Güntay Cavanşir

Güney Azərbaycan

Gerçəklər, hədəflər

 

1. Giriş

2. Güney Azərbaycan Milli Hərəkətinin siyasi amacı

3. Nədən milli dövlət və ya dövlətləşmə?

       4. Sekularizm nədir və nədən sekularizasion?

       5. Nəticə

 

 

 

                                               1. Giriş

 

Təkamül, insanlığın yazqısıdır. Təkamül, tarixin anlamı, mahiyyəti və hədəfidir. Millətlər öz fitrətlərində təkamül duyğusu daşımaqdadır. Təkamül olmasaydı, bir xəta üzündən tarix sona çatar, həyat anlamsızlaşardı. Təkamül prosesində təcrübələrin böyük rolu vardır. Millətlərin həyatında baş verən hadisələr, təcrübələr yığını şəklində fərqli və daha mutluluq gətirici gələcəyə doğru yön bəlli edər. Bu yönləniş müəyyən edilməzsə, millətin içində zaman-zaman birikən enerji ya millətin özünə zərər verər ya da bu enerjini hədəfi bəlli olan başqa bir millət və ya millətlər öz hədəflərinə çatmaq üçün istifadə edərlər. Hər iki halda millət fəlakətlə üz-üzə qalar. Ümumiyətlə, türk tarixi və xüsusiyətlə Azərbaycan tarixi bu acı təcrübələrə çox şahid olmuşdur. Ərəb-fars milliyətçiliyi mərkəzli islam anlayışı min il içində türk millətini içindən çökərtməyə çalışmışdır. Türk milləti ortalıqda ümmətçilik adı altında ona-buna yem olmuşdur. Osmanlı başda olmaq üzrə bütün türk-islam tarixindəki milli dildə mövcud olan mənəvi dəyərlər bir Göytürklərdən miras qalan və daşlara yazılan dəyərlərə bərabər deyildir. Bütün Göytürk xaqanları öz millətinə “Ey türk milləti! ...” xitab edərkən, türk-islam dövlət başçıları “Ey islam ümməti!” deyə xitab etmişdir. Bu xitabət içində isə əslində türk millətinin dili, mədəniyyəti qulaq ardı edilmişdir. Təbriz mərkəzli Məşrutə hərəkətinin türk mehvərli hədəfi olmadığı üçün sonunda fars faşizmi faydalı çıxmış və bu dəfə dövlət düzənini ələ keçirən fars faşizmi türk kimliyini tarixdən tamamən silmək üçün hərtərəfli hücuma keçmişdir. Psikoloji təhqirlərdən tutmuş, türk dilinin yasaq edilişi, Azərbaycan torpaqlarının sömürülüb fars yurdlarına daşınması kimi geniş miqyaslı savaş planı ilə kimliyimizə, varlığımıza hücüm edilmişdir. Müxtəlif mərhələlərdə Güney Azərbaycan öz qurtuluşu yolunda ayağa qalxsa da, hər dəfə məğlubiyətə uğramış, uğratılmışdır. Bu məğlubiyətlərin bir çox səbəbləri olsa da, ən başda gələn səbəb milli mübarizənin hədəflərinin düzgün təyin edilməməsi olmuşdur. Milli kimliyin yüksəlişi dövründə milli hədəfin dəqiq təsbit edilib və bu hədəfə görə millətin aydınlanması və hazırlanması, məğlubiyətin qarşısını alan yeganə amildir. Millət nəyə görə ayağa qalxmalı, hansı hədəf uğruna canını fəda etməlidir? Bu sual ətrafında geniş şəkildə və bolluca siyasi fikirlər ortaya qoyulmalıdır. Gerçəkdən də, bu yüksəliş və Güney Azərbaycan evladlarının canlarını fəda etməsi fars kimliyinin, fars dilinin üstün və hakim olacağı demokratik bir İran yaratmaq və eyni tarixi səhvləri yenidən Azərbaycan evladlarının qanı hesabına təkrarlamaqdan mı ibarətdir? Güney Azərbaycan türklüyünün milli inqilabını “İran türklərinin Milli Oyanışı!” olaraq dəyərləndirənlər bu dəfə də fürsəti əlimizdən çıxarmağa çalışmaqdadırlar. “İran türkləri” adı altında İranı üst və Azərbaycanı alt kimlik olaraq görənlər zahirən fars faşizminin yanında yer almış kimi görünməkdədirlər. Düşüncələrini gələcəyə yox, keçmişə qapayan bu cərəyan, keçmişdə bu torpaqları türklərin idarə etdiyini savunmaqdadılar. Ancaq tarix hər zaman gəldiyi kimi irəliyə getməz, tarixin istiqamət dəyişdirdiyi zamanlar da olmuşdur. Necə ki, türklərin idarə etdiyi “İran” adlandırılmış bu torpaqları 90 ildir farslar idarə etməkdədir. Necə ki, Osmanlı, Sovetlər Birliyi, Yuqoslaviya  adlanmış  dövlətlər və ölkələr artıq tarixdə yoxdur. Etnik tarixdən yola çıxaraq, Güney Azərbaycanın siyasi tarixini və siyasi taleini mücərrəd utopiyalara qurban vermək tam bir xəyanətdir. Bu xəyanət ya cəhalət üzündən ya da bilərəkdən edilə bilər. “İran türkləri” termininin tərəfdarları tarix dediklərində də aydın bir çağın ya da çağların sərgüzəştini nəzərdə tutmurlar. Din mitolojisi əsasında şəkillənmiş, insan ağlı yasaq edilmiş qaranlıq orta çağı nəzərdə tuturlar. Yəni türk-islam tarixində din mitolojisinin ortaya qoyduğu ümmətçilikdən başqa önəmli rasional (əqlani) dəyər hakim olmamışdır. Bədəni böyük, ruhu və düşüncəsi zəif  olan uzun bir tarix... Güney Azərbaycan Milli Hərəkəti islam mərkəzli qaranlıq çağ zehniyyətinə qarşı olduğu üçün, modern və sekular bir hərəkətdir. Sekular zehniyyət, ümumiyyətlə, tarix heyranı ola bilməz. 1789-cu il Böyük Fransa İnqilabından sonra iki milliyətçi cərəyan meydana çıxmışdır. Birinci cərəyan, milləti tarixdə, dini dəyərlərdə, keçmişdə və sünnətdə tanımladığı üçün, mühafizəkar milliyətçi adlanırdı.Bunlar yeniliklərə qapalı idilər. Məlum olan keçmişi və bu günü gələcəyə tərcih etdikləri üçün təkamülə inanmır, bilgini çox da faydalı saymırdılar. Gələcəyin nə gətirəcəyini bilməzkən keçmişin və indinin nə olduğunu bilməkdəyik, deyə, düşünürdülər. Tarixdəki təcrübələr onlar üçün yetərli görünürdü. İran məkanında həm Pəhləvi, həm də İslam diktatorluğu zamanında tarix heyranlığı dövlətin rəsmi ideolojisi olmuşdur. Pəhləvi zamanında əski pars tarixi, islam diktatorluğu zamanında da sədri islamdaki şiənin qəbul etdiyi dönəm qutsallaşdırılmışdır. Hər iki ideoloji tarix heyranlığını çağrışdırdığı və olayları tarixiyyət zəminində və səyyaliyyətində  (dialektikasında) təhlil etmədiyi üçün irticaidir, qeyri-insani və qeyri-əxlaqidir. İkinci cərəyan— milli dövlətə, milli orduya, milli iqtisadiyyata, milli dilə, milli inanca və hüquq elminə, vətəndaş haqqlarına və demokrasiyə inandıqları üçün rasional-mütərəqqi milliyyətçi cərəyan olaraq tarixə keçdi və bu axım Avropadaki bugünkü rifahi, milli dövlətləri, demokrasini yarada bildi.   Sekular zehniyyət, tarix heyranı ola bilməz.

 Türk-islam tarixi dönəmində türk milləti hissən və fikrən hüzursuz olmuşdur, Türk dili öz sayqın yerində oturmamışdır. Bu hüzursuzluğu XIV əsrdə Aşıq Paşazadə türk-islam tarixindəki hüzursuzluğu bu şəkildə ifadə edər:

                                   “Türk dilinə kimsənə baxmaz idi

Türklərə hərgiz könül axmaz idi.”

Çünkü mənəvi hüzur, yalnız milli dilin dövlət sistemində öz uyğun yerini tapması ilə mümkün olur. Milli dövlət,  milləti təşkil edən modern fərdlərin ortaq malı kimi təzahür edər, ancaq din mitolojisi (əfsanəsi) mərkəzli dövlət, ümmət irticasını təşkil edən gəlişməmiş fərdlərin inancı hesabına yaranar. Ümmət irticası mərkəzli qaranlıq dönəm qapanmışdır. Tarix isbat etmişdir ki, ümmətçilik duyğusu və din qardaşlığı bütün zamanlarda yalandan, fitnədən başqa bir şey doğurmamışdır. Din qardaşlığı təbliğatı adı ilə bir millət başqa millətləri tarixdən silməyə çalışmışdır. Digər tərəfdən, ümmətçilik və din qardaşlığı, zehniyət olaraq tarixə gömülmüşdür. Yalnız ümmətçilik bu tarixə gömülüş prosesində türk millətinə bütün zamanlarda zərər verdi. Artıq türk milləti fars faşizmini qucağında bəsləyən ümmətçilik duyğusundan fikrən və hissən xilas olmalıdır. Milli hədəfi olan, çağdaş və sekular bir hərəkətlilik ümmətçilik irticası ilə iç-içə olan tarixlə barışa bilməz. Tarix öyrənilir, lakin gələcək— məsuliyət sahəsidir. Gələcəklə bağlı olaraq məsuliyət duyğusu yoxdursa, heç şübhəsiz ki, düşüncələrdə, xəyallarda olan, uğruna canlar fəda edilən gələcək, gələ bilməz. Gələcək gətirilməlidir.

 

 

2-Güney Azərbaycan Milli Hərəkətinin siyasi amacı

 

Farslar öz etibarlarını türk milləti yanında itirmişlər. Azərbaycan türk milləti farslarla bir yerdə yaşama duyğusunu bir çox təcrübələrdə sınamış və onların güvənilir olmadıqlarını anlamışdır. Farslar bir yerdə yaşamamız üçün heç bir fədakarlıq etmədilər, ancaq xəyanət etdilər və edirlər. Belə isə nədən Azərbaycan milləti farslarla bir yerdə yaşamaq fədakarlığına qatlanmalıdır? Bizim mübarizəmizin hədəfi milli varlığımızı qətiyyən qəbul etməyən farslara varlığımızı qəbul etdirməkdən mi ibarətdir? Öncə fars şovinizmi saxta teorilərə özü inanmış, sonra da farsları inandırmış ki, türk sənin düşmənindir. İndi bizim mübarizəmizin hədəfi, farsların bu nifrət duyğusunu özlərinə anlatmaqdanmı ibarətdir, yoxsa düşünən bir millət olaraq öz milli hədəflərimiz uğruna zülm altında yaşayan və milli varlığı tarixdən silinməyə məhkum edilmiş millətimizi azadlıq uğruna səfərbər etməkdən mi ibarətdir? Güney Azərbaycan Milli Qurtuluş Hərəkətinin öncülləri, düşünürləri və aydınları öncə teorik planda doğru suallar ortaya qoymalı və sonra da zaman-məkan şərtlərinə görə bu suallara cavab verməlidir. Bu suallar və cavablar bizim milli həyatımızın düşüncə planındakı dinamiklərindən ibarət olacaqdır. Öncə düşüncədə, təfəkkürdə qalib gəlmək məcburiyətindəyik. Öncə oxu atıb, sonra hədəfə tuşlamamalıyıq. Öncə hədəfə tuşlayıb, sonra oxu atmalıyıq! Millətin gücünü “İrana demokrası” adı altında fənaya uğratmaq, boşluğa sövq etmək milli əxlaqdan məhrum olan islamçılara və kommunistlərə məxsus olan bir şeydir. Ancaq modern bir insan imkan və gerçəklik məntiqindən yola çıxaraq milli davaya qatılmaq mükəlləfiyətindədir. Biz, Güney Azərbayacn Milli Hərəkətinin hədəfini ümumi türk kimliyi və mədəniyyəti zəminində milli dövlət olaraq görürük.

 

 

3-Nədən milli dövlət və ya dövlətləşmə?

 

Tarixi təcrübələrin göstərdiyi kimi, dövlət, bəşəri ehtiyacın məhsulu olaraq şəkillənmişdir. Böyük mədəniyətlər, yalnız dövlət nizamı altında gerçəkləşmişdir. Dövlət tarixidir, çünkü sadəcə bir nəslin ehtiyacları əsasında ortaya çıxmaz, dövlət,  ölmüşlərin də yaşam təcrübələrini yaşayan nəslə və gələcəyə intiqal edər, o həm də bir intiqal sistemidir. Zaman axışı içərisində bütün millətlər öz coğrafiyaları içərisində uzun illər boyunca təbəlvür tapan mədəni-siyasi təcrübələrini həm canlı tutmaq, həm gələcəyə intiqal etmək ehtiyacını hiss etmişlər. “Milli dövlət” anlayyışı bu ehtiyaca, bu zərurətə cavab istiqamətində tarixə girmiş bir qavram və gerçəklikdir. Xüsusən 1789-cu il Böyük Fransa İnqilabının nəfəsi çatan yerlərdə milli kimliyin sisyasi inşasının milli dövlət olaraq idrak edilməsi meydana çıxmışdır. XVI əsr Renesansdan başlayan rasionalizm (dindən qoparaq ağıla müraciət) prosesi millətlərin bətnində gizlin olan, ancaq din və ümmətçilik basqısı üzündən ortaya çıxa bilməyən bu ehtiyacı ifşa etmişdir.  Ümmətçilik cəhalətinə, ümmətçilik dövlət anlayışına qarşı Milli Ərazidə Dövlət (National Territorial State) zehniyəti ortaya çıxmışdır. Bu cür siyasi fəlsəfə Güney Azərbaycan Milli Qurtuluş Hərəkətinin da ana fikrini təşkil etməkdədir, etməlidir. Yəni bizim vətənimiz bütövlüyünü itirmiş, yalnız bütövləşməsi və bir dövlət nizamı altında birləşməsi gərəkən Azərbaycandır. Azərbaycan bizim vətənimizdir. Ancaq bu o demək deyildir ki, Azərbaycanın tarixi coğrafiyası xaricində türk yaşamamaqdadır. Azərbaycan türk yurdudur və burada türk dövləti hakim olmalıdır. Bu gün Azərbaycan ikiyə bölünmüş durumdadır. Bakı mərkəzli Quzey Azərbaycan müstəqil milli dövlətdir və mürəffəh bir millət olması üçün Qərb yönümlü inkişaf prosesini davam etməkdədir. Digər tərəfdən, Quzey Azərbaycanın inkişafı təbii olaraq Güney Azərbaycanın aqibətinə bir başa müsbət təsir göstərdiyi üçün İran-Rusiya ittifaqı bu inkişafi əngəlləmək amacı ilə Ermənistana birbaşa hərbi-iqtisadi yardim edirlər.  Bu vəsilə ilə yurdumuzun bir bölümü Ermənistanın işğalına məruz qalmışdır. Güney Azərbaycan türk milliyətçisi bu problemə öz vicdanında və ağlında cavab vermək məcburiyətindədir. Daha doğrusu, Güney Azərbaycan Milli Hərəkəti bu şəkildə geniş baxışlı siyasi, mədəni davranışa möhtacdır. Güney və Quzey Azərbaycanda baş verən hadisələr istər-istəməz bir-birini bütünləşdirən və bir hədəf uğruna gerçəkləşən olaylar külliyatıdır. Lakin Quzey Azərbaycan artıq gündən-günə demokratikləşərək irəliləməkdədir. Bizim əsas hədəfimiz Güney Azərbaycandaki ictimai-siyasi enerjimizi Güney Azərbaycanın qurtuluşu istiqamətində səfərbər etməkdir. Belə bir sual ortaya çıxır: bizim qurtuluşumuzun siyasi fəlsəfəsi nədir? Yenə də İranın siyasi bütünlüyü uğruna milli enerjimizi qapdırıb, oğurladıb tamaşaçı kimi baxmalıyıq, yoxsa daha fərqli şəkildə və modern dünya təcrübələrindən faydalanaraq, Güney Azərbaycan Mərkəzli siyasi projə, siyasi fəlsəfə ortaya qoymalıyıq. Siyasi fəlsəfə gerçəklərə diqqət edər, yəni gerçəkləri araşdırmaçılıq yolu ilə anlamaq, analiz etmək istər. Siyasi fəlsəfə, mövcud siyasi gerçəyi və imkanları dünya səviyəsindəki ümumi siyasi durumla müqayisə edərək anlamağa çalışar. Toplumun içindəki içgüdüsəl (qərizi-instinktiv) hərəkət dinamiklərini kəşf edib və yönləndirmək bugünkü Güney Azərbaycan Milli Hərəkətinin misyonudur. İçgüdüsəl hərəkət, millətin ruhi həyatındakı dinamiklərdən ibarətdir, yəni təkamülün əsas hərəkətverici, irəliyə doğru sövq edici amili. Çağdaş bilgilərin imkanlarından yararlanaraq doğru bir sezgi ilə bu hərəkətverici qüvvənin istiqamətini kəşf etmək Güney Azərbaycan Milli Hərəkətinin əsas vəzifəsidir. Belə bir sual soralım: Güney Azərbaycanda yaranmış vəziyyət  türk millətini “İrani” kimlik, İran türklüyü adı altında başqa millətlərlə, özəlliklə farslarla inteqrasiona sürükləməkdədir, yoxsa bölünməyə? Əgər İrani kimlik adı altında inteqrasiona və bir siyasi çatı altında yaşamağa doğru yönlənmə ortada isə, o zaman milli hərəkətin bir anlamı olmaz. Milli hərəkət, millətin torpaq, dil, mədəniyyət sınırlarını müəyyən etmək üçün meydana çıxmış bir fenomendir. Günümüzdə “İran türklüyü”ndən yana olanlar, siyasi islamçılarla və milli əxlaqdan məhrum olan kommunistlərlə əmələn bir cəbhədə Güney Azərbaycan Milli Hərəkətinə qarşı səf bağlamış görünməkdədirlər. Özəlliklə Güney Azərbaycanın bütün şəhərlərində baş qaldıran son dirəniş, adı çəkilən zehniyətlərin bir-birlərinə daha yaxınlaşmasına səbəb olmuşdur. Səltənət tələblər, islamçı irtica, “İran türklüyü” irticası və kommunistlər Güney Azərbaycanın milli haqları uğrundaki mübarizəsinə qarşı eyni bucaqdan baxaraq münasibət bildirirlər. Hamısının fəlsəfəsində “İranın bütövlüyü adına Güney Azərbaycan ortalıqda qurbanlıq qoyun kimi kəsilə bilər” məntiqi müdafiə edilməkdədir. Digər tərəfdən, bizim milli kimliyimizin uzantısı olan türk yurdu olan Türkiyə Cümhuriyətində də sözdə imperialist düşməni kimi özlərini tanıyıb, tanıdan bəzi “aydın”lar və siyasi təşkilatlar tərəfindən də buna bənzər görüşlərə şahid olmaqdayıq. Bu günə qədər hətta “İran türklüyü” adı ilə olsa belə, heç bir projəsi olmayan, “Meysaki-milli” (Osmanlı sonrası ilk günlərdə Atatürkün çizdiyi Türkiyənin hüdudları) sınırları içərisində olan Kərkük türklərinin aqibətinə uzaqdan baxan bəzi sözdə aydın və təşkilatlar, Təbrizdəki bu qəhrəmanlıq nəticəsində sanki yuxudan ayıldılar və yarımyuxulu şəkildə “İran parçalanmamalıdır” deyə, təhlillər etdilər. Bəzi sözdə “aydınlar” isə “Amerika düyməyə basmış” deyə, gerçəklə uyuşmayan açıqlamalarda bulundular. Biz, Güney Azərbaycan türk milliyətçiləri olaraq Türkiyənin türk dövləti olmasına görə istiqbalını istəməmiz türklük borcumuzdur, lakin İran gerçəklərini, fars şovinizminin qəddarlığını anlamayan heç kimsəyə aqibətimizi tapşıra bilmərik, hətta öz soyumuzdan olsa belə.

Bu gerçəyi anlamaq lazımdır ki, daxili və xarici şərtlərin oluşdurduğu  mövcud vəziyyətə mütənasibən, Güney Azərbaycan fəlsəfə, siyasi hədəf uğrunda bütün gücünü mərkəzləşdirməlidir. Bizim bir neçə fikir cəbhəsində millətimizi dolaşıq salmağa haqqımız yoxdur. Öz soyundan, öz içindən qaynaqlanan bu enerjiyə bir hədəf bəlli etmək lazımdır, o da Güney Azərbaycanda milli dövlətin qurulmasıdır. Güney Azərbaycanlı bir fərd milli dövlətinin olmaması səbəbi ilə güvənsizlik, psikoloji gərginlik içindədir. O, fars tərəfindən, fars zehniyyəti tərəfindən idarə olunmaqdadır, torpağı, dili, mədəniyyəti və tarixi talanmaqdadır. Güney Azərbaycanlı türk bu güvənsizliyi milli iradəsi əsasında milli dövlətini qurmaqla ortadan qaldıra bilər. Bunu bir çox başqa millətlərin örnəyində görmüşük. Burada məsələ farsların pis ya da yaxşı, düşmən ya da dost millət olub-olmaması deyil, məsələ Güney Azərbaycanın öz gələcəyinə sahib olmasıdır. Əsarətə təslim olan milləti başqa millətlər istismar edirlər. İstismarçı istər fars olsun, istər, məsələn, Uyğur türklərini istismar edən Çin olsun, heç fərq etməz. Əsas olan milli azadlıq məfhumunun millətin ruhunda oyanması, millətin öz qurtuluşuna inanmasıdır. Milli dövlət bir millət üçün hədəf olmaqdan daha ziyada yolun başlanğıcıdır. Yalnız milli dövlətin düzəni içində fərdlər öz istedadlarını realizə edə bilirlər, başqa cür mümkün deyil. Hətta Şəhriyar da gileylənir ki, “Qoymadılar nənəmdən eşitdiyim nağıllar əsasında böyük əsərlər yaradam.” Mədəni bir toplumun genişləməsi və öz milli kimliyi üzərində dərinləşməsi milli dövlət yolu ilə mümkündür. Farslar iqtidarı bizimlə bərabər şəkildə paylaşmaq istəməzlər. Onlar ümumiyətlə bizim varlığımızı qəbul etmirlər, bizi farsdandönmə saydıqları üçün tarixin bu yanlışlığını düzəltmək istəyirlər. Yəni bizi “özümüzə” döndərib, “yenidən” farslaşdırmaq istəyirlər. Bu üzdən də milli varlığımızın tamamən silinməsi üçün hər fürsətdən faydalanmaqdadırlar. Milli dövlət timsalında əxlaqi yaşayışın cövhəri öz sonsuz imkanlarını göstərmiş olur. Yalnız milli dövlətdə fərd özünü mədəni toplumun üzvü kimi hiss edə bilir. Bu hissiyatdan Güney Azərbaycan insanı məhrumdur. Çünkü milli dövlət ortaq milli iradənin yoğrulmuş cövhəridir. Daha doğrusu, milli dövlət millətin, milli ruhun təzahürü və həndəsi formasıdır. Həndəsi forması olmayan bir maddə təsəvvür edilmədiyi kimi, dövləti olmayan bir milləti də günümüzün məntiqi ilə millət olaraq təsəvvür etmək mümkün deyildir. Modern insan milli kimliyinin və milli dövlətinin şüurunda olaraq, əsil fərdiyətdən və əxlaqi yaşayışdan bərxurdar ola bilir. Fərdi azadlıq, yalnız və yalnız milli dövlətdən itaət edərək, milli dövlətə vergi ödəyərək müyəssər olur. Çünkü insan, qanunlar bütününə tabe olan bir varlıqdır. Milli dövlətə tabeiyyət və vergi vermə, fərdin özəl həyatını ictimai həyata bağlayır, özəl həyata ictimai ideallar gətirir. Fərd, milli dövlət düzəni altında ictimailəşdikcə ideal insana çevrilmə fürsətini əldə edir. Ortada milli haqları qorumayan, milli dəyərlərin inkişafını əngəlləyən qanunlar varsa, bu qanunlara tabelik və itaət tam köləlikdir. Milli dövlət təbii və təbiyətin yaratdığı pozisondan mədəni və insan zəkasının təşkil etdiyi  əqli pozisiona keçiş sürəcinin ən mütərrəqqi şəklidir. Güneydəki hərəkətin də belə bir amacı olsa gərək. Çünkü yalnız milli dövlət idarəsi altında fərdin faydalı ictimai təşəbbüslərdə bulunma imkanları artır. Hüquqi planda milli dövlətə, həqiqi anlamda tarix boyu var olan millətə mənsubiyət duyğusu fərdin istedadini, qabiliyətini artirir və onda güvənlik duyğusunu gücləndirir. Güney Azərbaycan Milli Qurtuluş Hərəkətinin hədəfi öz fərdlərində bu məsuliyət və güvənlik duyğusunu yaratmaqdan ibarətdir. Ona görə də bu hərəkət və onun amacları insanidir. Toplumun içində mövcud olan bütün təzadlar, yalnız milli dövlət bünyəsində, bədənəsində barışıq hala gəlir, vəhdətdə bulunur. Bu gün isə Güney Azərbaycandaki mövcud olan təzadlar öz millətimizi içindən dağıdır. Biri kommunist, biri islamçı, digəri başqa cərəyanların qulluqçusu olur. Əgər bizim milli dövlətimiz olursa, bu təzadlar millətə və onun tarixinə, dilinə zərər verməz. Necə ki, bütün bu cərəyanlar bir başa fars kimliyinə, fars hədəflərinə xidmət etməkdədir, çünkü fars mərkəzli bir dövlət nizamında birləşməkdədirlər, çünkü onların düşüncə dilləri farscadır. İstər müsəlman, istər kommunist, istərsə “demokrat” olsun, hamısı fars dilinə, fars siyasi hədəflərinə xidmət etməkdədirlər. Bu gün həm islam, həm kommunizm, həm də “demokratik” görüşlər açıqca türk düşmənliyi etmək üçün vəsilədirlər. Ancaq milli dövlət düzənində tarlada, fabrikada çalışan zəhmətkeşlərin əməyi onların öz vətənlərinin inkişafına həsr olunur. Farsların daha da silahlanmasını, bölgə və insanlıq üçün təhdid amilinə dönüşməsini əngəlləyən amillərdən birisi də Güney Azərbaycanda milli dövlətin qurulmasıdır. Bu səbəbdən də milli dövlət uğruna mubarizə aparmaq ortaq insani dəyərlərə xidmət etməkdədir. Millətin içində mövcud olan dialektik proses, dialektik təkamül milli ruhu, hakim milli dövlət külliyətində təcəssüm etmək istər. Yalnız milli dövlətdən itaət edən iradə azaddır, çünkü bu iradə ortaq milli və kollektiv iradənin nəticəsi olan bütündən, külldən itaət edir. Milli dövlətə tabeiyyət duyğusunun fərqində olan iradə, əslində öz-özünə, kollektiv iradədə bütünləşən öz iradəsinə tabedir. Bir çox ölkələrin tarixində göründüyü kimi, milli iradənin həmahəng və külli şəkildə milli dövlətdə təmsil olması tərəqqinin qarşısında mövcud olan bütün əngəlləri ortadan qaldırır. Milli dövlətin varlığına səbəbiyət qazandıran millətolma duyğusunun əqlən və hissən fərdlər tərəfindən dərk edilməsidir. Fərdi həvəslər, istəklər, meyllər, bir sözlə, fərddə mövcud olan mənfi və müsbət enerji nə varsa, dövlətləşmə və milli dövlətolma sürəcində həm ictimai bir məna daşıyır, həm də millətin inkişafı üçün güc qaynağına dönüşür. Güney Azərbaycanda hər kəs tərəfindən anlaşılması gərəkən bu zehniyyət Azərbaycanın qurtuluşunu birdəfəlik ortaya qoyar. Milli dövlət vasitəsi ilə millətin sadəcə vətəni olaraq deyil, həm də mənfəət coğrafiyası kimi təşxis edilən, üzərində yaşadığı yurd onun zənginlik və zənginləşmə məkanı olur. Yoxsulluğun ortadan qalxması, türk insanının zəngin olması, ancaq öz milli dövlətini quraraq müyəssər ola bilər və bu da uzun bir sürəcdir. Milli dövlət qurulmadan demokratikləşmə və sekularizasion mümkün deyildir. Təkamül insanın yazqısı olduğu kimi, milli dövlət qurma da bu təkamülün bir parçasıdır və bizim aqibətimizdir. Güney Azərbaycanda yüksələn milli kimlik heç bir dar dini və ideoloji çərçivələrə sığmayan, modern və sekular hərəkətdir. İlk dəfə olaraq Güney Azərbaycanda bu qədər geniş miqyaslı sekularlaşma prosesi başlamışdır. Bu hərəkətliliyin daxili və xarici bir çox səbəbləri vardir. Daxili ən böyük səbəb millətin islam və kommunizmi təcrübə edib və hər ikisinin zülmündən bezməsi olmuşdur. Həm din, həm də kommunizm diktatorluqdan yana olan, demokrasini qəbul etməyən ideolojilər kimi özünü göstərmişdir. Güney Azərbaycan milləti bu tarixi təcrübəni yaşadığı üçün bir daha təkrarlamaq istəmir. Bu üzdən də sekularizmə sövq edilmişdir. Xarici səbəb isə Qərbdəki sekular həyatın ortaya qoyduğu insan haqları, qadın haqları və rifah məsələsidir. Bugünkü islam ölkələrindəki zülmün, diktatorluğun, yoxsulluğun tərsinə olaraq sekular ölkələrdə demokrasi, rifah və insan haqları hakimdir. Qərbin qaranlıq orta çağındaki durumu İslam ölkələrində davam etməkdədir. İslamın orta çağı heç bir reforma girmədən öz diktatorluğunu, insan, qadın və millət haqlarına sayqısızlığını, demokrasiyə qapalılığını sürdürməkdədir. 

 

4-Sekularizm nədir və nədən sekularizasion?

 

       Sekularizmin fəlsəfi, hüquqi, siyasi və sənət anlamları var. Sekularizmin lüğət mənası olaylar üzərinə elmi yanaşmadır. Sekularizm, öncə daha çox duyğu planında ortaya çıxdığı üçün özünü sənətdə, özəlliklə rəssamlıq sənətində göstərmişdir. Dini inanışların yasaqladığı görüntüləri rəsm etmək, insana bu dünyanın zövqlərini göstərmək, yaşatmaq və anlatmaq sekular rəssamların, ədəbiyatçıların çalışma sahəsi içində olmuşdur. O dünyaya inanış, din mitolojisi əsasında şəkillənən sıxıntılı həyat planlarının dəyişməsi və bu dünyanın gerçəklərinə əsasən şəkillənən həyat planları sekular zehniyətin qayəsi olmuşdur.

       Milli və insani həyatdaki böhranların əngəllənməsi üçün zehniyyət dəyişilməsinə gedilməsi gərəkməkdədir. Din mərkəzli dünyanı dərk etmə zehniyyəti yüz illər boyunca böhran üstünə böhran yaratmışdır. Bu böhranı və zülmlü həyatı durdurmaq üçün dində reform və dindən asılı olmayan müstəqil insan ağlının inkişaf etməsi bir ehtiyac olaraq ortaya çıxmışdır. Sekularizm, insan düşüncəsini canlandıran, insanı həyata bağlayan bir mekanizmdir.  Bu vəsilə ilə insan ağlı öz imkanlarını daha da dərinləşdirir, genişlədir. Sekularizm, bütün bilgiləri ilahiyata bağlayan dini yanaşmaları inkar edib və kainatın mərkəzində allahın yerinə insanı qoymuşdur. Allaha edilən bütün sayqı və hörmətlər insana edilməlidir. Bu səbəbdən də humanizm (insan mehvərlik) sekular təfəkkürün gətirdiyi din qarşıtı bir tutumdur. Məzhəbi ruh qətiyyən təkamül diyalektiyini insanlığın yazqısı kimi qəbul etməmişdir. Dini ruh, sekularizmdə mövcud olan səyyaliyyəti, devingənliyi (hərəkətliliyi), həyəcanı qəbul etməz, edə bilməz. Dini ruh durğundur. Yalnız savaşlarda və adam öldürmələrdə hərəkətlənir. Tarixin də göstərdiyi kimi, dini ruhun əqli dinamizmi olmamışdır. Türk tarixində nə zaman dinin xaricinə çıxılmışsa, böyük müvəffəqiyyətlər əldə edilmişdir. Karaman oğullarından Mehmet Karamanın (1261-1283) dini yönü zəif olduğu üçün türk dilini dövlət dili etdi. Böyük Mustafa Kəmal Atatürk, Məhəmməd Əmin Rəsulzadə, Pişəvəri din mərkəzli düşünməmələri üçün türk milli kimliyini yüksəldərək, insanlıq mədəniyətinə böyük xidmətdə bulundular. Sekular zehniyyətdə “Allaha təvəkkül” inanışının yerinə “İnsan ağlına güvən” yerləşməkdədir. XVI əsr Renesansdan etibarən fəlsəfədə, inanışda, siyasətdə başlayan sekularizm sürəci ilk dəfə olaraq “həqiqət” qavramından qeyri-dini anlam çıxarmışdır. Sekular zehniyət ortaya çıxmadan öncə həqiqət məfhumunu dinin xaricində təfsir etmək mümkün deyildi, təfsir edənlərin bu günkü islam ölkələrində olduğu kimi başları bədənlərindən ayrılırdı. Qərbdəki sekularizm öncəsi qaranlıq çağı anlamaq üçün bu günkü islam ölkələrinə diqqətlə baxmaq lazımdır. Tarix boyunca din, öz rəqiblərinə həyat haqqı tanımamış, rəqiblərini məhv etmişdir, insan haqları “Allah haqları”na fəda edilmişdir. Allah haqlarının qoruyucuları isə ən qəddar qan içən insanlar olaraq, Allah adına öz mənafelərini qorumuş və saysız insanları “bismillah” deyərək, qətl etmişlər. Yalniz bu dünya ehtiyacları əsasında formalaşan həyat planları və sekular zehniyyət demokrasiyə açıq olmuş, insan haqlarına sayqı göstərmiş, rəqib fikirlərə həyat haqqı tanımışdır. Sekularizmin hüquqi mənası insan haqlarının dərkindən ibarətdir. Sekularizm, hüququn idrak edilməsidir. Dinlər tarix içində bütünlüyünü itirib, məzhəblərə bölündükcə, daha da insan haqlarına və hüquqa hörmətsiz davranmışdır. Din xadimləri feodallara, siyasətçilərə çevrilərək zülmün, ədalətsizliyin, zorakılığın amilləri olmuşlar. Sekular zehniyət bu cəbhəyə qarşı həm sənət, həm fəlsəfə, həm siyasət, həm də hüquq planında mübarizəyə başlamışdır.

Azərbaycandaki sekular zehniyət fəlsəfi planda böyük mütəfəkkir M.F.Axundov tərəfindən ortaya qoyulmuşdur. Musiqidə sekular hissiyatı, sekular həyat idealını böyük musiqiçi Üzeyir Hacıbəyli miniatürləşdirmişdir. Din duyğularını çağrışdıran musiqi növləri depressiona uğramış, insan psikolojisini yansıtmaqdadır. İnsanı həyəcansızlaşdıran, susduran, həyat duyğularından boşaldıb onu Allaha bağlamağa çalışan, mərsiyə və dini musiqi janrına qarşı Üzeyir Hacıbəyli  dünyaya əqlən və həyata hissən sarılan, dünyanı dərk etməyə çalışan sekular musiqi növünü gəlişdirmişdir. Bu səbəbdən də bu gün Azərbaycan istiqlalının və istiqbalının birinci qoruyucusu onun musiqisidir. Digər tərəfdən, Azərbaycan-türk ozan sənəti  təbiəti etibarı ilə sekular özəlliyə sahibdir.  Koroğlu dinçi deyildir, onun sazı, sözü və qılıncı ədalətli həyatı və özünə güvənən insan növünü təmsil etməkdədir. Koroğlunun heç bir səfərində din xadiminə güvəndiyinə rastlanmırıq. Koroğlu heç bir zaman yanında bir din adamı saxlamadı, Koroğlunun özü ozan olmaqdan əlavə, yanında gəzdirdiyi Cinun kimi ozanlar olmuşdur. Koroğlunun azadlıq idealını türk dünyasının dörd bir yanında təbliğ edən ozanlar olmuşdur. Yəni Koroğlu bu dünyanın imkanlarından faydalanaraq ədaləti bərqərar etmək istəyirdi, o dünya uğruna heç bir zaman saz çalmadı, qılınc oynatmadı. Din mərkəzli fiqh hüququ və ya vilayəti fəqih, hər cür dini pluralizmə qarşıdır. Hər kəs fəqihlərin düçüncəsinə görə düşünməlidir. Müqəlləd və müqəllid var. Təqlid edilən və təqlid edən. Təqlid edən sürülərin öz iradəsi olmaz, Şeyxin iradəsinə tabe olmalıdırlar.  Bu da dinin və dolayısı ilə təfəkkür və inanc həyatının bir ovuc feodallaşmış, sərmayədar olmuş din xadimlərinin əlində inhisara keçməsidir. Burada təkamül ola bilməz. Sekular həyat bu cəbhənin bütün varlığına qarşı savaş açmışdır. Ədəbiyyatda M.Füzuli kimi böyük fikir adamları, şairlər şəriətin sıxıntısından və zülmündən bezərək, dünyəvi həyatı üstün görmüşlər. Füzulinin

“Qeyd islam, Füzuli, sənə bir afətdir

Bir hisar edə gör ondan özünə, zünnarı.”

Və ya

“Könül ta var əlində cami mey təsbihə əl vurma

Namaz əhlinə uyma, onlar ilə durma, oturma”

 kimi şeirləri Füzulinin din mərkəzli durğun və bezikdirici həyata qarşı çıxdığını göstərir. Ancaq Azərbaycan ədəbiyyatında sekular düşüncənin ən böyük propaqandaçısı S.Ə. Şirvani olmuşdur. Məscidləri, camiləri düşüncə həyatının mərkəzinə deyil, cəhalət yuvasına çevirən fəqihlərə qarşı S.Ə. Şirvani cəsurca mübarizə aparmışdır.

“Sizi Tanrı yetirin piri-xərabata məni

Artırır qəm axı məsciddə nəyim var mənim”

kimi şeirlərində şəriəti təmsil edən cəbhəyə qarşı mübarizə aparmışdır. Azərbaycan ədəbiyatında ən böyük sekular şair M.Ə. Sabir olmuşdur. M.Ə. Sabirin bir şeirini olduğu kimi söyləyək ki, oradaki çağdaş düşüncənin genişliyinə şahid olaq:

Ayaqyalın mən düşürəm çöllərə,

Xari müğulan görürəm – qorxmuram

Gah enirəm sayə tək ormanlara,

Yırtıcı heyvan görürəm –qorxmuram.

Məqbərəlikdə edirəm gah məkan,

Qəbirdə  xortdan görürəm – qorxmuram.

Mənzil olur gah mənə viranələr,

Cin görürəm, can görürəm—qorxmuram.

Xarici mülkündə də hətta gəzib,

Çox tüfah insan görürəm, qorxmuram;

Leyk, bu qorxmazlıq ilə doğrusu,

Ay dadaş… vallahı, billahı, tallahı,

Harda müsəlman görürəm, qorxuram.

 

Siyasi sekularizm 1918-ci ildə M. Ə. Rəsulzadə və 1945-ci ildə Pişəvəri tərəfindən həyata keçmiş və yalnız bu səbəblə də qadınlara siyasi, mədəni haqq tanınmışdır. Eyni zamanda Qacar şahzadəsi Abbas Mirzanın da sekularizmə olan meylini burda xatırlatmaq istərdim. Qacar Məmaliki Məhrusəsi (Qacarların qoruduğu məmləkətlər) məmləkətlərdən ibarətdi. Bu məmləkətlər Azərbaycan, Xorasan və digərlərindən oluşmaqda idi. Hər məmləkətin adına bir ordu var idi. 1805-ci ildə təşkil olunan Azərbaycan Ordusunun başında Abbas Mirza durmaqda idi. Abbas Mirza 1820-30-ci illər arasında Qərb ölkələrinin səfirləri ilə sıx irtibatda idi. Özəlliklə Napoleonun elçisi general Qardanla sıx irtibatı olmuş və Böyük Fransa İnqilabının və cümhuriyətçiliyin anlamı haqqında suallar soruşmuş bilgi sahibi olmuşdur. Azərbaycan Mərkəzli modern hərəkət başlatmış və Azərbaycan Ordusunun əsgərlərinə saqqallarını qırxmağı əmr etmişdir. İslamda yasaq olan saqqal qirxmaq üzündən bütün din xadimləri Abbas Mirzanın dindən çıxdığı haqqında ortaq qərara gəlmiş, xristian olduğunu söyləmişdilər. Abbas Mirza, Şərqdə modernizmə meyllənən ilk türk şəxsiyyəti olmuşdur.

Sekularizm, tərki-dünyalığın, insanı o dünyaya bağlayan bütün dini inanışların tərki kimi ortaya çıxmışdır. Dini həyatın bu dünyanı aşağılaması, peyqəmbərlər adından “bu dünya möminlərin zindanıdır” söylənən anlayışların hamısına qarşı mübarizə bayrağı qaldırmışdır. Dini görüşlərin tərsinə olaraq sekular düşüncə bu dünyadan kam almaq üçün bütün qapalı yolları açırdı. XIV-XV əsrlərdə sekularizmin altyapısını təşkil edən humanizm məfhumu ortaya çıxdı. Humanizmin dəqiq mənası bundan ibarət idi ki, insan dünyanın mərkəzində özünü görməlidir, bütün olayların mehvərində dayanan insandır. Orta çağda başlayan humanizm sürəci daha sonra Darvin, Marks kimi şəxsiyyətlərin adamlarının əsas fəlsəfəsinə çevrildi. İnsan bu dünyaya dərd çəkməyə gəlməmişdir, bu dünya o dünyanın kölgəsi deyildir. Bu dünya bir həqiqətdir. Bu dünyada insan hər tür səadətdən, xoşbəxtlikdən bərxurdar ola bilər, olmalıdır. Bu səbəbdən də sekular zehniyətin əsasını təşkil edən humanizm əski Yunan və Roma ədəbiyatına önəm verməkdə idi. Çünkü bu ədəbiyatların mahiyətində dünyadan zövq alma görüşü durmaqda idi. Özəlliklə Erasmus adında reformist bir şəxsiyət humanizmin, yəni insan mərkəzliliyin şəkillənməsində böyük təsir göstərdi. Martin Luter o dünya anlayışını ləğv, ibtal edib, o dünya inanışını ortadan qaldırdı isə, Erasmus da dində reform və insana önəm vermə yolu ilə humanist mədəniyyətin yayğınlaşmasına yardımçı oldu. Sekularizm, dünya ləzzətindən yararlanma imkanını ədəbi dillə bəyan etdiyi üçün, öncə ədəbi bir cərəyan şəklində də anlaşılmışdır. Sekularistlər deyirdilər ki, biz bu dünyaya məhbus olmağa deyil, yaşamağa gəlmişik. Səmavi dinlərin dediyinə görə, insanın bu dünyaya gəlişi bir xəta üzündən olmuşdur. Yəni ilk insan olaraq bilinən Adəm, yasaqlanmış bir meyvəni şeytanın yanıltması səbəbi ilə yediyi üçün həbsxana adlanan bu dünyaya atılmış. Sekular zehniyət bu əfsanəni qətiyyən qəbul etməz. Yenə də səmavi dinlərin  qadını insan hesab etməməsinə qarşı, qadın haqlarını savunan sekularistlər əfsanələrə qarşı mübarizə apararlar. Bu günkü qadınların özgürlükləri dinlərin bağışladığı nemət deyildir, bu azadlığı qadınlara sekular zehniyyət vermişdir. İslam ölkələrində sekularizm olmadığı üçün hələ də qadın, dinin əsarətində ət yığınından ibarət olan ləzzət, seks və şəhvət mənbəyi kimi istismar edilməkdədir. Səmavi dinlərin uydurduğu əfsanəyə görə, Allahın yaratdığı ilk insanın, yəni Adəmin, yatdığı yerdə mələklər bir qabırğasını çıxarmış və o qabırğadan qadın yaradılmışdır. Bu üzdən də xilqətin başından bəri kişi qadından üstün yaradılmışdır. Həm də Adəm elə ağır yatmış ki, onun qabırğasını söküb çıxarmışlar, ancaq o, yuxudan oyanmamış, qabırğasının da yaraları yuxudan oyanan qədər sağalmış və qabırğasının çıxarıldığının fərqində də olmamışdır. Sekularizm səmavi dinlərin insan haqlarına qarşı uyduruqlarını qətiyyən qəbul etməz və qadın-kişi bərabərliyinə inanar. Şərqdə yayğın olan təsəvvüf və sufiliyi də sekular zehniyət qəbul etməz. Siyasiləşmiş dini tənqid edən bir sistem olaraq ortaya çıxan təsəvvüf də “bu dünyada insan nə qədər çox imtinalı, dözümlü, təhəmmüllü, bədbəxt olursa, o dünyada bir o qədər böyük və sonsuz nemətlərdən bərxurdar olacaqmış” fəlsəfəsini savunar. Sekular zehniyyət bu görüşə də qətiiyətlə qarşı çıxar. Çünkü insan öz ağlı ilə bu dünyada həm özünə, həm başqalarına fayda verə biləcək bir təbiətə sahibdir. Təsəvvüf, islam Şərqində hakim zalimlərin islam anlayışına alternativ olaraq ortaya çıxsa da, heç bir iş görə bilmədi, heç bir qurtuluş metodu və siyasi fəlsəfə ortaya qoya bilmədi. Ya da siyasi fəlsəfə ortaya qoya biləcək təssəvvüf əhlinin dövlət islamı tərəfindən dərisi soyuldu, başları kəsildi və bu fürsət onlara verilmədi. (İslam öz tarixində 4 cəbhəyə ayrılmışdır: 1. Siyasətin xidmətində olan dövlət islamı. 2. Fiqh elmini gəlişdirən mədrəsə islamı. 3. Siyasətdən və mədrəsə zahidlərindən bezmiş təssəvvüf islamı. 4. Öz milli kimliklərindən yola çıxaraq islama yanaşan xalq islamı. Xalq islamı anlayışında islamda yasaq olan bir çox əmməllərə diqqət edilməz.) Yenə də siyasi və hüquqi məsələlərdə islama və fiqh hüququna dayandılar. Bu üzdən də mürşidlər sadəcə bir yığın sədaqətli kölə müridlər yetişdirdilər, toplumun aydınlanmasına qatqıda bulunmadılar. Toplumdan təcrid edilmiş şəkildə, tərki-dünya və tərki-cəmiyyət fəlsəfəsində zehinlərini həbs etdilər. Təsəvvüf tarixinə baxıldığında, insanlığın qurtuluşu və bu dünyada tətbiq edilməsi gərəkən bir sistemin ortada olmadığına şahidik. Sekularizm, demokrasi ilə uyğunlaşmayan sədaqətli kölə müridlər yetişdirmə sistemini qəbul etməz. Çünkü sekularizm köləliliyə qarşıdır. Köləliyin ortadan qaldırılması yönündə islamda heç bir əmr yoxdur. 1979-cu il İran İslam İnqilabının ideoloq memarlarından biri olan Mürtəza Mütəhhəri “Nədən İslam köləliyə qarşı deyildir?” sualı ətrafında bəzi mülahizələrini ifadə etsə də, bu suala cavab verə bilməmişdir. İslamda köləliyin ortadan qaldırılması yerinə “Kölələrinizlə yaxşı və insafla davranın” məsajı verilmişdir. Bu üzdən də hətta savaşlarda aldıqları qənimətlər nəticəsində zənginləşən əshabələrin özlərinin bir çox kölə xidmətçiləri olmuşdur. Özət olaraq fəlsəfi sekularizmi bu şəkildə anlamaq olar: dünyanın dərki istiqamətində dini təcrübələrin və dini verilərin yeri yoxdur. Əgər bir din mütləq həqiqəti öz kitabında və öz inhisarında hesab edirsə, sekularizm o zehniyətə qarşı mübarizə aparır. Mütləq həqiqət heç bir dinin və inanışın inhisarında ola bilməz. Elm bunu qəbul etmir. Sekularistlərə görə ictimai, təbii və insanı fenomenlərin şərhində dinin hər növ mudaxiləsini durdurmaq lazımdır. İnsan azadlığına əsaslanan sekularizm “İnsan Allahın quludur” tezini də qəbul etməz. Allah, söylənildiyi kimi, adil bir varlıq isə, nədən quldar olmalıdır?! Allah quldar isə, ən sonunda qullarına əsəbləşib, onları cəzalandırma haqqını da öz kitabında məhfuz saxlayır. Özünü yer özündə Allahın xəlifəsi sayan din xadimləri etdikləri zülmləri və cinayətləri Allahın əsəbi və intiqamçı olduğuna əsaslandırmaqdadırlar. Sekularizmin verdiyi ən önəmli mesaj bundan ibarətdir ki, insan Allahın və ənənələrin kontrolundan çıxmalıdır. İnsan həyatına casus lazım deyildir. İnsanın davranışını anbaan təqib edən casus Allah anlayışı sekularistlər tərəfindən qəbul edilməz. Din xadimləri də bu böyük casusun cəza mekanizmini bu dünyada həyata keçirərək, insan həyatını qorxuyla dolduraraq, yaşayışı cəhənnəmə dönüşdürməkdədirlər. Sekular zehniyyətin insan həyatında təsirli olmasının önəmli faktorlarından birisi Çarlz Darvinin teorisi olmuşdur. Çünkü Darvin öz elmi və təkamül nəzəriyəsi, xüsusən iktisabi, ictimai təkamül nəzəriyyəsi ilə din cəbhəsini silahsızlandırmışdır. Dindarların nəzəriyəsi bundan ibarət idi ki, bütün canlılar insan üçün yaradılmışdır, heyvanlar, bitkilər, hər şey insan üçün imiş. Darvin bu fəlsəfənin kökündən yanlış olduğunu isbat etdi. Eynən Newton və digər bilim adamları kimi Darvin də həyat qanunlarından qeyri-dini təhlillər vermişdir. Darvin, bioloji sahədə “Allah nəzəriyyəsi”nə ehtiyac olmayan bilim metodu ilə canlıların varlığını təhlil etmişdir. Azərbaycanda türkçülük Darvin nəzəriyəsi əsasında ortaya çıxmışdır. 1870-ci illərin ilk yarısında Həsənbəy Zərdabi birinci dəfə olaraq ana dilində “Əkinçi” qəzetini yayınladı. “Əkinçi” qəzeti müxtəlif fikirlərin ana dildə ortaya çıxmasına təkan verdi. Azərbaycanda millətolma dalğasını Həsənbəy Zərdabi başlatmışdır. Türkiyə-Rusiya savaşında Həsənbəy Zərdabi açıq şəkildə Türkiyəni, türk ordusunu dəstəklədiyi üçün “Əkinçi” qəzeti qapatıldı. Həsənbəy Zərdabi tam bir Darvinist türkçü idi. Həsəsnbəy Zərdabı dolaylı və dolaysız olaraq “Əkinçi” qəzetində yazırdı ki, dünyada güclü olmaq uğruna millətlər arasında hərbi, psikolojik, ekonomik, torpaq genişlətmə və digər sahələrdə savaş gedir, Azərbaycan məhv olmaq istəmirsə, güclü millət və bütöv dövlət olmalıdır. Bu gün də Həsənbəy Zərdabinin Azərbaycan tarixinə verdiyi bu məsaj canlılığını qorumaqdadır. Darvin öz ünlü  “Türlərin kökəni” kitabında təkamül nəzəriyəsini 7 üsuldan ibarət olaraq göstərmişdir:

1.  Səbəbiyət qanunu—canlılar dünyasında heç bir hadisə səbəbsiz deyildir.

2. Hərəkət qanunu—canlılar dünyası daimi hərəkət və transformasion halındadır.

3. Kəmiyyətin dəyişmələrin keyfiyyət dəyişməsinə çevrilməsi—canlılar dünyasında nüfusun artışı keyfiyyət dəyişməsinə səbəb olur.

4. Maddə və enerjinin bəqa qanunu—canlı maddə dünyadaki maddi mövcudluğun bir parçasıdır, onun bütünü deyildir. Həyat, bir çox ünsürlərin canlı və cansizların irtibatına müdaxiləsi nəticəsində sağlanır. Canlı və cansızlar arasında daima enerji alış-verişi mövcuddur. Bu alış-verişdə heç bir şey ortadan yox olmur.

5. Tərkib qanunu—canlılar dünyasının təzadları daimi bir çəkişmə içindədir. Bu çəkişmələr sonunda təzadlar bir-birləri ilə tərkib tapırlar. Bu prosesdə yeni bir tərkib ortaya çıxır ki, onun özünün də ziddi var.

6. İnkarı inkar qanunu—hər bir sistem (fərdi, sinfi, növ və cins) zaman axışı içində ziddiyətlərin çəkişməsi nəticəsində inkar olunan gerçəklikdir. Bu inkar olunan gerçəklik öz yerini başqa bir gerçəkliyə buraxır. İnkarı inkar qanunu təkamül prosesinin nəticəsidir. Ancaq bu təkamül sürəci mütləq kəmala çatmaq anlamında deyildir, çünkü mütləq kəmal zehnin uydurduğu yanlış bir tanım (tərif)dır.

7. Canlılar dünyası ona kimlik qazandıran bir varlığa sahibdirlər. Təzad, hərəkətin səbəbi və yeni təzadlar icad edən dinamizmdir.

 Sekular zehniyyətin siyasi həyata mudaxiləsi 1789-cu il Böyük Fransa inqilabından sonra geniş miqyasla başlar. Bu inqilabdan sonra siyasi iqtidar dinin və dindarların əlindən alınmışdır. 1789-cu il inqilabından sonra özünə yer edən inqilabi dövlət, milli dövlət adı ilə milli hakimiyyətin təcəsümü şəklində ortaya çıxdı və dini mərkəzlərin bütün əmlakına və mal varlığına əl qoydu. Buna bənzər bir hadisəni Mustafa Kəmal Atatürk Türkiyə Cümhuriyətində gerçəkləşdirdi, dinin sosial və siyasi həyata mudaxiləsini durdurdu, camilərdə verilən əzanları türkləşdirdi. Qərbdəki sekularizasion müvəffəq oldu, ancaq Atatürkün ölümündən sonra irtica bu dəfə Türk-İslam Ülküsü adı ilə dirildi. Sekularizmin siyasi mənasını mütəxəssislər bu şəkildə izah etməkdədirlər: dinin və din xadimlərinin siyasi işlərə müdaxiləsinin əngəllənməsi, din adamlarının dindarlıqlarını siyasətdən uzaq tutmaları. Bu da dinin inkarı anlamına gəlməməkdədir. Sadəcə dinin siyasətdən uzaqlaşdırılmasıdır. Dinin və dövlətin bir-birindən ayrı olması hüquqi bir sürəcdir, yəni dindar insanlar hakimiyyətə gələ bilər, lakin öz inanclarını siyasətə daşıma haqları yoxdur. Dövlət imkanlarından faydalanıb dini inanclarını təbliğ etmə haqqı layik, sekular dövlətdə kimsəyə verilməz. Bu böyük siyasi neməti Qərb tarixi insanlığa təqdim etmişdir.Yalnız bu vəsilə ilə uzun tarixi və irticai təcrübəyə sahib olan din mərkəzli fiqh hüquq sistemini ortadan qaldırmaq olar. Tarixdəki dinlərin zülmünə antitez olaraq ortaya çıxan sekularizm iki istiqamətdə fəal olmuşdur: 1. Eyni (obyektiv) sekularizm. 2. Zehni (subyektiv) sekularizm. Eyni sekularizm, sadəcə siyasətdən dini uzaqlaşdırmaq istər və sosyal həyatda da dinin təsirini azaldıb, insanları daha çox rasionalizmə (əqlaniyyətə) sövq edər, sadəcə irticanın iqtidara dirmanışını əngəllər. Lakin zehni sekularizm dinə və din tarixinə aid nə qədər irticai amillər varsa, hamısını insanın zehnindən və iç dünyasından söküb atmaq istər. Tarix boyunca din öz rəqiblərinin həyatını məhv etmiş, onlara həyat haqqı tanımamışdır. İnsanlıq ya dini təəssübkeşlik cəhalətində qalıb bir-birinə əbədi düşmənliyini sürdürməlidir, ya da bu inanışların yerini xoş görü, tolerans və fəlsəfə almalıdır. Sekular zehniyətə görə din və məzhəb atıq arxeikdir.

Tarixdə ilk sekularsayağı imperatorluğu Böyük Çingiz Xan qurmuşdur. Həm qloballaşmanın, həm də nisbi siyasi sekularizmin qurucusu Çingiz Xan olmuşdur. Türk-Moğul imperatorluğu dini qanunlarla deyil, insan ağlının nəticəsi olan “Çingiz yasaları” ilə idarə olunurdu. Böyük Çingiz Xan bütün mədəniyətləri bir-birinə qarışdırdı. Mədəniyətlərin dialoqu və cahanşümul ticarət anlayışı, Çingiz Xanın zamanında gerçəkləşmişdir. Çingiz Xanın dönəmində ticarət yollarındaki tam güvənlik səbəbi ilə globallaşmanın amili olan ticarət və dünya çapında sərmayə qazanma mümkün oldu. Ancaq daha sonra Çingiz Xanın nəvələri müsəlmanlaşdıqca “Çingiz yasaları” və əqli məhkəmə sistemi yerinə dini irticanın qanunları yerləşdi.

***

 

5. Nəticə

 

Sekularizm insan ağlına üstünlük verdiyi üçün gerçək və əqli olan hər şeyi qəbul edər. Millətin mədəniyyəti, tarixi, ənənəsi, dili və kimlik ünsürləri gerçəkdir. Gerçək olduğu üçün də əqlidir və əqli, hissi fəaliyyətlərin nəticəsidir. Bu gerçəkliyi siyasi və hüquqi səviyəyə yüksəltmək milli dövlət anlayışını doğurmuşdur. Toplum, dialektik ağlın, səyyal zəkanın beşiyidir. Yaşadığımız zamanda Güney Azərbaycanda bu dialektik proses, bu səyyaliyyət millətin içində daha da sistemli biçimdə, tarix yaradacaq enerjiyə sahib olan şəkildə təzahür etmişdir. Bu millətin geriyə dönüş və əsarətə təslimolma yolu qapanmışdır, tarix bu yolu bağlamışdır. İndi ancaq irəliyə doğru yol qalmışdır. Qazandığımız bu mərhələ heç bir şəraitdə əldən çıxmayacaqdır. Yeni nəsillər daha da həyacanlı bir şəkildə Azərbaycanın istiqbalına sarılacaqdır. Güc üstünə güc gələcəkdir, daha da güclənəcəyik. Fars faşizmi keçən əsrdə və davam edən sürəcdə bir çox şəhərlərimizdən Azərbaycan sözünü silmişdir. Həmədan, Zəngan, Ərdəbil kimi şəhərlərin üzərindən Azərbaycan sözü silinmişdir, lakin bütün bu şəhərlərdəki nimayişlərdə millət bir səslə “Yaşasın Azərbaycan!” deyərək bağırdı. Bəlli oldu ki, bu millətin ruhunda “İran” deyə əxlaqi, mənəvi, ruhi bir anlam yoxmuş, yoxdur və olmamalıdır. Bu tarix yaradan qəhrəmanlar bütün ruhi enerjiləri ilə sarıldıqları bir vətən məfhumuna bağlı qaldıqlarını isbatladılar, o da türk millətinin əzəli və əbədi yurdu olan Azərbaycandır. Güney Azərbaycan türklüyü öz qurtuluşu yolunda şəxsiyyət yetişdirmə və təşkilatlanma prosesində artıq böyük təcrübələrə sahibdir. Təşxis mərhələsi bitmişdir, indi tətbiq mərhələsindəyik. Yəni hərəkətin mahiyyətinin nə və necə olacağını təşxis etmək sona ərmişdir, hədəf bəlli edilmişdir. Hədəf Azərbaycan qurtuluşudur. Bu qurtuluşa görə təşkilatlanma, davranma metodları üzərinə düşünmək lazımdır.    

Güney Azerbaycan Milli Hərəkətini, Həsənbəy Zərdabinin təfsir etdiyi darvinist bir baxışla təhlil edərsək, bu milli həmrəyliyin daxili və xarici maraqlarını, tarixini və təkamül şəklini bir bütün olaraq göz önündə bulundurmalıyıq. Güney Azərbaycan Milli Hərəkətinin daxili maraqları özünüqoruma, həyatını sürdürmə prinsipinə dayanaraq, varlığını ən yüksək siyasi orqanizasion şəklində gerçəkləşdirməyi hədəfləməkdədir. Xarici maraqlarında isə xaric dünya ilə öz mənafeyi istiqamətində enerji, kültür alış-verişində bulunmağı amac etmişdir. Hərəkət özünün təkamül tarixi prosesində fars faşizmini inkar şəklində mücadilə metodunu özümsəməkdədir. Milli hərəkət bu hədəflərinə görə taktik və strateji, təhdid və fürsət teoriləri ortaya qoymaqdadır.

Güney Azərbaycan Milli Hərəkəti Babək Xürrəmdini təsadüfi olaraq özünə qəhrəmanlıq simvolu seçməmişdir. Babək Xürrəmdinə güvənmə, millətin təfəkküründə ortaya çıxmış fərqliliyi sərgiləməkdədir. Babək Xürrəmdin Azərbaycan Mərkəzli olmayan heç bir inanışı, hətta islamı da qəbul etməmişdir. Ərəb imperatorluğunun islam bayrağı altında türkləri mevali, yəni vəlisi olan, yəni ikinci dərəcəli insan  olaraq adlandırmasını Babək Xürrəmdin qəbul etməz. “Məndə Şirvin var!” deyən Babək bu zehniyyətə təslim ola bilməzdi. Bu yolda da, yəni Azərbaycanın istiqlalı yolunda canını verdi. Ruhunu tarixə, türk tarixinə buraxdı və Azərbaycan istiqlalı yolunda necə davranacağımız haqda bizə dərs verdi. Qadın haqlarına sayqı göstərdiyi üçün, qadını insan olaraq qəbul etməyən müsəlmanlar tərəfindən əxlaqsız, əyyaş adlandırıldı. Lakin Azərbaycan milləti min ildən sonra öz çağdaş və sekular kimliyinə qovuşarkən Babək Xürrəmdini kəşf edib, bağrına basıb, gündəmə gətirdi. Babək Xürrəmdinin qəhrəmanlığına sahib çıxmaq bugünkü islam arxasına sığınan fars faşizminin dininə qarşı mübarizə aparmaqdır.

Güney Azərbaycan dünyda öz sayqın, etibarlı yerini almaq üçün yeni bir tarixi mərhələyə girmişdir. Bu etibar uğruna bütün sahələrdə öz heysiyyətli mübarizəsinə davam edəcəkdir.

07.06.2006