Güntay

 

GÜNAZ TV xatirələri

 

 

I

Əhməd Obalı ilə tanışlığım

 

Əhməd Obalının adını eşitmişdim. Ilk dəfə 1999-cu ildə Bakıda yaxından tanış olduq. O zaman atrıq Bakı həyatım mənim üçün bitmiş və bezdirici olmuşdur. Özümü quyuya düşmüş kimi hiss edirdim. Hiss edirdim ki, yavaş-yavaş mənəviyatım pozulur və dəyərsiz bir insana çevrilirəm. Bakı mühitində boğulurdum, yox olurdum. Insanın öz tədrici ölümünə şahid olmasından daha çətin bir şey ola bilməz. Bir çalışqan fərd üçün ən böyük bədbəxtlik gərəksizlikdir. Bakı mühiti məni gərəksiz bir insana çevirmişdi. Bir an əvvəl Bakıdan qurtulmalı idim. Ancaq necə? Öz-özümü, düşüncələrimi və ruhumu Bakıda həbsə məhkum etmişdim. Mənəviyatımı və bilgilərimi gücləndirəcək ədəbiyatda yox idi. Rus dilini də bilmədiyim üçün tədricən dünyadan xəbərsiz qalan fosilə dönüşdüyümü sanırdım. Bu tərz həyata bir son verməli idim, yalnız bütün yollar üzümə qapalı idi. Sonunda düşündüm ki, gedib “İran”da zindanda qalmaq, işkəncə görmək Bakıda yaşamaqdan daha üstündür. Heç olmasa “İran”da zindanda qalmaq bir amac üçün olar, Bakıdakı həyatım isə çürümə prosesindən başqa bir şey deyildi. Bu üzdən bir risk etməm lazım idi. “İran” konsulluğuna gedib və pasportumun uzadılmasını istədim. Pasportumun vaxtı 1994-də bitmişdi, mən isə 2002-də baş vururdum konsulluğa. Bəzi heysiyyətsiz adamlar mənim konsulluğa getməmi başqa cur təhlil etdilər. Ancaq bunlar mənim üçün önəmli deyildi. Önəmli olan Bakıdan canımı qurtarmaq idi. Ona görə də konsulluqda məni yaxalıyıb “İran”a aparmalarından qorxmurdum. Çünkü Bakı həyatından canıma dolmuş qorxu hissi daha qorxunc idi. Bakıda özümü sadəcə ət yığınından ibarət olan bir məxluq kimi hiss edirdim. Gələcəyə olan bütün umudlarım sönmüşdü. Çünkü fərdi həyatım üçün umud verici imkanlar və ilhamlar yox olmuşdu. Milli mübarizəyə də heç bir qatqım olmurdu. Oradaki iqtisadi və mənəvi böhran mənim kimi minlərcə insanı həzm edərdi. 91-ci ildə Ankarada BMT-ye baş vurmuşdum. Ancaq bu işimi yarım qoyub və Avropaya getmək yerinə Bakıya getdim. Hesablamalrım yanlış çıxmışdı.

   2002-ci ildə Obalı bəyin maddi yardımı ilə Nasir Purpirarın “On iki əsr sükut” kitabını tərcümə edib Bakıda çap etdirdim. Əlimdə artıq pasportum da olduğu üçün bu kitabın yayılmasını tanıdığım dostlarıma tapşırıb həmən Bakıdan çıxmaq istəyirdim. Ankarada doktoramı oxumaq üçün sənədlərimi göndərmişdim. Bu işdə Məhəmməd Müştaq bəy mənə çox yardımçı oldu. Türkiyədə oxuya bilməm mümkün olmuşdu, lakin Türkiyəyə gedə biləcək və oradada yerbəyer olana qədər gərəkən miqdarda pulum yox idi. Obalı bəydən xahiş etdim ki, Bakıdan qurtarmama yardımçı olsun. Obalı bəy sözümü geri çevirmədi və bu şəkildə mən Bakıdan qurtulub, Ankaraya gəldim. Ankara həyatım çox dəyərli oldu. Ankarada yerləşdikdən sonra hiss etdim ki, Bakıdakı həyatım nə qədər mənasız keçmiş. Çünkü mənim zehni ehtiyaclarımın, mənəvi maraqlarımın qaynaqları tamamən Türk dilində mevcud idi. Ankara həyatım mənim üçün hədsiz dərəcədə faydalı oldu. Intelektimin burada dərinləşməsi müyəssərləşdi. Bunun üçün Əhməd Obalıya özümü mənəvi olaraq borclu sayıram. Ankarada digər bir təsbitdə də bulundum: Əgər Türkiyədəki mənəvi-fikri imkanlardan yararlanmazsaq Güney Azərbaycanın qurtuluşu mümkün olmayacaq. Çünkü Quzey Azərbaycanda mevcud olan dəyərlər Güney Azərbaycanı qurtara biləcək, Güney Azərbaycana güvən verecək səviyədə deyildir. Demək olar dünya ədəbiyatından və fəlsəfəsindən Azərbaycanda əsər-əlamət yoxdur. Bu səbədən də Türkiyədə mevcud olan dünya ədəbiyatı, elmi kitablar bizim üçün bir şansdır, bir fürsətdir. Türkiyədəki elmi, fəlsəfi imkanlardan faydalanmasaq qurtuluşumuz mümkün olmayacaq. Quzey Azərbaycanın da qurtuluşu Türkiyədəki elmi imkanlardan faydalanmaqla mümkündür. Quzey Azərbaycan hələ tam olaraq qurtulmayıbdır. Quzey Azərbaycanda qurtuluşun fəlsəfəsi milli dildə mevcud deyildir. Günümüzdəki fikri qurtuluş demək, bütün dünyanı milli dildə oxymaq anlamındadır. Quzey Azərbaycanda isə milli dildə ciddi elmi əsər yoxdur, tərcümə edilməmişdir. Ancaq Türkiyədə bu elmi edəbiyat boldur. Bu bolluq da bizim üçün, Bütov Azərbaycan və Türküstan üçün bir fürsətdir. Fars dilində olmayan əsərlər belə, Türkcəyə Türkiyədə tərcümə edilmişdir. Bu söylədiklərim Quzey Azərbaycan üçün bir aşağılıq kompleksi deyildir, nə də Türküstan cümhuriyətləri üçün. Quzey Azərbaycan əsarətdən yenicə qurtarmış. Daha doğrusu siyasi əsarətdən qurtulmuş, ancaq fikri əsarətdən qurtulmamışdır. Fikri əsarətdən qurtulması üçün Türkiyə ilə daha da yaxınlaşmalıdır. Fikri əsarətdən qurtuluşun bir yolu var: Fikir qaynaqlarını milli dildə oxumaq. İkinci yol yoxdur.  

 

II

Finladiyaya yerləşdikdən sonra yaradıcılıq imkanlarımın daha fərqli səviyəyə daşınacağının fərqinə vardım. Buradaki maddi-mənəvi güvənliyə əsaslanıb böyük işlər görmək mümkündür. Mən də bundan faydalanmağa çalışdım. Bir çox məqalələrim, yazılarım Finlandiyada yazıldı və yazılır. 2005-ci ildə Obalı bəy “Televizion açıram, 2 aylığına gəl Şikaqoya bərabər çalışdıraq televizionu” dedi. Mən isə ailəmi hələ Finladiyaya gətirmədiyim üçün gedə bilmədim. Dedim ki, eşimi və qızımı Finladiyaya gətirim, fikrim rahat olsun sonra gələrəm. Elə də oldu. Finlandiyada yaşayan Azərbaycançı dostlar mənim Amerikaya gedi-dönüş xərcimi bir yerdə təmin etdilər. Bu da mənim boynuma böyük bir məsuliyət yükləyirdi. Öz-özümə düşünürdüm: “Güntay! Diqqətli olmalısan. Sənə olan bu güvəni və inancı doğrultmalısan. Bu insanlar etdikləri bu maddi yardımları ilə əslində ən nəcib, ən milli və insani duyğularını sənin vicdanına yükləyirlər. Bu bir qurtuluş savaşıdır. Qurtuluş savaşının fikri mərhələsidir. Televizion isə böyük bir fürsətdir. Bu fürsəti doğru dəyərləndirmək lazımdır. Sən bir savaşa gedirsən. Savaşçı hər zaman hazır olmalıdır. Pars faşizminin varlığına qarşı savaş səngəridir GÜNAZ TV.” Günlərcə bu şəkildə öz-özümə düşünür, öz-özümlə qarşı-qarşıya gəlirdim.

21.06.2006 tarixində Helsinkidən Şikaqoya uçdum. Şikaqo hava limanında Obalı bəy məni qarşıladı. Arabasına minib GÜNAZ TV mərkəzinə yollandıq. Alt qatda restoran xidmətləri verilir və üst qatda GÜNAZ TV yerləşməkdədir. Üst qata çıxdıq. Hüseyn Əbdullahi bəy efir otağında idi. Saleh İldırım isə canlı yayında. Hüseyn bəylə xoş-beş etdikdən sonra, orada Əyyub Məhəmmədini də gördüm. Əyyub Məhəmmədi də Sulduzdandır. Güney Azərbaycanda hadisələr baş verdikədn sonra başqa bir əyalətdən qalxmış və GÜNAZ TV-yə yardıma gəlmişdir. Eşq olsun belə insanlara. GÜNAZ TV millətimizin içində necə fədakar insanların olduğunu da üzə çıxardı. Oraya getdikdən sonra gördüm ki, GÜNAZ TV tam bir fədakarlıq örnəyidir. Mən də bu fədakarlıq tarixinin içində olduğum üçün özümü xoşbəxt hiss edirdim. Gəcnliyimin ilk başlarında çox romanlar oxuyardım. Oradaki fədakar insanların ehsasatına heyran qalardım. Lakin onlar kitablarda idi. İndi isə gerçək həyatda vətənimiz yolunda böyük fədakarlıqlara şahid olurdum və gözlərim dolurdu. Düşünürdüm ki, əgər bu fədakarlıq duyğuları varsa Azərbaycanın qurtuluşu labüddür. Azərbaycan qurtulacaqdır. Özəlliklə Hüseyn Əbdüllahi bəy gecəsini gündüzunə qatmışdı. TV-də yatıb qalırdı.

TV-yə yardıma gələnlərin hamısının yeyəcəkləri restoranda təmin olunur. Sadəcə TV-də çalışanların deyil, hər hansı bir Azərbaycanlı Şikaqoya uğrayıb çətinliklə qarşılaşsa Obalı bəyin restoranına uğrayır. Bakıdan 5 qadın gəlmişdi. İşlərində bir az axsaqlıq var idi. Orada qaldıqları bir həftə müddətincə restorandan temin olub ve gecələri də Hüseyn bəyin evində qalırdılar. Əhməd Obalı bu gün Azərbaycan Milli Hərəkəti üçün bir fürsətdir. Getdiyim günün sabahısı mən də canlı yayına hazırlaşacaqdım. İlk canlı yayın Hüseyn bəy Əbdullahi ilə bir yerdə oldu. Daha sonralar tək özüm aparırdım. Hər hazırladığım proqram üçün ən az hər gecə dörd saat məşğul olurdum. Fikirlərimi bəlli mövzu üzərinə mərkəzləşdirib və notlarımı alırdım. Bu şəkildə canlı yayınlarım davam edirdi. Daha sonra e-mailimə gələn yüzlərcə teşviq məktubları məni daha da həvəsləndirirdi. Xüsusən Güneydən gələn e-maillər məni çox sevindirirdi.  Zaman keçdikcə orada teknik işləri də tamamən öyrənmiş oldum. Bəzən dostları canlı yayına mən bağlayırdım.

   Artıq geri dönmüşəm və evimdəyəm. Ancaq TV xatirələrim ömrüm boyu unudulmayacaq. Gəldikdən 2 gün sonra oradaki çalışmalar filan yuxuma girmişdi. Bir otaqda yerləşir GÜNAZ TV. Bir otaqdan bütün dünyaya, Azərbaycan dünyasına xitab edir. Milli fədakarlığın nəticəsində ayaqda duran bu TV Azərbaycan qurtuluş savaşında yeni bir mərhələdir. Bu TV-nin açılışına və təsisinə təşəbbüs göstərən Əhməd Obalı yeni bir tarix yaratdı. Önəmli olan bundan sonrasıdır. Obalı bəyi yalnız buraxmamalıyıq. Milli təşəbbüsdə bulunanlara güclü dəstək verilməlidir.

Tampere 01.09.2006

  

 گوناز تی و ی خاطيره لري

  گونتاي جاوانشير   

 

الف:

احمد اوبالي ايله تانيشليغيم

  احمد اوبالي نين آديني ائشيتميشديم. ايلک دفعه  1999-جو ايلده باکيدا ياخيندان تانيش اولدوق. او زامان آرتيق باکي حياتيم منيم اوچون بيتميش و بئزديريجي اولموشدور. اؤزومو قويويا دوشموش کيمي حیس ائديرديم. حیس ائديرديم کي، ياواش-ياواش معنويياتيم پوزولور و ده يه رسيز بير اينسانا چئوريليرم. باکي موحيطينده بوغولوردوم، يوخ اولوردوم. اينسانين اؤز تدريجي اؤلومونه شاهيد اولماسيندان داها چتين بير شئي اولا بيلمز. بير چاليشقان فرد اوچون ان بؤيوک بدبختليک گرکسيزليکدير. باکي موحيطي مني گرکسيز بير اينسانا چئويرميشدي. بير آن اول باکيدان قورتولمالي ايديم. آنجاق نئجه؟ اؤز-اؤزومو، دوشونجه لريمي و روحومو باکيدا حبسه محکوم ائتميشديم. معنويياتيمي و بيلگيلريمي گوجلنديره جک ادبيياتدا يوخ ايدي. روس ديليني ده بيلمه ديگيم اوچون تدريجن دونيادان خبرسيز قالان فوسيله دؤنوشدويومو سانيرديم. بو طرز حياتا بير سون وئرمه لي ايديم، يالنيز بوتون يوللار اوزومه قاپالي ايدي. سونوندا دوشوندوم کي، گئديب  " ايران " دا زينداندا قالماق، ايشکنجه گؤرمک باکيدا ياشاماقدان داها اوستوندور. هئچ اولماسا  " ايران " دا زينداندا قالماق بير آماج اوچون اولار، باکيداکي حياتيم ايسه چورومه پروسه سيندن باشقا بير شئي دئييلدي. بو اوزدن بير ريسک ائتمم لازيم ايدي.  " ايران "  کونسوللوغونا گئديب و پاسپورتومون اوزاديلماسيني ايسته ديم. پاسپورتومون واختي 1994-ده بيتميشدي، من ايسه 2002-ده باش ووروردوم کونسوللوغا. بعضي حیثیت سيز آداملار منيم کونسوللوغا گئتمه مي باشقا جور تحليل ائتديلر. آنجاق بونلار منيم اوچون اؤنملي دئييلدي. اؤنملي اولان باکيدان جانيمي قورتارماق ايدي. اونا گؤره ده کونسوللوقدا مني ياخاليييب  " ايران " آ آپارمالاريندان قورخموردوم. چونکو باکي حياتيندان جانيما دولموش قورخو حيسي داها قورخونج ايدي. باکيدا اؤزومو ساده جه ات ييغينيندان عيبارت اولان بير مخلوق کيمي حيسس ائديرديم. گله جگه اولان بوتون اومودلاريم سؤنموشدو. چونکو فردي حياتيم اوچون اومود وئريجي ايمکانلار و ايلهاملار يوخ اولموشدو. ميللي موباريزه يه ده هئچ بير قاتقيم اولموردو. اوراداکي ايقتيصادي و معنوي بؤحران منيم کيمي مينلرجه اينساني هضم ائدردي. 91-جي ايلده آنکارادا بمت-يئ باش وورموشدوم. آنجاق بو ايشيمي ياريم قويوب و آوروپايا گئتمک يئرينه باکييا گئتديم. حسابلامالريم يانليش چيخميشدي.   

  2002-جي ايلده اوبالي بيين ماددي يارديمي ايله ناسير پورپيرارين  " اون ايکي عصر سوکوت "  کيتابيني ترجومه ائديب باکيدا چاپ ائتديرديم. اليمده آرتيق پاسپورتوم دا اولدوغو اوچون بو کيتابين ياييلماسيني تانيديغيم دوستلاريما تاپشيريب همن باکيدان چيخماق ايسته ييرديم. آنکارادا دوکتورامي اوخوماق اوچون سندلريمي گؤندرميشديم. بو ايشده محمد موشتاق بي منه چوخ يارديمچي اولدو. تورکييه ده اوخويا بيلمم مومکون اولموشدو، لاکين تورکييه يه گئده بيله جک و اورادادا يئربيئر اولانا قدر گرکین ميقداردا پولوم يوخ ايدي. اوبالي بيدن خواهيش ائتديم کي، باکيدان قورتارماما يارديمچي اولسون. اوبالي بي سؤزومو گئري چئويرمه دي و بو شکيلده من باکيدان قورتولوب، آنکارايا گلديم. آنکارا حياتيم چوخ ديرلي اولدو. آنکارادا يئرلشديکدن سونرا حيسس ائتديم کي، باکيداکي حياتيم نه قدر معناسيز کئچميش. چونکو منيم ذهني احتيياجلاريمين، معنوي ماراقلاريمين قايناقلاري تامامن تورک ديلينده موجود ايدي. آنکارا حياتيم منيم اوچون حدسيز درجه ده فايدالي اولدو. اينتئلئکتيمين بورادا درينلشمه سي موثرلشدي. بونون اوچون احمد اوبالي يا اؤزومو معنوي اولاراق بورجلو ساييرام. آنکارادا ديگر بير تثبيتده ده بولوندوم: اگر تورکييه ده کي  معنوي-فيکري ايمکانلاردان يارارلانمازساق گونئي آذربايجانين قورتولوشو مومکون اولماياجاق. چونکو قوزئي آذربايجاندا موجود اولان ده يه رلر گونئي آذربايجاني قورتارا بيله جک، گونئي آذربايجانا گووه ن وئره جک سوييه ده دئييلدير. دئمک اولار دونيا ادبيياتيندان و فلسفه سيندن آذربايجاندا اثر-علامت يوخدور. بو سبب دن ده تورکييه ده موجود اولان دونيا ادبيياتي، علمي کيتابلار بيزيم اوچون بير شانسدير، بير فورصتدير. تورکييه ده کي  علمي، فلسفي ايمکانلاردان فايدالانماساق قورتولوشوموز مومکون اولماياجاق. قوزئي آذربايجانين دا قورتولوشو تورکييه ده کي  علمي ايمکانلاردان فايدالانماقلا مومکوندور. قوزئي آذربايجان هله تام اولاراق قورتولماييبدير. قوزئي آذربايجاندا قورتولوشون فلسفه سي ميللي ديلده موجود دئييلدير. گونوموزده کي  فيکري قورتولوش دئمک، بوتون دونياني ميللي ديلده اوخوماق آنلاميندادير. قوزئي آذربايجاندا ايسه ميللي ديلده جيدي علمي اثر يوخدور، ترجومه ائديلمه ميشدير. آنجاق تورکييه ده بو علمي ائدبييات بولدور. بو بوللوق دا بيزيم اوچون، بوتوو آذربايجان و تورکوستان اوچون بير فورصتدير. فارس ديلينده اولمايان اثرلر بئله، تورکجه يه تورکييه ده ترجومه ائديلميشدير. بو سؤيله ديکلريم قوزئي آذربايجان اوچون بير آشاغيليق کومپلئکسي دئييلدير، نه ده تورکوستان جومهورييتلري اوچون. قوزئي آذربايجان اسارتدن يئنيجه قورتارميش. داها دوغروسو سياسي اسارتدن قورتولموش، آنجاق فيکري اسارتدن قورتولماميشدير. فيکري اسارتدن قورتولماسي اوچون تورکييه ايله داها دا ياخينلاشماليدير. فيکري اسارتدن قورتولوشون بير يولو وار: فيکير قايناقلاريني ميللي ديلده اوخوماق. ايکينجي يول يوخدور.   

 

ب:

  فينلادييايا يئرلشديکدن سونرا ياراديجيليق ايمکانلاريمين داها فرقلي سوييه يه داشيناجاغي نين فرقينه وارديم. بوراداکي ماددي-معنوي گووه نلي يه اساسلانيب بؤيوک ايشلر گؤرمک مومکوندور. من ده بوندان فايدالانماغا چاليشديم. بير چوخ مقاله لريم، يازيلاريم فينلاندييادا يازيلدي و يازيلير. 2005-جي ايلده اوبالي بي  " تئلئويزيون آچيرام، 2 آيليغينا گل شيکاقويا برابر چاليشديراق تئلئويزيونو "  دئدي. من ايسه عاييله مي هله فينلادييايا گتيرمه ديگيم اوچون گئده بيلمه ديم. دئديم کي، ائشيمي و قيزيمي فينلادييايا گتيريم، فيکريم راحات اولسون سونرا گلرم. ائله ده اولدو. فينلاندييادا ياشايان آذربايجانچي دوستلار منيم آمئريکايا گئديش-دؤنوش خرجيمي بير يئرده تامين ائتديلر. بو دا منيم بوينوما بؤيوک بير مسئولييت يوکله ييردي. اؤز-اؤزومه دوشونوردوم:  " گونتاي! ديقتلي اولماليسان. سنه اولان بو گووه ني و اينانجي دوغرولتماليسان. بو اينسانلار ائتديکلري بو ماددي يارديملاري ايله اصلینده ان نجيب، ان ميللي و اينساني دويغولاريني سنين ويجدانينا يوکله ييرلر. بو بير قورتولوش ساواشيدير. قورتولوش ساواشي نين فيکري مرحله سيدير. تئلئويزيون ايسه بؤيوک بير فورصتدير. بو فورصتي دوغرو ديرلنديرمک لازيمدير. سن بير ساواشا گئديرسن. ساواشچي هر زامان حاضير اولماليدير. پارس فاشيزمي نين وارليغينا قارشي ساواش سنگريدير گوناز تی وی. "  گونلرجه بو شکيلده اؤز-اؤزومه دوشونور، اؤز-اؤزومله قارشي-قارشييا گليرديم.   

  21.06.2006 تاريخينده هئلسينکيدن شيکاقويا اوچدوم. شيکاقو هاوا ليمانيندا اوبالي بي مني قارشيلادي. آراباسينا مينيب گوناز تی وی مرکزينه يوللانديق. آلت قاتدا رئستوران خيدمتلري وئريلير و اوست قاتدا گوناز تی ویی يئرلشمکده دير. اوست قاتا چيخديق. حسین عبداللهی بي ائفير اوتاغيندا ايدي. صالح ايلديريم ايسه جانلي ياييندا. حسین بئله خوش-بئش ائتديکدن سونرا، اورادا ايوب محمدینی ده گؤردوم. ايوب محمدی ده سولدوزداندير. گونئي آذربايجاندا حاديثه لر باش وئرديکدن سونرا باشقا بير ايالتدن قالخميش و گوناز تی وی-يه يارديما گلميشدير. عشق اولسون بئله اينسانلارا. گوناز تی وی ميلتيميزين ايچينده نئجه فداکار اينسانلارين اولدوغونو دا اوزه چيخاردي. اورايا گئتديکدن سونرا گؤردوم کي، گوناز تی وی تام بير فداکارليق اؤرنگيدير. من ده بو فداکارليق تاريخي نين ايچينده اولدوغوم اوچون اؤزومو خوشبخت حيس ائديرديم. گجنليگيمين ايلک باشلاريندا چوخ رومانلار اوخويارديم. اوراداکي فداکار اينسانلارين احساساتينا حئيران قالارديم. لاکين اونلار کيتابلاردا ايدي. ايندي ايسه گئرچک حياتدا وطنيميز يولوندا بؤيوک فداکارليقلارا شاهيد اولوردوم و گؤزلريم دولوردو. دوشونوردوم کي، اگر بو فداکارليق دويغولاري وارسا آذربايجانين قورتولوشو لابوددور. آذربايجان قورتولاجاقدير. اؤزلليکله حسین عبداللهی بي گئجه سيني گوندوزونه قاتميشدي. تی وی-ده ياتيب قاليردي.   

  تی وی-يه يارديما گلنلرين هاميسي نين يئيه جکلري رئستوراندا تامين اولونور. سادجه تی وی-ده چاليشانلارين دئييل، هر هانسي بير آذربايجانلي شيکاقويا اوغراييب چتينليکله قارشيلاشسا اوبالي بيين رئستورانينا اوغرايير. باکيدان 5 قادين گلميشدي. ايشلرينده بير آز آخساقليق وار ايدي. اورادا قالديقلاري بير هفته مودتينجه رئستوراندان تامين اولوب و گئجه لري ده حسین بيين ائوينده قاليرديلار. احمد اوبالي بو گون آذربايجان ميللي حرکتي اوچون بير فورصتدير. گئتديگيم گونون صاباحيسي من ده جانلي يايينا حاضيرلاشاجاقديم. ايلک جانلي يايين حسین بئی عبداللهی ايله بير يئرده اولدو. داها سونرالار تک اؤزوم آپاريرديم. هر حاضيرلاديغيم پروقرام اوچون ان آز هر گئجه دؤرد ساعات مشغول اولوردوم. فيکيرلريمي بللي مؤضوع اوزرينه مرکزلشديريب و نوتلاريمي آليرديم. بو شکيلده جانلي يايينلاريم داوام ائديردي. داها سونرا ایمیلمه گلن يوزلرجه تئشويق مکتوبلاري مني داها دا هوسلنديريردي. خوصوصن گونئيدن گلن ایمیل لر مني چوخ سئوينديريردي. زامان کئچديکجه اورادا تئکنيک ايشلري ده تامامن اؤيرنميش اولدوم. بعضن دوستلاري جانلي يايينا من باغلاييرديم.   

  آرتيق گئري دؤنموشم و ائويمده يم. آنجاق تی وی خاطيره لريم عؤمروم بويو اونودولماياجاق. گلديکدن 2 گون سونرا اوراداکي چاليشمالار فيلان يوخوما گيرميشدي. بير اوتاقدا يئرلشير گوناز تی وی. بير اوتاقدان بوتون دونيايا، آذربايجان دونياسينا خيطاب ائدير. ميللي فداکارليغين نتيجه سينده آياقدا دوران بو تو آذربايجان قورتولوش ساواشيندا يئني بير مرحله دير. بو تی وی-نين آچيليشينا و تاسيسينه تشببوث گؤسترن احمد اوبالي يئني بير تاريخ ياراتدي. اؤنملي اولان بوندان سونراسيدير. اوبالي بي يالنيز بوراخماماليييق. ميللي تشببوثده بولونانلارا گوجلو دستک وئريلمه ليدير.   

01.09.2006   

    تامپئره