Güntay

Araz Elsəs

Haykıran ozan sənəti

 

II bölüm

 

Hər şey yox edildiyində özünədönmə istəyi ortaya çıxar, özü olmaq istər. Özəlliklə insani dəyərlərlə bağlantılı olaraq bu, bir qanunilik ifadə edər. Mücərrəd insani varlığın təzahür şəkli olan milli kimlik yoxedilmə təhdidi ilə rastlandığında, dirəniş kəndiliyindən doğar. “Öz”ün mahiyətini daha dərindən anlama zərurəti yaranar. Milli həyat duyğusu daha da şiddətli biçimdə təzahür edər. Milli kimliyin tarixi bünyəsində mövcud olan sənət türləri bu baxımdan öncüllük ifadə edər. Milli sənət növləri güclü insanların timsalında birbaşa millətin ruhuna xitab edərək, yenidən dirçəlişi, ruhi yüksəlişi, ruhi dirilişi haykırar. Tarixin böhranlı dönəmlərində əzilən milli duyğuların özünü toparlayıb epik görünümdə ortaya çıxmasına tanıq olmaqdayıq. Hər şey öz vücudu haqqında bilgi sahibi olduğu zamandan etibarən mənəvi gerçəklik kimi mövcudluğunu duyurar bir ulus sənətçi timsalında öz kimliyinin tarixi-coğrafi həcmi, boyutu haqqında bilgi sahibi olar. Öz dəyərlərinin mənəvi-estetik yönü haqqında düşünər. Bunun açıq örnəyini gənc ozanın sənət dünyasında görə bilirik.

          Araz Elsəs Azərbaycan mədəniyətində sadəcə bir olqu (fenomen) deyildir, həm də bir döngədir, yəni sənət dünyasına onun girişi və tanınması ilə ozançılıq sənəti özünü yenidən tanımaq, tanımlamaq zorunda qalmışdır. Ozan sənətində birikən tarixi-mənəvi dəyərlərimiz haqqında bilgimiz vardır. Ozan sənəti kəndlərdə, toylarda, şənliklərdə insanları eyitib, bilgilənib, milli varlığın canlı durmasına yardımçı olmuş. Elsəs örnəyində isə ozançılıq doğruluq dünyasına sığınaraq, cəhalətə və düşmənə qarşı açıqca savaş elan etmişdir. Ozan sənətinin daha çox şəhər dışında gəlişdiyini bilməkdəyik, bunun da heç bir başa qaxılacaq, ozan snətinin qüsuru kimi görüləcək tərəfi yoxdur. Ancaq gec-tez ozançılıq, şəhər kimliyi ilə də tanış olmaq zorunda idi. Şəhər həyat tərzinə keçişdə Elsəs ortaya çıxdı. O, ozan sənətini həm şəhər həyatına daşıdı, həm də modern biçimsəllik və mahiyət olaraq nə varsa, bu sənətin bünyəsinə yüklədi. Araz, çağdaşlığı da ozan sənətinə daşıyaraq, dəyişən zövq anlayışına uyğun şəkildə milli sənətimiz bir sıçrayış gerçəkləşdirmişdir. Elsəsin sənəti, sadəcə bir əyləndirmə aracı deyildir, əylənmənin yanı sıra eyləm (milli hədəf uğruna fəaliyət) də söz konusudur. O, dinləyicini böyük bir missionun şəxsiyəti etməni də hədəfləmişdir.

          Soyuq savaşdan sonra Güney Azərbaycanda böyük bir hərəkətliliyə tanıq olduq. Bu hərəkətliliyin həyəcana gəlməsində, özəlliklə duyğu planında enerji birikdirməsində Elsəsin ən böyük rolu olmuşdur. Millətin bütün qatmanları (təbəqələri) Araz Elsəsin sənətini sonsuz bir ləzzətlə, zövqlə mənimsəmişdir. Nədən belə olmuşdur? Sadəcə soyuq savaş dönəmində deyil, keçən yüz illərdə də həyat üzərinə çökən din diktatorluğu insanların zövq və həyat duyğularını susdurmuşdur. Araz Elsəsin ifa tərzi, şamansayağı hərəkətləri, iç dünyanın ən dərin qatlarına təsir edən səsi, çağdaş insan tipinin tərbiyəsinə yardım etmişdir. Azərbaycan-türk mədəniyətində tamamıyla yeni bir yol olaraq bilinən Araz Elsəsin sənəti hansı ailəyə girmiş, hansı qulağa çatmışsa, kəsinliklə və kəsinliklə vardığı vicdanları oyatmış, onlara zövq yaşatmaqla bərabər, o vicdanlarda sual yaratmışdır. İnsan zəkasını hərəkətə keçirən, alışılmış cəhalətə şübhə yaradan hər bir sual yüksələn bayraqdır. Bu üzdən də Araz sənətinin vardığı könüllərdə və şüurlarda mütləqa milli bayraq yüksəlmişdir. Onun səsi, sazı, yaraşıqlı görkəmi, haykırışları, hamısı bir yerdə əl-ələ verib türkün qəlbində ulu milli bayraq yüksəltmişdir.

          Araz Elsəs, keçən əsrin əvvəllərində istiqlal məfkurəsini daşıdıqları üçün öldürülən şəxsiyətlərimizin intiqamını sənəti ilə almışdır, almaqdadır. Almas İldırımın şeirlərini o etkiləyici gözəl və güclü səsi ilə haykırdığında çoxlarının göz yaşları selə dönüb axmışdır. Bu üzdən Elsəs milli istiqlalımızın uğruna canlarını fəda edən şəhidlərimizin intiqamını alan böyük səs adamıdır. “Sazım dəli, özüm dəli” haykıran ozanın sazının və boğazının tellərində 21 Azər, 20 yanvar şəhidlərinin ağrıları elə açıq şəkildə hiss olunmaqdadır ki, Arazı dinlərkən hər bir şəhidin ölüm ağrılarını içimizdə duyuruq sanki. Onun şərqilərində o ağrılar, sadəcə eşidilmir, həm də gözlə görünür. Əlbəttə, mən bu acılardan söhbət açarkən Elsəsin sənətinin mərsiyə olduğunu söyləmək fikrində deyiləm. Kəsinliklə belə deyildir. Milli amac uğruna canlarını fəda edən insanların əbədi olaraq bu millətin ulu dədələri, anaları olacaqdır. Demək istədiyim budur ki, onların qurtuluş uğruna qaldırdığı bayrağı Elsəs öz əlinə almışdır. O bayraq, Arazın sənəti vasitəsi ilə hər an qəlbimizdə ehtizazla dalğalanmaqdadır. Bəzən yurdumuzun, millətimizin belə sevimsiz duruma düşməsi ilə bağlı özümüzü, tariximizi suçlu görürük və doğru da görürük. Elsəs sənəti dinləyiciyə suçluluq duyğusunu aşılayır və  “Suçunu ortadan, tarixdən qaldır!” -- deyə bağırır. Suçu silmənin bir yolu var, o da milli amac uğruna hər kəsin öz miqyasına görə fəaliyətdə bulunmasıdır. Suçluluğun bilincinə varıldığı zamandan etibarən qurtuluş və suçlardan arınma sürəci başlar.

          Araz Elsəs hava çalmır. Bu, kəsinliklə aşıq havalarının dışlanması, cılız görülməsi anlamında deyildir. Evrənsəl (cahanşümul) dəyərlərin milli musiqi alətində ifadə edilişi milli sənətimizin böyüməsi və içəriciliyi baxımından bənzərsiz bir hadisədir. Elsəsin sənəti, dinləyicinin ruhuna, duyğularına evrəninsəl gözəllikləri milli biçimdə yerləşdirir.

              Yüz illər boyunca din diktatorluğu altında nəfəs ala bilməyən musiqi sənətimiz Araz Elsəslə ilk kəz olaraq bu qədər geniş miqyasda sekularizmə sövq edilmişdir. Həyatdan qopuq, həyəcansız, sosial həyatın dışında bir həyat şəklini təlqin edən mərsiyə, ağlaşma və aşağılanma psikolojisinə qarşı Elsəsin sənəti açıq şəkildə mübarizəyə başlamışdır. Din diktatorluğu və kontrolu altında ortaya çıxan tək tür “musiqi” depressiona uğramış tarix yaratmışdır. Yaşamaq, sadəcə maddə olaraq var olmaq deyil, yaşamaq, gərəklilik duyğusudur. Gərəklilik duygusundan məhrum olan insan ət yığınından ibarət bir məxluqdur. Gərəkliliyin miqyası nədir? Gərəklilik, mərsiyə janrı “musiqi”lərin təlqin etdiyi kimi o dünya, ölmüş insanlar  və Allah üçündür, yoxsa bu dünyada yaşayan və həyatdan zövq almaq onun haqqı olan insanlar üçündür? Yüz illər boyunca (insan qəlbindən ayri düşmüş) Allah üçün yaşamaq, o dünyada cənnətə getmək uğruna bu dünyadaki davranışlara diqqət etmək psikolojisi Şərq musiqisini həyatdan qopuq, sanki səktəyə uğramış (infarkt keçirmiş) bir duruma gətirmişdir. Elsəs, bu dünyanın sonsuz imkanlarından milli əxlaq məntiqi sınırları içində ləzzət almağı musiqimizə gətirmişdir. Arazın musiqisindən ləzzət aldıqca milliləşən, insaniləşən və aktivləşən insana dönüşürük. Dinləyici, Elsəsi dinlərkən özünü insan kimi yenidən kəşf edir, susdurulmuş duyğuları həyəcana gəlir və gərəklilik duyğusunun şüuruna varır. Sarsılmış, dinçi və yabancı basqılar üzündən sarsıtılmış, həyat duyğusu söndürülmüş, xəstə insan halına gətirilmiş, xəstəliyə məhkum edilmiş insan Elsəsi dinlərkən, sankı həyat eksirini taparcasına hərəkətə gəlir. Araz sənətinin dinləyicisi, bütün tənbəllikləri, saxta və yabancı duyğuları bir yana ataraq, öz gözündə böyüyən, özünə dəyər verən, öz dəyərində millətini kəşf edən mübariz insana çevrilir. Onun gərəklilik duyğusu da bu mərhələdən etibarən başlayır.  

Araz Elsəs, varlığa, həyata həyəcanla sarılmanı dinləyəcəsənə müjdələməkdədir. İnsan özünü qul sandığı andan etibarən, artıq o, insanlığını itirmişdir. İnsan, Allahın da qulu deyildir. Dinlərin insanı Allah qulu olaraq kölələşdirməsini Batı uzun zamandır “Dur!” demişdir. Bizdə isə Araz Elsəs öz sənəti ilə bu gedişata “Dur!”, “Dəf ol!” demişdir. Bu səbəbdən də ilk kəz olaraq, sekular duyğular Azərbaycanda bu qədər geniş biçimdə sənətə, sənətdən də topluma yansımağa başlamışdır. Nədir sekularizm? Allah yerinə insan öz ağlını və idrakını qoyduğu zaman o sekular sürəcə sövq edilir. Dinçiliyin təlqin etdiyi, ölülərdən yardım umma yerinə, keçmişə elmi bir yanaşma ilə bərabər gələcək yönümlü həyat həyəcanını paylaşmaq, “təvəkkül” zehniyətini buraxıb və öz işini insanın özü görməsi sekular məfkurənin özəlliyidir. Sosial eyləmləri, tərəqqi planlarını oluşduran Allah deyildir, insandır. İnsan öz zəkasını kullandığı zaman o dünyada və`d edilən bütün nemətləri bu dünyada qura bilir. Ozan Elsəsin də sənəti insanların təfəkkürünə bu məfhumu yerləşdirməyə çalışmaqdadır.

07.02.06