Güntay

Finlandiya-Azərbaycan

 

Finlərin millətləşməsi

 

XX əsr böyük tatar-türk tarixçisi, etnoloğu Lev Gumilev`in “Etnogenezis və yer üzü biosferi” əsərini Ankarada oxuduğum zaman kitabdan belə bir cümlə not dəftərimə yazmışdım: “R. Gross: Bugünkü islam ölkələri Avropa ölkələrinin XIV əsrdəki yaşındadır. Skandinaviya ölkələri XXI əsrə aiddir.” Bu elmi təsbit XX əsrin ortalarında edilmişdir. Kitabı oxuduğum zaman not aldığım cümlənin ifadə etdiyi mənanı anlaya bilməmişdim. Elə oldu ki, yazqım məni Skandinaviya ölkələrinin birinə, Finlandiyaya gətirdi. Bu ölkədə yaşayıb, kültürü, insan və heyvan haqları, tarixi və milli dəyərləri ilə tanış olduqca, alimlərin təsbitlərinin nə qədər doğru olduğu qənaətinə vardım. Finladiyanın XXI əsr ölkəsi olmasını Lev Qumilev öz “etnogenezis” nəzəriyəsinə əsaslanaraq isbat etməyə çalışmışdır. O sahəyə girmək istəmirəm. M.Ə. Rəsulzadənin də təsbiti üzərinə Azərbaycan Cümhuriyəti ilə Finlandiya bir-birinə bənzər yazqıları (aqibətləri) yaşamışlar. Türklər və finlər öz dillərini köylü (kəndli) dili olaraq saymış, türklər farsca, finlər isə isveç dilində yazmışlar. Həm Finlandiyanın, həm də Quzey Azərbaycanın modernləşməsində Rusiyanın böyük rolu olmuşdur. 1809-ci ildə Rusiya Finlandiyanı İsveç krallığından, 1813-1828-ci illərdə isə Azərbaycanı Qacar dövlətindən qoparıb öz idarəsinə keçirir. Rus dilini bu ölkələrdə yayğınlaşdıra bilməyəcəyini sezən Rusiya bu məmləkətlərin kültürəl bağlarını İsveçdən və Qacariyədən qoparmaq üçün öz ana dillərində (fincə, türkcə) oxul açar. Həm Finlandiyada, həm də Azərbaycanda milli kimliyin təsisinə, onarımına olan ehtiyac beləcə Rusiyanın dolaylı aracılığı ilə sağlanmış olur. Azərbaycanda kəndlilər öz uşaqlarını ana dilində məktəbə qoymamaq üçün otun, samanın altında gizlədərdilər. Bu olaylar üzərinə Mirzə Cəlil  kimi ərdəmli milli aydınlar “Danabaş kəndinin əhvalatı” adlı  əsəri yazacaqlardı. İslamdan sonra elm öyrənmək, yalnız ərəb dilində çərəkə (Quranı öyrədən kitabçıqlar) oxumaq anlamında olmuşdur. Yabancı dili öyrənmək və türk dilinə sayqısız davranmaq ənənəsi ilk müsəlman Türk dövləti olan Qaraxanlılardan başlamış, Osmanlının son nəfəsinə qədər davam etmişdir. 921-ci ildə islamı qəbul edən Qaraxanlı sultanı Satuq Buğra adını dəyişdirib Əbdulrəhman qoymaqla sultanın əmri altında yaşayan bütün türklər qorxularından bu qeyri-insani, qeyri əxlaqi davranışa qatqıda bulunurlar. Quranın harasında yazmış ki, ərəb olmayan insanlar müsəlman olduğunda adını ərəbləşdirməlidir?! İslamla eyni zamanda dildə yozlaşma, yabancılaşma başlar. 600 illik ümmətçi Osmanlı irticasının iqtidarı dönəmində türklərin ana dilində aydınlanması üçün bircə oxul (məktəb) açılmadı. Lakin fincə və türkcə kitabların yayınlanması doğrultusunda Rusiyanın təşviqləri davam edirdi. Bu üzdən də Azərbaycan və Finlandiya bənzər tarixə, millətləşmə sürəcinə sahib olmuşlar. Millətlərin tarixində ortam (canlı varlığın içərisində bulunduğu kuralların, şərtlərin hamısı) və tarixi mühit dəyişikliyi önəmli olayların ortaya çıxmasına səbəb ola bilir. Azərbaycanlıların farsca, finlərin isveççə yazma alışqanlıqlarına və cəhalətlərinə, özəlliklə fəqihlərin, müctəhidlərin, din xadimlərinin aydınların qətlinə fətvavermə əməliyatına Rusiya imperatorluğunun hərbi iradəsi “dur!” demişdir. Xüsusən Quzey Azərbaycanda toplum fərqli düşünmək, fərqli kültürəl tənəffüs etmə fürsətini eldə etmişdir. M.Ə. Sabir kimi şəxsiyətlər aclarından qan qusaraq, milli kimliyin, milli dilin yüksəlişinə özlərini həsr etsələr də, ən azından din xadimlərinin qətl fətvaları nəticəsində öldürülmürdülər. Elə bunun özü bir şans idi. Quzey Azərbaycanda dinin insan həyatına müdaxiləsi nisbətən önləndiyi üçün milli kimliyə olan ehtiyac bir zərurət kimi ortaya çıxdı. Güney Azərbaycanda isə dini cəhalət içərisində qaldığı üçün heç bir gəlişmə sağlanmadı. Türk kimliyi nə zaman din əsarətindən qurtulmuşsa, parlaq dönəmini yaşamışdır. Atatürkün də dini yönü olmamışdır, bütün Osmanlıcı, dinci zehniyətlərin etirazına rəğmən əzanı türkləşdirmişdi. Məhəmməd peyğəmbərin ərəb kimliyinə, tarixinə etdiyi xidməti, Böyük Atatürk də türk millətinə etmişdir. Yalnız Mustafa Kamalın ölümündən sonra  osmanlıcılıq yenidən xortdamışdır.

 

M.F.Axundov  və A.Kivi

 

Rusiyanın Qafqaz valisi Vorontsov, M.F. Axundzadənin türkcə yazmasını təşviq edir, yazdığı dram əsərlərinin Tiflisdə səhnələşməsi üçün hər türlü maddi yardım göstərirdi. Bu üzdən də islam şərqində batısayağı ilk dram əsəri Azərbaycanda yazıldı. 1870-ci illərdən etibarən Azərbaycanda milli dildə yazıb-yaratma zərurəti ortaya çıxır. Eyni tarixdə, Axundovun Azəbaycanda başlatdığı milli dildə yazma gələnəyini Finlandiyada da Aleksis Kivi adında bir fin aydını başladar. Lakin Axundovun yazdıqlarını barmaqsayı adamlardan başqa kimsə oxumaz. Ərəb tarixinin mahiyətini bilmədən sürülər şəklində camilərdə özünü al qanına qəltan edib, zincir vuran, sinəzənlik edən kalabalığın kitab oxuma kültürünə ehtiyacı yox idi. Müsəlman adamın kitab oxumaq kültürü olmaz, onun kitabı yalnız və yalnız Qurandır. Müsəlmana görə, bütün sirlər Qurandadır, ancaq onu da oxumaz. Türk müsəlman heç oxumaz, oxuya bilməz, çünkü oxuya bilməsi üçün tamamən ərəbləşməsi lazımdır. Necə ki, Farabinin, İbni-Sinanın, Biruninin heç birinin türkçə bir əsəri yoxdur. Oxuya bilənlər ərəbləşmişlər. Onların ərəbcə yazmalarına bugünkü dinçi irtica bu şəkildə bəraət qazandırar: o zamanki elm dili ərəbcə imiş! Türk-islam dövlətləri elə bu səbəbdən, yəni Quranı oxuya bilmək üçün türkləri ərəbləşdirmək çabasında olmuş, ancaq türklərin köçəri həyat şərtləri buna imkan verməmişdir. Osman oğullarının əsarətində yaşayan türklüyün də “ətraki bi idrak” (idraksız türklər) adlanmasının da səbəbi bu olsa gərək. Türk kimliyinin ərəbləşib tarixdən silinməyişinin nədəni köçəri həyat şəkli olmuşdur. 1000 illik türk-islam tarixi olaraq bilinən qaranlıq çağın milli-siyasi dəyərləri bir Göytürklər dönəmindəki milli dəyərlərə eşit deyildir. Türk-islam sultanlarının “Ey islam ümməti…” xitab etməsinin tam tərsinə olaraq, Göytürk xaqanları “Ey türk budunu…” şəklində xitab etmişlər. Həm Finlandiya, həm də Türkiyə milli həyata başladıqları zaman bir heçlik mərhələsindən başlamışdılar. Osmanlıdan Türkiyəyə heç bir milli miras qalmamışdı.

Finlandiyanın oyanış devrində isə fərqli sosial ortam ortaya çıxar. Aleksis Kivinin ana dilində yazdığı ilk  fincə roman o zamanki şərtlər içində yayğın şəkildə oxunar. Evlərdə qonum-qonşu bir yerə yığılıb Aleksis Kivinin romanını və  fin dilinə tərcümə edilmiş digər kitabları oxuyarmışlar. Millətin oyanışı kitaba olan sayqısı ilə eyni zamanda başlar. Bir şəkildə kitablaşma sürəci olaraq da bunu adlandırmaq mümkün. Kitablaşma, ulusal duyğuların, düşlərin, düşüncələrin sistematik olquya dönüşməsi deməkdir. Ulusal məfkurənin oyanışı və irəliyə doğru sıçrayışı kitablaşma sürəci ilə eyni zamanda başlar. Burada M.F. Axundov haqqında uzun-uzadı yazmaq fikrim yoxdur. Az-çox onun haqqında bilməkdəyik. Milli varlığımızı, kimliyimizi modern anlamda onaran Axundovdur. Sadəcə Axundovun “Azərbaycan ədəbiyatı Vaqiflə başlayır” kimi təsbitinin doğru olmadığını da etiraf etmək lazımdır. Onun türk ədəbiyatı haqqında geniş bilgisi yox idi, o günkü şərtlər, imkanlar nəzərə alındığında ola bilməsi mümkün də deyildi. Aşıq Qurbani ilə Vaqifin yaradıcılıqları həm üslub, həm də içərik olaraq bir-birinə bənzəməkdədir. Vaqif kimi yazıb-yaradan şairlər daha öncələr də Azərbaycanda mövcud olmuşdur. Ancaq Axundovun müsəlman dünyası cəhalətinin qorxunc qaranlığında sekular düşüncəni yaymağa çalışması gerçəkdən də böyük fədakarlıq və cəsarət örnəyidir. Yalnız o zaman Rusiyanın hərbi iradəsi də müctəhidlərin, ayətullahların, mollaların Axundov kimi aydınları öldürmə fətvalarını durdurmaqda idi. Bu yazımda finlərin millətləşmə dalğasını başladan bir yazar haqqında bilgi vermək istəyirəm.

 

Aleksis Kivi

 

Fin ədəbiyatı təqribən 1830-cu ildən etibarən ortaya çıxmışdır. Bu illərdə daha çox dini ədəbiyatın milli dildə yaranmasına şahid olmaqdayıq. 1808-1809-cu illər İsveç-Rusiya savaşı nəticəsində Finlandiya muxtar bir ölkə şəklində Rusiyaya ilhaq olunur. O zamandan etibarən də milli meyllər güclənməyə başlar. Bu milli meyli bu şəkildə dəyərləndirmək mümkündür: “Biz isveçli deyilik, rus da ola bilmərik, fin olmaq zorundayıq, olmalıyıq”.

                 1835-ci ildə isveçli Elias Lönnrot adında bir həkim finlərin milli kimliklərinin oyanışı üçün önəmli bir təkan verir. Fin kəndlilərinin və ozanlarının əzbər bildiyi “Kalevala” adında lirik, epik mitolojini kitablaşdırıb, kitab şəklində nəşr etdirir. Kalevala finlərin özünə güvəni sağlar, fin dilinin ədəbiləşməsinə yardımçı olur. Bugün də gəlişmiş fin dilinin ana qaynağı “Kalevala”dır. Bu eposdaki insan adları Finlandiyanın millətləşmə sürəcində yenidən gündəmə gəlir və daha çox bu qaynaqdan istifadə edərək çocuqlara ad qoyulur. Milli yüksəliş və ruhi diriliş sürəcində Kalevala öncül rol oynar. Fin milli ruhundan qaynaqlanıb və yüz illər boyunca ortaq kollektiv tarixi xatirələri, arxetipləri qoruyub saxlayan Kalevala olmuşdur. Bu mitoloji, finlərin rəsmi dinlərindən öncəki başlanğıcsız zamanı ehtiva edər. Kitabda türk mitolojisində mövcud olan şifrələrə də rastlanılır. Bu şifrələrdən biri də “şaman” sözüdür. Şaman söz söyləyir, boy boylayır.  Bu şəkildə gənc fin ədəbiyatı öncə şeirlə parlar, daha sonra nəsr və teatrla öz yoluna davam edər.

Aleksis Kivinin ortaya çıxışı ilə fin milli fikri həyatında  yeni dönəm başlar. 1834-cü ildə dünyaya gələn Aleksis Kivi yoxsul bir ailədə boya-başa çatmış. Atası dərzi olmuşdur.  1857-ci ildə orta məktəbi bitirib, Helsinki universitəsinə daxil olur. Lakin yoxsulluq səbəbi ilə təhsilinə davam edə bilməz, məcburən kəndə dönər. 1870-ci ildə əqli xəstəliyə yaxalanar, sonra da tamamən ağlını itirər. 1872-ci ildə vəfat edər. Son nəfəsində “Mən diriyəm, yaşayıram” söylər.

                 Aleksis Kivi 1860-ci ildə yazdığı “Kullervo” dram əsərinə görə 600 marka məbləğində ödül alır. Onun bu dram əsəri milli folklordan ilham almışdır. Fin milli həyatını real şəkildə əks etdirən bu əsər 1864-cü ildə yayınlanır. Aleksis Kivi bir neçə digər satirik dram əsər də yazır. 1870-ci ildə əqli xəstəlik onu tam yaxalamadan əvvəl Kivi ən önəmli əsərini—  “Seitsemän veljestä” (“Yeddi qardaş”) romanını 9 il ərzində yazmışdır. O zaman romantik-idealist yazarlar Kivinin bütünü ilə realist əsər olan “Yeddi qardaş” kitabını gericiliyin bariz nümunəsi kimi görürdülər. Lakin bu roman daha sonra, özəlliklə Aleksis Kivinin ölümündən sonra fin milli dilinin, milli həyatının gəlişməsinə təkan verəcəkdi.

Kivi, bu əsərində 7 əkinçi qardaşın həyatını qələmə almışdır. Yeddi qardaş öncə çox yanlış bir həyat sürməkdədirlər. Qonşuların toyuğunu, yumurtasını oğurlayıb yeyirlər. Sonra da analarının və qonşularının qorxusundan qaçıb ormanda gizlənirlər. Kəndin adamları bunları tapıb cəzalandırır. Anaları öldükdən sonra yeddi qardaş yeni bir həyata girirlər: ya oğurluq və qeyri-insani həyatı davam etməli, ya da işbirliyi ortamında daha insani və əməklə iç-içə olan heysiyətli həyata başlamalı. Romanın ən maraqlı yerlərindən biri də budur ki, yeddi qardaşın altısı bir-birindən xəbərsiz eyni qıza vurulmuş, altısı da qonşu qızı Venla`ya aşiq olmuş. Eşq, qardaşlar arasında nifaq yaradır. Qızla kimin evlənəcəyi problem kimi ortaya çıxır. Lakin bu arada 6-cı qardaşın “Qızdan soralım, görəlim kiminlə evlənmək istəyir” təklifi qarşıdurmanı önləyir. Əslində burada qızın fikrini sormaq fikri bir yenilik və qadın haqlarına sayqı kimi ortaya çıxır. Sonra isə bəlli olur ki, qiz onların heç birini sevməməkdə, başqasını sevməkdədir. Hər altı qardaş eyni eşq acısını, ağrısını yaşayır. Ortaq dərd, qardaşları bir-birinə yaxınlaşdırır. Eşq həyatlarındaki uğursuzluq onları yaşamın başqa sahələrində daha nəcib davranmağa sövq edir. Həyatlarının dəliqanlılıq çağında qonşularına zərər verən qardaşlar çalışqan, halal insanlara çevrilirlər.

Yeddi qardaş, ictimai qeydlərdən kənarlaşmaq üçün öncə cəmiyətdən uzaqlaşıb, münzəvi bir həyat sürmək istərlər. Ancaq daha sonra təbiətlə irtibata keçdikcə ağıllanır, təcrübə eldə edirlər. Soyuğa-istiyə sinə gərərək bataqlıqları qurudub tarlalara çevirirlər. Bu vəsilə ilə də kəndin adamlarının  gözündə sayqın zəhmət adamlarına dönüşürlər. Sonbeşik qardaş isə fin millətinin mədəniləşməsi üçün örnək təşkil edir. Əsərin qəhrəmanları cəsur, ancaq həm də tez sinirlənən insanlardı. Böyük iradə və çalışqanlıq nəticəsində zəngin insanlar olurlar. Maddi zənginləşmə ilə yanaşı, keşişdən dərs alıb yazıb-oxumağı da öyrənirlər. Bir sözlə, “Yeddi qardaş” romanı sanki Finlandiyanın talehi olaraq yazılmışdır. Bu gün Finlandiya dünyanın ən zəngin, demokratik ölkələrindən biridir.  

                 Sözügedən roman fin millətinin kültür, kimlik dəyişimi və gəlişimi yönündə tarixi təsir buraxar. Bu əsər, sayca az olan bir millətin tarix səhnəsində necə var olmasını göstərir. Finlandiya, böyük bir imperatorluğun əsarətində yaşamasına baxmayaraq, milli şüuurunu əldə edib, öz istiqlal məfkurəsini oluşdurar. Fin tarixində çox maraqlı hadisələrdən biri də istiqlal marşının bağımsız olmadan on illər əvvəl yazılmasıdır. Bu gün də eyni himn Finlandiya bayrağı yüksələrkən oxunmaqdadır. İstiqlal məfkurəsini əsarətdəykən kəşf edən finlər panslavyanizmə qarşı fin milliyətçiliyini həm bədii ədəbiyatda, həm siyasətdə, həm də həyatın digər qatlarında savunarlar.  

1917-ci ildə Rusiyada baş verən Oktyabr inqlabı səbəbi ilə Finlandiya öz istiqlalını əldə etmək üçün tarixi fürsəti yaxalayır. O zaman bolşeviklər milliyətçilərə qarşı savaş açdılar, vətəndaş savaşı başladı. Fin kommunistləri Sosialist Sovetlər Birliyinin tərkibində qalmaqdan yana idilər. Lakin milliyətçilər qalib gəldi və Finlandiya müstəqil bir ölkə kimi tarixə girdi. Finlərin millətləşməsində bu ölkənin ilk cümhurbaşqanı Holstberg`in dühasının da böyük rolu olmuşdur. Fin milli anayasasının yazılması Holstbergin iradəsi hesabına gerçəkləşir. Şübhəsiz ki, millətlərin gəlişməsində onların inanışlarının nə qədər rasional olub-olmaması da böyük rol üstlənir. Finlərin protestantlığı da digər imtiyaz olmuşdur. Alman sosioloq Maks Veber protestantlıqla burjuaziyanın bir-birini təkmilləşdirdiyini təsbit etmişdir. Azərbaycanda isə rasional bir din anlayışının olmayışı bu gün də millətləşmə doğrultusunda ən böyük əngəldir.

Son olaraq Azərbaycan və Finlandiyanı torpaq itirmə baxımından da müqayisə etmək mümkündür. Rusiya, Ermənistan dövlətini qurmaq amacı ilə Azərbaycandan Zəngəzur bölgəsini də qoparıb, bu torpaqlar üstündə saxta erməni dövləti qormuşdur. 1931-1940-cı illər Rusiya-Finlandiya savaşı nəticəsində Karyala Sovetlət tərəfindən işğal edilmişdir. Bugün Finlandiya o torpaqları para ilə geri almaq yollarını denəməkdədir. Digər tərəfdən, Karyalada ağır iqtisadi durumda yaşayan finlərə də Finlandiya dövləti sahib çıxmaqdadır. Soyuq savaş bitdikdən sonra Finlandiya, Rusiyada yaşayan fin soylu hər kəsə vətəndaş olma haqqı tanımışdır.

 

Fin Dil Qurumu

 

Avropa Birliyi ilə ekonomik, mədəni integrasionu hədəfləyən Finlandiya, kimlik zəminində defraqmentasion sürəcini itirməmişdir. Bu məsələ xüsusən dil sahəsində daha qabarıq və fəal şəkildə özünü göstərmişdir. Fin dili də iltisaqi dillər grupuna daxildir və əklərlə (şəkilçilərlə) doğub-doğurur, söz dağarcığını artırır. Finlər dil mövzusunda çox həssasdırlar. Fin Dil Qurumu fincənin əcnəbi dillər qarşısında hücumlara məruz qalmasını ciddi şəkildə əngəlləməkdədir. Finlər öz dillərinə fin dili deyil, suomi dili, ölkələrinə də Suomi söyləməkdədirlər. “Fin” dili və kimliyi yabancıların onlara verdiyi addır. Teknoloji gəlişmələr, fincənin (suomicənin) söz dağarcığının yabancılaşmasına səbəb olmamaqdadır.  Suomidə (Finlandiyada) hər vətəndaş ingilis dilinin yanı sıra digər bir yabancı dil də bilməkdədir. Finlandiya iki dilli ölkədir. Fincə və isveçcə ölkənin rəsmi dilləridir. (Baxmayaraq ki, isveçlilər ölkənin sadəcə 6% təşkil edir!!!). Lakin bu çoxdillilik fincənin təxribinə səbəb olmamışdır. Istisnasız olaraq hər yeni tapıntıya Fin Dil Qurumu bir qarşılıq düzəltməkdədir. Hətta “telefon” (puhelin), “sinema” (elokuva), “e-mail” (sähköposti), “komputer” (tietokone), kimi bütün yeni tapıntılara qarşılıq olaraq söz düzəltmişlər. Bütün fəsillərin, ayların, günlərin adı fincədir. Tanrıya da nə “Allah” nə də “God” deyirlər, öz dillərində “Yumala” söyləməkdədirlər. Bu da onların inanclarına heç bir zərər verməməkdədir. Türkiyədə də dil qurumu mövcuddur. Lakin islamçı-osmanlıcı irticai kəsim Türk Dil Qurumunun çalışmalarını məsxərə edərlər ki, güya dil qurumu dini dəyərlərə sahib olan ərəbcə-farsca sözləri türkcədən söküb atmaqdadır. Yəni o sözlər ki, insan zehniyətinin sekularlaşmasını, elmiləşməsini əngəlləməkdədir, türk zehniyətinin əski qaranlıqlarda qalmasına zəmin yaratmaqdadır. Azərbaycanda isə dil qurumu deyə bir hadisə söz konusu deyildir. Əsrin əvvəllərindəki H. Cavid, C. Cabbarlı kimi şəxsiyətlərin bədii yaradıcılığını istisna etmək şərtilə son yüz ildə dil üzərinə heç bir çalışma yapılmamışdır. Antroponimlər (insan adları) baxımından Azərbaycana baxıldığında bu ölkədə türklərin yaşadığı qənaətinə gəlmək çətindir. Yenə də Caviddən, Cabbarlıdan qalma bir neçə ad istisna olmaqla bütün adlar ərəbcə, farscadır. Azərbaycan dilinin qrammatikası tamamən ərəbcə, farsca, latıncadan ibarətdir, buna da milli dil bilgisi deyiləməz. Bir haldaki türkcələrin “Kitabi Dədə Qorqud”, “Divan-i Lüğat-i Türk” kimi zəngin qaynaqları mövcuddur. Fin dilinin həm qrammatik terminləri, həm də leksikası fincə olmağa özən göstərmişdir.

Finlandiya, inanılmaz ekonomik gəlişməsi nədəni ilə mühacir qəbul edən ölkələrdən birisidir. Mühacirlərə fin dilini öyrətmək üçün milyonlarca dollar para xərclənir. Yalnız dil öyrənmək üçün hər bir mühacirə ayda 160 euro (200$) ödənir. Yetişkin insanlara dil öyrətmə elmi və metodu çox gəlişmişdir. Anlaşılan budur ki, Amerika Birləşik Dövlətləri kültürü mərkəzli evrənsəlləşmə (globallaşma) sürəcində Finlandiya öz dilinə, öz kimliyinə möhkəmcə sarılmışdır. Bu üzdən də tarixi romanların müəllifi Mika Waltari kimi fin yazıçıların əsərləri əhəmiyəti dolayısıyla dünyanın bir çox dillərinə tərcümə edilmişdir. Milli ədəbiyat inanılmaz sürə´tlə gəlişməkdədir. Çünkü ədəbiyatın gəlişməsi üçün öz yapısı üzərində gəlişən, böyüyən milli dil lazımdır ki, onu da finlər yaratmışlar, yəni dilin insan düşüncəsinin bütün sahələrinə girə bilməsi üçün mövcud olan hər cür tıkanıklığı ortadan qaldırmışlar. Dil, zaman içində onu istifadə edən insanlar tərəfindən həm yaradılır, həm də yaradır. Yarandıqca yaradır. Modern dünyada Finlandiyanın ədəbi, elmi, fikri, teknoloji, ekonomik sahədə özünəməxsus yeri var.

 Son zamanlar Finlandiyanın iç hüzurunu təhdid edən bir problem yavaş-yavaş ortaya çıxmaqdadır. İslam dünyasından bir çox mühacir bu ölkəyə gəlib yerləşmiş. Zaman axışı içində müsəlmanların bu məmləkətdə də teror əməliyatlarına qatılma ehtimalı dərin qayğılara yol açmaqdadır. Suomicədə (fincədə) belə yayğın bir fikir var: “Moniin kulttuureihin verrattuna suomalaisia ovat vähäpuheisia” (bir çox kültürlə müqayisədə finlər daha az danışan millətdir). Bu az danışıb, çox çalışan millətin təcrübələri,  Azərbaycanın istiqbalı üçün bir örnək təşkil edə bilər. Necə bir örnək? Qərbi Avropanın Renesansdan başlayan 500 illik tərəqqi təcrübəsini Finlandiya öz müstəqilliyindən təqribən 50 il sonra özümsəmişdir. Qısa müddətdə dünyanın ən sayqın ölkəsinə çevrilmişdir. Sekular, zəngin, demokratik bir yönətim şəklini gerçəkləşdirmişdir. Finlandiya örnəyi isbat etmişdir ki, öz gələcəyinə inanıb, bu yolda böyük iradə ilə çalışan bir toplum öz ideal milli hədəflərinə çata bilər.

 

***

Bu yazıda Güney Azərbaycan mövzusuna heç toxunmaq istəmədim, çünkü o, başqa bir fəlakətli durumdur. Bugün Quzey Azərbaycanın gəlişməsi, Qərb mədəniyəti ilə inteqrasionu Güney Azərbaycanın qurtuluşu üçün də zəmin yarada bilər. Bu üzdən də ortaq milli-mənəvi gücümüz hələlik Azərbaycan Cümhuriyəti mərkəzli bir çatı altında mərkəzləşməlidir.

17.02.06-Tampere