Güntay Gəncalp

Köpəklərin sevişməsi

 

                 Bunları yazmalıyammi? Nədən yazmayım ki? Bu cinayətlər yazılmasa heç bir zaman durmaq bilməyəcək. Bu kimi sualların vicdanımda baş qaldırışı məni yazmağa zorlayır. Yazmalıyam. Özəlliklə Finlandiyada heyvan haqlarını qoruyan dərnəklərin etdikləri işlərə baxdığımda mütləq bunları yazmaq zərurəti vicdanımı sardı. Bu dərnəklər sahibsiz köpəklərə dövlətin sahib çıxmasını, onlara qayğı göstərməsini tələb edirlər, dövlət də bu toplumsal ehtiyaclara diqqət göstərir. İşin çox ilginc yanı budur ki, Avropada bu dərnəklər dövlətdən heyvan haqlarına sayqı göstərməsini istədikləri zaman, İstanbulda və digər islam ölkələrində sifətlərindən qatillik yağan müsəlmanlar küçələrdə sahibsiz köpəkləri onların dini yaşamlarına mane olmasınlar deyə, güllələyib dəstə-dəstə öldürürdülər. Bir çox Avropa ölkələri də müsəlmanların bu vəhşiliyini TV-lərdə xəbər olaraq yayınladılar. Bu görüntülərdən sonra bir çox Avropa qəzetlərində məqalələr yayınlandı ki, heyvan haqlarını qoruma çalışmaları evrənsəl boyut qazanmalıdır. Avropa Birliyi açıq şəkildə Türkiyə Cümhuriyətinə qurban bayramındakı heyvanların amansızca qətl edilməsinə etiraz etdi və Avropa Birliyinə girmək üçün heyvanların qətl mərasimini qurban günlərində əngəlləməsini istədi. Heyvanlar qurban olaraq kəsildiyi zaman dərmanla bədənlərinin hisssiz edilmələri istəndi. Lakin min ildən artıq bu qorxunc gələnəyə alışmış bir toplumu qısa zamanda tərbiyə etmək mümkünmü? Mümkün deyildir. Bu üzdən də yenə qurban günlərində heyvanları boğazlama və bu ölüm səhnələrini nümayış etdirmə islam orta çağının önəmli bir özəlliyi kimi davam edir. Bunu önləyəcək bir yol var: Avropanın güclü olub, islam dünyasını tərbiyə etməsi üçün basqı altında saxlaması. Yoxsa heyvanları boğazlayaraq, onlardan intiqam alarcasına öldürüb və axan qanı nümayişə qoyma kültürünü çökərtmək üçün islamın özündə bir önləmə olanağı və mexanizmi mövcud deyildir. Bu girişdən sonra əsas mövzu olan köpəklərin sevişməsinə keçəlim.

 

***

                 Çox kiçik yaşlarımdan başlayaraq bu hadisəyə bir neçə dəfə tanıq olmuşdum. Kəndin ortasında, ya da kənddən kənarda bir yerdə ilin bəlli fəslində itlər sevişər, seks yapardılar. İtlərin sevişmə və seks yapmasına kütləşmə deyirdik. Yəqin ki, bu kütləşmə “cütləşmə” sözünün deforma edilmiş şəklidir. İtlərin kütləşməsi necə olur? İnsanların tərsinə olaraq heyvanlar, yalnız çocuq doğurma və nəsl artırma üçün seks yaparlar. Bunu da dişi heyvanın bədənindəki dəyişiklik bəlli edər. Dişi heyvan bədənindəki bu ehtiyacı hiss etdiyində erkək heyvana türlü yollarla bildrimiş olur. Dişi it də köpəyə bu halını bildirdiyi zaman köpək təhrik olmağa başlar. Köpəyin penisi qancığın cinsi orqanına girdikdən sonra kütləşmə baş verər. Köpək seks yaparkən penisi qancığın cinsi orqanında şişib böyüməyə başlayır. Köpək bu mərhələdə tam arxaya çevrilərək saatlarca bu şəkildə qancıqla bir yerdə qalar. Köpəyin boşalması bəzən saatlarca davam edir. Bu müddət ərzində köpəyin penisi qancığın cinsi orqanında şişib uzanmağa başlar. Bəlkə də İtlər üçün bu proses onların aləmində həyatlarının ən dadlı və nəcib anıdır.

                 İtlərin kütləşməsi kəndimizdə əhalinin sadizm duyğularını büruzə verərdi. İtlərin kütləşməsindən xəbərdar olan kəndin yaşlı, gənc və uşaqları əllərinə daş alıb kütləşmiş itlərə hücuma keçərdilər. Köpək qancığın içinə boşalmadığı ana qədər onları bir-birindən ayrırmaq mümkün olmazdı. Kəndin “qəhrəman” əhalisi üçün itlərin kütləşməsi bir işkəncə əyləncəsinə dönüşürdü. Hər kəs əlindəki daşla kütləşmiş itlərə hücuma keçirdi. Bir-birinə girmiş qancıq və köpək hər daşın zərbəsindən nalə çəkib ulayırdılar, ancaq bir-birindən qopmur, qopa bilmirdilər. Bir-birinə yapışıq şəkildə bu vəhşi adamlardan uzaqlaşırdılar.

                 Bir gün bu işkəncə əyləncəsi zamanı kəndimizin Astaralı müəllimi üzünü əhaliyə tutub bağırdı: “Sizdən  dövlətə şikayət edəcəyəm. Ay utanmazlar, arvadlarınızla yorğan altında yatanda sizi belə incitsələr, yaxşı  olar mı?” Şikayət sözünü eşidən əhali qorxusundan yavaş-yavaş əkilməyə başladı. İnsanların əziyətindən qurtulmuş olan itlər kəndimizin arxasındakı dərədə rahatca öz sevişmə və seks həyatlarına davam etdilər.

                 İtin küçüklərini doğurduğu zaman isə başqa fəlakət baş verirdi. İtlər bəzən 7-8 küçük doğururdu. Kəndin adamları qapılarını və qoyunlarını qurddan qorumaq üçün bir neçə küçük saxlayıb böyüdür, qalanlarını da öldürürdülər.

                 İtin balalarını aparıb kəndin çox uzaq tarlalarında hərəsini bir yana atırdılar ki, orada ölsünlər. Ancaq yavruların anası onları bir-bir tapıb yenə də gətirib samanlıqda, qalaqda filan ətrafına yığıb əmişdirirdi. Durumu bu şəkildə görən it sahibi küçükləri bir köhnə torbaya yığıb aparıb dərədə qoyurdu daşın üstünə. Sonra da böyük daşlarla bu küçükləri əzməyə başlayırdı. Küçükləri bu şəkildə öldürürdülər ki, anaları tapa bilməsin. Kəndin əhalisinin belə davranmalarının iqtisadi səbəbi var idi. Bir müddət sonra süddən kəsilən küçüklərə veriləcək yemək yox idi. Əhali öz balalarına çətin yemək tapırdı. Küçüklərin anası gedib balalarının əzik-əzik edilmiş cəsədlərini tapıb, onların sür-sümüklərini daşırdı samanlığa filan. Həftələrcə balalarının sür-sümüklərinə baxıb gözlərindən yaş axardı. Ancaq kimsə itlərin bu kədərini görməzdi, ya da görüb də saymazdılar. Bütün İran kəndlərində yayqın olan bir gələnəkdir bu. Mən elə bilirdim ki, itləri bu şəkilədə incitmək kənd həyatına məxsusdur və şəhərdə belə hadisə olmaz.

***

Ərdəbildə orta məktəbi bitirmək üzrə idim. İranda yenicə islam inqilabı olmuşdu. İnqilab tərəfdarları yaraşıqsız saqqalları ilə əllərində silah dolaşırdılar. Yerli-yersiz bu çirkin adamlar şübhələndikləri adamın qabağını kəsib təftiş edirdilər. Hər məhəllədə mövcud olan məscid inqilabın silahlı səngərinə dönüşmüşdü. Bu səngərlər inqilabı kimdən qoruyurdu? Xalqdan qoruyurdu. Məscidləri ona görə silahlı səngər mərkəzinə çevirmişdilər ki, millətə edəcəkləri zülmün dayanaqları olsun. Hər bir məscid bir casusluq mərkəzinə, bir qorxu yuvasına dönüşmüşdü. Çirkin saqqallı adamlar məhəllə insanlarını incitmək üçün məscidlərdə plan hazırlayıb kimisə şərləyirdilər. Məscid, qaranlıq və cəhalət yayan mərkəzə dönüşmüşdü.

Şəhərin küçələrində bəzən sahibsiz köpəklər görünürdü. Bu sahibsiz köpəklərin çoxu kəndlərdən gəlmişdi. Yəni kənddən şəhərə köçən adam itindən də ayrıla bilməmiş, özüylə şəhərə gətirmişdi. Ancaq şəhər həyatı it saxlamağa münasib olmadığı üçün, köpəklər buraxılmışdı küçələrə.

                 Bir gün məktəbdən gəldiyimdə gördüm əlində irili-xırdalı daş bir sürü insan bir mərkəzə hücum edirlər. Öncə elə bildim hansısa “zina” etmiş qadını daş-qalaq edirlər. İzdihamın içinə girdim, gördüm yüzlərcə insan kütləşmiş itləri daşlayırlar. Köpəklərin nalələri islam allahının qulağına nədən çatmırdı, anlaya bilmirdim. Bu itlərin günahı nədir ki, bu qədər islam inqilabının qəhrəman keşikçiləri onları daş-qalaq edirlər. İslam tarixində müctəhidlərin “zina” yapan qadının daş-qalaq olması ilə bağlı fətva verdiklərini duymuş və görmüşdük. Yaxşı bəs müsəlmanlar bu köpəkləri niyə daş-qalaq edirlər?

                 Kütləşmiş köpəklər qabırğalarına möhkəmcə dəyən hər daşın ağrısından ulayaraq bir-birinə yapışıq şəkildə sürünür və müsəlmanların əlindən hara girəcəklərini bilmirdilər. Axırda itlər sürünə-sürünə özlərini qapısı açıq olan məscidə soxdular. Müsəlmanlar şaşqınlqıdan nə yapacaqlarını bilmirdilər. Çünkü köpəklər sevişərək məscidə girmişdilər. Bəzi adamlar qorxusundan ətrafına baxırdı ki, bu böyük günah üzündən imam zaman zühur edib ya yox? Artıq məsciddə məskunlaşmışdı kütləşmiş itlər.

                 İslam inqilabından sonra hər bir məscidin məsulu şəhərin imam cüməsinə bağlı olan qurum tərəfindən təyin olunurdu. Təyin olunan bu adamlar hizbullah olaraq tanınırdılar. Onların çoxu aşura günlərində başlarını o qədər yarmışdılar ki, xəncərin yeri uzaqdan görünürdü. Kütləşmiş itlərin məscidə girdiyi xəbərini məscidin məsuluna çatdırdılar. Müsəlman əhalinin sayı get-gedə çoxalırdı. İtlərin kütləşərək məscidə girmələri görülməmiş bir hadisə və günah idi. Müsəlman əhali qorxudan tez-tez salavat söyləyirdi.

                 Məscidin məsulu çirkin görünümü və yaraşıqsız saqqalı ilə əsəbi şəkildə peyda oldu. Adamın bir əlində başını yardığı ağzı haçalı qılınc və bir əlində də klaşnikov var idi. O zaman bütün məscid məsullarına klaşnikov verilirdi. Adam başını yardığı qılıncı ona görə ağzı haçalı etmişdi ki, Əbutaliboğlu Əlinin qəlıncı olan zülfüqara bənzətsin. Güya Əlinin qılıncının ağzı haçalı imiş!

                 Soyuq və isti silahla silahlanmış olan çirkin və yaraşıqsız saqqalı adam öncə üzünü izdihama tutub dini bir nitq, bir xütbə söylədi: “Ey müsəlmanlar! Qiyamət yaxınlaşır. Ağam imam zamanın zühuru yaxınlaşır. Günah yer üzünü bürümüş. Görün dünya nə qədər pis duruma düşüb ki, itlərdə gəlib məsciddə kütləşirlər. Ey müsəlmanlar! Gedin qurban kəsin və imam Xumeyninin sağlığı üçün dua edin ki, ağamız imam mehdinin zühuruna qədər diri qalsın. Bəlkə imam Xumeyninin həyası və heysiyəti hesabına ağamız imam zaman bizi bağışlar.” Bu sözləri eşidən əhali qorxudan zağ-zağ əsirdi. Sonra da əlində qılınc və klaşnikov tutan adam üzünü göylərə tutub hönkür-hönkür ağlamağa başladı: “Ya rəbbim keç günahımızdan! Ya rəbbim bilirəm ki, itlərin məscidə girməsi bu zavallı bəndələrinin günahı üzündəndir. Ya rəbbim səni and verirəm öz böyüklüyünə, səni anda verirəm 14 məsumun şərəfinə bizi bağışla!” İzdihamın içindən orta məktəbli bir gənc adam dedi: “Köpəkləri döyə-döyə oraya saldılar.” Əlində silah və qılınc tutan hizbullah: “Kəs səsini qodux oğlu qodux! Bu bizim etdiyimiz günahların nəticəsidir.”- dedi. Orta məktəbli gənc adam sifətindən nifrət tökülən hizbullahdan qorxub izdihamın içində yox oldu.

                 Köpəklər hələ də bir-birindən ayrılmamışdılar. Məscidin içində rahat seks duğularını yaşayırdılar. Bəlkə də çox bağışlayan ulu Tanrı da köpəklərin bu sevişmə səhnəsindən ləzzət alırdı. Məscidin məsulu dörd nəfərə dedi ki, yapışın köpəkləri çıxarın çölə, sonra gedib qüsl edib namaz qılıb təmizlənərsiniz. Bir-birinə köpəyin penisi ilə sıxca bağlı olan itləri dışarı çıxardılar. Məscidin məsulu zülfüqara oxşar qılıncını başının üstünə qaldırıb ərəbcə yüksək səslə bir şeylər söylədi. Sonra da var gücü ilə “Ya... Hü...se..yn..!” deyərək, qılıncını iki itin arasına endirdi. Köpəyin penisi ortadan kəsildi. Yarısı qancığın cinsi orqanında qaldı. Cinsi orqanını itirən köpək ağrıdan qorxunc şəkildə ulayır və qudurmuşcasına müsəlmanlara hücum edirdi. Yenə də məscid məsulunun bağırtısı yüksəldi: “Ey müsəlmanlar, mənim qabağımdan çəkilin kənara bu itləri öldürəcəyəm.” Müsəlmanlar məscid məsulunun arxasına keçib onun nə edəcəyini gözlədilər. Hizbullah əlindəki klaşnikovun löləsinə mərmi yerləşdirib və itlərin ikisini də atəşə tutdu. Köpəklər yerə sərilmişdilər. Can verirdilər. Son nəfəsini verməkdə olan köpək dili ilə penisinin yarasını yalayırdı. Artıq ulama naləsi zəif inləməyə dönüşmüşdü. Ölürdülər. 

                 Köpəkləri öldürən hizbullah sonra da üzünü müsəlmanlara tutub “Təkbir!”- dedi. Müsəlmanlar isə xor şəklində bağırıb bu qələbəyə münasibətlərini bildirdilər: “Allahu əkbər, Allahu əkbər- Xumeyni rəhbər.”

                 Köpəklərin cəsədini bir palaza büküb harasa apardılar. Məscidin məsulu hizbullah isə qorxulu cənəvar kimi xatirələrdə qaldı. Hər zaman bu adamla rastlandığmda küçənin digər tərəfinə keçir və öz-özümə M. Ə. Sabirin “Harda müsəlman görürəm qorxuram” şeirini pıçıldayırdım.

***

                 Budur İran mədəniyəti. Budur islam inqilabının ədalət və mərhəmət anlayışı...

***

Avropada gənc gözəl qızlar dövlətə basqı göstərirlər ki, nədən köpəklərin seks həyatları üçün gərəkən diqqət edilmir...

25.01.2008