Güntay  Cavanşir

Səni sevəcəyəm mən…

 

 

Bu sevda əbədidir, ey Ucaruh dilbərim

Göylərin boşluğuna, çilənər zərrələrim

Səni arar dodağım, qırıq-qırıq əllərim

Özgürlüyüm sarğındır, o ruhda o bədəndə

Səni sevəcəyəm mən, sən məni sevməsən

 

Bu sevdanın yolunda, əgər belim bükülsə

Ayrılıq əlləriylə, sevən qəlbim sökülsə

Ruhuma umutsuzluq, saçıma qar tökülsə

Menim məhəbbətimə, biganə qalsan sən

Seni sevəcəyəm mən, sən məni sevməsən

 

Səni sevdim gözəl qız, xəyallarım duruldu

Ürəyimdə sevdadan, yeni dünya quruldu

Mənim könlüm sevməkdən, durdu, yoruldu

Bu mehriban diyarda, bu sevimli vətəndə

Səni sevəcəyəm mən, sən məni sevməsən

 

Mən bu ulu sevginin, əvət əsiri oldum

Sevdalı əsarətdə, özgürlüyümü buldum

Eşqin iradəsiylə doğru yola qoyldum

Mən bu yoldan bezmərəm, yolun kökü sinəmdə

Səni sevəcəyəm mən, sən məni sevməsən

 

Məhəbbəti könlümdə, selləndirər bu sevda

Ürəyimin tellərin, dilləndirər bu sevda

Məndə yeni duyğular, gülləndirər bu sevda

Məhəbbətin önündə, səcdəyə gəldim mən

Səni sevəcəyəm mən, sən məni sevməsən

 

Mənim nəm nəfəslərim, tellərini titrədər

Sənin qara gözlərin, gecəmə ulduz ələr

Qoy gözlərim kor olsun, səndən dönərsəm əgər

Mənim sevgi naməmi, sən yellərə versən

Səni sevəcəyəm mən, sən məni sevməsən

 

Qəlbimi ayağının, altına atsan da sən

Yenə bu sevdadan bir an əl üzmərəm mən

Nəfəsindən ömrümə, yayılsa da duman, çən

Sərgərdan qalar olsam, bu dumanda bu çəndə

Səni sevəcəyəm mən, sən məni sevməsən

 

Həsrətində titrəyən, mənim yazıq ürəyim

Ayrılıq əlləriylə qazıq—qazıq ürəyim

Sənsizcə öz içində, olmuş azıq ürəyim

Ruhuma əmr əyləyən, bir sevgi vardır məndə

Səni sevəcəyəm mən, sən məni sevməsən

 

Qovuşmadan ölərsəm, qəbrim üstə gələrsən

Həsrətindən can verən, aşiqini dilərsən

Məzarımdan yüksələn, tüstüləri görərsən

Bu eşqin alovundan, od tutacaq kəfən

Səni sevəcəyəm mən, sən məni sevməsən

 

Dodağından emdiyim, ləzzətlər itməyəcək

Torpağın altında da, tənimden getməyəcək

Məzarımın üstündə, lalə olub bitəcək

Bir şərqi səslənəcək, yaz yelləri əsənde

Səni sevəcəyəm mən, sən məni sevməsən

           

Bizim sönməz eşqimiz, torpaqda tutmaz qərar

          Uzayların bağrında, yüksəlib barınar

Yağmur olub, nur olub, göylərdən yerə yağar

          Yağmur şərqisi söylər; dağ da, çöl , çəmən

          Səni sevəcəyəm mən, sən məni sevməsən

           

(Təbriz-1985)— (Bakı-1999 (Tampere2006)