabxanaya, Məkkə və Cizdə (Səudiyyə Ərəbistanı) coqrafiya cəmiyyətlərinə, Şirazda küçəyə, Xəzər dənizində teploxoda verilib?

     Məşhur səyyah və coğrafiyaçı, tarixçi, etnoqraf, filosof və şair Hacı Zeynalabdin ibn Axund İskəndər Şirvani 1780-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. Onun beş yaşı tamam olanda axund İskəndərin ailəsi Bağdad yaxınlığındakı Kərbəla şəhərinə köçür və gələcək səyyahın atası mədrəsədə dərs deməyə başlayır. Zeynalabdin də ilk təhsilini elə burada alır. 1796-cı ildə o, təhsilini başa vurmaqdan ötrü Bağdad şəhərinə gedir. Zeynalabdin Bağdadda fəlsəfə, tibb, astronomiya və riyaziyyatı, habelə dilləri öyrənməkdə davam edir.

     Bağdad kitabxanalarında olan səyahətnamələr, bütün Şərq dünyasından buraya axışıb gəlmiş alimlərin, müqəddəs şəhərin ziyarətinə gələn zəvvarların söhbətləri bu gənc oğlanın nəzərlərində yeni bir dünya açır. Dünyanı görmək və onun mö'cüzələri ilə həmyerlilərini tanış etmək elə həmin vaxtdan gənc Zeynalabdinin həyat məqsədinə çevrilir və o, tərəddüd etmədən səyahətə çıxmaq qərarına gəlir. Zeynalabdin Şirvani yaradıcılığının təhlili ilə məşğul olmuş görkəmli Azərbaycan alimi Nurəddin Kərəmovun da yazdığı kimi, "Bu yol 60 min kilometr uzanmış və 40 il davam etmişdir. Bu yol Kiçik Asiyadan, İran yaylasından, Orta Asiya, Ərəbistan və Cənubi Afrika səhralarından, Sudanın meşə və cənkəlliklərindən, Hindistanın tropik meşələrindən, Hind okeanı adalarından keçib. 0, Hindquş, Zaqros, Süleyman dağlarından, Pamirdən adlamışdır. Bu yol Asiya və Afrikanın bir çox digər vilayətlərindən uzanmışdır."

     3. Şirvani öz əsərində səyahətini hissələrə bölmür. N. Kərəmovsa onun üç başlıca səyahətini fərqləndirir. Onun birinci səyahətinin marşrutu belə göstərilir: Bağdad, İraqi-Əcəm, Gilan, Şirvan, Muğan, Talış, Cənubi Azərbaycan, Xorasan, Herat, Zabul, Pəncab, Hind adaları, Dəkən, Benqal, Qucarat, Hind okeanındakı adalardan Sind və Multandan keçən səyyah dağ yolları ilə Kəşmirə, Müzəffərabada çatmış, sonra Kabul yolu ilə Tatarıstana, oradan Turana və Bədəxşan dağları ilə Xorasana, nəhayət, "İran yolu" ilə Farsa gəlmişdir. Bir qədər istirahətdən sonra Şirvani ikinci səyahətə çıxır. Bu dəfə yol Şirazdan (Fars) başlayır, oradan Daraba, sonra Bəndər Abbas limanından Hörmüz yolu ilə Hədramaut və Yəmənə, sonra Həbəşistan və Sudana, buradan Ərəbistan yarımadasında olan Ciddəyə, oradan da Hicaz, Mədinə və Məkkəyə uzanır. Bundan sonra o, dəniz yolu ilə "Səidlər ölkəsinə" (başqa sözlə desək, əs-Səidə?Nil çayı sahillərinə) gedir, Misirdən Yaxın Şərqə "Şam-Rum"a (Anadoluya), Diyarbəkrə, Qaraman və Aydına keçir. Hacı Zeynalabdinin Atlantik okeanına və geriyə üçüncü səyahətin marşrutu belə idi: Bəhre-Əhzər adaları ("Yaşıl dəniz"?şərq coqrafiyaçıları Atlantik okeanını belə adlandırırdılar), Rumeli (o vaxt Osmanlı imperiyasının Avropa hissəsinə belə deyirdilər), Anadolu, Azərbaycan, Tehran, Həmədan, İsfahan, Kirman, Şiraz, Bağdad.

     İndi artıq bir çoxu sıradan çıxmış beş yüzdən artıq əlyazma və mətbu qaynağın və səyahətlər zamanı etdiyi şəxsi müşahidələri nəticəsində Şirvani ona dünya şöhrəti gətirən üç kitab yazır: 1822-ci ildə "Riyazüs-səyahət" ("Səyahət bağçaları"), 1827 -ci ildə "hədaiqüs-səyahət" ("Səyahət bağları") və nəhayət, 1833-cü ildə "Bustanus-səyahət" ("Səyahət gülzarı")- Bu əsərlərdə o, bir çox ölkələrin coqrafiyası, tarixi, etnoqrafiyası, arxitekturası, ədəbiyyatı və görkəmli ictimai xadimləri barədə dəyərli mə'lumatlar verir. Səyyah yer kürəsinin iqlim qurşaqlarının təsvirinə xüsusi yer ayırır. Şərqin digər alim və səyyahları kimi o da Yeri yeddi iqlim qurşağına bölür.

     Öz səyahətləri zamanı Şirvani çox sayda alimlər və siyasi xadimlərlə yaxından tanış olur. Onun rə'yi ilə hesablaşır, onunla görüşməyə can atırlar. Şirvaninin elm və savadı haqda xəbərlər onun səyahətlərinin marşrutları çərçivəsindən xeyli kənara çıxır. Belə danışırlar ki, Hindistan vilayətlərindən birində ağlakəlməz bir qonaqpərvərliklə qarşılanmış Şirvani bunun səbəbini soruşarkən vilayətin hakimi cavab vermişdi: "Mən sizə layiq olduğunuz hörmətin yalnız yüzdə birini göstərə bilmişəm. Siz səkkiz səbəbdən hörmətə layiqsiniz: birincisi, siz insanpərvərsiniz, insanlarsa bir-birinə hörmət etməlidirlər, ikincisi, siz buraya bizim ölkəmizin qonağı olaraq gəlibsiniz, qonaqa hörmət edərlər, üçüncüsü, siz alimsiniz, alimə hörmət bir borcdur, dördüncüsü, siz müdrik və çox bilən bir adamsınız, acizlərə, kasıblara kömək edirsiniz, belə adamlarsa hər cür hörmətə-izzətə layiqdirlər... Bax, bütün bunlara görə mən sizi qəlbən sevir və sizə hörmət bəsləyirəm." Olduğu bir çox yerlərdə onu saraya də'vət etmişlər. Bunlardan Misir hakimi İbrahim bəyi, İran şahı Fəthəli şah Qacarı, Türkiyə sultanı Mahmudu və başqalarını göstərmək olar. Olduğu saraylarda müzakirə və söhbətlərdə iştirak edən Şirvani həmişəlik burada qalmaq də'vətlərinə nəzakətlə rədd cavabı verir. Şirvani həmişə macəralar və məhrumiyyətlərlə dolu səyyah həyatını saraydakı rahat həyatdan üstün tutur.

     Zeynalabdin eyni zamanda şair olmuş və Təmkin təxəllüsü ilə şe'rlər yazmışdır. Həmin şe'rlər onun səyahətnamələrinə səpələnmiş və əlyazması Tehran mərkəzi kitabxanasında saxlanan "Divan"ında toplanmışdır. Bu nadir şəxsiyyətin digər əsərlərinin əlyazmaları Britaniya muzeyində, Paris Milli kitabxanasında, Sankt-Peterburqda və İranda saxlanır.

     Şirvaninin əsərləri.bir çox Azərbaycan, İran, rus və Avropa tədqiqatçıları tərəfindən öyrənilib. Bu alimlərdən Abbasqulu ağa Bakıxanovun, Məmmədəli Tərbiyətin, Əskər Həmid Rəbbaninin, B. A. Dornun, N. V. Xanıkovun, E. Braunun, S. Stornun, E. Bloşenin və başqalarının adlarını çəkmək mümkündür. Bu sırada öz ömrünün böyük bir hissəsini Zeynalabdin Şirvaninin elmi hünərlərinin tədqiqinə həsr etmiş N. K. Kərəmovun adı xüsusilə qeyd olunmalıdır.

     Zeynalabdin 1820/21 -ci ildə Şiraz şəhərində evlənib. Tezliklə onun Cəlaləddin Məhəmməd adında oğlu doğulur. İki il sonra isə ikinci oğlu Hüsaməddin Əli anadan olur. Böyük oğlu az yaşayır, ikinci oğlu isə atasının yolu ilə gedərək, İraq, İran və Hindistana səyahətlər edib. Şirvani ömrünün son illərini ailəsi ilə Şirazda keçirib. Elə buradan da özünün son səyahətinə yollanıb. Bu, onun həyat yoldaşı ilə birlikdə çıxdığı həcc ziyarəti idi. 1838-ci ildə həmin səfəri zamanı Zeynalabdin Şirvani yolda xəstələnmiş və Middə şəhəri yaxınlığında dünyasını dəyişmişdir. Hacı Zeynalabdin elə buradaca da dəfn olunub.

 

BƏHMƏNYAR ƏL-AZƏRBAYCANİ

     Əbü-l-Həsən Bəhmənyar ibn əl-Mərzban əl-Azərbaycani xalqımızın ən görkəmli filosoflarından biri olub, Yaxın və Orta Şərqdə peripatetik fəlsəfi cərəyanın ən tanınmış nümayəndələrindən idi. Bəhmənyarın anadan olma tarixi mə'lum deyil. Ölüm tarixi isə XII əsr müəllifi Əli ibn Zeyd al-Beyhəqinin "Tətimmət səvan əlhikmə" adlı əsərində göstərilir: "Əbu Əli-nin (İbn Sinanın) şagirdi, e'tiqadına görə atəşpərəst olan filosof Müdrik Bəhmənyar ərəb dilində kamil bir tərzdə danışa bilmirdi. Əslən Azərbaycan ölkəsindən idi. Bəhmənyarın yaratdığı əsərlər arasında "İdrak", "Musiqi haqtında" kitab və çoxsaylı risalələr vardır. Bəhmənyar Əbu Əlinin ölümündən otuz il sonra 458-ci (1065/66) ildə rəhmətə getdi." Bəhmənyarın anadan olma tarixini dəqiqləşdirməkdən ötrü professor Zakir Məmmədov bir sıra fakt və əfsanələrə istinad edir. Deyirlər ki, İbn Sina dəmirçixanada olarkən bir nəfər içəri girib, dəmirçidən od istəyir. Dəmirçi deyir: "Xəkəndaz gətir, köz töküm,apar". Gələn adam ovcuna torpaq yığıb qayıdır ki, "Közünü bu xəkəndaza tök". İbn Sina bu mükaliməni eşidincə, düşünmədən dəmirçi ilə danışan oğlana ona şagird olmağı təklif edir. Alim onun hazırcavablığından bu dərəcədə xoşlanmışdı. Həmin oğlan Bəhmənyar idi. Bəhmənyar İbn Sinaya hələ uşaq yaşlarından şagird olması barədə özü belə danışır: "Bir dəfə İbn Sinanın o biri şagirdləri ilə birlikdə mən şənbə günü fəxrlə dərsə gəl-mişdik. Elə oldu ki, müzakirədə lazımınca iştirak edə bilmədik. Müəllimimiz dedi: "Görünür, sizin istirahət gününüz faydasız keçib." Mən də yoldaşlarım kimi cavab verdim ki, istirahət günü gəzməyə getmişik və buna görə də dərsimizi yaxşı öyrənə bilməmişik. Bu cavabdan sonra müəllim ah çəkərək, gözü yaşarmış halda söylədi: "Kəndirbaz işi ilə gündəlik məşğul olduğundan öz kamilliyi ilə hər şeydən baş çıxaran müdrikləri belə heyrətə sala bilir. Niyə sizin aranızda bir ağıllı və müdrik uşaq çıxmadı ki, dərs oxumağı avaraçılıqdan üstün tutsun?" İbn Sina özü yazırdı ki, Bəhmənyar ona doğma oğlundan da yaxındır və bu oğlana yaxşı savad verib, onu istədiyi kimi tərbiyələndirə bilərsə, ondan görkəmli alim çıxar. Bütün bu deyilənlərdən mə'lum olur ki, Bəhmənyar İbn-Sinadan 10-15 yaş balaca olub və deməli, onun anadan olma tarixi X əsrin sonlarına düşməlidir. Orta əsr müəlliflərinin bir çoxunun yazdığına görə, İbn Sinanın "Əl-mübahisat" (Birkə müzakirələr) və "Ət-tə'liqat" (İzahlar) kimi əsərləri onun fizika, metafizika, psixologiya və məntiq elmlərinin bir sıra məsələlərinə dair Bəhmənyarla apardığı mübahisələrinin gedişində yaranıb. Elm tarixi üçün ən qiymətli fakt budur ki, "İzahlar" əsəri Bəhmənyarın öz dəst-xətti ilə yazdığı əlyazmada saxlanmışdır. Sankt-Peterburqda və Daşkənddə Bəhmənyarın sualları və İbn Sinanın cavabları yazılmış iki məktub da qalır.

     Bu əsərlərin bütün şərq dünyasında geniş yayılması Bəhmənyarın o dövrdəki kütləviliyini göstərir. Bunların üzü köçürülərək, müxtəlif universitet və saray kitabxanalarında yayılırdı. Həmin əsərlər arasında ən məşhurları "Ət-təhsil" ("İdrak"), "Əz -zinə' ("Bəzək"), "Əl-behcə və-s-səadə" ("Sevinc və səadət"), "Fil-musiqa" ("Musiqi haqda") və başqalarıdır. Üzü köçürülüb, yayılmış həmin kitablar bu günə qədər demək olar ki, dünyanın bütün iri kitabxanalarında saxlanmaqdadır. Ötən əsrdən e'tibarən bu əsərlərin Avropa dillərinə tərcümə olunması başlanmışdır. Bəhmənyarın bə'zi kitabları fars dilinə az qala onun özünün sağlığında çevrilmişdi. "Ət-Təhsil" əsəri tanınmış şərqşünas A. V. Saqadeyev tərəfindən ruscaya tərcümə olunaraq, 1983-cü ildə Bakıda üç cilddə nəşr olunmuşdur.

     Bəhmənyar öz fəlsəfi məktəbini yaratmış alimlərdəndir. Onun elmi və ma-arifçilik fəaliyyəti Azərbaycanda, həmçinin bütün Şərqdə elmi-fəlsəfi fikrin inkişafı və yayılması işində əhəmiyyətli rol oynamışdır. Onun tələbələri arasında ən parlaq sima böyük Xorasan filosofu və şairi Əbülabbas əl-Ləvkəri idi. Bəhmənyarın tədqiqatçıları Əl-Ləvkərinin və onun tanınmış tələbəsi Əbülfət ibn-Xəyyamın yaradıcılığı vasitəsilə Bəhmənyarın Nəsirəddin Tusi məktəbi ilə qırılmaz əlaqələrini izləyirlər.

     Müsəlman mədəniyyəti tarixində maarifçi və tədqiqatçı kimi tanınmış Şihab əd-Din əl-Mərcani fəlsəfə tarixindən bəhs edərkən Bəhmənyarın adını Şərqin ən görkəmli dörd korifeyi sırasında çəkir: "Onların arasında ən məşhurları və ən böyükləri Əbu Nəsr əl-Farabi, Əbu Əli İbn Sina, qazi Əbül Valid Məhəmməd ibn Əhməd İbn Rüşd və Bəhmənyar ibn əl-Mərzbandır."