Güntay

Ozan kimliyi üzərinə fəlsəfi-tarixi təhlil

 

I bölüm

 

Yazılı tarixin yanı sıra, bir də yazılmayan, yalnız sezgi (təşxis) ilə bilinən tarix mövcuddur. Bu tarix sadə xalq kütlələrinin olaylara münasibəti şəklində ortaya çıxar. Sezgi ilə bilinər, çünkü bu tarixin möhtəvası milli dəyərlərin bir çox dallarına səpələnmiş olur. Bu tarix məfhumunu oluşduran faktoru “öz-özündə dinamik olan şüur” kimi də anlamaq mümkündür. Hansısa bir “saz havasında”, “türküdə və ya xalq mahnısında”, bir “rəqs” türündə və bu kimi kültür şifrələrində tarixi hadisələrin dərinliyinə enmək üçün gərəkən bilgiləri əldə etmək müyəssərdir. Bunun oluşum nədəni isə “öz-özünə dinamik olan şüur”dur. Böyük türk filosofu Uzluq Farabi bu öz-özünə dinamik olan əqli və duyğusal qüvvəyə “fəal ağıl” adını verir. Fəal ağılın fəaliyət sahəsi çox genişdir. Necə ki, Farabinin öz şəxsiyəti timsalında fəal ağılın fəaliyətləri musiqi sahəsindən tutmuş siyasi, fəlsəfi, fiqhi, hüquqi sahələri içinə almışdır. Fəal şüurun, ya da öz-özünə dinamik olan şüurun fəaliyət sahəsi tarix boyu bir yönü ilə görünür, digər yönü ilə sezgi planında oluşa gəlmişdir. Sezgi planında davam edən fəal zəkanın ortaya qoyduğu dəyərlər ən çox sənət adamları tərəfindən duyular, duyurular, ən çox da sənət türlərinə yüklənər. Sənət türlərinə yüklənərək çağdan çağa ötürülən bu hadisə sezgi ilə də anlaşılar. Fəal zəka, ya da fəal ruh  deyə biləcəyimiz dinamizmin məsdəri daha çox bilincaltı(şüuraltı)dır . Hər hansı bir hadisəyə göstərilən təpkilərin bütününü anlamaq üçün, sadəcə şüurlu münasibəti deyil, bütün refleksləri, özəlliklə bilincaltı konusunu ələ almaq lazımdır. Bilincaltının özünəməxsus reaksion şəkli mövcuddur. Heç bir hadisə milli və fərdi bilincaltının təpkisindən, münasibətindən kənarda qalmaz, qala bilməz. İctimai bir hadisənin bütün yönünü anlamaq, araşdırmaq üçün, o olayla bağlı şüuraltının bəkləyiş pozisyonunu və bu bəkləntinin təpkilərini qavramaq, bu bəklənti üzərinə təhlillər yapmaq lazım. Kollektiv şüuraltının gələcəklə ilgili olaraq özünəməxsus planları və təpki sistemi olur. Sistem deyirəm, çünkü şüuraltı sövqi-təbii olaraq hər hansı olaya sistematik biçimdə təpki göstərər; ya özümsər, ya da rədd edər. Bəzən kollektiv şüuraltından qaynaqlanan bu təpki etik, epik və estetik tərzdə təzahür edər. Bəzən də dramatik şəkildə. Psikoloq həkim Karl Qustav Yung, “Kollektiv bilincaltı, fərdin bilincaltında yer alan soydan gələn bir şeydir. Bilincaltı gələcəyi təyin etmək amacı ilə sürəkli şəkildə vasitələr hazırlar”, - deyir. Alim, hər kəsin varlığında bir şəkildə yerləşmiş olan əski xəyallara, əski məfhumlara “arxetip” adını verməkdədir. Kollektiv xatirələrin, təcrübələrin ən dərin yerlərindən gələn bu rəmzlər olaylarla ilgili otomatik olaraq reflekslər ortaya qoyar. Örnəyin, bir fərdin milliyəti, milli kimliyi təhqir olunduğunda, o fərd, sadəcə özünün deyil, özündə, özünün dərin ruhi qatlarında da bir dəyərlər sisteminin aşağılandığını hiss edər. Onun bu təhqirə olan münasibəti bir fərdi təpki olmaqdan çıxıb, fərd timsalında kollektiv təpki şəklini alır. Fərd təpki göstərərkən belə, özünün yalnız olmadığını hiss edər. Öz ruhunda tarixdən və soydan gələn şifrələrin deşifrə olduğunu anlar. Adam öz içində, zahirən tanımadığı, lakin ruhunda barınan mücərrəd surətlərin onu təpki göstərməyə təhrik etməsini hiss edər. Bu da fərdin özəl bilincaltında yerləşmiş olan milli, ya da kollektiv bilincaltıdır. Öz fərdi bilincaltında bu arxetipləri daşımayan insanlar ya doğuşdan xəstədirlər, ya da bəlli sosial hadisələr qarşısında soysuzlaşmış, arxetipsizləşmışlər. Günümüzdə sıx-sıx tələffüz edilən assimilasion hadisəsinin əsas hədəflərindən biri də soysuzlaşdırmaqdan, arxetipsizləşdirməkdən və tarixi xatirələrindən təcrid edilmiş insan türü yaratmaqdan ibarətdir, çünkü bu növ insan türünü çox rahatlıqla istənilən istiqamətə yönləndirmək mümkündür. Qırqız-türk yazarı Çingiz Aytmatov ünlü “Əsrə bərabər gün” romanında bu soysuzlaşdırma hadisəsini “manqurtlaşdırma” sözü ilə ifadə etməkdədir.

Şüuraltının dirəniş şəkli də daha güclü tərzdə üzə çıxar. Bəzən şüur planında tam soysuzlaşmış, əşyaya dönüşmüş, dönüşdürülmüş bir fərdin şüuraltındaki həyatı onun yenidən dirilişinə, soyuna dönüşünə imkan sağlar. Buna ruhi diriliş də deyə bilərik, yəni görünürlükdə hər şeyin, bütün mənəvi dəyərlərin məhv olduğu bir ortamda, fərdin görünməyən qatlarındaki oyanış yeni və özgün (əsil) bir kimliyin, şəxsiyətin oluşuna zəmin yaradır. Bunu Mevlana Cəlal-əddin Rumi “Məsnəvi” əsərində bu şəkildə anladar:

“Özündən, soyundan uzaq olan kəs

Bir gün özgünlüyə göstərir həvəs”.

Bilim adamlarının təsbitinə görə, kollektiv bilincaltının cinsiyəti olmaz. O, sadəcə kollektivin insan məfhumunu içərər. Orada qadın-kişi fərqliliyi söz konusu deyildir. Bu üzdən də fərdi şüuraltında yerləşən kollektiv şüuraltı olaylara münasibətdə cinsiyətin yazqısını nəzərə alaraq təpki göstərməz. Məqalənin axışı içərisində mövzunu daha aydın şəkildə anlatmaq üçün bu “kollektiv şüuraltı” qavramı yerinə, “milli şüuraltı” anlayışını istifadə etmək daha doğru olar deyə düşünürəm. Milli şüuraltı, yəni millətin ortaq keçmişindən qaynaqlanan və hər kəsin miqdarına görə, fərdi şüuraltında yerləşən, olaylara sövqi-təbii biçimdə təpkilər, münasibətlər oyadan arxetiplər. Arxetiplər millətin milli sənətlərini ifadə edən, əsrdən əsrə daşıyan bəzi şəxsiyətlərinin timsalında daha dəyişik və aktif surətdə təzahür edər. Çünkü bu şəxslər özümsədikləri sənət sirlərini sürəkli olaraq daşıdıqları üçün fəal zəka bunlarda daha oyanıq olur.

Kollektiv şüuraltının fərdin şüuraltındaki planlayıcı və təpki rolunu ən açıq şəkildə Şəhriyarın yaradıcılığında görmək olar. Şəhriyarın bir çox sənət əsəri var, lakin “Heydərbabaya salam” poeması fərqlilik ifadə edər. Bu əsərdə bütün Azərbaycan türklüyünün əski xatirələri sənət dili ilə estetizə edilmişdir. Hər kəs kəndi yaşamından böyük bir parçanı bu əsərdə görməkdədir. Bunun nədəni nə? O zaman Azərbaycanda türk kimliyinə uyqulanan insanlıq dışı rəftar bu kimliyin tarixdən silinməsinə gətirib çıxarmaq üzrə idi. Kollektiv bilincaltı Şəhriyarın istedadına sığınaraq dirənişə keçmişdi və bu dirəniş dünyanın şah əsərini yaratdı. Çox ağır yasaqlara rəğmən bu əsər bütün Azərbaycanı və Türk Dünyasını qısa bir sürə içində sardı. Əsərin bu qədər sürətli şəkildə özümsənməsinin səbəbi hər kəsin milli bilincaltında yerləşən ortaq tarixi bəllək (yaddaş) idi. Bu poema  özümsəndikcə, fərdlərin bilincaltındaki ehtiyaclar təmin olunurdu. Bilincaltının qavrayıcılıq imkanları bilincin ötəsindədir. Şəhriyarın şah əsəri Azərbaycanda fars yönətimi tərəfindən yaradılmış sosio-psikolojik gərginliyə bir növ cavab olaraq ortaya çıxmışdı. Eyni zamanda türkcənin qurtuluşu müjdələnmişdir. Bir şəkildə milli ruh “Heydərbabaya salam”da özünün seyrinə dalmış, özünü türk ulusuna göstərmişdir. Şəhriyar, fars ədəbi mühitində o zaman sayğın bir şəxsiyət ikən, fasrca yazmanın təqdir gördüyü, türkcə yazmanın sakıncalı (qadağalı) olduğu bir dönəmdə nədən türkcə yazma ehtiyacını hiss etmişdi? Bu sualın da cavabı bəlli: milli şüuraltından yoğrulan güc Şəhriyarın şəxsiyətində mərkəzləşıb, özünü ifadə etmək istəmişdi. Şəhriyar görəvləndirilmişdi, yazmaya bilməzdi.

Başqa bir örnək də bu şəkildə sunmaq mümkün. “Ozan” türk tarixində, türk kültüründə ortaq bəlləyin (yaddaşın) qoruyucusu, gəliştiricisi kimi mövcud olmuşdur. Bu nədənlə də ozan və ozançılıq istisnasız olaraq tarixi hadisələrə öz münasibətini musiqi ya da söz şəklində bildirmişdir. Sadəcə, ozan, toplumun daha dərin qatlarında yaşadığı, siyasi olayların içində görünmədiyi üçün kənardan-kənara öz münasibətini toplumun içində cərəyan edən olaylara bildirmişdir. Ozanların ortaya qoyduğu bu təpki bəzən ozan ədəbiyatının hansısa bir növündə (gəraylı, qoşma, dodaqdəyməz), bir saz havasında gerçəkləşmişdir. Bu gün saz sənətində mövcud olan 72  havanın hər biri istər mikromühitdə, istərsə də makromühitdə ictimai hadisələrə göstərilən münasibətlərin örnəyidir. Olaylara təpki musiqi və sözün vəhdəti ilə bir yerdə gerçəkləşmişdir. Bu gerçəkləşimi anlamanın yolu isə sezgidir (təşxisdir).Yəni hər hansı nəqli tarixi oxuyub bilmək kimi, saz havalarında barınan tarixi də bilmək olmaz. Ozan kimliyində saxlanmış tarixi bilmək üçün bu sənətlə bilgi və mənəviyat planında irtibat qurmaq lazımdır. Oradaki bir çox sözlər bəzi tarixi olayların mahiyətini öyrənmə açısından açar rolunu oynarlar. Bu açarla tarixi hadisələrin mahiyətini bilmək, bir çox gizlərin (sirlərin) qapısını açmaq mümkündür.

Bu girişdən sonra Aəzbaycan-türk kimliyində “ozan”, “ozançılıq” məfhumlarının milli şüuraltı ilə ilişkilərini araşdıralım.

***

Ozanın maddi həhatı xalq tərəfindən təmin olduğu üçün hər zaman ümum-xalq ehtiyacının məntiqi əsasında olaylara münasibət göstərmişdir. Yəni ozan öz həyatının maddı ehtiyaclarını sənətini xalqa həsr edərək təmin etmişdir. Ozanın insan olaraq dirilik və yaşam səbəbi xalqın mutluluğu olmuşdur. Örnəyin, xalq rifah içində yaşar, qızlar tez ərə gedər, oğlanlar tez evlənərsə, ozanın da həyati ehtiyacları bu mutluluğu öz sənəti ilə paylaşıb, paylaşdıraraq təmin edilir. Bu, sadəcə olayın maddı tərəfidir, yəni ozan pul qarşılığı toyları, şənlikləri yola salır. Ancaq maddi tərəfi olmayan heç bir mənəvi hadisə düşünülmədiyi kimi, maddədən mənaya doğru bir irəliləyişi təqib edəcəyik. Ozan, sadəcə fərd deyildir, milli şüuraltının ən dinamik, fəal daşıyıcısı olaraq, həm də bir tarixdir, milli-tarixi insan tipidir. Sənəti etibarı ilə də fəal zəkanın həm düşüncə, həm də özəlliklə duyğu planında daşıyıcısıdır. Ozan sənətində bəzən uluların gördüyü yuxular da yozulur, bu üzdən də ozançılıq millətin sadəcə maddi plandaki tarixini sənət dili ilə yansıtmaz, həm də ərdəmli insanların yuxu dünyasındaki olayları da musiqi və şeirlə hörgü biçimində ifadə edər. Uluların gördüyü yuxu əslində millətin öz gələcəyi, hədəfləri, təhlükələri, mutluluğu və acıları ilə bağlantılı tərzdə ortaya çıxar. Bəzən də ozan öz yuxusunu, öz xəyyallarını millətin gələcəyinə bağlayaraq anladar. Koroğlunun

“Əzəlindən mən bilirdim işimi

                                   Yatmış idi, oyaq gördüm düşümü” (düş-röya, yuxu)

söylədiyi kimi. Ya da Dədə Qorqudun həm keçmişi bilən, həm də gələcəkləilgili mötəbər bilgilər verən bir bilgə olduğu kimi.

Milli həyatın öz istiqamətində doğru-dürüst yürüdüyü ortamda ozanların bəstələdiyi havalar mutluluğu çağrışdırırkən, milli həyat faciəyə tərəf sürükləndiyi zaman, ozanların bu uğursuz gedişi şeir və saz havaları ilə anlatmalarına tanıq oluruq. Hər iki halda milli şüuraltının fəal daşıyıcısı olan ozanların təpkiləri kəsinliklə ortaya qoyulur. Ozan sənətində dialektik səyyaliyətə (enişli-yoxuşlu hərəkətə) öz mahiyətini itirmədən tarix boyu davam etmişdir. Tarixdə bir çox dinlər, hadisələr dəyişir, lakin ozan sənəti dəyişməz bir qanunilik əsasında dəyişənlərə, gəlişənlərə münasibət göstərir. Çünkü hər mütləq xasiyətə sahib olan fitrət dəyişməzdir. İfadə və söyləm şəkli deyişsə də, bu sənətin olaylara, oluşanlara münasibəti dəyişməyən mütləq doğruluğun (həqiqətin) prinsipi ilə ortaya çıxar. Bilindiyi kimi ozanların çoxunun bəzən yazıb-oxumaları da olmamışdır. Bu üzdən də yazılı olayların ozan bilgilərinə təsiri yox kimi görünməkdədir. Ana dilində milli fitrət ozanın dili ilə danışmışdır. Örnəyin, türk milli kimliyi bir həqiqətdir, mütləqdir və ozan sənətinin də qaynağı bu mütləq olana dayanmaqdadır. Bu nədənlə də uzun tarixi hadisələr seyrində bir yönü ilə gizlin olan (bəzi ozan sirləri ustaddan şagirdə eyitim sürəsində ötürülür) ozan sənəti o dəyişməyənlə bir yerdə oldu, onun istəyini haykırdı. Bu konunu burda durdurub, ozan kimliyi üzərinə tarixi incələmədən sonra yenə də mövzuya dönəlim.

***

                 Rəsmi olmayan Türk tarixinin hansı mərhələsi incələnirsə, kəsinliklə orada ozan kimliyi və kültürü ilə rastlanacağıq. Rəsmi tariximizi din mərkəzli istila işğal etdiyi üçün orada milli kimliyin daşıyıcılarından söhbət getməz. Osmanlı üzərinə bir sürü kitablar yazılmış, lakin bu kitablarda Osmanlıların asıb öldürdüyü Pirsultan Abdalların adı keçməz. Ya da Səfəvilərin bu sənətə qarşı saldırısından rəsmi tarix söz etməz. Ozan sənətinin öz əsrarəngiz tarixi var, bu əsrarəngizlikdə (sirdoluluqda) bir çox olayların kodları da barınmaqdadır. Ozan sənəti öz tarixi təkamülündə 4 mərhələ keçmişdir. Bunlardan bəziləri eyni zamanda bir yerdə yaşamış, tələffüz edilmışlər. 4 mərhələ bu şəkildə təsbit edilmişdir: Şaman, Yanşaq, Ozan, Aşıq.

          Şamanlıq mərhələsi hələ də bəzi müsəlman olmayan türk boylarında yaşamaqdadır. (Finlərin milli mitolojisi olan “Kalavela” əsərində də şaman sözü və fəaliyəti keçməkdədir). Ozançılıq bütün tarixi mərhələlərində vücud tərcihini mərifət tərcihindən üstün tutmuşdur. Ozan sənətində vücud mərifətə fəda edilməmişdir. İslamı mərifət kimi qəbul edən Türk siyasi tarixi öyləsinə bu qəbullənmə içinə özünü həbs etmişdir ki, öz vücudu (varlığı) unudulmuşdur. Oysa Ozan sənəti rastlandığı və özümsəmək istədiyi mərifət türlərində əriməmişdir. Bəzən islami istibdadın amansızlığı üzündən bu sənət özünü qoruya bilmək üçün “Əli”, “Həsən”, “Hüseyn”, “qırxlar” kimi ərəb tarixinin macəralarını anladan sözləri tərkibinə almışdır. Lakin bu, ozan sənətinin öz mehvərindən çıxmasına səbəb olmamışdır. Milli-tarixi hissiyatın, təcrübələrin, mənəvi dəyərlərin birikim mərkəzi olan ozan sənəti istər dini, istərsə də qeyri-dini olsun özünü heç bir ideolojinin içinə həbs etməmişdir. Ancaq bunun tərsinə olaraq bir çox Türk-islam imperatorluqları özlərini din qaranlığına həbs edərək, bu həbsxanada boğulub öldülər. Cümhuriyət aydını Cəmil Meriç “Bir mədəniyətin eşiyində” adlı əsərində  “Osmanlı özünü dinin qaranlığına öyləsinə həbs etdi ki, boğulub öldü”,- yazır. Ozançılıq isə mahiyəti etibarı ilə heç bir dini diktatorluğun, qeyri-insani gələnəyin, qadın haqlarını sevməz olan görüşlərin istilasına girmədiyi üçün tarixdəki rolunu davam etməkdədir.  

                 Ozan, günümüzdə “aşıq” olaraq da tələffüz edilməkdədir. Aşıq sözünün ərəbcə olduğunu söyləməkdədirlər. Lakin bu söz quruluş etibarı ilə Türkcə söz olmalıdır. Türk dilində felin əmr formasına “q” və ya “ıq” əkləri (şəkilçiləri, pəsvəndləri) artırılaraq yeni isim düzəldilir. Məsələn, “qaşımaq” məsdərinin əmr şəkli belədir: qaşı + q = qaşıq. “Tanımaq”: tanı + q = tanıq. “Qatmaq”: qat + ıq = qatıq. “Dəlməl”: dəl + ik = dəlik. “Dolaşmaq”: dolaş + ıq = dolaşıq). Türkcənin eyni bu qanununa uyğun olaraq “aşmaq” məsdərinin əmr şəkli “aş” olur. “Aş” əmrinə “ıq” əki artırıldığında “aşıq” sözü düzəlir. Türkcə anlamında “aşıq” yəni maddi sınırı aşmış və məna sınırına qovuşan sənət adamı anlamında olsa gərək. Türkcənin bu məntiqindən yola çıxaraq “aşıq” sözünün Türkcə olduğunu söyləmək mümkün. Digər tərəfdən, “aşıq” tarixi mərhələ olaraq “ozan”dan sonra gəlir. Yəni ozançılığın aşılıb və başqa bir mərhələyə girməsi mənasında da ola bilər.

Ozan ədəbiyatında təsəvvüfi utopiyalardan, fərdi, cəmiyətdən təcrid edib tənbəl həyata sövq edən, yalnızlıqda zikr edib Allaha qovuşma kimi uyduruqlardan əsər yoxdur. Ozan sənəti xalqla təmasda gəlişir. Ozan və dastanların qəhrəmanları xalqın içindəki olayların, mutluluqların, acıların ortamında yetişirlər. Aşıq ədəbiyatının yaşanılır eşqi, gerçək həyatı tərənnümü baxımında Batının (Qərbin) modern şeirinə bənzərliyi söz konusudur. Daima ozan kimliyi və onun yaratdığı əsərlər bir yönü ilə sekular düşüncəyə açıq olmuşdur. Aşıq şeiri və ozan dünyagörüşü yaşayışı o dünya şərtlərinə görə deyil, bu dünya planlarına görə düzənləməyə çalışar. Özəlliklə dastanlarda bu şəkildədir. Dastanlardaki hadisələrin axışı içində doğruluq və ərənlik kimi insani xüsusiyətləri bu dünyaya aidetmə, bu dünyaya gərəkən məfhumlar kimi gerçəkləşdirmə təlaşı vardır. O dünya xürafatı bilgisizlərə, cahil və tənbəllərə, həyatdan bağlarını qoparmış, yaradıcılıqdan mhrum olan dinçilərə məxsusdur. Dastanlarda olayların axışı fərqli psikolojik ortamlar ortaya qoyar. Bu psikolojik ortamlara tam uyğun olan saz havaları ilə mövcud durum, söz və musiqi ilə anladılır. Bu nədənlə də ustad ozanlar olayların psikolojik mahiyətini düzgün təsbit etmək zorundadır. Ozan ədəbiyatında gerçək bilginin tək qaynağı həyatdır, metafizik deyildir. Görülən röyalar, gələcəkdən xəbər vermələr kimi hadisələrin hamısı həyatın sirli özəlliyidir.

***

 

Ozan sənəti, Türk millətinin tarixindəki gəlişmələri milli zəmində bir keyfiyət çatısı altında yozumlamağa, milli hədəfə görə təhlil etməyə çalışmışdır. Bütün kəmiyət planındaki olayları sazla və sözlə estetizə edərək keyfiyət prinsipinə tabe tutmuş, böyləcə də millətin bütün qatmanlarına qazandırmışdır. Ozan sənətinin türk tarixinə münasibəti incələndikdə bir gerçək (lik) ortaya çıxır. Üst düzey siyasi yönətimlərin ümmətçi davranışları bu sənət tərəfindən kəsinliklə qəbul edilməmişdir. Bu qəbuledilməzlik isə sənət dili ilə ifadə edilmişdir. Yəni, özəlliklə Türk-islam tarixini saran və ortaq məxrəcini tapmayan təzadlar ozan sənətində öz ortaq məxrəcini bulmuşdur. Böyük Əmir Teymurun qurduğu dövlətlərin dönəmləri istisna olmaqla Türk-islam tarixinin Türk kimliyinə islam adı altında təhqiramiz baxması ozan sənəti tərəfindən şiddətlə qınanmışdır. Saz havalarının bir çoxu türk-islam tarixindəki bu təzadların ortadan qaldırılışı üçün bəstələnmişdir. Dönəmlərin sosial psikolojisi və tərs gedişat melodiya və sözlə ya təqdir edilmiş, ya da şiddətlə eleştirilmişdir (tənqid edilmişdir). Bu baxımdan Azərbaycanda yayğın olan bəzi saz havaları səciyəvi özəllik daşımaqdadır. “Ruhani-İrfani”, “Baş sarıtel”, “Dilqəmi”, “Yanıq kərəm”, “İrəvan çuxuru”, “Baş müxəmməs”, “Orta müxəmməs”, “Şirvan gəraylısı”, “Dübeyti” kimi havalar daha çox katarsisi, iç dünyanın arınmasını, daxili yüksəlişi, əxlaqi dəyərləri konu almaqda ikən, “Osmanlı divanı”, “Döşəmə Koroğlu”, “Paşaköçdü”, “Qaraçı”, “Dəli Koroğlu”, “Cəngi Koroğlu”, “Qəhrəmani”, “Koroğlu müxəmməsi”, “Misri” kimi havalar ictimai-tarixi hadisələri mövzu olaraq ələ almışdır. Saz havalarında mövcud olan bəzi havalar keçmiş tarixi dönəmlərin sosial-milli istəklərini, amaclarını öz yapısında barındıraraq günümüzə ulaşdırmışdır. Örnək olaraq “Osmanlı divanı”nı ələ alalım. XIII əsrin sonu, XIV əsrin əvvəlləri türk tarixi üçün önəmli bir mərhələdir. Səlcuqlu dövləti devrilmiş və türk siyasi tarixi boşluq içinə girmişdir. Böylə kritik bir dönəmdə Ərtoğrul bəyin oğlu Osman bəy, Türk millətini dövlət çatısı altında birləşdirmək üçün səfərbər edir. Osman bəyin şəxsiyətinin cazibəsi türk ulusunu bütünü ilə etkilədiyi üçün, ozan sənəti də Osman bəyin çalışmalarına öz xeyir-duasını verəcəkdir. Osman bəyin nəcib və cazibəli şəxsiyəti səbəbi ilə ona Osmancıq da deyirdilər. Buradaki “cıq” əki Osman bəyin dövlət adamlığı sifətindən başqa onun nə qədər incə davranışlı, əxlaqı məziyətlərinin yüksək olduğunu göstərməkdədir. “Osmancıq” tələffüzü, Osman bəyin türk ulusu tərəfindən nə qədər sevgi ilə qarşılandığını göstərməkdədir.

                 Osmanlı dövlətinin quruluşu türk tarixində çox önəmli və dəyərli bir hadisədir. Şübhəsiz ki, böylə bir hadisəyə ozan sənəti laqeyd qala bilməzdi. Osmanlı dövlətinin tarix səhnəsinə çıxmasını ozan sənəti bir neçə saz havası ilə övəcəkdi. Onlardan ən önəmlisi “Osmanlı divanı” havasıdır. XIV əsrin əvvəllərində Türk millətinin içində çağlayan həyəcan və fütuhat psikolojisi ən anlaşılır şəkildə “Osmanlı divanı”nda öz əksini tapmışdır. Öz nəfsində dövlətçilik idealını və dövlət qurma iradəsini daşıyan türk millətinin böyümə arzuları “Osmanlı divanı” havasına yansımışdır. Türk millətinin bağrından qopup və böyük bir missionu öz üzərinə götürən Osman bəy, ozan sənətinin düşlədiyi ideal türk insan tipi kimi tarixə qədəm qoymuşdur. Osman bəyin iqtidarından başlayaraq, ümmətçilik dövrünə qədər onun varisləri, ozan sənəti tərəfindən təqdir edilmişdir. Osmanlı dövləti ümmətçilik aşamasına girdikdən və öz soyunu aşağılamağa başladıqdan sonra ozan sənəti açıqca Osmanlı ilə savaşa başlamışdır.

                 Türk tarixinin əcayibliklərindən birisi də budur ki, türklər min müsibətlə dövləti qurduqdan sonra onu başqa etnoslara qapdırmışlar. Osmanlı dövləti yunan, serb, arnavut hərəmxana qadınlarından törəyən qrupun əlinə keçdikdən, türk dili yönətimdən uzaqlaşdırıldıqdan sonra ozan sənəti, Osmanlının bu tutumunu ortadan qaldırmaq amacı ilə “Koroğlu” dastanını yaratmışdır. Osmanlıya alternativ mitolojik qəhrəman olan Koroğlunun, demək olar ki, bütün savaşları Osmanlıya qarşıdır. Babi-aliyə (Osmanlı sarayı) və Ali-qapuya (Səfəvi sarayı) alternativ məkan kimi rəmzləşdirilən Çənlibeldə bütün yasalar türkcə və hakim olan biricik dil də türk dilidir. Harada zülm altında inləyən bir türk varsa, özünü Çənlibelə çatdıraraq azad həyatını həm qazanır, həm də azadlıq uğruna savaşçı olur. Çənlibeldə dini qanunlar keçərli deyildir, insan ağlının məhsulu olan insani qanunlar keçərlidir. Qadınlar çarşaf örtməyə, qaranlıqlara batmağa zorlanmır. Orada qadın haqları savunulur və qadın-kişi eşitliyi mövcuddur. Bu dəyərlərin qorunması üçün isə qadınlar da Çenlibelin dəliləri ilə bir yerdə, gərəkdiyində, düşmənlə savaşırlar. Əslində burada düşmən də özgə deyildir. Düşmən ya Osmanlıdır, ya da Səfəvi. Onların düşmən oluşlarının səbəbi isə öz soylarına dönük çıxmaları, öz kimliklərini sevməmələridir. Çənlibel, Türk milli ruhunun mərkəzi olan xəyali bir məkan kimi rəmzləşdirilmişdir. Osmanlı ümmətçiliyi Pirsultan Abdal kimi ozan sənətinin söz ustalarını öldürdükcə ozanlar xəyal aləmində Osmanlıdan intiqam alır və Koroğlunu intiqam səfərləri üçün Osmanlı paşalarını öldürməyə göndərir. Osmanlı yönətimində kimliyi aşağılanan türk xanımlar və bəylər isə Çənlibelə sığınır, Koroğlunun yanında Osmanlıya qarşı savaşırlar.

                 Ozan sənətinin Səfəvi cəhalətinə, Səfəvilərin türk millətinə etdiyi zülmə qarşı da mübarizəsi həm gerçək tarixdə, həm də dastan şəklində olmuşdur. Səfəvi dövlətinin quruluşunda daha çox Osmanlının “ətraki bi idrak” adlandırdığı qızılbaşlığın rolu olmuşdur. Qızılbaşlığın doğuşu və siyasi mübarizəyə qatılışı Anadoludaki sosial-politik olayların nəticəsidir. Onun Azərbaycanla ilişkisini sadəcə Şeyx Cüneydin və Şeyx Heydərin Ərdəbilli olması ilə bağlayırlar. İsmayılın qardaşı Şeyx Əlini də nəzərə alsaq, İsmayıl dönəmində artıq dördüncü nəsl olaraq onlar Ərdəbildən ayrılmışdılar. Səfəvi dövlətini quranlar da təmiz türklər olmuşdur. Ancaq Səfəvi dövlətinin quruluşu ilə eyni zamanda Türk Dünyasının həm coğrafi irtibat, həm də mənəvi ilişkilər baxımından parçalanma sürəci başlayacaqdı. Sadəcə Türklük deyil, islamiyət də bütünlüyünü itirəcəkdir. Türküstandan, Azərbaycandan Anadoluya və tərsinə olan insan axınlıarı və mənəvi münasibətləri fars milliyətçiliyi mərkəzli şiə-islam anlayışı durduracaqdı. Nəticə etibarı ilə də farsların Səfəvi dövlətinin quruluşu ilə eyni zamanda yüksəliş dönəmləri başlayacaqdı. Şah İsmayılın farslaşdırma siyasəti sadəcə “Şahnaməni” öz fikir kitabı olaraq seçib, evladlarına “Şahnamə” qaynaqlı adlar verməklə sınırlanmayacaqdı. “Şah İsmayıl başına tac qoyduqdan sonra “Lalalıq” kurulunu qaldırmış və yerinə “Vəkili nəfsi hümayun” gətirilmişdi. Şah İsmayıl dövlətin quruluşundan 6 il sonra 1508-ci ildə Şamlu Hüseyn beyi lalalıq görəvindən almış və yerinə bir fars oturtdu. Bu tarixdən etibarən fars ünsürü ortaya girmiş, quruluşunda heç bir qatqıları olmayan aristokratik ailələr, ortodoks şiə üləma aracılığı ilə gələnəksəl rollarını oynamağa başlamşılar. Yönətimə qatılacaq və sonra kəndi inanc, dil, kültür və deneyimləri ilə ələ keçirəcəklərdi... Qızılbaş bəylərin etkisini azaltmağa yönəlik Şah İsmayılın bu davranışı bir İran dövləti yaratmağa yönələn ilk bəlirtilər idi. 1508 - 1524 illəri arasında 5 şah vəkili fars bir-birini izlədi. İsmayıl, şah vəkilini qızılbaş ordusunun başkomutanı əmir-ül üməranın səlahiyətinə eşit qılmışdı. Şah İsmayılın bu davranışına etiraz olaraq qızılbaşlar 5 vəkildən üçünü öldürdülər”. (“YOL” dərgisi, № 19,  İsmail Kaygusuz “Aleviliğin kizilbaş siyasi hareketi ve Şah İsmail”. Ankara, “Hüseyin Gazi” derneği yayınları). Şah İsmayılın “Mehdi” olması ilə bağlı bir sürü təbliğat edilmiş və onun heç bir zaman yenilməyəcəyi vurğulanmışdı. Lakin Sultan Səlim onu məğlub edib tac-taxtını İstanbula apardıqdan sonra bu inanc da ortadan qalxdı.

Siyası adı qızılbaş olan Anadolu ələvilərinin fiqh, dini hüquq kitabları olmadığı üçün şiə fiqhi və hüquq anlayışı türklərin qurduğu imperatorluğu ələ keçirib və farslara təslim etdi. Daha sonra Böyük Nadir Şah səfəvizmin gətirdi bu fəlakəti (sinəzənlik, zəncirzənlik, məhərrəmlik oyunbazlığı və s.) ortadan qaldırmaq istəsə də, müvəffəq ola bilmədi və şiə terorizmi Nadir Şaha qəsd etdi.

                 Xalqı təmsil edən ozan sənətinin səfəvizmlə qarşı-qarşıya gəldiyini bir neçə örnəklərdə müşahidə etmək mümkündür. Lakin ən açıq örnək Aşıq Abbas Tufarqanlının Şah Abbas Səfəviyə qarşı qətiyətli mübarizəsidir. Xalqın Səfəvi kimliyinə qarşı nifrəti Aşıq Abbas Tufarqanlının timsalında ortaya çıxar. Bu tarixi gerçək hadisəni dastanlaşdıran ozan sənəti bir daha göstərmişdir ki, millətin yazqısı ilə irtibatda olan olaylara münasibətsiz qalmamışdır.

                 Hadisə bu şəkildə baş vermişdir: “Şah Abbas, İsfahana daşınırkən köçü seyr edən Tufarqanlı Abbasın arvadı Gülgəz xanıma gözu sataşar, dünya gözəli olan Gülgəz xanımdan xoşlanar və onu zorla İsfahana aparıb özünə arvad etmək istər. Gülgəzi şahın əmri ilə aparırlar. Aşıq Abbas Tufarqanlının mübarizəsi bundan sonra başlar. Bu ədalətsizliyə qarşı və öz halal arvadını əldə etmək üçün heç nədən çəkinmədən İsfahana yola düşər. İsfahanda Tufarqanlı Aşıq Abbası tutuqlayıb bir quyuda zindana salırlar. Bu hadisədən xəbərdar olan Gülgəz bir neçə kənizlə bir yerdə gəlib quyunun başından, dərinlərdə olan Aşıq Abbas Tufarqanlını görmək istər, lakin quyu çox dərindir və heç bir şey görünmür. Gülgəz kiçik bir daş atar quyuya ki, gəldiyini bildirmiş olsun. Bunu hiss edən Tufarqanlı Abbas bu ünlü qoşmasını o qaranlıq quyuda söylər:

“Yaşa, sevdicəyim, yaşa

Yazılanlar gələr başa

Bir yandan özün bas daşa

Bir yandan el car eyləsin”.

Həm də quyuda həbs olunmasına baxmayaraq hədəfindən də vaz keçməyəcini ordaca vurğular, ilqarından dönəni Tanrıya həvalə edər:

“Abbas ağlar zarı-zarı

Getməz könlünün qübarı

İlqarından dönən yarı

Tanrı tez bazar eyləsin”.

Burada anası da Mazəndəranlı fars olan Şah Abbas, türk düşməni olan bir yabancı, Gülgəz, fars mahalına daşınan Azərbaycanın cəvahiri, Tufarqanlı Aşıq Abbas isə Azərbaycan-türk kimliyinin və zənginliyinin qoruyucusu kimi ortaya çıxmaqdadır. Tufarqanlı Abbas özəl və milli həyatındaki bütün bu fəlakətlərə rəğmən, tarixi bir insan tipi kimi böyük səbr və təmkinlə öz mübarizəsini yalnız maddi planda deyil, əxlaq və mənəviyat planında da sürdürməkdədir. Şübhəsiz ki, başkəndin Təbrizdən İsfahana daşınması Osmanlının Təbrizə girməsi üzündən deyildi. Bu hadisə Çaldıran savaşından sonra baş vermişdi. Şah Abbas zamanında fars dili və fars gizlin planı yönətimi ələ keçirmiş, qızılbaşlıq da ləğv edilmişdir. Ozanlıq, sənət olaraq daima türk kimliyini təmsil etmişdir. Tufarqanlı Abbasın İsfahanda həbs edilməsi türk dilinə, kimliyinə tətbiq edilən zorakılıq kimi görünməkdədir.

                 Bütün bu söylənənlərdən yola çıxaraq, islam sonrası türk tarixində iki şəxsiyət tipi ilə qarşılaşılır: haramlığın, zülmün, yalanın, çirkinliyin, əxlaqsızlığın təmsilçisi olan din xadimləri müctəhidlər və halallığın, ədalətin, doğruluğun, gözəlliyin, əxlaqın təmsilçisi olan sənət adamları ozanlar. Bu iki zidd qavramlar bugün “Molla” və “Aşıq” şəklində tələffüz edilməkdədir.

Finlandiya

                                          05.03.06