Güntay Gəncalp

Ruhi Tuna

(Heykəlləşən tarix)

Yaratmaq insan xəyallarında var olan mücərrəd oluşa surət vermə təlaşıdır. İnsan ruhunun sonsuzluğundan yoğrularaq gerçək aləmə süzülüş sürəci kimi anlatalım bunu. İnsanın “öz” surətini rəsm etməsi. Heykəltəraş sənətçi mücərrəd surətləri müşəxxəs biçimə dönüşdürər. Yalnız bu “öz” nə deməkdir və onun tarixi, mitolojik, düşsəl və estetik həcmi nədir əcəba? Heykəltəraş sənətçinin ən çox sənət dili ilə, sənətə məxsus üslubla cavab verməsi gərəkən sonrun da budur. Ancaq bu cavablar bir quru cümlə ilə tamamlanası deyildir. Bu cavablar sənətçi dünyasında uzun zaman gəlişmə, şəkillənmə sürəcini yaşar, öncə düşlərdə oluşum sağlanar, daha sonra da heykəltəraş öz təxəyyülündəkini yonmağa başlar. Bir “surət” heykəltəraşın ruhu işğal edər və hekəltəraş bu surəti ruhundan gerçek aləmə daşıdığı zaman onun da ruhu bu işğaldan qurtulur. Sevdali və sevimli bir işğal. Tarixi örnkləri, tarixi həcminə görə heykəltəraşlıq sənəti ilə var etmə cəsarəti hər kəs də bulunamaz. Çünkü yaratma əzmindən daha öncə yaradanın təxəyyül, təfəkkür və sənət ruhu olaraq tarixiləşməsi lazımdır. Heykəltəraş tarixlə təsəvvür və təxəyyül aracı ilə irtibat bərqərar edər, bu irtabatlara sənətçi həm də öz estetik görüşlərini, acılarını, mutluluqlarını əkləyib təsvirə çalışar. Bu oluşum heykəltəraşın iç dünyasındaki gizlin, kimsənin görməyəcəyi çalışmalar olsa gərək deyə düşünürəm. Bəzən bir surət həykəltəraşın yuxularına girər. Bu sənətsəl fəaliyətlər bütünü sənətçinin ruhi transformasionunun ürünüdür. İçsəl bir hərəkətin oluşdurğu rəmzlərin təsvirlənişi. Bəzən də sənətçi öz xəyallarındakını gerçəkləşdirə bilməz. Özü öz içindəki surətlərə heyrət edər, heyrət yonulmaya, təsvilənişə imkan verməz:

“Nə zibasən ki surət bağlamaz təsviri rüxsarın

Təhəyyür surət eylər surətin çəkdikcə nəqqaşi” (Füzuli)

Rüxsarın təsvirini təsəvvürdə surətləndirmək sənətçinin həyatıdır əslində. Çünkü sənətçi öz təsvüründə surət verməyə çalışdığı mücərrəd təsvirlərə bəzən elə heyrət edər ki, onu yona bilməz, rəsm edə bilməz. Mikel Anjel bunun açıq örnəyidir.

Ruhi Tuna oyanan və kimliyini axtaran, kimliyinə qovuşmaq istəyən bir ulusun sənətcisidir. Güney Azərbaycandaki hadisələri bir bütün olaraq anladığımızda bu ruhi yüksəlişin dəyişik sahələrdə təzahürünə şahid olmaqdayıq. Ruhi Tuna əslində bu mənəvi yüksəlişin, fikri oyanışın sənət və xüsusən heykəltəraşlıq aləmində ən bəlirgin örnəyidir. Ruhi Tuna Anadoluda Azəbaycanın heykəlini şəhər şəhər yüksəldir. Azərbaycanın tarixi şəxsiyətləri timsalında Azərbaycan Türkiyədə böyüyür, yüksəlir. Sənət mahiyəti etibarı ilə dar mühiti sevməz, geniş mühitə açılım sağlmağa çalışar. Bu üzdən də ilk öncə bulunduğu öz mühitini genişlədər. Bu şəkildə də Azərbaycan mühiti Ruhi Tuna yaradıcılığında genişləyərək Türk Dünyası ilə və evrənlə qucaqlaşır. Azərbaycandan başlayan böyümə hərəkəti Türklüyün coğrafi, uyqarlıq, tarixi yazqısı ilə qaynayıb qarışdıqdan sonra evrənə uzanır. Hər bir hərəkətin bir başlanqıc nöqtəsi var, hər canlının bir doğum zamanı olduğu kimi. Newton´dan ölüm ayağında “Tanrının varlığını kəşf etdiyin öz fiziksəl “hərəkət qanunları”nla necə isbat edərsən” deyə dorarlar və alim cavab verər ki, kinat daimi hərəkətə keçmədən öncə ona bir təkan verən, hərəkət qaynağı lazım idi. Bu qaynağın adı Tanrı olsa gərək. Azərbaycandan başlayan Ruhi Tunanın yaradıcılıq hərəkəti vardığı hər yerə də Azərbaycanı daşımaqdadır. Sənətdə daşınan və insanların ruhuna işıq kimi əndərilən vətən əxlaqı.

“Zərrənin daxili yarılsa əgər

Zərrənin bətnində günəş görünər” (İbn-i Sina)

Ruhi Tuna qaranlıqları yararaq Azərbaycan adlı aydınlığa qovuşur, vardıqları həqiqətləri heykəlləşdirir. Türklük şüuru heykəllərin görünümü, giz dolu lal dilləri ilə insanlıq tarixi üçün örnəkləndirilir. Böyləcə də Azərbaycan qavramı, Azərbaycan dünyası ortamında insanlıq həqiqətləri idrak edilir, gözlə görünür.

“Yarpaq damarların oxuya bilsən

Ağacın tarixin onda görərsən” (G.G)

Dünyanı öyrənmək üçün öyrənim və dayanaq nöqtəsi Azərbaycandır mesajını haykırmaqdadır Ruhi Tananın əsərləri.

Ruhi Tunanın əsərlərində Türk tarixi günümüzə daşınıb və bütün ehtişamı, böyüklüyü ilə gözlə görünür duruma gətirilir. Bir çox əfsanələr, mitolojilər yaratmış sonra da özünü bu mitolojilərdə arayan, darıxan, darılan Türk insanına canlı tarix örnəkləri sunmaqdadır Ruhi Tunanın sənət əsərləri.

“İnsan öz surətin yada saldıqda

Bir çox əfsanələr yaratmış bəzən

Darıxıb, darılıb yolda qaldıqda

İndi özün gəzir əfsanələrdən” (B.Q.Səhənd)

Ruhi Tunanın timsalında Azərbaycan Türklüyünün Anadulunu neçəinci dəfədir fikir və duyğu seli anlamında feth etdiyini dəqiq bilmirəm. Lakin Anadolu Türk milləti tərəfindən fəth edildikdən sonra Azərbaycandan bir neçə kəz böyük şaxsiyətlər bu torpaqların Türk mənəviyat məkanına dönüşməsi üçün hərəkətə keçmişlər. Onlardan birisi də Əxilik sosial örgütlənmə modelinin dayanışma və yardımlaşma örnəyi olaraq Azərbaycandan Anadoluya daşınması olmuşdur. 13-cü əsrdə Təbrizdən bir erən qopdu. Ona Şəmsi Təbriz derlərdi. Tanrı qatından Anadoluya varılması istənmiş. Şəmsin Təbrizdən Anadoluya vardığı gündən bu günə Səma zənlik  kültürü dəvam edə gelmişdir. Şəmsi Təbrizinin yurtdaşı olan Ruhi Tunanın yaratdıqlarının da min illər boyunca Anadoluda yaşayacağı belli. Bu səbəbdan də Ruhi Tunanın yaratdıqları indidən tarixə mal olmuş, tarixiləşmiş olaraq görünməkdədir.