Güntay Cavanşir

 

Həsən Dəmirçiyə məktub

 

 

 

“Sızlamış əhvalıma sübhə qədər tarım mənim

Təkçə tarımdır qara günlərdə qəmxarım mənim

Yer tutub qəmxanədə qıldım fəramuş aləmi

Mən tarın qəmxarı oldum, tar qəmxarım mənim.”

 

          Həsən Bey Dəmirçi!

Bəlkə də mən bu məktubu yazarkən, sən işkəncələr, rəvani təzyiqlər altındasan... Nəcib və şərif bir ailə başçısı, siyasəti bir o qədər sevməyən, ancaq sənət dünyasının zəhmətkeşi olaraq tanıdı səni öz vətəndaşların. Sənət, mahiyyəti etibarı ilə özünü ona həsr edənləri həyatın dərin qatlarına sövq edir. Sənət, uluların da təcrübələrini sənətçi insana bəxş edir. Çünkü sənət, kökü keçmişdə bulunan və günümüzdə sabahın eşqi ilə yaşayan daimi  hərəkətdə olan gerçəklikdir. Bu üzdən də Həsən Bəy, sən sənətçi şəxsiyyətinlə Azərbaycan mədəniyyətinin ən ulu insanları ilə mənəviyyat dünyasında həmsəfər olmuşsan. Hər kəsin bir hədəfə görə başqaları ilə bir yerdə həmsəfər olması, səfərdə bulunması söz konusudur.

“Bəzmi aləmdən gedərsən ixtiyarın olmadan

Saxla əldə sağəri, var ixtiyarın hər qədər

Ey Füzuli, mən güman ilə cahanda yox işim

Ol səbəbdən aali insanlarla oldum həmsəfər.”

Bu yolun kökü insanın fitrətində, vicdanında olduğu üçün bu yolçuluq zaman içində fəzilətə dönüşərək, yolçu, daxili əhli kəmal olur. Tərki təriqi eşq müyəssər deyildir.  

“Ey Füzuli, qılmazam tərki təriqi eşq kim

Bu fəzilət daxili əhli kəmal eylər məni.”

          Həsən bəy!

          Azərbaycan milləti sizi necə tanımışdır? Siz tarixin ən insani hissiyatını araşdırırdınız. Musiqidə birikən duyğuları, insanlıq təcrübələrini axtardınız. Min illər öncəki insanların, nəsillərin ağzında səslənmiş, tarda, kamançada, sazda özünə yer edərək günümüzə qədər davam edən düşündürücü duyğulara, duyğulandıran düşüncələrə həyatınızı həsr etdiniz. Torpağa dönüşmüş nəsillərin gözəllik anlayışlarını, zövqlərini, həyatdan əxlaqi ləzzət alma səliqələrini öyrəndiniz və öyrəndiklərinizi də Azərbaycan tarixi ilə paylaşdınız. Muğam ifaçısı, tarzən, muğam fəlsəfəsini, muğam tarixini və muğam tekniyini araşdıran bir şəxsiyyət kimi tanıdıq səni, Həsən Bəy Dəmirçi! Sənin vardığın yerlərdə qəzəllər oxundu, tar çalındı və insan mərifətinin estetik qatları musiqi dili ilə ifadə edildi. Daş ürəklərdə eşq tonqalını yaxmaq, haqqın, həqiqətin böyük mənəviyyatını ruhlara axıtmaq sənin hədəfin olmuşdur. Haqqın yolunda olmayanları musiqi ilə haqqa tapındırmaq missionunu sən öz üzərinə götürmüşsən. Aydınlanma və cəhalətdən arınma prosesində musiqinin çox böyük rolu olmuşdur, hörmətli Həsən Bəy Dəmirçi! Çünkü musiqi qədər insanların qəlbini nifrətdən və kindən təmizləyən ikinci bir amil yoxdur. Musiqinin xitabəti dirək olaraq insan ruhudur. Digər tərəfdən, özəlliklə Azərbaycan muğamları Şərqin bütün əxlaqi və mənəvi dəyərlərini öz tərkibində daşımaqdadır. Sizin özünüzün də çox yaxşı bildiyiniz kimi, Üzeyir Hacıbəyli, Azərbaycan musiqisinin miqayasını Şərqin çərçivəsindən çıxarmış və onu dünyalaşdırmişdır, yəni Azərbaycan muğamları bütün dünyanın mənəvi dəyərlərinin daşıyıcısı durumuna gəlmişdir.

“Daş ürəklərdə yanıb daşları sındırdı muğam

Haqqa düşmən olanı, haqqa tapındırdı muğam

Nə güman eyləmisən ondaki tilsimləri sən

Kürü ahıyla qurutdu, salı yandırdı muğam

Su çilər odlu ürəklərdə qəzəb tonqalına

Neçə qəsdin önünü kəsdi, dayandırdı muğam

Çox kitablar oxudum, zənn elədim Bəxtiyaram

Mənə çox mətləbi ahəstəcə qandırdı muğam

          Hörmətli Həsən Bəy Dəmirçi!

          İnsan təbiəti çox mürəkkəb və müxtəlif yönlü olduğu üçün Azərbaycan muğamları da mürəkkəb və hərtərəflidir. İnsan psikolojisinin bütün qatlarını Azərbaycan muğamlarında duymaq mümkündür. Ancaq bu ruh halları katarsis, təmizlənmə səviyəsində muğamlarımıza yerləşmişdir. Çünkü muğam, yalnız əxlaqi olanı təlqin edər. Bu səbəbdən də muğam fəlsəfəsində mövcud olan dialektik təkamül prosesi təzadların savaşı şəklində ortaya çıxmaz. Muğamdaki dialektika təzadların yardımlaşması, anlaşması biçimində təzahür edər. Təzadlar bir-birləri ilə rastlandığında hər bir təzad özündə əksik olanı bu rastlanış nəticəsində görər və əksikliklərin ortadan qaldırılması üçün təzadların anlaşması sağlanar. Təzadların ortaq hədəfi peyda olar və ortaq hədəfə doğru yardımlaşma-dayanışma, işbirliyi ortamında hərəkət davam edər. Bu üzdən də muğamlarda təxribatçı, devirici, uçurucu inqilabi əsəbiyyətə yer yoxdur. İnsanın bütün ruh halları muğamlara yüklənmişdir. İnsanın fitri ehtiyacları musiqimizə daşınmışdır. Qələbədə, məğlubiyyətdə, kədərdə, mutluluqdaki duyğular, müdrikləşmə mərhələlərində əldə edilən ruhi təcrübələr muğamata yükləndiyi üçün, bu musiqi növü çox geniş və dərin möhtəvalıdır. Dünya və həyat qarşısında insanın əqli, idraki təcrübələri Rast muğamına, həmasi duyğuları Çahargaha yükləndiyi kimi, lirik və sevgi dolu hissiyyat da digər muğam növlərinə yüklənmişdir, hörmətli Həsən Bəy Dəmirçi.

“Min türlü müəmmaları ifşa eləyir Rast

İdrak deyilən yurdu tutub silkələyir Rast”

 

“Bir aqilin hikmətli nəsihətləridir Rast

Tarix danışan köhnə rəvayətləridir Rast

Dilkeşdə pıçıldar bizə dünya kədərindən

Lakin əzabın son dəmi, sərhədləridir Rast

Ey Bəxtiyar! Ah atəşi söz rənginə girməz

Həm dərdli qürub çağı və həm dan yeridir Rast”

          Ancaq, hörmətli Həsən Bəy Dəmirçi, ya təbiətiniz etibarı ilə, ya da təşxis etdiyiniz tarixi zərurətlər səbəbi ilədir ki, Siz daha çox epik və həmasi muğamları xalqa çatdırmaqdan xoşlanırsınız. Həmasi muğam növləri millətdə həyat və yaşamaq duyğularını dərinləşdirir. Kiçik həcmli Şəhnaz, Heyrati, Arazbarı, Qatar, Səmai-Şəms kimi muğamlardan tutmuş, Çahargah kimi uzun həcmli muğamlar, problemlərin həlli üçün insanın daxili enerjisini mərkəzləşdirməkdədir. Rast muğamında əqlən, fikrən təşxis edilən həyat problemləri, Çahargahda həyəcanlı şəkildə öz həllini tapmaqdadır. Rast muğamının təcrid məqamındaki təşxisləri (sezgiləri) insanın iç dünyası ilə, vicdanı ilə qaynayıb-qarışdıqdan sonra mənəviyyat sistemi durumuna gəlir. Bu mənəviyyat xalqla paylaşıldığında, ictimailəşir, tarixiləşir, əbədiləşir. Bu paylaşma hər zaman epik və həmasi şəkildə təzahür etdiyi üçün, həyəcanlandırıcı Çahargah kimi muğamlarda öz ifadə şəklini tapır. Çünkü mutluluqları paylaşmaq kədərli deyildir, sevindiricidir. Müsibətlərin, acıların, ağrıların bağrından yoğrulan sevinc və mutluluqlar hər zaman həyəcanlı və epik şəkildə paylaşılmışdır. Hörmətli Həsən Bəy Dəmirçi, sanki sizin də ruhən bağlı olduğunuz Çahargah muğamı paylaşım ləzzətindən yoğrulmuşdur. Qələbələrin dadını paylaşan zövqlü musiqi sənəti deyəlim buna.

“Qəlbi vulkan tək coşan üsyandır, üsyan Çahargah

Açmış hər zənguləsindən fikrə meydan Çahargah

Şaha qalxan dalğalardır, bir müxalif güşəsi

Dəryalar ləngərlədən tufandı, tufan Çahargah

Guşələr göy gurladır, yer titrədir, sel oynadır

Göndərir yadelliyə imzalı fərman Çahargah

          Hörmətli Həsən Bəy Dəmirçi, Siz bu təlatümlü, həyəcanlı duyğular, düşüncələr qoynunda həyatınızı keçirən nəcabət örnəyi şəxsiyyət kimi tanındınız. Öz ruh hallarınıza muğamları tərcüman etdiniz. Milləti təmsil edən əslində şəxsiyyətlərdir. Şəxsiyyətlər, hissi, fikri təcrübələrini öz milləti ilə paylaşdıqca milli kimliyin tarixi dərinləşməsi, böyüməsi mümkün olur. Bəlkə Həsən Bəy Dəmirçi özü də fərqində olmadan onun Azərbaycan musiqisi yolunda çəkdiyi zəhmətlər minlərcə insanın ağlına aydınlıq gətirmiş, ruhunu qaranlıqlardan xilas etmişdir.

          Hörmətli Həsən Bəy Dəmirçi, Sizin Təbriz mərkəzli başlatdığınız musiqi yolu ilə aydınlanma və aydınlatma hərəkətiniz, əlbəttə ki, Təbrizlə sınırlı qala bilməzdi, qalmadı. Azərbaycanın daxilində və xaricində yaşayan milyonlarca insan, Sizin bəstələrinizdən zövq almış, almaqdadır, alacaqdır. Təbrizin Azərbaycan tarixində ayrıca yeri var. Əskilərdən günümüzə qədər Təbriz, Azərbaycanda mədəni hadisələrinin mərkəzi olmuşdur. Bilirsiniz, XIII əsrdə Təbrizdən bir ərən qopdu və ona Şəmsi Təbriz derlərdi. Göylərin sonsuzluğundan ona səs gəldi ki, Anadoluya var get, orada səni bəkləyən var. Şəmsi Təbriz, türk yurdu Anadoluya varıb Cəlaləddin Rumi ilə görüşdükdən sonra dünyanın fəlsəfi zehniyyəti dəyişdi, gəlişdi. Muğam tarixində də önəmli hadisələr yaşandı. Şəmsi Təbriz, Mevlanaya “Kamil insan olmağa gedən yol muğamları öyrənməkdən keçər” deyə söylədikdən sonra, Mevlana mugamları öyrənməyə başlayır və Şur muğamındaki “Səmai-Şəms” şöbəsini öz ustadının şərəfinə bəstələyir. Mevlana, Şəmsi dinlərkən, iç dünyasında yaranan həyəcanları və ruh hallarını “Səmai-Şəms” muğamına yükləmişdir. Təbrizin insanlıq mədəniyyəti tarixində bu kimi təsirlərini saymaqla qurtarmaz. Bu səbəbdən də Mevlana Cəlaləddin Rumi, türk millətinin mədəniyyət şəhri və Şəmsin ana yurdu olan ulu Təbrizi bu şəkildə övmüşdür:

“Aç da bir karvan yükün ey sariban

Yaar yurdu şəhri Təbrizdir inan

Cənnətin kəndisidir Təbrizimiz

Sirr mülkü anmışız Təbrizi biz

Göylərin sonsuzluğundan sevgilər

Hər zaman olsun sizə, Təbrizlilər.”

          Hörmətli Həsən Bəy Dəmirçi, mən də Mevlananın bu övgüsünə qatılıb və eyni bucaqdan baxaraq, Sizi salamlayıram. Həyatın ləzzətini, başqalarına xoşbəxtlik, mutluluq və sevinc bağışlamaqda kəşf edən Sizin kimi nəcib insanlar tarixin gerçək müəllimləridir, əslində. Bütün varlığı ilə insani ideala bağlanıb, insanlara faydalı olmaq prinsipi olmasaydı, həyatın bir anlamı olmazdı yəqin ki. Dünyanın ötəri, keçici zövqlərinə deyil, əbədi və daima yaşayan dəyərlərinə bağlanmaq prosesində insan bir çox təcrübələri sınamış, bir çox imtahanlardan çıxmış olur. Sənin də əzbər bilib və o gözəl səsinlə oxuduğun Vahidin bu misralarında olduğu kimi:

“Biz xərabat əhliyik meyxanələrdən çıxmışıq

Badələr nuş etmişik peymanələrdən çıxmışıq.”

          Hörmətli Həsən Bəy Dəmirçi, Şərqdə tarix boyunca qaranlıq sevən güclərlə aydınlıq sevdalıları arasında mübarizə olmuşdur. Bu mübarizə Qərbdə də yayğın idi, lakin Qərbdə başlayan Renesansdan günümüzə qədərki sürəcdə qaranlıq fikirlilərin insan haqlarına təcavüzü əngəllənmişdir. Ancaq İslam Şərqi hələ də yüz illərdir qaranlığa gömmüş, gömülmüş, insan haqlarına hörmətsiz davranmaqdadır. Daha doğrusu, Şərqdə hakim olan bu dini qaranlıq, insan haqlarının nə olduğunu anlamaq istəməmiş, istəməməkdədir. İnsan Allaha qurban edilir, əslində isə Allah anlayışı bu saxta dini məfhumun içində diktatorluğun, əxlaqsızlığın qoruyucusu kimi təzahür etməkdədir. Allah ən böyük əxlaqsızlıq örnəyi kimi dindarlar tərəfindən göstərilməkdədir. Ən böyük əxlaqsızlıq istibdaddır, din xadimlərinin öyrətilərində (təlimatında) isə, Allah istibdadın bəkçisi kimi  görünməkdədir. Sərmayənin, bir ovuç nəcabətsiz məxluqatın qulluğunda duran cəbbar, qəddar, qan içən bir allah anlayışı ilə qarşı-qarşıyayıq. İmadəddin Nəsimi bu qaranlıq düşüncəli din xadimlərinə qarşı mübarizə apardığı üçün dərisi soyuldu.  Yüzlərcə canavar din xadimi, bir ərin dərisini soymaqdan ləzzət aldılar. Tarix boyu belə olmuşdur. Harda bir işiq görülmüşsə, söndürülməyə çalışılmışdır. Ancaq işıq da sönməmişdir. İşkəncə altında dindar insanlar tərəfindən dərisi soyulanlar ruhən bu işiqla vəhdətdə olduqları üçün vaz keçməmişlər öz hədəflərindən.

“Cana sən candan nə kim gəlsə, cigərlər ağrımaz

Haq bilir bir zərrə neştərdən damarlar ağrımaz

Zahidin əfsanəsindən soydular nahəq məni

Haq bilir səndən şəha, sahib nəzərlər ağrımaz

Şişəmi çün daşa çaldım, haqqı izhar eylədim

Çeşmi əhval ağrıdan, arif bəsərlər ağrımaz

Zahidin bir barmağın kəssən, dönər haqdan qaçar

Gör bu gerçək aşiqi sər-pa soyarlar ağrımaz

Soyun, ey mürdar cəlladlar, Nəsiminin tənin

Bunca namərdi görün, bir ər soyarlar— ağrımaz.”

          Həsən Bəy Dəmirçi, bu gün sənin tamamı ilə haqsız yerə tutuqlanıb əziyyət edilmən bu tarixi məntiqlə izah edilsin gərək. Tarix boyu işıqla qaranlıq, ədalətlə zülm, dinlə ağıl qarşı-qarşıya durmuşlar. Tarix boyunca din istibdada yardım və yataqlıq etmişdir. Azadlıq duyğusunu öz təbiətindən silə bilməyən, silmək istəməyən insanların daima qaranlıq güclərin cəbhəsi tərəfindən təqiblərə məruz qalmasına, işkəncə altına alınmasına tarix tanıq olmuşdur. Haqqa düşmən olanla haqqın tərəfdarlarının mübarizəsidir bu sıxıntılar. Kimdir haqqa düşmən olan? İmaddəddin Nəsimi bu düşməni belə  şəkildə anlatmaqdadır:

“Haqqa düşməndir fəqih, gəl uyma ol şeytan kim

Yoxdur ol cin xilqətin zatında iqrar istəmə

Bir əmin məhrəm bulunmaz, ey Nəsimi, çün bu gün

Xəlqə faş etmə bu rəmzi, kəşfi əsrar istəmə.”

          Lakin din xadimlərinin işkəncələri ilə bu məş´əl sönməmişdir, sönəməz. Çünkü bu insanlıq idealı üçün həyatını vəqf edən insanlar var. Bu insanların fəlsəfəsi bundan ibarətdir:

“Xilqətim yoğrulub yapıldığı dəm

Yalnız bu iş üçün göndərildim mən”

Dünyaya gəlmək səbəbini bir rəsalət, bir görəv olaraq düşünən insanlar var. Şəmsi Təbriz deyir ki, “Tanrı o dünyada insanı xətası və suçu üzündən cəzalandırmaz. Tanrı, fəqihlərin, zahidlərin söylədiyi kimi cəllad və insanları əziyyət etməkdən xoşlanan sadist birisi deyildir. Tanrı axirətdə o insanı cəzalandırar ki, bu dünyaya bir görəv üçün gəldiyinin fərqində olmasın. Bu dünyada yapılması gərəkən fədakarlıqlar, yaxşılıqlar, gözəlliklər yapılmırsa, o zaman Tanrı, insanı cəzalandıra bilər”. Bu dünyada haqq, doğruluq kimi bir dilbərin vurğunu olmaq, ona könül vermək, onun uğruna düşünmək, tar çalmaq, şərqi söyləmək, rəqs etmək əxlaqi həyatın zərurətlərindəndir. Belə təbiətə sahib olan insanlar bu məfhumlarsız yaşaya bilməzlər.

“Dilbəra mən səndən ayrı təndə canı neylərəm

Tacü taxtı, mülkü-malı, xanımanı neylərəm

İstərəm vəsli cəmalın ta qılam dərdə dəva

Mən sənin bimarınam, özgə dəvanı neylərəm

Çox dualar qılmışam mən xaliqin dərgahına

Çün muradım hasil olmaz mən duanı neylərəm

Dilbər aydır, ey Nəsimi, sabir ol, qılma fəğan

Mən bu gün səbr eylərəm, ah ü fəğanı neylərəm.”

          İnsan öz “mən”ində, daxili dünyasında həyatın və kainatın mə´nasını daşımaqdadır. Bu mə´na aşama-aşama, mərhələ-mərhələ dərk olunur. İnsanın ən böyük hakimi onun fitrəti və vicdanıdır. Vicdanla özdeşləşən, eyniləşən anlayışlar insan bətnindən çıxarıla bilməz. Hər bir mə´nəvi nailiyyət, insan həyatının əxlaq və davranış sistemində yer aldığı üçün, onsuz yaşamaq mümkün olmaz. Ancaq əxlaq nizamı içərisində özünə yer edən mənəvi dəyərlər, insanın hissi və fikri dərinləşməsinin xidmətində olan sənət növləri ilə də əldə edilir. Dəhriyyatın, hissiyyatın, kainatın bütünü ilə ruhən təmasda olan bir insan özü-özlüyündə bir kainatdır. Fərd, vücud olaraq haqqın məkanına çevrilir.

“Mən mülki cahan, cahan mənəm, mən

Mən haqqa məkan, məkan mənəm, mən

Mən külli cəhanü kainatəm

Mən dəhrü zaman, zaman mənəm, mən

Siz, canıma qıysanız da, cəllad,

Lakin əbədi olan mənəm, mən

İnsanü bəşərsən, ey Nəsimi,

Həqqa ki, həman, həman mənəm, mən.”

          Hörmətli Həsən Bəy Dəmirçi, hər devranın öz haqlıları, aşiqləri və əxlaq, eşq memarları var. Din qaranlığı bu yaradıcı insanlara işkəncə versə də, ancaq onlar da öz sənət və inanc işıqları ilə öz devirlərinə işıq saçmışlar.

“Ay ilə günəş üzün heyranıdır

Müşk ilə ənbər saçın pərhanıdır

Çün Nəsimi devranın sultanıdır

Devr onun, devran onun devranıdır.”

Əziz Həsən Bəy Dəmirçi, mən bu məktubu sənə yazarkən, bəlkə də sən islam rejiminin qaranlıq zindanlarında işkəncə altındasan.... Sənin bir günahın var, o da öz vətənini, Azərbaycanı sevmək...   

16.06.2006