Güntay Cavanşir

 

Milli kimliyin yüksəlişi və Babək Xürrəmdin

 

1. Aydınlanma hərəkəti

2. Şübhə artarsa, həm yəqin artar.

3. Babək Xürrəmdin dönəmi.

4. Nədən Babək Xürrəmdin?

5. Mürtəza Mütəhhəri : “Babək” adı.

6. Babək və Koroğlu şəxsiyyətlərinin eyniliyi

7. Şeir

 

 

                                   1. Aydınlanma hərəkəti

Güney Azərbaycan Milli Hərəkəti, milləti öz varlığının aydınlığına bürümək anlamındadır. Bu, Azərbaycan tarixi baxımından aydınlanma çağı olaraq anlaşılmalıdır. Aydınlanma çağlarında millətlər, dini doqmalara, ehkamlara qarşı düşüncə planında mübarizə aparmışlar. O doqmalar ki, insan mənəviyyatını və əxlaqını çarmıxa çəkmiş, insanı sərt yasaqları ilə aşağılamışdır. Bu mübarizə prosesində daha əski tarixlərdə mövcud olan təcrübələrdən də yararlanılmışdır. Örnək olaraq Avropada Renesans və Aydınlama hərəkətləri əski Yunan  fəlsəfi ağlına müraciətlə başlamışdır. Hətta islamın da aydınlanma çağı olaraq təsbit edilən VIII əsrin ikinci yarısından IX əsrin birinci yarısına qədərki zaman dilimi əski Yunan fəlsəfəsindən və elmindən yararlanaraq gerçəkləşmişdir. Bu dönəmdə daha ussal (əqli) məzhəb olan Mötəzilə, əski Yunanın zehni birikimlərini, nailiyyətlərini ərəb dilinə tərcümə etmişdir. İnsan ağlına verilən bu əhəmiyyət səbəbi ilə islam dünyasında fikri planda sıçrayış ortaya çıxmışdır. Mötəzilə kimi bir məzhəbin rəsmi dövlət ideolojisi olmasının və daha sonra da onun yasaq edilib və qaranlıq çağa gömülmənin səbəbinin Babək Xürrəmdinlə də əlaqəli olduğunu söyləmək mümkündür. Azərbaycanda Təbriz mərkəzli aydınlanma çağının başladığı bir dönəmdə milli dildə bilgilənmə və əqli imkanları genişlətmə ehtiyacı ortaya çıxmışdır. Bu ehtiyaca səbəb olan nə imiş? Bu sualın bilinən və bilinməyən cavabları ola bilər. Bilinən cavab bundan ibarətdir ki, aydınlanma və zehni imkanları dərinləşdirmə bütün millətlərin yazqısıdır (aqibətidir). Bu yazqını yaşamayan toplumlar tarixdən silinməyə məhkumdurlar. Ancaq bəlli zaman-məkan şərtlərinə görə aydınlanma sürəci fərqli millətlərdə müxtəlif tarixlərdə başlamışdır.

 

2. Şübhə artarsa həm yəqin artar

 

Aydınlanmanın zamanını bəlli edən isə “şübhə” olmuşdur. Nə zaman fəlsəfi şübhə bir millətin ağlına girmişsə, aydınlanma da o andan etibarən ortaya çıxmışdır. Şühbə, zehni və əqli dərinləşmənin dinamikasıdır. Aydın insanın missionu toplumda şübhə oyatmaqdan ibarətdirsə, aydınlanmanın da əsasında şübhəci bir devingənlik (hərəkətlilik) durmaqdadır. Şəkkakiyyət, təkamülün yol göstəricisidir. Bunu böyük filosof və şair Hüseyn Cavid “Şeyx Sənan” dram əsərində bu şəkildə anlatmaqdadır:

 

“Şübhə artarsa, həm yəqin artar

Mərifət nuru şübhədən parlar

Şübhədir hər həqiqətin atası

Şübhədir əhli-hikmətin anası.”

 

Bu gün vətənimizdə dərin fəlsəfi bir şübhə insanların ağlını işğal etmişdir. Bu şübhə böyüyüb, genişləyib toplumun bütün qatmanlarına (təbəqələrinə) endikcə cavab verilməsi gərəkən sual ortaya çıxır. Bu suallara verilən cavablar prosesində milli düşüncə tarixi də araşdırılır. Tarixdəki bəzi təcrübələrdən yararlanma ehtiyacı ortaya çıxır. Türk millətinin dini dönəmə girişi təhqiq və tədqiqlə gerçəkləşməmişdir. İslamın qəbullənməsi iki yolla olmuşdur:

 1. Yazıb-oxuması olmayan və qənimət üçün savaşıb adam öldürən, Qurandan yalnız “Qutilu fi səbillullah!”  (“Öldürün Allah yolunda!”) və “Qutilu la yominuun!” (“Öldürün mömin olmayanları!”) kimi ayələri adamları  öldürüb, mallarını almaq üçün əzbər bilən işğalçı müsəlman-ərəb ordularının qılıncı hesabına islam qəbul edilmişdir.

2. İslam haqqında bilgisi olmayan, ancaq böyüyən dövlətinin siyasi mənafeyi üzündən müsəlmanlaşıb və türk millətinin də müsəlmanlaşmasına əmr verən türk sultanları hesabına müsəlmanlıq sürətlə yayılmış və türk millətinin kimliyini həzm etməyə başlamışdır. Türk kimliyinin məntiqindən yola çıxaraq, bir milli projə ilə islamı qəbul etmək daha da faydalı ola bilərdi. Örnək olaraq ilk müsəlman türk dövlətinin sultanı Satuq Buğra islamın Hənəfi məzhəbini qəbul etdikdən sonra gördüyü ilk iş türkcə olan adını dəyişdirib ərəbcə ad almışdır. Satuq Buğra adını atıb, Abdulrəhman adını tərcih etmişdir (!). Güya bu vəsilə ilə müsəlmanlaşmışdır. Bir çox bu kimi örnəklərdə olduğu kimi, türk milləti islamı öz (cövhər) olaraq deyil, zahir olaraq qəbul etmişdir. Heç bir zaman da islamı cövhər olaraq anlaya biləcəyi sanılmır, çünkü islamın dili ərəbcədir. Ərəb dilinin grammatikasına bələd olmayan adam Quranın nə zahiri estetikasını, nə də məzmununu anlaya bilər. Hər bir inanışın və ya düşüncənin öz  (cövhər) olaraq qəbul edilməsi üçün onun araşdırılması, təhqiqdən sonra qəbul edilməsi gərəkməkdədir. Əslində isə nə Məhəmməd, nə Əli, nə Əbubəkir və nə də bu kimi adların islamla bir əlaqəsi yoxdur, çünkü islam gəlmədən öncə də onların adı bu şəkildə idi, islamdan sonra bu isimlər onlara verilməmişdir. Bu adların hamısı ərəb dilinin, ərəb kimliyinin göstərgəsidir. İslamı kimlik daha sonra bu adlara yüklənmişdir. Hətta müsəlman olmayan Məhəmməd peyqəmbərin atasının adı Əbdulla idi. Bu adlar dini kimlik deyil, ərəb kimliyi daşımaqdadırlar.

                 Bütün bu tarixə və onun mahiyyətinə qarşı aydınlanma çağını yaşayan Güney Azərbaycanın səyyal, dialektik zəkasında şübhə ortaya çıxmışdır. Şübhənin yaranması, olayın inkarı anlamında deyildir, onun araşdırılması və müsbət dəyərlərin tədqiqlə qəbul edilməsi və bizi içimizdən məhv edən dini və qeyri dini ənənlərin isə sökülüb atılması deməkdir. Bu şübhə üzərinə professor Məhəmmədtəqi Zehtabi, İslam dönəmi tarixi incələməyə ehtiyac hiss etməmişdir. Çünkü türk-islam tarixi mahiyyəti etibarı ilə milli şüurun inkişafına xidmət etməməkdədir. Bu dönəmin məzmunu ərəb-fars kimlikli,  siyasi gövdəsi isə zahirən türklüyü ifadə edən, itirilmiş milli həyatdır. Digər tərəfdən, Zehtabinin İslam öncəsi türk tarixinə önəm verməsinin bir səbəbi də bu şəkildə ola bilər ki, aydınlanma çağlarında din otoritəsinin, din təcavüzkarlığının daha öncəsinə getmək təbii bir ehtiyacdır. Millətlər, özəlliklə etnik tarixini bilmək istərkən, dinlərin, xalqları ümmət adı ilə yoğurub bir-birinə qarışdırmasına  etiraz olaraq, dinöncəsi tarixə müraciət etməyə ehtiyac hiss etmişlər. Ümmətçilik dönəmində türk milləti öz etnik biçimini itirmə prosesini yaşamışdır. Etnosun dili arxa plana edilmiş, dəyərləri aşağılanmışdır. Bu gün Güney Azərbaycanda etnosun fikri və hissi böyüməsi sürəcində ümmətçilik dönəmində ortaya çıxan antimilli alışqanlıqlara, vərdişlərə etiraz aksionu ortaya çıxmışdır. Bu etiraz, millətin ən dərin ruhi, hissi və fikri qatlarından qaynaqlanmaqdadır. Azərbaycan-türk milləti öz milli coğrafiyasında tarixini araşdırarkən, çox qısa müddətli olmasına rəğmən cəsarət, şərəf, böyük millət olma örnəyi olan bir dönəmlə qarşılaşmaqdadır.

 

 

3. Babək Xürrəmdin dönəmi

 

Milli dövlətimiz olmaması səbəbi ilə bu dönəm üzərində də fars faşizmi saxta tarix teoriləri uydurmuşdur. Fars şovinizmi əsas olaraq Babəki fikri baxımdan Məzdəkçiliyə və irqi baxımdan Sasanilərə bağlamağa çalışmışdır. Bu tezis üzərinə təbliğatlarını yürütməkdədirlər. Güya Babəkin atası Sasanilərin paytaxtı Tisfondan Qaradağa gəlmiş və sonra da Babək “İran”lıların ərəblərə qarşı apardığı mübarizənin rəhbərliyinə yüksəlmişdir! Əlbəttə ki, hər olayı Sasanilərə bağlamaq fars şovinist tarixçilərinin alışqanlıqlarıdır. Ancaq onlar bu sualı ümumiyyətlə ortaya qoymurlar ki, Babəkin atası o zaman nədən Mədayindən Qaradağa gəlmiş və necə olmuş ki, qısa bir müddətdə Azərbaycan əhalisinin kültürü ilə qaynayıb qarışmış, sonra da Azərbaycan türklərinin  xilafətə  qarşı savaşında hərəkətin başına keçmiş? Azərbaycan xalqı nədən bir yabancıya güvənib onu özünə rəhbər seçmişdir? Əlbəttə ki, fars faşizminin bu uyduruğunu aydınlanma çağını yaşayan Azərbaycan zehniyyəti qəbul edə bilməz. Türkiyə Cümhuriyyətinin rəsmi tarix kitablarında da Əfşinin türk, Babəkin isə türk olmadığı savunulmaqdadır. Türkiyədə şəkillənən bu tarix zehniyyətinin səbəbi Atatürkün ölümündən sonra islamçı tarix teorisinin atatürkçü tarix teorisini dışlayıb və tarix qurumlarını işğal etmə çabasının nəticəsində olsa gərək. Ortada müsəlman olan Əfşin və müsəlman olmayan Babək var. Müsəlman tarixçi, dini simpatisindən yola çıxaraq Əfşini tərcih etməkdədir. Ancaq elmin heç bir hissiyata dayanmaması gərəkməkdədir. Əfşinin türk olduğunu isbatlamaları üçün yetərli dəlilləri yoxdur. Atatürkçü tarix tezisi Osmanlı tarix tezisinə qarşı ortaya çıxan bir sistemdir. Atatürkçü tarix tezisi, türk tarixini bir bütün olaraq anlar. Etnik təşxisdə din bəlirləyici rol oynamaz. On il Türk Dil Qurumunun başqanlığını yapmış böyük dilçi və fikir adamı Macit Gökbərk “Dəyişən dünya, dəyişən dil” kitabında belə yazır : “Mənim quşağım (nəslim) ilk oxulu padşahlıq dönəmində oxumuşdur. Yalnız Osmanlı tarixini oxutdular. Osmanlıdan öncə Anadoluda səlcuqların da olduğunu oxul dışında sonradan öyrəndik”. Macit Gökbərkin söylədiyi, məsələn, Səfəvilərə də aiddir. Səfəvi tarix anlayışı da yalnız şiə tarixinin öyrənilməsinə həsr olunmuşdur. Atatürkçü tarix tezisi bunlara qarşıdır. Türk milləti mədəniyyət planında bir bütündür və türk tarixi bu bütünlük anlayışı bağlamında ələ alınmalıdır.

Biz, Babək Xürrəmdini özbə-öz, soyba-soy Azərbaycan türkü, Azərbaycan türk tarixinin parlaq dönəmi olaraq qəbul edir, günümüzdəki fars faşizminə qarşı mübarizəmizdə onun ulu ruhundan güc alırıq.

 

 

4. Nədən Babək Xürrəmdin?

 

Babək Xürrəmdin, Güney Azərbaycan Milli Hərəkətinin sanki yaşayan rəhbəri kimi millət tərəfindən sevilməyə başlamışdır. Babək Xürrəmdinin istiqlal idealına sarılma, əslində öz soyu üzərində dərinləşmək, kimlik kodlarını axtarmaqda qərarlı olan millətin iradəsini yansıtmaqdadır. Babək Xürrəmdin 23 il dünyanın ən böyük imperatorluğu ilə həm hərbi, həm də fikri planda mübarizə aparmış, Bizans imperatorluğu və bölgənin digər kiçik, böyük dövlətləri ilə geniş miqyaslı diplomatik əlaqəyə girmişdir. Babək Xürrəmdini məğlub etmək Abbasi xilafəti üçün önəmli hədəf idi. Çünkü onun Mərkəzi Asiyaya uzanması üçün Babək mane olmaqda idi. Bir çox savaşlarda məğlub olan Abbasi ordusu Babəkin strateji və taktikalarına heyran qalmış, onların inanclarının nə olduğunu öyrənməyə ehtiyac duymuşdur: Azərbaycanda yayğın olan “Şirvinlik” inancı nədir ki, müsəlman ordularına qarşı Azərbaycan türklərini bu şəkildə gücləndirməkdə idi? Bu suallara cavab vermək üçün xilafət daha rasional bir məzhəbə ehtiyac duymaqda idi. Abbasi imperatorluğunun çevrəsindəki inancları araşdırıb, onların mahiyyətini dərk edəcək bir məzhəb lazım idi. Bu səbəbdən Babəkiliyin az qala xilafəti devirdiyi bir ortamda Mötəzilə məzhəbi dövlətin rəsmi ideolojisinə dönüşdü. Babəkin məğlubiyətindən sonra da Mötəziləyə ehtiyac qalmadı. Daha fundamental olan Əşəri məzhəbi xürrəmilərin məğlubiyyətindən qısa sürə sonra iqtidara daşındı. Babək Xürrəmdinin dönəminə aid heç bir əsər qoymamışlar qalsın, hər şeyi məhv etmişlər. Yalnız müsəlmanların yazdığı rəddiyyələrdə Babək haqqında bilgi vardır. Yəni babəkilərin inanclarından örnəklər gətirib və sonra da onları rədd edən müsəlman tarixçilərin yazdıqları az-çox qalmaqdadır. Müsəlman tarixçilərin islam məntiqi əsasında pislədiyi babəkçilik nə kimi mahiyyətə sahibmiş?

Babək Xürrəmdin, müsəlmanların erkək Allaha inanmalarını anlaya bilmirdi. İslamda Allah dişi deyil, cinsiyətsiz də deyildir. İslamın Allahı erkək soyludur. Quranda “hüvə” (o) zəmiri erkək və “həyə”(o) zəmiri dişi cinsiyyəti bildirməkdədir. “Hüvəl- əvvəl, hüvəl-axər” (“O əvvəldir, o axərdir”) kimi ayələrdə Allah erkək varlıq kimi görünməkdədir. Müsəlman inancında Allahın erkək karakterə sahib olması nədəni ilə qadın da ikinci dərəcəli insan ya da erkəklərin istifadə etməsi gərəkən əşya kimi anlaşılmaqdadır. Ancaq Babəkilərdə yayğın olan Şirvinlik inancında qadın-kişi bərabərliyi mövcud idi. Şirvinlik inancında Tanrı cinsiyyətsizdir, yəni nə erkəkdir, nə də qadın. O tamdır, bütündür. Bu inanc dolayısı ilə Babək zamanında qadın-kişi bərabərliyi mövcud idi. İctimai haqlar baxımından, qalıtımlıq (varislik) baxımında hər şey qadın və kişi arasında eşit şəkildə paylaşılırdı. Məsələn, bir ailə başçısı öldüyündə, onun maddi var-dövləti qız evladla oğlan evlad arasında bərabərcə paylaşılırdı. Islam bu bərabərliyi ortadan qaldırdı. Xürrəmilərdəki qadın-kişi bərabərliyini müsəlman tarixçilər öz inanclarına sığdıra bilmədikləri üçün Xürrəmilərə töhmət və iftira atmağa başlamış, onları əyyaş, oğuşsuz (ailəsiz), əxlaqsız adlandırmış, qadınların paylaşıldığını yazmışlar. Ancaq tarixi verilərə görə, o zaman Azərbaycanda oğuş (ailə) sistemi formalaşmışdır. Ailə sosiolojisində 3 mərhələ təsbit edilmişdir: 1.Poliqamia (seksi kommunizm, yəni bir qadin bütün erkəklər, bir erkək bütün qadınlar üçün) 2. Düalqamia (bir kişiyə bir neçə qadın). 3. Monoqamia (bir qadın və bir kişi). Azərbaycanda ailə sisteminin daha erkənlərdə şəkilləndiyi tarix elmi üçün bəllidir. Bu səbəbdən müsəlmanların Babəkilər haqqında yazdığı, sadəcə dini təəssübkeşliyə dayanmaqdadır. Babək Xürrəminin qadın haqları anlayışını müsəlmanlar əyyaşçılıq və əxlaqsızlıq olaraq görmüşlər. Daha sonralar modern dünya, Xürrəmilərin qadın haqları anlayışı uğruna mübarizə aparacaqdır.

İslam tarixində istibdad (despotizm) və din paralel olaraq gəlişmişlər. Din istibdadın və istibdad isə dinin yardımına gəlmişdir. Babək Xürrəmdin qurduğu Qaradağ  mərkəzli cümhuriyyətdə feodalizmin və istibdadın ortadan qaldırılmasını hədəfləmişdi. Din, istibdadın “mənəviyyatı”nı təşkil etmişdir. Xilafətin bu siyasəti də Xürrəmilər tərəfindən şiddətlə tənqid edilməkdə idi.

Müsəlman tarixçilər Babəkin ordusunun çox düzənli və teknik baxımdan mücəhhəz olduğunu yazmaqdadırlar. Babək bu düzən və teknik təchizat hesabına dünyanın ən böyük imperatorluğu ilə hərbi savaş aparmaqda idi. Bu nə deməkdir? Bu  o deməkdir ki, Xürrəmilər zamanında Azərbaycanda hərbi teknik ürətəcək (tolid edəcək) mərkəzlər mövcudmuş. Yəni Babəkin ordusunun silahlarını təmin edən mərkəzlər olmuşdur. Məsələn qılınc, ox düzəltmək üçün dəmir əritmə, demirçilik sənəti gəlişibmiş. Xüsusən memarlıq sənətinin Babakilər zamanında çox gəlişdiyinə, Kəleybərdə bu gün də varlığını qoruyan Babək Qalası vasitəsi ilə tanıq olmaqdayıq. Əsrlərin keçməsinə rəğmən, küləyin, yağışın qarşısında varlığını sürdürən bu qala göstərir ki, o zaman həm memarlıq, həm də tikintidə istifadə edilən, hətta kimyəvi maddələr haqqında bilgi yüksək düzeydə imiş. Ancaq bütün bu mədəniyyət ünsürləri müsəlmanlar tərəfindən məhv edilmiş və bilim adamları, mühəndislər əsir olaraq ya öldürülmüş, ya da ərəb ölkəsinə aparılmışdır.

Babək Xürrəmdinin islamla deyil, ərəb imperatorluğu ilə savaşdığını yazırlar. Lakin bu baxış doğru deyildir, çünkü islam da ərəb imperatorluğunun rəsmi ideolojisi idi. İslam müsəlmanlara “cəhad” adı ilə təcavüz mekanizmini asanlaşdırırdı. Bu üzdən də Babək həm xilafətə, həm də onun inancına qarşı savaşırdı.

Babək Xürrəmdinin ordusunun içində ərəblərin də olduğunu tarixçilər yazmaqdadırlar. Bunlar xilafətin zülmündən Babəkə sığınanlar idi. Bu da onu göstərir ki, Babək bütün görüşlərə hörmət edən bir şəxsiyyət olmuşdur. Babəklə şiə arasında yaxınlıq ola bilməzdi. Çünkü şiənin böyük başları xilafətin ən sadiq qulları idi, hətta şiənin imamları Babəklə savaşan müsəlman xilafət ordusunun qələbəsi üçün dua edirmişlər. Şiənin 12 imamı arasında, yalnız Əlioğlu Hüseyn qiyam etmişdir. Hüseynin oğlu Zeynəlabidin, atasının qatili Yəzidlə beyət edib onun əlindən öpdü (o zaman beyət üçün əldən öpülürdü). Səkkizinci imam olaraq bilinən Riza, xilafətin ortağı idi. Riza, Babək Xürrəmdin zamanında Məmunun Xorasandaki vəliəhdi idi. Məmun, öz qızı Ümmihəbib´i vəliəhdi olan Riza ilə evləndirmişdi. İmam Riza öldükdən və ya öldürüldükdən sonra Məmün digər qızı Ümmifəzl`i onun oğlu, şiənin doqquzuncu imamı Məhəmmədtəqi ilə evləndirdi. Məmunun özəl tarixçisi olan İbni-Riyad, Məhəmmədtəqinin Ümmifəzllə evlənərkən toy mərasimi haqqında bu şəkildə yazır: “Sarayın salonlarından yüksək şənlik səsləri eşidilir. Sanki məllahlar (gəmiçilər) şərqi söyləyirlər. Adama elə gəlir ki, xilafətin sarayı böyük bir gəmi kimi hərəkətə keçecəkdir. Teştlərin içində səltənət sarayına gümüş daşıyan kölələr gözə çarpır. Bu teştlər ipək iplərlə çəkilən incə arabalara yüklənmişdir. Mə`mun öz damadı Məhəmmədtəqinin başına müşk və zə´fəran danələri səpir. Bu danələrin hər biri bir məmləkətin qəbaləsinə (sənədinə) bədəldir. Bu danələrdən hər kəs götürə bildi isə, bir məmləkətə kölələri ilə bir yerdə sahib olurdu. Hər kəs bu danələrdən bir və ya bir neçəsini əldə etsə idi, bir anın içində yoxsulluqdan zənginliyin təpəsinə çıxırdı.” Şübhəsiz ki, həyatını zülm yolu ilə qazanılan zənginlikdə keçirən imamlara Babək xoşgörü ilə baxa bilməzdi. Şiənin onbirinci imamı olaraq bilinən Həsən Əskərinin Cəfər adında qardaşı var idi. Ona şiə əhli “Cəfər kəzzab” (“yalançı Cəfər”) deyirdi, çünkü o, Allahın birliyinə and içmişdi ki, qardaşı Həsən Əskərinin “Mehdi” adında oğlu olmamışdır.

 

 

 

5.“Babək” adı

 

 1979-cu ildə İslam İnqilabı gerçəkləşərkən şiənin öndə gələn böyük başları Babək Xürrəmdinlə bağlı münasibət göstərdilər. Əslində onların bu münasibətləri öz fikir və inanc əcdadlarınkından heç də fərqlənmirdi. İslam İnqilabının ideoloqlarından birisi, Mürtəza Mütəhhəri “Panezdəh qoftar” (“Onbeş söyləm”) kitabında Babək mövzusuna toxunmuşdur. Mütəhhərinin bu münasibətini hər il Güneydə Babək Qalasına axın zamanı yaxınlaşdıqca, müxtəlif qəzetlərdə dərc edirlər. Mütəhhəri “Babəkin adı” başlıqlı dəyərləndirməsində yazır:

“İslamiyətə düşmənçilik etmiş, müsəlmanlarla savaşmaqdan başqa heç bir fəziləti olmayan birisnin adını evladımıza qoysaq, məsələn evladımıza ”Babək” adını versək, sabah uşaq böyüdüyündə baxıb görəcək ki, dostlarının adı Həsən, Hüseyn, Əli, Aabbas və Murtəza ikən, onun adı Babəkdir. O zaman çocuq da deyəcək ki, baxım görüm mənim adaşım olan bu Babək kim olmuş? Babəkin sorağına getdikdə isə görəcək ki, bu adamın həyatında cinayətdən, islamla savaşmaqdan başqa heç bir şey olmamışdır.

Babəkin haqqında söylənən təriflərin hamısı yalandır. Babəkin ərəblərlə savaşdığını deyirlər. Nə zaman Babək ərəblərlə savaşmış? Babək ərəblərlə deyil, iranlılarla savaşırdı. Babəki iranlılar öldürdü və onunla savaşda 250.000 iranlı öldü. Ərəblər o zaman kiçik bir irq idi və ərəblərin sayı çox az idi. Babəklə savaşan ordunun komutanı Əfşin adında bir iranlı idi. Əfşinin əsgərləri də tamamən iranlı idi.Gedin tarixi diqqqətlə oxuyun! Görəcəksiniz ki, Babəklə savaşan ordunun bütün şüarları irancadır. Bütün adlar iranidir. Babəklə savaşan iranlıların ”kafir öldürən” adında gürzləri var idi.

Ərəb məsələsi ortada yox idi, Babək, islam və müsəlmanlarla savaşırdı. Mötəsəm xəlifə idi, lakin Babək, Mötəsəmlə savaşmırdı. Əgər iranlılar Babəki islam düşməni bir ünsür olaraq tanımasaydılar, Mötəsəmin yanında yer alaraq Babəklə savaşmazdılar. İranlılar Mötəsəmə nifrət edirdilər, lakin Mötəsəmə nifrət hesabına gəlib Babək kimi bir zındığı təyid etmək istəmirdilər. O zaman inranlılar düşünürdülər ki, əgər Babək və Mötəsəm arasında birini tərcih etmək lazımsa, Mötəsəm Babəkdən daha yaxşı və tərcih olunasıdır.

                 Uşaq böyüdükcə, adının Babək olduğunu görür və istər-istəməz onda öz adaşına bir simpati və hörmət oyanmağa başlayır. Nə qədər bu şəkildə nümunələrdə görülmüşdür ki, belə adlar çocuqları inhirafa, pis yola sürükləmişdir. İslam zarafat-filan qəbul etməz, onun şüarlarını və sınırlarını qorumalıyıq. Ancaq əgər islamı qorumaq kimi bir istəyimiz yoxdursa, o, başqa məsələ. Mən o insanlara xitab edirəm ki, müsəlmandırlar, lakin qəflət və bilməzlik üzündən belə işlər görür, evladlarına ”Babək” kimi sevimsiz ad qoyurlar. Bu qafillər oyanmalıdırlar. Ancaq əgər birisi müsəlman deyil və islamla düşmən isə, bizim belələri ilə bağlı olaraq  başqa sözümüz və məntiqimiz var.”*

          Göründüyü kimi, Babək Xürrəmdinin özgürlük anlayışına qarşı düşmənçilik bitməmiş, davam etməkdədir.

Müsəlmanlar türk millətini ”yəcuc-məcuc” olaraq görürdü. Yəcuc-məcuc Quranda adı keçən əcayib-qərayib insan kimi məxluqdur. Sanki xilqətdəki bir yanlışlıq üzündən yaranmışlar. Bu üzdən də türklərin öldürülüşü üçün hədislər də uydurmuşdular. Yeddi türk başı kəsənin yeri cənnətin yeddinci qatı olacaqmış deyə, müjdələrdə bulunurdular. Babəkin yenilgəsindən sonra Azərbaycan türk mədəniyyətinə və kimliyinə müsəlmanların münasibəti də bu əsas üzrə olmuşdur. Yəni yəcuc-məcuc mədəniyyətindən tarixdə heç bir əsər-əlamət qalmamalı idi.

                 Ərəb müsəlmanlarının Azərbaycanda məhvetmə siyasəti nəticəsində milli dəyərlər kollektiv bilincaltına, mitolojilərə daşınmaq zorunda qaldı.

 

 

6. Babək Xürrəmdin və Koroğlu

 

                 Millətin həyat duyğularını yansıtan dəyərlərə yasaq gətirildiyində, bu duyğular asanlıqla ortadan qalxıb, yox olmaz. Milli həyat duyğuları yaşaya bilməsi üçün özünə mənəvi məkan axtarar. Gerçək məkanda həyat şərtlərini tapmadığında, milli, kollektiv şüuraltına sığınaraq, öz həyatına davam edər və bu zaman daha çox dilin özünü gəlişdirmə meydanı olan mitolojilərə (əsatirlərə) yerləşməyə çalışar. Mitolojilərdə həyat duyğuları fantastik və dərin təxəyyüllə iç-içə girərək söyləncə (əfsanə) şəklini alır.

                 Babək Xürrəmdinin qətlindən sonra müsəlmanların Azərbaycanın milli dəyərlərinə zalımca davranıb məhv etdikləri bir çox qaynaqlarda qeyd olunmuşdur. Müsəlmanlar, sadəcə Babəki və arxadaşlarını çirkin şəkildə edam etmədilər. Həm də bu millətdə istiqlal zehniyyətini doğuran bütün mənəvi, əxlaqi dəyərləri məhv etməyə çalışdılar. Lakin millətin qəhrəmanlıq tarixi olan bu dəyərlər sövqi-təbii olaraq özünü qorumaq istədi. Bu istək üzərinə Azərbaycan tarixinin xürrəmilik mərhələsi epik (həmasi) mitolojilərə yükləndi. Bu epik mitolojilərin ən başda gələni Koroğludur. Koroğlu ilə Babək arasında çox bənzərliklər var. Nədir bu bənzərliklər?

1. Babək Xürrəmdinin gövdə olaraq böyük vücudlu, uzun boylu, enli kürəkli olduğunu yazmaqdadırlar. Bu fiziki xüsusiyyət Koroğluya da məxsus olan özəllikdir.

2. Babəkin anasının bir gözünün kor olduğu qaynaqlarca yazılmışdır. Böyük bir ehtimala görə, Babəkin anasının gözü savaşlarda kor olmuşdur. Koroğlu dastanında isə Rövşənin atasının gözü kor edilmişdir.

3. Həna Əlfaxuri və Xəlil Əlcər “İslam dünyasında fəlsəfənin tarixi” kitabında Babək haqqında bu fikirləri yazmaqdadırlar: “Babək Xürrəmdinin ictimai olaraq iki hədəfi var idi: qadın haqlarını gerçəkləşdirmək və feodalizmi ləğv etmək. Babək öldürüldükdən sonra feodalizm, Azərbaycanda islami dəyərləri də arxasına alaraq böyüməyə başlayır. Feodalizm xəyal dünyasında Babək Xürrəmdindən öz intiqamını almaq istəyir və Rövşənin atasının gözünü kor edir. Yəni hissi və fikri anlamda Babəkiliyin davamı olan koroğluluğun nütfə bağladığı bir zamanda Çənlibelin gələcək qəhrəmanının atası kor edilir. Babək zamanındaki qarşı-qarşıya duran iki cəbhə (Xürrəmilik və feodalizm) öz savaşlarını mitolojilərdə də sürdürür. Daha doğrusu, xalq öz bilincaltında daşıdığı xatirələrini bu şəkildə mitolojiyə yükləyir.

4. Babəkin ordusunda yüksək vəzifədə olan ərənlər və alpərlər əsir düşdükdən sonra xilafətin dəyişik şəhərlərində dəriləri soyularaq öldürülürlər. Bu hadisəyə Koroğlu dastanında da şahid olmaqdayıq. Dəmirçioğlu Dəlihəsən bir savaşda əsir düşür və onun dərisini soyub öldürmək istəyirlər. Lakin dastanda Koroğlu savaşa qatılır və Dəmirçioğlu Dəlihəsəni qurtarır.

5. Babəkin qurduğu Qaradağ mərkəzli cümhuriyyət, tarixi keçmişi etibarı ilə ozan kültürünün beşiyi olmuşdur. Azərbaycan ozan sənətinin Qaradağ məktəbi deyə bir anlayış var. Babəkiliyin əxlaqi, cəsarət və mənəvi dəyərlərini ozanlar musiqi ilə özdeşləşdirərək əbədiləşdirmişlər. Xürrəmilərin Qaradağ mərkəzli cümhuriyyətində mövcud olan ozan sənəti Koroğlu dastanında yüksək səviyyədə öz ifadəsini tapır. Koroğlu həm özü ozandır, həm dəlilərində ozanlıq istedadı var. Həm də savaşçı olmayan ozanlar da Çənlibeldə mutlu həyat sürməkdədirlər. Digər tərəfdən, Qaradağ, Babək Xürrəmdindən 200 il öncə də Dədə Qorqud ozançılığına mərkəz olmuşdur. “Kitabi-Dədə Qorqud”da, Dədə Qorqud sadəcə ozan deyil, şamançılıq özəlliyinə də sahibdir, gələcəkdən xəbər verir. Lakin ozançılıq, kültür olaraq “Kitabi Dədə Qorqud”da özünə məxsus yer almaqdadır. Örnək olaraq Beyrək və digər Oğuz gəncləri saz çalmağı başarmaqdadırlar. Dədə Qorquddan Babəkçiliyə, Babəkçilikdən Koroğluluğa uzanan bütün dönəmlərdə, hətta günümüzdə də Qaradağ öz tarixi kültür özəlliyini qoruyub gəlişdirmişdir.

5. Babəkin mərkəzi qalası Qaradağda yerləşməkdədir. Kəleybərdə yerləşən Qala, xürrəmilərin mərkəzi qərargahı olmuşdur. Bu qalanın zahiri görüntüsü Koroğlu dastanında sözlə rəsm edilmişdir. Koroğlu dastanındaki Çənlibel Qalası ilə Babək Qalası bir-birinə çox bənzəməkdədir. Babək qalasına kənardan baxıldığında gerçəkdən də dərədən yuxarıya doğru uzanan bir adam belini yansıtmaqdadır. İşin çox maraqlı tərəfi bundan ibarətdir ki, Babək Qalasının yerləşdiyi bu belin təpəsi çox zaman dumana, çənə bürünmüş olur. Daima bir tala çən, duman, Qalada və ya Qalanın həndəvərində sürünməkdədir.

         Koroğlu mitolojisində ozan sənətinin miniatürləşdirdiyi Çənlibel adlı xəyali məkanla Qaradağda yerləşən gerçək Babək Qalası məkanı bir-birinə bənzəməkdədir. Çənlibel iki sözdən ibarətdir: “çənli” və “bel”. Bu iki söz birləşib və yeni məna ifadə etdiyində Babək Qalası ilə Çənlibel məkanını birləşdirmiş olur. Tarixi hadisələrin mahiyyətinin milli şüuraltına sığınması, əslində milli dildə yerləşib qalması anlamındadır.

6. İpək Yolu Azərbaycandan keçməkdə idi. Bu üzdən də Azərbaycandan keçən karvanlar xürrəmilərə vergi ödəməli idilər. Vergi verməyənlərdən də zorla alınırdı. Koroğlunun Çənlibeli də İpək Yolu üstündə yerləşməkdədir. Buradan keçən karvanlar Koroğluya “bac” verməlidirlər, çünkü onun vətənindən yararlanmaqdadırlar. Sadəcə olaraq “vergi” sözünü ozan sənəti və mitoloji üslub, öz ifadə tərzinə uyğun şəkildə söylədiyi üçün “bac” sözündən yararlanmışdır. “Koroğlu” dastanında Koroğlu ilə bir bəzirganın qarşı-qarşıya gəlməsi var. Bəzirgan Koroğlunun yurdundan (Azərbaycandan) vergi (bac) vermədən keçmək istəyir. Xeyli söhbətdən sonra Koroğlu elə bir nə´rə çəkir ki, bəzirganın qulaqları tutulur və əli ilə işarə edir ki, al bütün var-dövlətim sənə fəda olsun. Burada, bac alan Koroğlu və qurduğu cümhuriyyətin torpaqlarından keçərkən bəzirganlardan vergi alan Babəkin şəxsiyyəti tam örtüşərcəsinə təzahür etməkdədir.

                 Bütün bu verilərdən yola çıxaraq belə anlaşılır ki, Babək Xürrəmdin  xəyanət nəticəsində yenilgəyə uğradıqdan sonra o zamanki dəyərlər, millətin ruhuna daşınaraq həyatını fərqli şəkildə, dastan qəhrəmanı obrazında sürdürmüşdür.

 

 

***

Qalada şərqi

 

Qalanın başında qaladım tonqal,

Dedim: “Çağlar boyu, dağlar, əsən qal,

Sirrimi saxlasın hər gədik, hər yal,

                    Ruhumu barındır, dolaşdır, dağlar,

                    Gələcək soylara ulaşdır, dağlar!”

 

Qaladan qalaya atımı sürdüm,

Babək Qalasında bir gözəl gördüm,

Nazlıca yarımın saçını hördüm,

                    Mənə -“Sevdicəyim, get savaş!”,- dedi.

                    “Yurd qazan, ölkə al, dağlar aş!”,- dedi.

 

Dağların başında bir qala qurdum,

Qurduğum qalaya güvəndi yurdum,

Dağlardan dağlara bir səs duyurdum:

                    “Bizimdir bu ulu qocaman dağlar,

                    Bizim arxamız ol hər zaman, dağlar!”

 

12.06/2006

 

 



* Tərcüməsini etdiyim bu məqalə islam rejimin ideolojisini təbliğ edən “Meysaq” qəzetindən alınmışdır: Meysaq, şənbə 14 ordibeheşt 1381 sayı 111 s.3