گونتاي گنجآلپ 

آذربايجان ايقتيداري نين ميللي مدنييتيميزه

 قارشي غدارجا دوشمنليگي

Azərbaycan iqtidarının

milli mədəniyətimizə qarşı qəddarca düşmənliyi

                 مودئرن جوغرافييانين آتاسي اولاراق بيلينن فرانسيز ژان قاتمن`ين "iconography- ميللي خيصلتين، ميللي ديلين ياييلديغي جوغرافييا" آديندا بير فورمولو وار. نه دئمکميش بو؟ يعني بعضي میللتلر تام شکيلده ميللي دؤولتلري نين چاتيسي آلتيندا ياشامازلار. تاریخی اولایلار بونو انگلله میشدیر. ميللي دؤولتين چاتیسی آلتیندا یاشایانلاردان علاوه،  اؤزلليکله چئوره اؤلکه لرده ياييلميش اولاراق ياشارلار. ژان قاتمن دئيير کي، چئوره اؤلکه لرده ياشايان سويداشلاردان باشلاري نين اوستونده ميللي دؤولت اولان يوردا آرديجيل سئمپاتي آخيشي ساغلانير. بو دا گؤوده اولاراق کيچيلميش اولان بير میللتين روح پلانيندا داها دا بؤيومه سينه ايمکان يارادار. بونو داها راحات شکيکلده آنلايا بيلمه ميز اوچون اؤز دوروموموزا باخاليم. باکي مرکزلي دؤولت دونيادا ياشايان بوتون آذربايجانليلارين اورتاق سئمپاتي مکانيدير. خوصوصن گونئي آذربايجاندا ياشايان ميليونلارجا اينسانين قيبلگاهينا چئوريلميشدير. بابک قالاسيندا يوروشلرده ياورولاري نين آلنينا "قاراباغ" يازيب ياپيشديرمیش اینسانلارین فوتولاريني چوخ گؤردوک. گرَکن تاريخي مقاملاردا بو سئمپاتي باکيدا ميللي دؤولتين قورونماسي اوچون پوتانسيل گوج آنلاميندادير. يالنيز بونو باکيدا بو گون ايقتيدار اولان حؤکومت آنلاييرمي؟ 

                 کئچن هفته آذربايجان دؤولت يئتيکيليلري نين چوخ چيرکين، ادبسيز، حئیثييتسيز و اخلاقسيز آچيقلامالارينا تانيق اولدوق. آذربايجان دؤولت يئتکيليلري گورجوستاندا ياشايان آذربايجانليلارين ايقتيصادي پروبلئملري نين حللي اوچون اوراداکي آنا ديلينده اولان مکتبلرين قاپانمالاريني تکليف ائتدي، اوتانمازجاسينا. گويا آذربايجان ديلينده کي مکتبلرين قاپانيب و گورجوستان وطنداشي اولان ياريم ميليوندان آرتيق تورک اينساني گورجو ديلينده اوخوسالار اونلارين ايشسيزليک پروبلئملري حلل اولاجاقميش. نه قدر خاينجه بير ياناشما. سانکي گورجوستانين ايقتيصاديياتي چوخ اينکيشاف ائتميش و آذربايجانليلاردان باشقا  بوتون گورجولر ايشله تامين ائديليرميش. گورجوستانين ايقتيصادي دورومو حاققيندا بوتون دونيانين گرکلي اورقانلاري لازيمي بيلگييه صاحيبديلر. اورادا آذربايجان ديلي لغو ائديلسه ده ايشسيزليک پروبلئمي حلل اولماز. گورجوستانين عومومي ايقتيصادي دورومو بونا ايمکان وئرمز. او زامان دوروم بو شکيلده ايکن ندن آذربايجان دؤولت يئتکيليسي اوزون ايللر بويو يازيب-اوخوما تجروبه سينه صاحيب اولان گورجوستانداکي آنا ديليميزده اولان مکتبلرين قاپانماسي اوچون جانفشانليق ائدير؟ آذربايجان دؤولتي نين خاين تمثيلچيلريني فارس شووينيزمي ايله بير جبهه ده بيرلشديرن عاميل ندير؟ 

                 بوتون دونيا دؤولتلري اؤز ديللريني باشقا اؤلکه لره داشيماق اوچون، باشقا اؤلکه لرده ياشايان اؤز سويلارينا آنا ديلينده مکتب آچماق اوچون بوللوجا پول خرجله ديکلري بير اورتامدا ندن آذربايجان ايقتيداري آنا ديليميزين گورجوستاندا ياساقلانماسينا تشببوث گؤسترير؟  

                 آذربايجان ايقتيداري نين "بورچاليدا بيزيم ديلده اولان مکتبلري قاپادين!" سؤيله مه سي گورجوستانداکي آشيري گورجو ميللييتچيلريني داها دا جسارتلنديره جکدير. اونلار سادجه مکتبلري قاپاتماقلا يئتينمه يه جکلر، بورچاليني تورکلردن تميزله مه يه ده قالخيشاجاقلار. آذربايجان دؤولت تمثيلچيلري نين وطن خاينليگي گورجولري بو ايشه تشويق ائده جکدير. ساوونماسيز قالان بورچاليلار چتين وضعييتله قارشيلاشاجاقلار. ذاتن آنا ديلي ياساقلانان بير ميلليتين وارليغينا سون وئريلير آرتيق. ندن آذربايجان ايقتيداري گورجوستانداکي آذربايجان کيمليگينه سون وئرمه يه چاغيرير گورجو دؤولتيني. آذربايجان دؤولت يئتکيله ليري نين بو آچيقلاماسيني دويان گورجوستان البتته کي، بورچاليداکي آسيميلاسسيون سيياستيني داها دا گوجلنديره جکدير.

 پئترول کمري نين تيفليسدن کئچيشي، گورجوستانين ايقتيصاديياتي نين آذربايجاندان نيسبي شکيلده آسيلي اولماسي باکي حؤکومتيني داها فرقلي پوليتيکالار و آلتئرناتیولرايزله مه يه سؤوق ائده بيلر. آنجاق باکي رسميلري نين ايزله ديکلري پوليتيکا دئييل، ميللي مدنييتيميزه و ميللي ديليميزه خيانتدير. 

                 آذربايجان ايقتيداري نين بو اخلاقسيز، حئیثييتسيز و چاغ ديشي داورانيشيني محکوم ائتمک، بورچاليداکي آنا ديلينده اولان مکتبلرين داوامينا موراليزاسيون دستک وئرمک ميللي بيلينجه صاحيب اولان هر کسين گؤروه يدير.  

  16.07.2007 

   

Güntay Gəncalp

Azərbaycan iqtidarının

milli mədəniyətimizə qarşı qəddarca düşmənliyi

                      Modern coğrafiyanın atası olaraq bilinən fransız Jan Qatmən`in “iconography-milli xislətin, milli dilin yayıldığı coğrafiya” adında bir formulu var. Nə deməkmiş bu? Yəni bəzi millətlər tam şəkildə milli dövlətlərinin çatısı altında yaşamazlar. Tarixi olaylar bunu əngəlləmişdir. Milli dövlətin çatısı altında yaşayanlardan əlavə, özəlliklə çevrə ölkələrdə yayılmış olaraq yaşarlar. Jan Qatmən deyir ki, çevrə ölkələrdə yaşayan suydaşlardan başlarının üstündə milli dövlət olan yurda ardıcıl sempati axışı sağlanır. Bu da gövdə olaraq kiçilmiş olan bir millətin ruh planında daha da böyüməsinə imkan yaradar. Bunu daha rahat şəkikldə anlaya bilməmiz üçün öz durumumuza baxalım. Bakı mərkəzli dövlət dünyada yaşayan bütün Azərbaycanlıların ortaq sempati məkanıdır. Xüsusən Güney Azərbaycanda yaşayan milyonlarca insanın qibləgahına çevrilmişdir. Babək qalasında yürüşlərdə yavrularının alnına “Qarabağ” yazıb yapışdıran insanların fotolarını çox gördük. Gərəkən tarixi məqamlarda bu sempati Bakıda milli dövlətin qorunması üçün potansial güc anlamındadır. Yalnız bunu Bakıda bu gün iqtidar olan hökümət anlayırmı?

                      Keçən həftə Azərbaycan dövlət yetikililərinin çox çirkin, ədəbsiz, heysiyətsiz və əxlaqsız açıqlamalarına tanıq olduq. Azərbaycan dövlət yetkililəri Gürcüstanda yaşayan Azərbaycanlıların iqtisadi problemlərinin həlli üçün oradakı ana dilində olan məktəblərin qapanmalarını təklif etdi, utanmazcasına. Güya Azərbaycan dilindəki məktəblərin qapanıb və Gürcüstan vətəndaşı olan yarım milyondan artıq türk insanı Gürcü dilində oxusalar onların işsizlik problemləri həll olacaqmış. Nə qədər xaincə bir yanaşma. Sanki Gürcüstanın iqtisadiyatı çox inkişaf etmiş və Azərbaycanlılardan başqa  bütün gürcülər işlə təmin edilirmiş. Gürcüstanın iqtisadı durumu haqqında bütün dünyanın gərəkli orqanları lazımı bilgiyə sahibdilər. Orada Azərbaycan dili ləğv edilsə də işsizlik problemi həll olmaz. Gürcüstanın ümumi iqtisadı durumu buna imkan verməz. O zaman durum bu şəkildə ikən nədən Azərbaycan dövlət yetkilisi uzun illər boyu yazıb-oxuma təcrübəsinə sahib olan Gürcüstandakı ana dilimizdə olan məktəblərin qapanması üçün canfəşanlıq edir? Azərbaycan dövlətinin xain təmsilçilərini fars şovinizmi ilə bir cəbhədə birləşdirən amil nədir?

                      Bütün dünya dövlətləri öz dillərini başqa ölkələrə daşımaq üçün, başqa ölkələrdə yaşayan öz soylarına ana dilində məktəb açmaq üçün bolluca pul xərclədikləri bir ortamda nədən Azərbaycan iqtidarı ana dilimizin Gürcüstanda yasaqlanmasına təşəbbüs göstərir?

                      Azərbaycan iqtidarının “Borçalıda bizim dildə olan məktəbləri qapadın!” söyləməsi Gürcüstandakı aşırı gürcü milliyətçilərini daha da cəsarətləndirəcəkdir. Onlar sadəcə məktəbləri qapatmaqla yetinməyəcəklər, Borçalını türklərdən təmizləməyə də qalxışacaqlar. Azərbaycan dövlət təmsilçilərinin vətən xainliyi gürcüləri bu işə təşviq edəcəkdir. Savunmasız qalan Borçalılar çətin vəziyətlə qarşılaşacaqlar. Zatən ana dili yasaqlanan bir millitin varlığına son verilir artıq. Nədən Azərbaycan iqtidarı Gürcüstandakı Azərbaycan kimliyinə son verməyə çağırır Gürcü dövlətini. Azərbaycan dövlət yetkiləlirinin bu açıqlamasını duyan Gürcüstan əlbəttə ki, Borçalıdakı asimilassion siyasətini daha da gücləndirəcəkdir.

Petrol kəmərinin Tiflisdən keçişi, Gürcüstanın iqtisadiyatının Azərbaycandan nisbi şəkildə asılı olması Bakı hökumətini daha fərqli politikalar, alternativlər izləməyə sövq edə bilər. Ancaq Bakı rəsmilərinin izlədikləri politika deyil, milli mədəniyətimizə və milli dilimizə xəyanətdir.

                      Azərbaycan iqtidarının bu əxlaqsız, heysiyətsiz və çağ dışı davranışını məhkum etmək, Borçalıdakı ana dilində olan məktəblərin davamına moralizasion dəstək vermək milli bilincə sahib olan hər kəsin görəvidir.

16.07.2007