گونتاي جاوانشير  

هادي موسوي جاسوس اولا بيلر مي؟

Hadi Musəvi casus ola bilər mi?

 

     

  آذربايجان میلللي حرکتي گوجلنديکجه يان طرفلردن گلن ضربه لر اونا چوخ ضرر وئره بيلر. بير گنج آدامي باکيدان ديشلاييب، چوخ چيرکين وضعييتده ايران رئژيمينه تحويل وئرديلر. بو حاديثه اؤزلليکله شيمالي آذربايجاني ذره بين آلتينا آلان فارس شووينيستلريني حدسيز درجه ده سئوينديردي، جنوبي آذربايجاندا ايسه 2 ايستيقامتده میللتين پسيکولوژيسينه ضربه ووردو:   

  1- شيمالي آذربايجاني ايداره ائدن حؤکومت خيانت ائتدي، چونکو بير آذربايجان سئوري فارس رئژيمينه تحويل وئردي. بو عمل، شکيللنمه سي گرکن اورتاق میلللي هدفه و میلللي پسيکولوژييه گئرچکدن ضربه ووردو. شيمالي آذربايجانا اولان گووَن بو وسيله ايله سارسيلميش اولدو. بيرينجي کسيم هر حالدا بو شکيلده دوشونمکده دير.  

  2- ايکينجي کسيم ظن و گومانلاريني موطلق حقيقت ساياراق، بو زاواللي گنجين جاسوس اولدوغونو ساوونورلار. بو خسته و مسئولیتسیز آداملارين بو گنج آدامين جاسوس اولماسي ايله باغلي اللرينده هئچ بير بلگه لري يوخدور. سادجه، تأسوفلر اولسون کي، میلللي اؤزلليگيميزه چئوريلميش و داها چوخ کؤله ليک دوروموموزدان قايناقلانان بؤهتان آتمالار چوخ يايغينلاشميشدير، بونو دوردورماق لازيمدير.  يعني بيريسي ديگري نين داورانيشيندان خوشلانمير، يا دا اونون منسوب اولدوغو تشکيلاتا آنتيپاتيسي وارسا، همن جاسوسلوق دامغاسيني راحاتليقلا وورا بيلير!   

  ايرانا جاسوسلوق ائدن بو زاواللي گنج آدامدير، يوخسا اولوسلارآراسي گئنيش مکاندا ايرانين منافعيني قورويان آذربايجانين ب م ت- دکي نوماينده سي؟ بو آچيق جاسوسلوق دئييلمي؟ گئرچکدن ايراندا اينسان حاقلاري دئيه بير مفهوم وار مي؟  آذربايجان نوماينده سي نين ب م ت- ده" ايراندا اينسان حاقلارينا حؤرمت وار" - دئمه سي آذربايجانين ياخين، اورتا و اوزون وعده ده هانسي منافعيينه خيدمت ائدير؟ ايران، شيمالي آذربايجاندا شيعه فاناتيزميني اؤز اوزون وعده لي هدفلري ايستيقامتينده آچيقجا دستکلرکن، آذربايجان آيدينلاري حاققيندا ايران موللالاري اؤلوم حؤکمو چيخارارکن، آذربايجان جومهورييتي ندن ايرانين منافعييني قوروماقدا جانفشانليق ائدير؟  

  ايندي فرض ائدک کي، بو تؤهمتچيلرين دئديکلري دوغرودور و گئرچکدن ده بو گنج آدام جاسوسدور. بو فرضييه نين اوستونده دوراليم و تحليل ائده ليم:  

  1- ايران غربله، خوصوصن آمئريکا ايله اولان موناسيبتلري نين ان چتين دؤورونو ياشايير. آمئريکا ايرانين بوتون سياسي داورانيشلاريني، شيعه ژئوپوليتيگيندن نئجه ايستيفاده ائتمه سيني ذره بين آلتينا آلميشدير. بئله بير دورومدا ايران بو گنج کيمي بسيط بيريسيندن جاسوس کيمي ايستيفاده ائتمک ايسترمي؟ بو جاوان اوغلان، مثلن، جاسوسلوق ائديب، باکي نين کوچه لريندن ايرانا هانسي بيلگيني وئره بيلر کي، ايرانا جاسوسلوق ائتمه یي شرعي و ايسلامي  وظيفه  سايان باکيلي شيعه فاناتيکلر او بيلگيلري هر دفعه  مشهده زيارته گئدنده وئرمه سينلر؟  

  2- فرض ائدک کي، اؤز سويداشينا جاسوس دئيه بيلن بو سايقيسيز اينسانلارين تؤهمتلري دوغرودور. اگر بو گنج آدام جاسوس اولسايدي، آمئريکانين و ايسرايلين باکيداکي سفيرليکلري اونو بئله راحات بوراخارديلارمي؟ يعني بو سفيرليکلرين جاسوسلوق شؤعبه لري آذربايجان دؤولتينه موراجيعت ائتمزديلر مي کي، او جاسوسو وئرين، بيز ده دانيشديراق، آخي بيزيم تئرورلا موجاديله ايله باغلي قارشيليقلي آنلاشماميز واردير. بو سفيرليکلر طرفيندن بئله بير تکليف  آذربايجان دؤولتينه گلمز مي ايدي؟   

  3- بو گنج، جاسوس اولسايدي، آذربايجان حؤکومتي بونو بو تئزلييه ايرانا ندن تحويل وئرسين؟ او زامان بو جاوان اوغلان ايران اوچون چوخ اهمييتلي جاسوس ايميش کي، ايران بونو درحال گئري آلماق اوچون آذربايجان حؤکومتينه بؤيوک گوذشتلره گئتميش و اونو درحال گئري آلميشدير!.. اگر بئله ايميشسه، آذربايجان دؤولتي ندن بو جاواني ايران سفيرليگينه تحويل وئرمه ميش؟ همين گنج آدامي تئهرانا گئدن اوچاقلا آذربايجان میلللي تهلوکه سيزليگي نين مأمورلاري يولا سالميشلار و آدام يولا دوشمه دن اؤنجه ده باکيداکي آرخاداشينا زنگ ائتميش کي: "من گئتديم!"

آذربايجان دؤولتي نين تهلوکه سيزليک اورقانلاري وار. اونلار بيليرلر کي، بو آدام جاسوسدور يا يوخ و بيليرلر کي، جاسوس دئييلدير. او زامان ندن بعضي مسئولييتسيز و خسته آداملار آذربايجان دؤولتي نين يانليش سيياستيني تنقيد ائتمک يئرينه، بير گنج آدامين شخصييتيني تئرور ائديرلر؟ "بو گنج آدام جاسوسدور" - دئينلر بلکه، آذربايجان میلللي تهلوکه سيزليگي نين گيزلين بيلگيلريندن خبردارديرلار؟ او زامان ندن سؤيله ديکلريني دقيق بير بيلگييه اساسلانديرميرلار؟  

  گئرچک اولان بودور کي، بو گنج آدام جاسوس- فيلان اولماميشدير. روشوت وئره بيلمه سي اوچون محکمه يه وئره جک، مثلن، 1.000 دوللار پولو اولسايدي، ايندي ايراندا بير زيندانين کونجونده بوزولوب اوتورمازدي، آذربايجان سئورليگيندن پئشمان اولمازدي. باکيداکی بدبخت حياتينا داوام ائدردي…   

 

Hadi Musəvi casus ola bilər mi?

Azərbaycan Milli Hərəkəti gücləndikcə yan tərəflərdən gələn zərbələr ona çox zərər verə bilər. Bir gənc adamı Bakıdan dışlayıb, çox çirkin vəziyətdə İran rejiminə təhvil verdilər. Bu hadisə özəlliklə Şimali Azərbaycanı zərrəbin altına alan fars şovinistlərini hədsiz dərəcədə sevindirdi, Cənubi Azərbaycanda isə 2 istiqamətdə millətin psikolojisinə zərbə vurdu:

1. Şimali Azərbaycanı idarə edən hökümət xəyanət etdi, çünkü bir Azərbaycan sevəri fars rejiminə təhvil verdi. Bu əməl, şəkillənməsi gərəkən ortaq milli hədəfə və milli psikolojiyə gerçəkdən zərbə vurdu. Şimali Azərbaycana olan güvən bu vəsilə ilə sarsılmış oldu. Birinci kəsim hər halda bu şəkildə düşünməkdədir.

2. İkinci kəsim zənn və gümanlarını mütləq həqiqət sayaraq, bu zavallı gəncin casus olduğunu savunurlar. Bu xəstə və məsuliyətsiz adamların bu gənc adamın casus olması ilə bağlı əllərində heç bir bəlgələri yoxdur. Sadəcə, təəssüflər olsun ki, milli özəlliyimizə çevrilmiş və daha çox köləlik durumumuzdan qaynaqlanan böhtanatmalar çox yayğınlaşmışdır, bunu durdurmaq lazımdır.  Yəni birisi digərinin davranışından xoşlanmır, ya da onun mənsub olduğu təşkilata antipatisi varsa, həmən casusluq damğasını rahatlıqla vura bilir!

İrana casusluq edən bu zavallı gənc adamdır, yoxsa uluslararası geniş məkanda İranın mənafeyini qoruyan Azərbaycanın BMT-dəki nümayəndəsi? Bu açıq casusluq deyilmi? Gerçəkdən İranda insan haqları deyə bir məfhum var mi?  Azərbaycan nümayəndəsinin BMT-də “İranda insan haqlarına hörmət var”-deməsi Azərəbaycanın yaxın, orta və uzun vədədə hansı mənafeyinə xidmət edir? İran, Şimali Azərbaycanda şiə fanatizmini öz uzun vədəli hədəfləri istiqamətində açıqca dəstəklərkən, Azərbaycan aydınları haqqında İran mollaları ölüm hökmü çıxararkən, Azərbaycan Cümhuriyəti nədən İranın mənafeyini qorumaqda canfəşanlıq edir?

İndi fərz edək ki, bu töhmətçilərin dedikləri doğrudur və gerçəkdən də bu gənc adam casusdur. Bu fərziyənin üstündə duralım və təhlil edəlim:

1. İran Qərblə, xüsusən Amerika ilə olan münasibətlərinin ən çətin dövrünü yaşayır. Amerika İranın bütün siyasi davranışlarını, şiə geopolitiyindən necə istifadə etməsini zərrəbin altına almışdır. Belə bir durumda İran bu gənc kimi bəsit birisindən casus kimi istifadə etmək istərmi? Bu cavan oğlan, məsələn, casusluq edib, Bakının küçələrindən İrana hansı bilgini verə bilər ki, İrana casusluq etməyi şəri və islami  vəzifə sayan Bakılı şiə fanatiklər o bilgiləri hər dəfə Məşhədə ziyarətə gedəndə verməsinlər?

2. Fərz edək ki, öz soydaşına casus deyə bilən bu sayqısız insanların töhmətləri doğrudur. Əgər bu gənc adam casus olsaydı, Amerikanın və İsrailin Bakıdakı səfirlikləri onu belə rahat buraxardılarmı? Yəni bu səfirliklərin casusluq şöbələri Azərbaycan dövlətinə müraciət etməzdilər mi ki, o casusu verin, biz də danışdıraq, axı bizim terrorla mücadilə ilə bağlı qarşılıqlı anlaşmamız vardır. Bu səfirliklər tərəfindən belə bir təklif  Azərbaycan dövlətinə gəlməz mi idi?

3. Bu gənc casus olsaydı, Azərbaycan hökuməti bunu bu tezliyə İrana nədən təhvil versin? O zaman bu cavan oğlan İran üçün çox əhəmiyətli casus imiş ki, İran bunu dərhal geri almaq üçün Azərbaycan hökumətinə böyük güzəştlərə getmiş və onu dərhal geri almışdır!.. Əgər belə imişsə, Azərbaycan dövləti nədən bu cavanı İran səfirliyinə təhvil verməmiş? Həmin gənc adamı Tehrana gedən uçaqla Azərbaycan Milli Təhlükəsizliyinin məmurları yola salmışlar və adam yola düşmədən öncə də Bakıdakı arxadaşına zəng etmiş ki: “Mən getdim!”

Azərbaycan dövlətinin təhlükəsizlik orqanları var. Onlar bilirlər ki, bu adam casusdur ya yox və bilirlər ki, casus deyildir. O zaman nədən bəzi məsuliyətsiz və xəstə adamlar Azərbaycan dövlətinin yanlış siyasətini tənqid etmək yerinə, bir gənc adamın şəxsiyətini terror edirlər? Bəlkə “bu gənc adam casusdur”- deyənlər Azərbaycan Milli Təhlükəsizliyinin gizlin bilgilərindən xəbərdardırlar? O zaman nədən söylədiklərini dəqiq bir bilgiyə əsaslandırmırlar?

Gerçək olan budur ki, bu gənc adam casus-filan olmamışdır. Rüşvət verə bilməsi üçün məhkəməyə verəcək, məsələn, 1.000 dollar pulu olsaydı, indi İranda bir zindanın küncündə büzülüb oturmazdı, Azərbaycan sevərliyindən peşman olmazdı. Bakıda bədbəxt həyatına davam edərdi…