Güntay

Eşşəyimiz

 

       Heyvanların insan həyatında özəl bir yeri vardır. Hətta it və at təsəvvüf edəbiyatında vəfanın, sədaqətin “bağlan və hürr ol, sadiq qal” fəlsəfəsinin örnəyi kimi göstərilmiş. Məsəla, M. Fuzuli tarixin böyük şəxsiyətlərindən birisidir. Vəfalılığını göstərmək üçün “Bənzədirsən özünü itlərinə hər saət” kimi misrasında özünü köpəyə bənzədən Fuzulinin bu şəkildə düşünməsini  bəlkə şüuurumuza sığdıra bilmirik. Lakin əgər gerçək bir vəfa soz konusudursa, onun heyvan və ya insan tərəfindən gerçəkləşməsinin nə fərqi vardır ki? At və it birisinə bağlanar və bu bağlılıq davam edər, oysa insandaki vəfa və sədaqət məsələsi bir tanıma sürəcindən keçdikdən sonra gerçəkləşər. Heyvan öz halları ilə barışqan, insan isə öz halları ilə barışmaz şəkildə yaradılmış. İnsan, vəfalılığını belə, yarqılayacaq bir yaradılışdır. At və it isə yarqılamazlar. Sadə bir sayqı qarşısında böyük bir vəfa sərgilərlər. Eşşəkdə də vəfa var mı? Nədən insan deyilən bu yaradılış öz aptallığı ilə rastlanarkən zavallı eşşəyi xatırlayır?!

***

       1980-illərdən etibarən kənd həyatının yapısında sürətli bir dəyişim ortaya çıxmışdı. Kəndlərdən şəhərlərə olan köç axın şəklində başlamışdı. Bunun bir cox səhiyyəvi, iqtisadi nədənləri var idi. Ən önəmli səbəb isə fars milliyətçiliyi mərkəzli iqtidarin Türk yurdlarına uyquladığı politika idi. İnsanlar kəndlərdən köç etdikcə, fars dili və kimliyi əsasında yapılanan  şəhərlərdə daha tez assimilə olurlar deyə bir politika mövcud idi. Lakin böyük köç qarşısında assimilasiona qarşı şəhərlərin nüfus yüksəlişi sövqi-təbii olaraq disassimilasion sürəcini doğurdu. Bu gün Azərbaycanın böyük şəhərlərində, hətta Tehranda belə, öz milli kimliyini axtaran, anlatan oxumuş insanlar mövcuddur.

***

       Atam əkinçi idi. Limli kəndində olan azcıq tarlamızın hesabına evladlarını oxutmağa çalışırdı. Ərdəbildə bir ev almaq zırurəti ortaya çıxmışdı. Ona görə də qapımızın heyvanları yavaş-yavaş satılmağa başlamışdı. Hər dəfə hansısa bir heyvanımız satılıb bizdən ayrıldığında evimizə hüzün düşürdü. Ala inəyimiz satıldığında anamın tövlədə ağladığını görmüşdüm. Ala inək bizim çörək ağacımız idi əslində. Heç qısır qalmaz, daima doğardı. Evimiz süddən, pendirdən eksik olmazdi. En önəmlisi isə ala inəyin sağıldığı günbatan çağları mənim üçün bir gözəllik dünyası idi. Ana mahnı söyləyə-söyləyə inəklərimizi sağardı. İnəklər də yavru bizovlarını yalardı. Anamın gözəl səsi, inəklərin yavrularını yalaması, günəşin uzaqlarda, göyün diblərində sanki qan dənizi içində batışı, hamısı bir yerdə ədəbiyata, musiqiyə meyilli olan mənim ruhumu tərbiyə edirdi. Uşaqlığımda şüuraltıma hopan bu həyacanlı, əməklə iç-içə olan həyatın ləzzətini daha sonra heç bir hadisə, heç bir müvəffəqiyət verməyəcəkdi.

       Atımız satıldığında gözlərimin yaşını tuta bilmirdim. Atımızın satışı mənim üçün bir fəlakət idi. Özümə gələ bilmirdim. Dumanlı dərələri, tarlaları, örüşləri o gündən sonra gəzəməz olacaqdım. Bu gün də kəndimiz və kənd həyatı ruhumun dərinlikərindən baş qaldırdığında özümü atımızla bir görürəm. Bəzən yuxuma girir uşaqlıq həyatım... İnəyimizlə, atımızla bir yerdə, artıq dünyasını dəyişmiş insanları da görürəm röyamda.

***

       Gözümü açandan qara eşşəyi həyətimizdə görmüşdüm. Örüşdən bütün yükləri eşşəyimizlə daşıyırdım. Eşşəyimiz, demək olar ki, qapımızda ən zəhmətkeş məxluq idi. Eşşəyimiz artıq çox qocalmışdı. Qoca eşşəyimizi də qonşumuz Tanrıverdiyə satdıq. Ancaq qoca eşşəyin satışdan sonraki yaşamı maraqlı oldu. Eşşək hər dəfə örüşdən gəldiyində bizim tövləyə girirdi. Hər gün də Tanriverdi “Zəhmət olmasa, eşşəyi tövlənizdən çıxarın, sürün bəri, aparım bağlayım”, deyərdi. Eşşək ömrünün sonuna qədər alışmadı özgə həyətə, özgə tövləyə. Qoca eşşəyin bu davranışı mənim üçün çox sevimli idi. Hər dəfə də illərin əməklisi, zəhmətkeşi olan qoca eşşəyi tövlədən zorla çıxarıb başqa həyətə ötürməm canımı sıxırdı. Eşşəyin bizə bu qədər bağlı qalma hissini alqışlayırdım. Sevirdim qoca eşşəyin bu hərəkətini. Hər dəfə də eşşək örüşdən gəldiyində düz gedib illər boyu tövlənin ona həsr olunmuş yerində dururdu. Onu zorla, itələyə-itələyə tövləmizdən çıxaranda gözlərindəki, sifətindəki acıları görürdüm. Lakin bütün bunlara rəğmən artıq o özünü bizə mənsub bilsə də, hüquqən sahibi biz deyildik.

       Bir dəfə günbatançağı qoca eşşək yorğun yerişləri ilə bizim həyətimizə doğru gəlirdi. Tanrıverdi mənə “Qoyma o eşşəyi getsin, sür bəri, aparım”, dedi. Eşşəyin qabağını kəsdim ki, bizim həyətimizə girməsin. Qoca eşşək boynunu çevirib Tanrıverdiyə tərəf  baxdı. Sonra da bizim həyətimizə doğru hərəkətinə davam etdi. Nə qədər əngəlləməyə çalışdımsa, başarmadım. O, məni də zorlayıb, həyətimizə girdi və tövləyə çatar-çatmaz uzandı. Ayaqları çox boş durmuşdur. Gözləri tövlədə ona məxsus olan yerə zillənmişdi. Gözlərini qırpmadan oraya baxırdı. Nə qədər bizdələdimsə qalxsın, qalxmadı. Tanrıverdi də gəldi, quyruğundan yapışıb eşşəyin qalxmasına yardımçı olmaq istədi. Qoca eşşək qalxmadı. Ölmüşdü. Tanrıverdi eşşəyin ölümünü dəqiqləşdirmək üçün peyinli ayaqları ilə gözlərini yoxlamaq istədi. Gözləri tərpənmirdi. Ürəyim çox sıxılmışdı. Hönkür-hönkür ağladım. Eşşək öz xatirələrinin beşiyində, həyətimizdə can verdi... Tanrıverdi qoca eşşəyi başqa eşşəklərin quyruğuna bağlayıb dərəyə tərəf sürüklədi ki, orada leşini köpəklər yesin...